HOST divarına dəstək ol !
menyu  
  Baş səhifə
  Səsvermə
  RaP xəbərlər
  RaP-in yaranması haqqında
  H.O.S.T
  H.O.S.T un üzvlərinin həyatları
  QaraQanın " A " romanı
  Qaraqanın hekayələri
  Azəri reperlərin həyatları
  Xarici reperlərin həyatı
  RYDER (vəfat edib)
  Online
  RadicaL
QaraQanın " A " romanı

Ən dar günümdə də məni tək qoymayan Taylerin xatirəsinə.. Məktəblilərin sinifdən xaric oxusu üçün... A Bəziləri deyirdi ki, o heç vaxt yatmır. Bəziləri deyirdi ki, anası uşaq vaxtı onu zibil yeşiyinə atıb. Bəziləri deyirdi ki, o, bütün ölkələri gəzib və bütün sirlərdən xəbəri var. Kimsə düşünürdü ki, o bir adam deyil – bir neçə yerə bölünə bilir. Kimlərsə deyirdi ki, o peyğəmbərdi. Bəziləri isə sakitcə pıçıltı ilə deyirdilər: “O şeytandır” . Başlanğıc Hər şey mənim səyahətə çıxmağımla başladı. Şənbə günü portfelimi çiynimə atıb evdən çıxdım. Heç kimə heç nə demədən, telefonumu da evdə qoyub getdim. Bayır qapısını yavaşca örtdüm ki, heç kəs oyanmasın. Sonra pilləkənləri enib həyətdən çıxdım. Özümü bu qədər həyəcanlı hiss etməmişdim. Portfelimdə qələm, dəftər, diş fırçası, köynək, bir də fotoaparat. Mənə başqa heç nə lazım deyildi. Həyatımda ilk dəfə olaraq gedirdim. Doğrudan gedirdim. Hiss eləyirdim ki, hər bir addım azaddır, hər bir döngə doğmadır. İlk dəfə idi ki, düşünmədən, haraya gedəcəyimi bilmədən gedirdim. Onda doğrudan da hər küçə sənin yolunun bir hissəsi ola bilir. Bəlkə düz getdim, bəlkə yarı yolda sağa döndüm, bəlkə avtobusa mindim, bəlkə hansısa uşağın velosipedini əlindən alıb sürdüm. Mən sadəcə getmək istəyirdim.Yəqin ki, filmlərə baxırsınız. Biz hamımız elə filmləri xoşlayırıq ki, orada hadisələr çox təhlükəli, inanılmaz olsun. Həmişə gözlənilməz sonluqları sevirik. Amma hərdən elə filmə baxırsan ki, lap ətin tökülür - süjet xətti çox zəif, aktyorlar sadə, və filmin ilk on dəqiqəsində başa düşürsən ki, sonluq necə olacaq. Elə filmlərə baxa bilmirəm.Yarısında məni yuxu tutur. Həyata da marağım buna görə öldü. Bir gün başa düşdüm ki, öz həyatımı film kimi çəksəydilər yarısında yuxuya gedərdim.Ya da söndürüb deyərdim ki, bu Hollivud da hər zibil ssenariyə film çəkir. Son 3 ildə hər şeyə həvəsim öldü. Əvvəlcə işdən bezdim. Qəzetə məqalələr yazırdım - siyasi, mədəni, ictimai, yəni nə oldu. Amma hamısında da eyni şey idi əslində. Filan nazir filan ölkənin filan nazirləri ilə görüş keçirib. Ay Pentaqon belə gəldi, BMT belə getdi.Ay filan deputat belə dedi, təzə çıxan müğənni belə yadda qaldı. Ya da bilirsinizmi, Avstraliyada kenquruların müəyyən bir növü var ki, onlar elə deyil, başqa cürdü. Ya da yeni tikililər şəhərin arxitekturasına böyük zərbə endirir... Belə-belə gic-gic , lazımsız şeylər yazırdım. Həyat tərzimi dəyişmək istəyirdim. Görürdüm ki, axına düşmüşəm. Hamı axına düşüb. İş-ev, ev-iş, iş-ev. Nə qədər olar? Həyatımız hər gün qısalır. Hər ürək döyüntüsü ölümə doğru atılan addımın səsidir. Hərdən işimlə bağlı arxivlərdə müxtəlif insanların bioqrafiyalarını oxumalı olurdum. 70 il yaşamış Filankəs Filankəslinin bioqrafiyası cəmi 2 səhifə. Demə, 70 illik həyatdan ikicə səhifə qalır. Əvvəllər buna çox fikir vermirdim. Həyatın qanunları həyatın qanunlarıdır. Həyat belə qurulub. Hamı necə yaşayırsa sən də elə yaşa. Həyatın nizamını poza bilmərik ki? Həyat, həyat ..həyat qanunu.. o dəqiqə beynimə bu fikirlər gəlirdi. Sizdə də yəqin elə olur. Hər şeydən bezən kimi deyirsiniz ki, həyat belədir də. Mən də sizin kimi. Biz nə qədər fərqli olsaq da əslində hamımız eyniyik. Həyat bizi istədiyi kimi dəyişir.O gün kiçik bir qızla danışırdım. 5 yaşı olardı. Söhbətin içində ona sual verdim ki, “Böyüyəndə nə olmaq istəyirsən? ”. Dedi : Bankir. Yerimdə donub qaldım. Soruşdum ki, niyə bankir olmaq istəyirsən? Bankir nə iş görür ki? Balaca qızcığaz gülümsəyib cavab verdi: “Bankir pul sayır daa..Mən də bankir olacam”. Məncə əlavə söz deməyə dəyməz. Biz uşaq vaxtı kosmonavt, həkim olmaq istəyirdik. Bizim vaxtımızda heç bir uşaq bankir, ya da pulsayan olmaq istəmirdi. Görəsən 5 il sonra uşaqlar nə deyəcək? Yəqin onda da Birləşmiş Millətlər Təşkilatında sədr müavini olmaq istəyəcəklər. Həyatımda hər şey zibil kimi gedirdi. Amma A ilə tanışlığım mənim bütün dünyamı dəyişdi. Həmin günü mən həyatımda doğuluş adlandırıram. Çünki həmin gün mən doğuldum. Yenidən... Bəlkə də elə ilk dəfə. Bir gün bir turist Afrikaya gəlir. Görür yerli qəbilədən birisi fildən enib onun boğazındakı ipi kiçik bir dirəyə bağlayır. Turist yanındakı tərcüməçidən soruşur: - Nəyə görə fili dirəyə bağladı ki? Fil həmin dirəkdən 10 dəfə böyükdür. Bircə dəfə dartsa dirəyi kökündən çıxara bilər. Dirək məndən də kiçikdir ki, elə mən də onu qoparardım. Tərcüməçi özü də təəccüblənir. O da dirəyin nə qədər nazik və davamsız olduğunu görüb bunu qəbilə adamından soruşur. Qəbilə adamı yaxınlaşıb fili sığallayır sonra isə deyir: - Bu fil balaca olanda mən onu bu dirəyə bağlayırdım. Balaca olanda, o illərlə bu dirəyi dartıb yerindən qoparmağa çalışırdı. Amma o vaxtlar çox balaca idi, dirəyi qoparmaga gücü çatmırdı. Indi güclüdür, bircə dəfə dartsa dirəyi yerindən qopara bilər. Amma o, taleyilə çoxdan barışıb. Artıq inanıb ki, bu dirəyi qoparmaq olmur. Mən də onu rahatca bağlayıb gedə bilirəm.Bizi artıq uşaqlıqdan əhlilləşdiriblər. Bala, sən əvvəlcə məktəbdə oxumalısan, sonra universitetdə. Universiteti bitirən kimi əsgərliyə gedəcəksən.Qayıdanda işləməyə başlayacaqsan. O illər yəqin ki, nişanlanarsan. Bir az imkan tapan kimi evlənəcəksən. İlk iki ildə uşağınız olacaq. Sonra uşaq böyüyəcək. Onu məktəbə qoyacaqsınız. Sonra uşaqlarınız evlənəcək, sən nəvənlə oynayacaqsan. Qocalanda da ki, vərəmdən, şəkərdən bir xəstəlik tapıb öləcəksən. Bu etalondur. Həyat standartı. Hər şey bu cür olmalıdır. Bu bizim bağlandığımız dirəkdir. Mən də bu dirəyi qırmaq qərarına gəldim. Həyətdən çıxan kimi dedim ki, düz gedəcəm. Nə qədər gedə bilsəm gedəcəm. Nə xəritəm vardı, nə də başqa bir şey. Sadəcə düz. Nağıllardakı kimi. Dərələr-təpələr hündür-hündür binalara cevrilmrşdi. Ağ atımı hərdən taksi, hərdən avtobus əvəz edirdi. Qılıncım hesabında 1000 dollar olan kredit kartım idi. Mənim haqqımda dillərdə gəzəcək dastanları isə portfelimdəki gündəliyimə özüm yazırdım. İçimdə dəhşətli bir həvəs oyanmışdı. Mən ilk dəfə öz taleyimlə görüşə gedirdim. Yolda müxtəlif insanlar görürdüm. Onlar danışmağa o qədər də meylli deyildilər.Avtobusda oturan kişidən soruşanda “Necəsiz?” çox təəccübləndi. Heç səsini də çıxarmayıb başını yellədi. Elə bildi ki, sərxoşam. Mən bir də soruşdum: “Necəsiniz?”. Yenə cavab vermədi. “He , he cavab vermirsiz...”, – dedim. Ona bir lətifə danışdım. ”İki mavi avtobusda oturur. Biri o birinə deyir ki, “gəl sevişək”, o da deyir ki, “ayıbdı, qabaqda adamlar oturub”. Birinci mavi əl çəkmir ki, “nə olsun adamlar oturub ee, onlar bizə fikir vermir, heç eşitmirlər də.. İnanmırsan bax...” Mavi avtobusdakılara üzünü tutub: “Ey kim deyər saat neçədir?”,- soruşur. Heç kəsdən səs çıxmır. Onda mavilər işə başlayırlar. Bir müddət sonra qabaqda oturan qoca bir kişinin ürəyagrısı tutur. Ürəyini tutub əsməyə başlayır. Sürücü narahat olur: - Ay baba, nə olub? - Pristupdu. Ürəyim tutub. - Dərmanın yoxdu ? - Yox bala yoxdu. - Bəs niyə içəridəkilərdən soruşmursan? Bəlkə kimdəsə validol var? - Eh, soruşmaq olur ki, bayaq biri saatı soruşdu onu arxada bilirsən neylədilər?” Ha, ha , ha ha ... Amma kişi gülmədi. Bilmirəm niyə insanlar bu qədər soyuq olub. Yavaş-yavaş şəhər mərkəzindən uzaqlaşırdım. Gecələri gah kiçik otellərdə, gah bağlardakı skamyalarda yatırdım.Yəqin evdəkilər məni axtarırdılar. Mənsə geri qayıtmaq istəmirdim. Nə həmişə deyinən valideynlərin yanına, nə həyasız sevgilimin yanına, nə də ki, cındır redaksiyama. Tək gəzmək doğrudan da əla şeydir. Ən adi yemək yeməyi misal çəkim. Dostlarımla, ya da sevgilimlə yemək yeyəndə gərək bahalı bir yerdə oturaydım. Amma indi harda gəldi dönərdən, peroşkidən yeyirdim pulum da özümə qalırdı.Yemək də ki, həmin yemək. Hərdən yeməyin yeyilməkdən əvvəlki görünüşünə yox, yeyilib ifraz olunandan sonrakı görünüşünə baxın. Onda görəcəksiniz ki, yeməklər eynidir. Hər halda bunu sonradan görürük. Heç vaxt ifrazata baxıb bozbaşı pitidən seçə bilməzsən. Elə bəs fərqləndirmək nəyə lazım? Bütün bu səyahətimin bircə məqsədi vardı. Özümə uyğun həyat tapmaq. Bilirsiniz, həyat paltar kimidir. Əvvəlcə biz dükanda ən öndə olan paltarı görürük. Təsəvvür edin ki, hamı dükana girir və birinci qarşısına çıxan paltarı alır. Belə olmur axı. Gərək özünə uyğununu seçəsən. Həyat dükanında da birinci paltar ”Məktəb-İş-Ailə”-dir.Deyə bilərsiniz ki, sizin həyatınız fərqlidir. Ola bilər siz “məktəb-iş-ailə” paltarının bir rəngini geyinirsiniz, qonşunuz başqa rəngini, ya da ki başqa ölçüsünü. Amma tərz etibarilə eyni modeldir. Başqa modelləri isə gərək axtarasan. Məsələn, Tibet monaxları tamam başqa tərzdə yaşayırlar. Ya da ki, fahişələr. Bu da bir tərz cinayətkarlıqdır. Başqa bir tərz Hollivud ulduzları.Ya da həyatlarını orduya həsr edən paqonlu adamlar. Mən də öz həyatımın mənasını axtarmaq istəyirdim. Yoxsa axın məni də sizin kimi sıradan birinə, evinə yem daşıyan adi qarışqaya çevirəcəkdi. ”Cırcırama və qarışqa” hekayəsini eşitmisiniz də. Bütün yayı cırcırama uçur, o çiçəkdən bu çiçəyə, sevinir, kef çəkir. Qarışqa isə evinə yem daşıyır. Cırcırama qarışqanı dolayır ki, bütün günü əziyyət çəkirsən. Qarışqa isə fikir vermir. Qış gələndə cırcırama ölür, qarışqa isə daşıdığı qidaları yeyir. Bilirsizmi, bu hekayədə zooloji səhv var. Cırcırama bütün günü yem daşısaydı belə yenə də qışda öləcəkdi. Çünki onun həyatı elə bir aylıqdır. Qarışqa isə yem daşımagına baxmayaraq yenə də qışda ölür. Bizə uşaq vaxtında qarışqanı misal çəkirdilər. Deyirdilər ki, siz də elə olun. Amma əslində cırcırama həyatını yaşadı, xoşbəxt olub, dünyanı görüb öldü. Qarışqa isə əziyyət çəkib, sürünüb öldü. Mən də buna baxıb öz seçimimi edirəm. Qarışqa olub sürünərək ölməkdənsə, qoy cırcırama olub uçaraq ölüm. Bakının mərkəzi küçələri geridə qaldı. Mikrorayonlardan keçirdim. Hava isti idi. Ona görə əlavə paltara o qədər ehtiyac olmurdu. Köynəyim çirk olan kimi su tapırdım, yuyub çiynimdəcə qurudurdum. Şamaxinka tərəflər lap isti idi. Avtobusların istisi-tüstüsü, çayxanalardakı armudu stəkanlar, bağıra-bağıra nəsə deyən insanabənzərlər, yayın cırhacırında yun paltarlı nənələrin yun paltarın üstündən bellərinə bağladıqları şal adamı lap bir təhər edirdi. Ordan avtobusa minib Şamaxıya gedəcəkdim. Arada bir iki saatım vardı. Yaxında bir bina gördüm. Dedim qalxım görüm bir saat harda qalıram. Çayxanada oturmaq istəmirdim. Binanın birinci mərtəbəsində qapını döydüm. İçəridən səs gəldi: “Kimdi?”. Dedim ki, adım Anardı, siz məni tanımırsız. Yenə səs gəldi: “Nə istəyirsiniz?” Cavab verdim: “Heç nə, elə-belə gəlmişəm”.. Sizcə qapını açdılar? Düzdü açmadılar. Heç siz də açmazdnız. Heç mən də açmazdım. Bəlkə oğrudur? Bəlkə bizi öldürəcək? Amma həmin an ondan məzəli məşğuliyyət tapmamışdım. Bir-bir qapıları döyürdüm. Eyni suallar, eyni cavablar. Axırda bir qapını açan oldu. Bu 4-cü mərtəbədə yaşayan pəzəvəng idi. Keçəl başı elə bil ki, çay daşından idi. Bədəni də ki heç qapıya sığmırdı. Başımı 90 dərəcə qaldırıb divin sifətinə baxdım. Sifətində bir dənə də olsun emosiya yox idi. Div kimi baxıb soruşdu: - Sən kimsən ə? - Anar . Tərs-tərs baxıb soruşdu: - Nəyə gəlibsən? - Heeç, elə-belə. - Ə-ə, sən səysən yoxsa məni doluyursan? -Yox, o nə sözdü. Doğrudan elə-belə gəlmişəm. Darıxırdım, dedim gəlim sizə qonaq. - Əə, sən lap ....... san əə səni .. - Niyə söyürsən, istəmirsənsə gedə bilərəm. Yavaş-yavaş geri çəkilməyə başladım. Div də üstümə gəlib dedi: -Əəəəə, hara gedirsən əəə? Gə bura görüm..Səni .... ay.... Davamını eşitmədim, çünki qaçırdım. Elə dalımca söyə-söyə qapısını çırpdı. Görürsünüz, adi qonağı necə qarşılayırıq. Ya qorxub qapını açmırıq. Ya da ki, qapını açıb qorxuduruq. Görəsən niyə insanlar bu qədər qəribə idilər? Bakı ilə belə sağollaşıb avtobusa mindim. İki saata Şamaxıya çatdım. Burada camaat bir az başqa cür idi, az da olsa qonaqpərvərlik vardı. Bilmirəm niyə belədir. Kiçik şəhərlərdə, kəndlərdə insanlar daha istiqanlı olur. Amma paytaxtda belə deyil. Şamaxıdan sonra İmayıllıya qalxdım, ordan Qəbələyə. Böyük Qafqazın çox hissəsində oldum. Kəndləri gəzdim, müxtəlif insanlarla tanış oldum. Çoxu mənə turist kimi baxırdı. Gündəlik yazdıgımı görəndə elə bilirdilər yazıçıyam. Yuxarı dağ kəndlərinin birində kasıb bir kişi ilə maraqlı söhbətimiz alındı. Onların qonağı idim. İki gün dincəlib yoluma davam edəcəkdim. Kişinin heç kəsi yox idi, tək yaşayırdı. Mənə də maraqlı gəldi ki, görəsən niyə tək yaşayır? O da “eh bala” deyib xatirələrini danışdı.”Mən bu kənddə doğulmuşam, bu kənddə böyümüşəm, elə bu kənddə də qocalmışam.Yəqin bu kənddə də öləcəm. Mənim arvadım varıydı, yaxşı hörmətli kişinin qızıydı. İki oğlumuz oldu. Oğlanlar böyüdülər, evləndirdim, köçdülər şəhərə. Sonra balaca oğlumu xəstəlik apardı. Böyük oğlum da ailəsi ilə köşdü Rusyetə. Mənə da arvadımla qaldım burada. Bax o inəyləri aparıb otarırdım. Arvad çörək bişirirdi. Axşam üstü inəyləri gətirirdim. Toyuq-cücəyə baxırdıx. Sonra arvadın vaxtı çatdı, keçindi. Rəhmətlik qızıl insan idi. İndi də qalmışam burda təkcə”. Soruşdum niyə oğlunuzun yanına getmirsiniz. Dedi ki, bu yerlərə çox öyrəşib. “Heç yana getmərəm. Bu evdə mənim atam yaşayıb. Onun atası yaşayıb”. Utandım soruşmağa ki, bəs indi nə edirsiniz? Və ya nəyi gözləyirsiniz? Ya da ki, bir ay sonra nə etmək istəyirsiniz? Çünki bu sualların cavabı yox idi. O heç bu haqda düşünmürdü. Sadəcə yaşayırdı. Görəsən bütün qocalar belədir? Onlar nə fikirləşirlər? Mənim nənəm deyirdi ki, bircə sənin universitetə daxil olmağını görüm day heç nə istəmirəm. Universitetə daxil olandan sonra dedi ki, bircə toyunu görüm heç nə istəmirəm. Ondan sonra da yəqin deyəcəkdi ki, bircə oğlunu görüm daha heç nə istəmirəm. Bəs sonra nə deyəcəkdi? Bircə xoş gününüzü görüm, heç nə istəmirəm. Sonra da bircə oğlunun məktəbə getməyini görüm.. Lap nağıldakı kimi. Bir kişi günah etdiyinə görə mələklər onu cəzalandırırlar. Cəzası da ölümsüzlük olur. Kişi ölmür. Həmişə cavan qalır. Bu ilk baxışdan əla görünə bilər. Həmişə cavansan. Amma təsəvvür edin ki, kişinin sevgilisi olur. Sonra sevgilisinin qocalmağını görür. Gözünün qarşısında uşaqları ölür. Nəvələri qocalır. Sonra onlar da ölür. Kişi nəvəsinin nəvəsinə aşiq olur. Evlənir. Sonra o da qocalır. Bunu görəndə başqa şəhərə qaçır. Orada da ailə qurur. Dostlar tapır. Amma hamısı bir gün məhv olub gedir. Onda kişi dövlətinə, vətəninə xidmət eləməyə başlayır. Amma illər ötür, sərhədlər dəyişir, yeni millətlər əmələ gəlir, yeni dövlətlər qurulur. 300 il ərzində kişinin 15 vətəni olur. Günün birində kişi özünü öldürmək istəyir. Amma ölə bilmir. Başlayır özü kimi ölümsüzləri axtarmağa. 500 il, 1000 il keçir, heç kimi tapmır. Tək-tənha qalır. Bu illər ərzində o qədər bilik toplayır ki, artıq insanlarla da ünsiyyətə girə bilmir. Çünki 50 illik həyat təcrübəsi olan insanlar onun qarşısında 5 yaşlı uşağa bənzəyirlər. Kişi həyatın içini də çölünü də bilir. Bütün ölkələri gəzir. Dənizlərin qurumasını görür. Bəzi heyvanların nəslinin kəsilməsini şahidi olur. Çoxlu var-dövlətə sahib olur. Hərəmxana açır. Sərvət sahibi olur. Artıq içində heç kimə qarşı sevgi olmur. Bütün günlərini eyş –işrətlə keçirir. Ölüm qorxusu olmadığından, həm də ölüm onun üçün gizli qalan yeganə sirr olduğundan nökərlərinə əmr edir ki, onu edam etsinlər. Onun əl- ayagını doğrayıb, başını kəsirlər. Sonra bədənini yandırırlar. Amma səhəri gün o yenidən yeni bir cilddə peyda olur. Gah dənizin sahilində, gah mağarada, gah meşənin içində, gah küçələrin arasında. Vəziyyəti belə görüb başlayır ibadətə. Hər şeyi atıb günlərini məbədlərdə keçirir. Amma hər dəfə yeni dinlər yaranır, yeni peyğəmbərlər gəlir. O da hər dəfə yeni dinlərə qoşulur ki, bəlkə Allah onu bağışlayar. Amma ölüm gəlmir. Onda kişi başlayır insanları öldürməyə, fəlakətlər törətməyə, gəmiləri deşir, evlər yandırır, ordular qurub dünyanı idarə etməyə çalışır. Çox zaman da bu alınır. Kişi ən güclü sərkədə olur. Onu öldürürlər. O isə başqa cilddə peyda olur, başqa bir dövləti idarə edir. Bu işdən də bezəndə rəssam olur, sonra şair, sonra balıqçı, sonra müğənni və bir gün hər şeydən bezir. Onda dəli olur. Ağlını itirir. Başlayır hər kəsə bəyan eləməyə ki, hər dəfə yeni cilddə dünyaya gəlir. Amma insanlar ona inanmırlar. O keçmişdən danışır. Sirrlərdən danışır. Deyirlər ya falçıdır, ya cadugər. Və onu yenidən edama, ya da ki zindana aparırlar. Bu nağıl bitmir. Sonda heç nə deyilmir. Deyilənə görə bu nağılı elə həmin kişi özü yazıb. O indiyə qədər bizim aramızdadır. Sadəcə artıq yorulub. Çox yorulub. O bizə baxır və susub yanımızdan keçir. Onun baxışları dərinlərə, çox dərinlərə zillənib. Onun bu həyatda heç kəsi yoxdur. O təkdir. Bu kişinin də heç kəsi yox idi. Niyəsə ona baxanda həmin nağıl yadıma düşürdü. Amma bu kişi artıq qocalmışdı. Ayaqları güclə tərpənirdi. O biləndə ki, mən elə belə gəzirəm, macəra axtarıram, 3 atından birini mənə verdi. Bu qapqara ata görə kişiyə minnətdarlıq bildirib yoluma davam etdim. Atın belində özümü lap qəhrəman kimi hiss edirdim. Ömrümün son bir ayı əvvəlki bir ilindən maraqlı idi. Mən inanırdım ki, bu səyahət məni sonda harasa çıxaracaq. İnanırdım ki, taleyimlə qarşılaşacam. Düzdü 21-ci əsrdə sehrli heç nə ola bilməzdi. 21-ci əsr “Hər şeyin bir rasional açıqlaması var” əsri idi. 21-ci əsr “Oğlum, ya pul qazan ya da pul qazan“ əsri idi. Və bu cındır dövrdə heç nə baş verə bilməzdi. Ən qeyri adi hadisə də 100 % hansısa şou proqramın gizli çəkilişlər zamanı göstərdikləri priyomlardan başqa bir şey olmayacaqdı. Amma bu baş verdi. Möcüzə. Mən doğrudan da tale axtarmağın nəticəsini gördüm. Hər şey iyulun 27-si baş verdi. Bu günə qədər bu tarix yadımdadır. Atdan enib bulaqda əllərimi yuyurdum. Son 3 gün ümumiyyətlə bir nəfərə də rast gəlməmişdim. Bu dağlarda artıq heç kəs yox idi. Amma yol uzanırdı. Mən də getmək istəyirdim. Atımı sığalayıb yaş əski ilə belini sildim. Hava çox isti idi. İstəyirdim bir az sərinləsin. Sonra foto aparatla dağların şəklini çəkdim.Yol boyu çoxlu şəkil çəkmişdim. İstəyirdim bu günlərdən bir yadigar qalsın. Bir az da dincələndən sonra atı minib yoluma davam etdim. Günəş zeniti keçmişdi. İndi yavaş yavaş qərbə doğru əyilirdi. Atı yavaşca sürürdüm. Tələsəsi yerim yox idi. Elə növbəti təpəni aşmışdım ki, açılan məzərə məni valeh etdi. Belə gözəl çəmənlik görməmişdim.Yaşıl otların arasında əlvan çiçəklər. Çəmənliyin qırağı ilə qaçışan iki ceyran. Elə bil cənnətə düşmüşdüm. Əsasən də şahzadəyə görə. İstəyirsiz inanın, istəyirsiz inanmayın. Çəmənliyin ortasında ağ atın belində gözəl bir şahzadə yavaş-yavaş at sürürdü. Bu, kənd qızı deyildi. Əsl şahzadə idi. Qolları qızıl bilərzikli, ipək saçlı, bəyaz uzun donlu şahzadə. Mən də qara atımı sürə-sürə ona yaxınlaşdım. Artıq üz-üzə gəlmişdik. Donub qalmışdım. Elə həmin an bizim atlarımız bir-birinə yaxınlaşdı. Bunu nə mən etdim, nə də o. Elə bil ki, atlar bir-birinə vurulmuşdular. Mən gözlərimi şahzadənin mavi gözlərindən ayıra bilmirdim. Bilmirəm, bəlkə zaman geri çəkilmişdi, bəlkə mən nağıla düşmüşdüm, bəlkə o, nağıldan gəlmişdi. Amma həqiqi şahzadə mənim üzümə baxıb gülümsəyirdi. Biz bir-birimizə heç nə demirdik. İkimiz də donub qalmışdıq. Özümdən asılı olmayaraq atdan düşüb ona yaxınlaşdım. Əlimi uzatdım. Lap nağıllardakı kimi əlimdən tutub atdan düşdü. Artıq ondan gələn inanılmaz ətri də hiss edirdim. O hələ də mavi gözlərini məndən çəkmir, gülümsəyirdi. Mən də gözümü gözlərindən çəkə bilmirdim. Bir dəqiqə də sükut içində keçdi. Əlimi hələ də əlindən buraxmamışdım. Özümdən asılı olmayaraq ona bir az da yaxınlaşdım.Və yavaşca əyildim. İndi bizim dodaqlarımız bir-birinə toxunurdu. Mən onu öpürdüm, o də məni. Bu inanılmaz bir şey idi - ilk baxışdan məhəbbət idi. Biz sanki bir bütövün iki parçası idik. Mən inana bilmirdim. Bu sehr idi. Bu möcüzə idi. Amma uzaqdan gələn səs bu möcüzəni pozdu. “EEEyyy, eeyyy. Neyləyirsən? Bu o deyil. Aysel, bu o deyil!” Bu sözləri eşidəndə şahzadə geri çəkilib təəccüblə mənə baxdı. Mən də donub qalmışdım. Sonra soldakı dağın başına baxdı. Orada dörd kişi vardı. Qabaqlarında da ştativ, kamera və s. Onlardan biri yenə bağırdı. -Aysel, neyləyirsən sən? Demədik ki, oğlan ağ atda gələcək? Sən nə edirsən? Şahzadə bir də mənə baxdı, sonra atıma baxıb qışqırdı. -Bəs hanı oğlan? Niyə gəlmir? Bu kimdi bəs? Dörd kişidən ikisi bizə yaxınlaşdı. Mən heç nə başa düşə bilmirdim. - Ay qız, nə bilim bu kimdi. Çobandı nədi. Hər halda bizim oğlan deyil. Hər gördüyünü öpməlisən? Şahzadə dedi: - Nə bilim eee, dediniz ki, oğlan gələcək mən də onu öpməliyəm. Nə bilim bu deyil? Heç qoydunuz ki, aktyorlarla tanış olum. Kişi dedi: - Vaxt yoxdu hamınızı tanış etməyə. Əhh. Bir klip çəkiriy. Başımıza oyun açılır. Əhh, axırıncı işimdi mənim. Oğlan qalıb dee o təpənin başında. Atı sürə bilmir gic oğlu gic. Bu sözləri deyib üzünü mənə tutdu. - Bəs sən kimsən ? Bilmədim heç nə deyim. Deyəsən çox pis vəziyyətdəydim. - Mən Bakıdan gəlmişəm. Səyahət eləyirəm. Kişi üzünü turşudub dedi: -Bakıdan gəlib. Əhh. Bəyəm Bakıda hamı tanımadığı qızı basıb öpür? Xəstəsən nəsən? Görmürsən burda çəkiliş gedir? Bakıdan gəlib.. Buna bax.. -Mən.. ıı..- deyəsi sözüm yox idi. Onda qız dedi: -Yox, onun günahı yoxdu. Mən onu öpdüm. Həm də özüm bilərəm. İstəyirəm öpürəm. Sizin aktyor gecikib. Siz onun dərdini çəkin. Kişi ikimizə də baxıb dedi: - Yaxşı, yaxşı o biri hissəni çəkək hələlik. İşıq qaçır. Sən də zəhmət olmasa çıx meydançadan. Mən kənara çəkildim. Amma getmək fikirim yox idi. Şahzadə ya Aysel, fərqi yoxdu. Mən həyatımın mənasını tapmışdım. Möcüzə ya reallıq... Amma nə isə baş vermişdi. Mən təsadüflərə inanmırdım. Bu qədər gözəl və qeyri-adi təsadüf ola bilməzdi. Gözümü qıza zilləyib qıraqdan baxırdım. Operator da yanımdaydı. O gülümsəyib dedi: - Çaşıb vurulub eləyərsən haa, özünü zibilə salma, bu qızı bilirsən kim saxlayır? Mən fikirləşmədən cavab verdim: -Hər kim saxlayır. Hər bir şahzadənin dizində yatan div olur. Operator da qəhqəhə çəkib dedi : - He-he-he, şahzadə, div. Bəs sən kimsən, Məlikməmməd? He-he ..Allah səni güldürsün.. Lap yerinə düşdü. Səhərdən bir zibili çəkə bilmirik bezmişəm lap. Operatorun yanındakı daşda oturdum. Çəkiliş meydançasına uzaqdan bir ağ atlı gəldi. Qıza yaxınlaşdı və qucaqlaşdılar. Yenə də kök rejissor bağırmağa başladı: -Aysel, nə olub sənə? Qucaqlamaq yox, öpmək lazımdır, öpmək. Aysel rejissora yaxınlaşıb: -Mən onu öpməyəcəyəm,- dedi. Rejissorun gözləri kəlləsinə çıxdı: - Necə yəni öpməyəcəksən? - Görmürsən nə gündədi? Necə öpüm ee onu..Sifəti gör nə iyrəncdi. - Ay qız, sən onun sifətini nəyləyirsən. Kameraya düşmür sifəti. Heç kəs görməyəcək. - Nə olsun ki, heç kəs görməyəcək. Mən ki görürəm. Sonra hər klipə baxanda bu sifət yadıma düşəcək. Şahzadənin bu danışıqlarından niyəsə xoşum gəlirdi. Həm də məni öpmüşdü axı. Deməli məndən xoşu gəlmişdi. Mənə tərəf işarə edib sakitcə rejissora nə isə dedi. Sonra çəkilib kölgəlikdə oturdu. Rejissor ona baxdı, mənə baxdı, dərindən “fufff “ eləyib atlı oğlana yaxınlaşdı. Sonra məni çağırdı. - Oğlum, sənin adın nə oldu? - Anar. - Anar, hmmm...Anar sən klipə çəkilmək istəmirsən? Bu qız deyir ki, səninlə çəkilmək istəyir. Əlavə heç nə eləmək lazım deyil. Elə bayaqkı kimi gəlib öpəcəksən. Sözsüz ki, mən də razılaşdım. Kim razılaşmaz ki? Bu dəfə mənə təmiz paltar və ağ at verdilər. Artıq şahzadə ilə şahzadə görüşürdü. Yenə də eyni şey təkrar olundu. Mən atla yaxınlaşdım. Sonra onu öpdüm. Bu dəfə daha möhkəm və uzun öpüş oldu. Elə bil hiss etmişdim ki, onunla çox uzun müddətə ayrılacağıq. Öpüşümüz bitmişdi. Amma gözlərimiz ayrıla bilmirdi. Mən dəqiq bilirdim ki, o oynamır. İçimdən bir səs deyirdi ki, o da ilk baxışdan mənə vurulub. Ola bilməz? Ola bilərdi. Sadəcə çirkin dünyada bəzən saf məhəbbətə də nağıl kimi baxırıq. Amma bu ola bilərdi, olmuşdu. Rejissor uzaqdan əli ilə işarə etdi ki, əl-ələ tutub çəmənlikdə gəzişək. Onun incə, yumşaq, isti əllərindən yapışdım. Bu mənim şahzadəm idi. Mən 21-ci əsrin ortasında şəhzadə axtardım, nağıl axtardım. Allah da mənim arzularımı ürəyimdə qoymadı. Həyatda hər şey olur. Mənə maraqlı deyildi ki, o hansı ailədəndir, pozğundu yoxsa tərbiyəli, onun yaşı, bürcü, xasiyyəti – heç bir şey maraqlı deyildi. Mən sadəcə həmişə onun yanında olmaq istəyirdim - mənim Ayselimin, mənim şahzadəmin. Çəmənliyin qırağında mənim qara atımın yanında dayandıq. Çəkiliş qurtardı. Rejissor gəlməyimizi işarə etdi. Amma Aysel gözünü məndən ayırmırdı. Nə isə soruşmaq istəyirdi. Yəqin ki, adımı soruşacaqdı. Mən də hazırlaşdım. Gözlərini gözlərimə zilləyib soruşdu: -Sən məni sevirsən? Bunu heç gözləmirdim. Amma çox da fikirləşməyə dəyməzdi. Cavabım qəti idi. -Hə. Bəs sən? -Mən də. Onda vəziyyətin çətinliyini başa düşdüm. Bu baş vermişdi. İlk baxışdan məhəbbət. Amma bayaqkı operatorun sözü də ağlımdan çıxmırdı. Onu kimsə saxlayır. Kim ola bilərdi? Bəlkə hansısa varlı bir kişi? Bəlkə hansısa vəzifəli adam? Bəlkə hansısa cinayətkar, bankir, ya narkobaron? Mən xoşbəxtliyimin əlindən tutmuşdum. Onu buraxmaq istəmirdim. Sağ tərəfə baxdım. Rejissorun başı operatorla söhbətə qarışmışdı. Sonra sola baxdım. Mənim qara atım məni gözləyirdi. Sonra düz baxdım. Uzun bir yol vardı. Cığır dağların arasından keçib gözdən itirdi. Bu mənim yolumun davamı idi. Ayselə baxıb dedim: -Gəl gedək. - Hara? Dedim: -Düz. Sonra atın belinə qalxdım. Əlimi uzatdım, o da oyan-buyana baxıb əlimdən yapışdı. Rejissor hələ də söhbət edirdi. Biz isə atın belində yaşıl təpələrin arasıyla get-gedə gözdən itirdik. Göydən üç alma düşmədi Biri var idi, biri yox idi. Qəfəsdə bir quş yaşayırdı. Hər dəfə o qəfəsdən açıq səmaya baxır, küləyin səsini dinləyir, o ağacdan bu ağaca uçan quşlara tamaşa edirdi. Yazıq quşcuğazın dərdi böyük idi. O da digər quşlar kimi azad, təmiz, sonsuz səmada qanadlarını çırparaq uzaqlara uçmaq istəyirdi. Hərdən başqa quşlar qəfəsin yanında qonub ona təəccübə baxırdılar. Onlar quşun qəfəsdə necə tək yaşadığını başa düşə bilmirdilər.Yazıq quş isə ağacların budaqlarında özünə yuva qurub balalarını böyütmək, yazda çiçəklərin ətrini alıb, payızda gölməçələrdə çimmək istəyirdi. Günlərin bir günü quşun sahibi qəfəsin qapısını bağlamağı unudur. Quş parlaq səmaya baxır, küləyin səsini dinləyir. Qəfəsin açıq qapısından uçuşan quşlara tamaşa edir. Ağaclardakı yuvaları görür, çiçəklərə baxır.Uçsun ya yox? Seçimini etmək istəyir. Elə bütün günü bu seçim qarşısında düşünür. Günün sonunda quşun sahibi gəlib qəfəsin açıq olduğunu görüb yavaşca qapını bağlayır. Həyatımızda elə anlar olur ki, ediləcək seçim bütün taleyimizi dəyişir. Ayseli qaçırtmaqla mən həyatımın ən böyük səhvini etdim. Amma Ayseli qaçırtmaqla mən həm də həyatımın ən böyük düz seçimini etdim.Yol boyu bir kəlmə də damışmadıq. Axşam düşəndə ocaq qaladım. Hava elə də soyuq deyildi. Göyün üzünə o qədər ulduz səpələnmişdi ki, heç bizim estradada o qədər ulduz olmazdı. Yenə də Ayseldən gözlərimi çəkə bilmirdim.Mənim yalançı şahzadəm.Təsadüf və Taleyim.Bəzən insanlar bir biriləri üçün o qədər yaxın olurlar ki, heç danışmağa da ehtiyac qalmır.Amma sükut sonsuz davam edə bilməzdi. Ilk olaraq mən dedim: - Soyuq deyil? -Yox , soyuq deyil. Olar bir sual verim? -Ver. - Sən yaxşı insansan? Mən bir az duruxdum: -Nə bilim vallah, özünə görə hamı yaxşıdı. Amma hələ adam öldürməmişəm. Bilmirəm, bu məni yaxşı edir ya yox. Bəs sən? Sən yaxşısan? Aysel gözlərini qaçırtdı: - Yox, mən yaxşı deyiləm. Mən çox pis adamam. Həmişə başqalarına paxıllıq eləmişəm.Yad adamlarla ikiüzlü, doğma adamlarla soyuq olmuşam. Məni bura gətirməklə sən böyük səhv elədin. Məni axtarırlar. Tapandan sonra yenidən qızıl qəfəsimə aparacaqlar. Amma səni tapsalar öldürə bilərlər. Mən istəmirəm sənə bir şey olsun. Axı mən səni sevmişəm. Sən mənə həyatımdakı ilk öpüşü verdin. Mən bu öpüşü uzun illərdi ki, gözləyirdim. Səni ilk baxışdan tanıdım. - Mən də səni ilk baxışdan tanıdım. Səni həmişə arzularımda, xəyalarımda canlandırırdım. Amma sən pis insan deyilsən. Pis insanlar pis olduqlarını demirlər axı. Bəs kim səni axtarır ki? Niyə bu qədər qorxursan? - Mən kimsəsiz bir qızam.Ən böyük arzum da mahnı oxumaq olub. Yetim qız idim, nə evim vardı, nə pulum.Günlərin bir günü qarşıma çox varlı bir adam çıxdı. O mənə sonsuz sevgi və xoşbəxt həyat vəd etdi. Mən də sadəlöv uşaq kimi ona inandım. Mənə ev aldı, sonra maşın, sonra qızıl. Günlərini işdə gecələrini mənimlə keçirirdi. Söz vermişdi ki, tez bir zamanda evlənəcəyik. Mən də axmaq kimi gözləyirdim. Bir gün xəbər tutdum ki, ailəsi var. Ondan uzaqlaşmaq istədim, qoymadı. Bakı kimi kiçik bir şəhərdə ondan gizlənmək mümkün deyildi. O məni inandırdı ki, ilk ailəsi cavanlıq səhvi olub. Amma o uşaqlarını atasız qoya bilməzdi. Mən də yenə ona inanmışdım. Sonra məlum oldu ki, mən tək deyiləm. Onun başqa məşuqələri də var. Amma mən heç nə demirdim. Bəlkə öyrəşmişdim, bəlkə pul gözlərimi bağlamışdı, bəlkə qorxu. Bir müddət sonra onun vəziyyəti daha da yaxşılaşdı. İndi onun əlində həm pul , həm də hakimiyyət var. İndi o əvvəlkindən daha qəddar və təhlükəlidir. İndi o məni sevdiyinə görə yox, həzz aldığına görə yox, sadəcə özününkü hesab etdiyinə görə buraxmaq istəmir. İndi onun məşuqələrinin sayı-hesabı yoxdu. Amma bilmirəm belə əyyaş bir adamda bu qeyrət hissi deyim ya nə deyim bu hiss hardan əmələ gəlib. O artıq məni rahat buraxa bilər. Amma buraxmır. Mən onun oyuncağıyam. Uşaq kimi məni bir kənara atıb. Heç yadına da düşmürəm. Amma kimsə məni götürmək istəyən kimi qışqırır ki, əl vurma mənimdir. Deyirəm də, mən pis qızam. Bu da mənim vaxtı ilə yolumu azdığıma görə başıma gələn bəladır. Mən elə bilirdim ki, artıq həyatımın heç bir mənası yoxdur. Amma səni gördüm. Bilmirəm sənin gücün var ya yox. Bilmirəm məni xilas edə bilərsən ya yox. Amma mən səninlə olmaq istəyirəm. Ayselin danışdıqlarından pis olmuşdum.Elə bil itirilmiş bir dostunu tapırsan və xəbər tutursan ki , nə qədər sənə ehtiyacı olub. Amma sən bilməmisən. Bəlkə mən əvvəllər Ayseli görsəydim heç o alçağın əlinə düşməzdi. Biz bütün gecəni danışdıq. Mən öz ailəmdən danışdım, o öz ailəsindən. Arzularımızdan, yuxularımızdan, xoşladığımız filmlərdən tutmuş zəhləmiz gedən verilişlərə qədər hər şeydən danışdıq. Çox şeydə zövqlərimiz üst-üstə düşürdü.O gecə mənim həyatımda ən gözəl və unudulmaz gecələrdən biri oldu. Biz qucaqlaşıb hələ də istisini saxlamış ocaqdan çıxan son qığılcımların səmadakı ulduzlara qarışmasını seyr edirdik. Mən bilmirdim nə olacaq. Mən bilmirdim onu necə xilas edəcəm. Bilmirdim hara gedəcəyik. Sadəcə onunla olmaq istəyirdim. Səhər açılanda uzaqdan avtomobil səsi eşitdim. Deyəsən şahzadəni mənim əlimdən almağa gəlirdilər. Tez atı minib yola düşdük. Cığır və kəsə yollarla avtomobilləri geridə qoymuşduq. Amma dayanmaq olmazdı. Onlar hər an bizə çata bilərdilər.Biz ocaq qalamaqla səhv etmişdik. Onlar yəqin ki, gecədən tüstünün izinə düşübmüşlər.Yoxsa bu boyda dağlarda bizi tapa bilməzdilər. Yenə də sevinirdim ki, avtomobil yox atla gedirik. Çünki atla elə yerlərdən keçirdik ki, oradan heç bir minik vasitəsi keçə bilməzdi. Hərdən Aysel deyirdi ki, burax məni. Onlar səni öldürərlər. Amma mən Ayselsiz yaşaya bilməzdim. Həyatımın mənasını tapan kimi itirmək istəmirdim. Günün yarısını yollarda keçirdik. Günortadan bir az keçmişdi ki, heç gözləmədiyim bir şey baş verdi. SƏRHƏD. Biz sərhədə çatmışdıq. Mən hər şeyi düşünmüşdüm.Qarşımıza yırtıcı heyvanların çıxmasından, zəlzələyə qədər. Amma yadımdan çıxmışdı ki, bu xaraba dünyada torpaqları bir-birindən ayıran tikanlı sərhədlər var. Düzdü, yaxınlıqda əsgər yox idi, amma bizi izləyirdilər. Onlar görünməsələr də yaxındaydılar. Ən uzağı 20 dəqiqəyə bizə çata bilərdilər. Çox fikirləşmək olmazdı. Biz sərhədi keçməli idik. Atdan düşdük. Heyvanı sığallayıb dedim: “Sən artıq azadsan.Qaç , ürəyin hara istəyirsə get”. Sonra biz hündür tikanlı məftillərin arasından ehtiyatla o biri tərəfə keçdik. Dəqiq bilmirdim hansı ölkənin sərhədləridir. Amma ya Rusiya ya da Gürcüstan olmalı idi. Belə baxanda bilmək olmur axı. Ağaclar eyni, meşələr eyni, dağlar eyni. Ancaq biz gic insanların ağlına gələ bilər ki, bu yerlər arasında fərq var. Biri Rusiyadı, biri Azərbaycan.Ya da ki Norveç, ya da ki Yunanıstan. İnsanlar niyə özlərini belə çətinə salırdılar? Niyə özlərinə süni qəfəslər yaradırdılar? Sərhədlərlə öz yollarını kəsirdilər. Biz dənizdəki balıqlar kimiyik. Allah balıqları dənizdə yaratdı, bizi yer üzündə. İndi hər bir balıq istədiyi yerə üzə bilər. Amma biz torpaqları çəpərlərə saldıq. Hətta ən axmaq balıqlar belə sonsuz böyük dənizin içində özlərinə akvarium düzəldib içinə girməzlər. Bunu yalnız insanlar edə bilər. Təzəcə sərhədi keçmişdik ki, avtomobil səsləri eşidilməyə başladı. Sərhəd gözətçiləri hərbi maşınlarda bu tərəfə gəlirdilər. Arxadan da Ayselin adamları gəlirdi. Vəziyyətin çıxılmaz olduğunu görüb dedim: -Aysel, indi bizə yaxınlaşanlara deyərsən ki, səni güclə qaçırmışam. Onda səni buraxarlar. Qayıdarsan öz evinə. Hamı sənə inanar. Amma bilsələr ki, sən mənimlə qaçmısan sənə hər şey edə bilərlər. Canım, sevgilim. Şahzadə, bağışla. Bu sözü deyib ona şillə vurdum. O bunu gözləmirdi. Amma başa düşdü, bunu ona görə edirəm ki, yalanı inandırıcı olsun. Üzündəki qızartı onun zorla qaçırıldığına zəmanət idi. Əsgərlər yaxınlaşırdı. Ayselə dedim ki, ağlasın və əsgərlərə tərəf qaçıb onları qucaqlasın. Aysel bunu etmək istəmirdi. Mən onun gözərinin içinə baxıb dedim: - Şahzadə, məni düşünmə. Mənə heç nə olmayacaq. Ən uzağı bir illik basarlar dama. Amma çıxan kimi mən Bakıya gəlib səni tapacam. İnan mənə, mən səni tapacam. O ağlayıb əsgərlərə tərəf qaçmağa başladı. Hər şey düşündüyüm kimi oldu. Əsgərlər məni yerə yıxıb əllərimi bağladılar. Qaçaqmalçılıqdan tutmuş narkotiklərə qədər bütün şablon sualları verdilər. Sonra isə Ayseli axtaran adamlar gəldi. Aysel qaçıb onların yanına getdi və ağlamağa davam etdi. Onlar da inandılar. Aysel təhlükədən çıxdı. Əslində mən də təhlükədən uzaqlaşmışdım.Türmə hər halda divin adamlarının əlinə düşməkdən daha yaxşı idi. Türmə və “A” nın dostu Heç dəqiq bilmirdim hansı türməyə salmışdılar. Ora çatanda artıq gecə düşmüşdü. Hər halda dəmir türmə mənəvi türmədən yaxşı idi. Özümü barmaqlıqlar arasında çox rahat hiss edirdim. Türmədə qəribə bir şey var. İçrədi də heç kəs özünü günahkar saymır. Hərənin etdiyi cinayətə görə bir bəhanəsi var. Onlar haqsız olaraq saxlanıldıqlarına inanırlar, polislərdən də zəhlələri gedir. Mənimsə polislərlə işim yox idi. Gündəliyimi doldururdum. Buradakı boş vaxtımdan səmərəli istifadə edə bilərdim. Türmə dünyaya çox böyük şəxsiyyətlər verib. Elə Adolf Hitleri götürək. O ən məhşur əsərlərdən biri olan “Mayn Kampf“ı türmədə yazıb. Bundan sonra demək olar ki, bütün dünyanı dəyişib. Bəlkə mən də burada nə isə kəşf edə bildim. Yanımda bir oğlan da vardı. Üz-gözündən heç cinayətkara oxşamırdı. Bütün günü kitab oxuyur, arada qəhqəhə çəkib gülür, arada isə deyirdi - “bilirdim ki , belə olacaq. He-he”. Adı Azad idi. İlk günlər o qədər də danışmasaq getdikcə söhbətimiz çoxalırdı. O da bura birinci dəfə düşmüşdü. Onu da haqsız olaraq salmışdılar. Küçədə üstünə düşən bir sərxoşu döydüyünə görə bura düşmüşdü. O mənim problemimi soruşanda mən də öz hekayəmi danışdım. Azad soruşdu: - Sən də bezmisən hər şeydən? Başımla təsdiqlədim.O sakitcə danışmağa başladı: - Bilirsən , sistem özü lap əvvəldən səhv qurulub. Bax, yadına sal Babili. İnsanlar bir gün uca bir bina tikmək qərarına gəlirlər. Bina ucaldıqca onlar onu daha da uca etmək , Allaha çatmaq istəyirlər.Bütün xalq bu işə qoşulur. Bəs Allah nə edir? Binalarını uçurur, özlərini də cəzalandırır - ayrı –ayrı millətlərə bölüb dillərini dəyişir ki, bir də Allahdan uca olmaq fikrinə gəlməsinlər. Ya da Misirlilər, adi insanları Allahlaşdırırdılar. Və yaxud inkivizisiya dövrü , xristianlıq sxolastikası. Alimləri edam edib, həkimləri cadügər adlandırırdılar. Birinci dünya müharibəsi , ikinci dünya müharibəsi. Bunların hansı doğru olub? Hansı ədalətli və düzgün olub? Heç biri. Amma fikir ver o dövrdəki insanların hamısı doğru yolda olduqlaını düşünürdülər. Necə ki , biz indi doğru yolda olduğumuzu düşünürük. O zaman da insanlar çoxluğun etdiyini edir, böyük dövlətlərin yolunu gedirdilər. Biz də elə. Müasirlik, inkişaf. Amma deyəsən dəmirlər insanlardan daha tez inkişaf edir. Əvvəl zəif avtomobillər tez sınırdı. İndi daha davamlı , müvazinətini saxlayan avtomobillər düzəldirlər. Amma insanlar hələ də yollarını azır. Raketlər kosmosu kəşf edir, Aya uçur, yeni planetlərlə tanış olur. Amma insanlar öz qapı qonşularıdan ulduzlar qədər uzaqdırlar. Telefonlar artıq məftilsizdir və istənilən yerdən danışmaq olur. Amma danışılan yenə də qiybət, yalan və yaltaqlıqdır. Azadın fikirləri mənim fikirlərimlə üst-üstə düşürdü. Bir gün soruşdum: - Sən bu fikirləri hardan deyirsən? Sənə bunları kim danışır? Azad cavab verdi: -Mən tək deyiləm. Mənə bunları “A” danışıb. A Başqalarına da maraqlı həqiqətlər açırdı. Sonra biz hamımız birləşdik. İndi biz birlikdə bütün bu sualların cavabını, bütün bu tələlərdən çıxış yolunu axtarırıq. Əgər istəsən burdan çıxan kimi səni A ilə tanış edərəm. Özün onunla danışarsan. O mənim dostumdur. - İstəyərdim. Amma deyəsən burda hələ çox qalacağıq. - Yox, bu günlərdə buradan çıxırıq. A artıq hər şeyi fikirləşib.Bax, o biri kameradakı namaz qılan oğlanı görürsən? - Hə, nədir ki? - O da bizim qrupdandır. Aslan. Biz onunla eyni vaxtda bura düşdük. Mən sərxoşu vuranda o da yanımda idi. Həmin gün A adamlarını göndərdi. Onlar da Aslana səccadə verdilər ki, namazlarını rahat qılsın. O gündən Aslan namaz qılır. Mən başa düşmədim: - Nə olsun ki namaz qılır? Burdan çıxmağa nə dəxli var? - Aslan mənim uşaqlıq dostumdur.Mən hələ onun namaz qılmağını görməmişəm. İndi isə özün görürsən bütün günü səccadənin üstündən qalxmır. Məncə burda nə isə bir iş var. Yüz faiz nə isə bir iş var. Mən Azadın bu şübhələrinə o qədər fikir vermədim. Hər halda Aslan namaz qılmaqla nə edəcəkdi? Mələkləri bölməyə tökən deyil ki. Amma Azada dedim ki, çıxanda onlarla getmək istəyərəm. Yenə Dünyanın haqsızlıqlarından danışırdıq.O da hər dəfə danışanda misal gətiridi. A belə deyir, A elə deyir, A deyir ki əslində, A-nın dediyinə görə... bu mənə çox qəribə gəlirdi. Nə demək idi A? Niyə A? Bu sualları içimdə düşünürdüm. Son söhbətimiz mənəvi inkişafın təzadlarından idi.Azad deyirdi ki - İzahlı lüğətlərdə bir dəfə sifətlər, insani keyfiyyətlər bölməsinə bax. Bütün sifətləri bir yerə yaz. Sonra köhnə bir lüğətə bax, paxıl , utancaq, yazıq, pis, acgöz sözlərini keçmiş lüğətlərdə axtar. Görəcəksən ki, bu sözlər 5 əsr əvvəl də olub, 5000 il əvvəl də olub. Deməli bu xüsusiyyətlər insanlarda hər zaman olub. Keçmiş lüğətlərdə elə bir insan xasiyyəti yoxdur ki, sonradan arxaikləşsin. Yəni ki gündəlik həyatda işlənməyib köhnəlsin. Əgər bütün o sözlər işlənirsə deməli hələ də insanlarda o xüsusiyyətlər, pis xasiyyətlər var. Köhnələn sözlər isə sadəcə alətlər, rütbələr və ölkə adlarıdır. Belə çıxır ki, əsrlər boyu dəyişən yalnız formadır. Mahiyyət isə dəyişmir. 21-ci əsr isə artıq boş formanı qırarağa tullayıb mahiyyəti dəyişmək əsridir. Biz bunu etmək istəyirik. Onun danışdıqları mənə çox maraqlı gəlirdi. Söhbətimizin ən şirin yerində dedilər ki, yanıma gələn var. Həmin klip çəkən rejissor idi, yanında da paqonlu bir yekəpər durmuşdu. Rejissor barmağı ilə məni göstərib dedi: -De budu xanımınızı qaçıran. Paqonlu pəzəvəng mənə baxdı: - Gədə, çox böyük zibilə düşmüsən. Səni sabahdan aparırıq öz bölməmizə. Başına oyun açacam sənin. Sonra Pəzəvəng gözətçilərə nə isə dedi, onlar cəsarət eləyib kişinin üzünə də baxa bilmirdilər. Deyəsən çox samballı adam idi. Paqonlardan da başım çıxmır ki, bilim kimdi, nəçidi. Onlar gedəndən sonra bir müddət özümə gələ bilmədim. Sabah məni aparıb nə istəsələr edə bilərdilər. Təzəcə həyata həvəsim yaranan vaxt ölmək istəmirdim. Bilirəm bu alçaqların işini adamı döyüb döyüb öldürərlər, adını da qoyarlar ki, yemək yeməyə gedəndə pilləkəndən yıxılıb. Çox təəssüf ki, paqonlar nə dövlətin qanunlarına əməl edir, nə də ki Allahın. Çox qorxmuşdum. Azad da məni sakitləşdirirdi ki, başını qoy yat, hər şey düzələr. Elə xəyalımda məni necə çırpacaqlarını təsəvvür edə-edə yuxuya getdim. Gecə saat dörd olardı. Birdən qapı açıldı. Azad da, mən də yerimizdən dik atıldıq. Aslan idi, əlində səccadəsi, qapının ağzında durmuşdu. Bizə sakitcə yaxınlaşıb dedi: - Durun, qaçmaq vaxtıdır. Biz də yarı ayıq yarı yuxulu onunla getdik. Gözətçilər daş kimi yatırdı. Aslan onların açarını götürüb dəhlizlə sağ tərəfə getdi. Oradan da pilləkənlə aşağı endik. Zirzəmidə xüsusi bir çıxış yolu vardı. Aslan ora kecib bizi də çağırdı. İçəridə polis paltarları hazır qoyulmuşdu. Biz geyindik. Sonra yenidən dəhlizə çıxıb başqa bir yolla getdik. Beşcə dəqiqəyə polis maşınında türmənin hasarlarını adlamışdıq. Bir az sonra maşını qaranlıq küçələrdən birində saxlayıb piyada getdik. Bakının mərkəzindəki binaların birində bizi artıq gözləyirdilər. Mənzilə daxil olduq. İçəridə iki oğlan vardı. Azad bizi tanış etdi: - Tanış olun – bu, Anardı. Biz onunla türmədə bir yerdə qalırdıq. O da bizdən biridir. Anar, bunlar isə Araz və Aydındır - bizim yaxın dostlarımız. Sonra Azad üzünü Aslana tutub dedi: - İndi isə danış görəy. Bunu necə etdin? Vallah nə qədər fikirləşirəmsə ağlıma gəlmir. Bütün günü səccadədə oturmaqla belə plan qurmaq olar? Tez danış. Aslan gülümsəyib dedi: - Bəs bir həftədir mən səccadəyə baxıram. Heç fikirləşmədin ki, A niyə mənə səccadə göndərib? Onun naxışlarına diqqətlə bax. Biz səccadəyə baxdıq, qeyri-adi heç nə yox idi. Naxışlar, xəttlər .. Duruxduğumuzu görən Aslan dedi: - Baxın burada sağdan sola əksinə yazılar yazılıb. İlk baxışdan naxışa bənzəyir. Diqqətlə baxın. Sağdan sola, aşağıdan yuxarı. “ Sabah sənə su gətirəcəklər, onu içmə. Gözətçilərdən gizli qıfılın üstünə tök. Bu kimyəvi məhlul 3 günə qıfılı çürüdəcək. Cümə günü gözətçilərin yeməyinə dərman qatırıq oyanmayacaqlar.Onda qıfılı qır. Bu xətlər türmənin sxemidir. Arasındakı çiçəklər isə doğru yoldur. İlk yaşıl çiçəkdə paltarlar qoymuşuq. İkinci yaşıl çiçəkdə maşın var. Qalanı da aydındır”. Bizə isə bu səccadəyə heyrətlə baxmaqdan başqa heç nə qalmırdı. Aslan dedi: - Gördünüz, həyatda belə şeylər də olur. He-he. Azad dedi: - Hə.. Bəs bizə niyə demədin? Ürəyimiz partlayırdı. Axırıncı gün o yekəpərin hədələrindən sonra Anar lap dəli olmuşdu. -Yox , sizə deyə bilməzdim. Eşidə bilərdilər. Nəzəri cəlb etmək olmazdı. Amma qulağım sizdə idi. Danışdıqlarınızı eşidirdim. Anar, sən çox cəsarətlisən. Qız günahkar olmasın deyə hər şeyi öz üzərinə götürdün. Mən başımla yavaşca təşəkkürümü bildirdim. Sonra Azad dedi: - Hə, Anar yaxşı oğlandı. Uşaqlar siz danışın görək. Bir həftədə təzə nə isə olub? Bayaqdan sakitcə qulaq asan Aydın dedi: - Hə qardaşlar. Biz Qərargahı ala bilmişik. Bunu eşidən Aslan da, Azad da sevinclərini saxlaya bilmədilər. “Əla!” , “Ola bilməz?!” , “Əla!”, ”Şükür Allaha!” Mən nədən söhbət getdiyini bilmirdim amma haranısa almışdılar. Sonra Aydın nə isə danışmağa başladı. Belə məlum oldu ki, səhəri gün biz hamımız ora gedə biləcəyik. Insanlar da Ağaclar kimidir. Onlar nə qədər yüksəklərə, işığa doğru can atırlarsa kökləri bir o qədər yerə, aşağı, qaranlıq və dərinliyə enir. (“Zərdüşt belə deyirdi”-Nitşe) QƏRARGAH Gözlədiyimdən daha böyük idi. 7-8 otaqdan ibarət ən azı 300 kvadrat metrlik bir yer. Divarlar müxtəlif filosofların aformizmləri, dünya statistikasından rəqəmlər, müxtəlif qəzetlərdən kəsilmiş məqalərlərlə dolu idi. Kənardan çox adi bir binanın içindəki bu mənzil adamı tamam başqa bir dünyaya aparırdı. Ev içəridən qaynayırdı. Bizim kimi cavan oğlanlar, qızlar mənzilə yığışmışdılar. Xüsusi stereo sistemlə bütün otaqlarda kalonkalar quraşdırılmışdı. Bu kalonkalar mərkəzi mikrofona birləşirdi. İçəridə sakitcə Rock musiqi gedirdi arada bir Raplə əvəz olunurdu. Evdə 30-40 adam olardı. Çox hissəsi oğlanlar. Azad hər dəfə məni kimləsə tanış edir köhnə tanışları ilə zarafatlaşır, türmədən necə çıxdığımızı danışırdı. Onlar da evin müxtəlif otaqlarını bizə göstərirdilər - kiçik kitabxana, kinozal, idman otağı, bir neçə yataq otağı vardı. Biz otaqlara baxa-baxa dəhlizin sonundakı böyük zala daxil olduq. Zalda qalın xalçadan başqa heç bir şey yox idi. Mən Azada baxıb dedim: - Bəs bu otağın mebelləri hanı? Azad gülümsədi: -Bu otağın mebelləri elə bizik. Yavaş-yavaş hamı zala toplaşırdı. Təxminən başa düşmüşdüm ki, bu uşaqlar hansısa bir cəmiyyətin üzvləridir. Bu yeri də yəqin kirayə götürüb öz təşkilatlarını yaratmaq istəyirlər. Bir neçə dəqiqəyə demək olar ki, hamı zala gəldi. Sonra bir sarışın oğlan irəli çıxıb mikrofonu götürdü: - xmm.. m... eşidirsiz? Azadla Aslan qayıdıb. Mən onları qayıdışları münasibəti ilə təbrik edirəm. Gördüyünüz kimi qərargahı ala bildik. Bu gündən Bura bizim hamımızın evidir. Bütün planlarımız burda hazırlanıb o divardakı lövhədə yazılacaq. Növbətçi və xadimə olmadığına görə təmizliyə özümüz baxırıq. Hərə öz ətrafını təmizləsə çirk yer qalmaz. Sıralaımıza təzəcə qoşulan Aynuru da salamlayıram. Aynur, yəqin sənə artıq deyiblər ki , təzə gələnlər birinci qayda olaraq bütün həyatını danışmalıdırlar. Hələ ki, hamımız cavanıq, ona görə hekayəmiz də çox uzun deyil. Buyur, danışa bilərsən. Özü də bil ki, burada hamı sənin dostundur. Mən sakitcə Azaddan soruşdum: - Budu A? O dedi : - Yox , bu Abbasdır. O ən ilk qoşulanlardandır. Demək olar ki, bütün təşkilatçılıq işlərinə o baxır. Elə bu qərargahı da o alıb. Onun çoxlu əlaqələri var. Bakıda demək olar ki, hər 5 ci adamı tanıyır. Yaxşı oğlandır. Qoy gəlsin səninlə tanış eliyərəm. Azad bu sözləri deyən vaxtda artıq bir qız mikrofonun qarşısında durmuşdu. Onun üzündə qəribə sıxıntı vardı. Hər halda bütün həyatını danışmağa gəlmişdi. Bundan böyük çətinlik məncə ola bilməzdi. Aynur mikrofonu götürəndə Abbas əli ilə işarə etdi və kimsə işığı sondürdü. Pəncərələrin qarşısı qalın pərdə ilə örtüldüyünə görə otağa zülmət çökdü. Mən heç nə görmürdüm.Bircə Abbasın səsini eşitdim: -Hə, Aynur, indi rahat danışa bilərsən. Sonra Aynurun dərin nəfəsi eşidildi: - Mənim anam xəstələnmişdi. Atam isə evdə tapılmırdı. Onun günü gecəsi fahişələrin yanında keçirdi. Anamın qanında xəstəlik vardı, tez-tez halı pisləşirdi,qusurdu. Gözlərinin altındakı qırışlar hər gün artırdı. Mənim 7 yaşım olardı, məktəbə gedirdim .Dərsdən sonra anama yemək bişirirdim.Onun yatağını dəyişdirirdim.Həftədə bir dəfə gələn həkimləri qarşılayırdım. Bakıda heç kəsimiz yox idi. Atam da anamın xəstəliyilə maraqlanmırdı. Bəlkə də anamın ölümünü ən çox elə o arzulayırdı. Anam ölsəydi rahatca avara həyatını davam etdirərdi. Hərdən içib qapının ağzında yuxuya gedirdi. Qonşulardan utandığımdan zəif canımla onu dartıb evə sürütləyirdim. O da ağzına gələn söyüşləri söyürdü. Çox heyf ki, ən pis söyüşləri küçədən əvvəl atamdan eşitmişdim. Bir tərəfdən atamın söyüşləri bir tərəfdən də anamın qusmaq səsi. Atamı dəhlizə salan kimi yatağın yanındakı vedrəni dəyişməyə gedirdim. Dərsdə müəllim məni danlayırdı, uşaqlar da gülürdü. Bir gün həkim atama dedi ki, filan filan dərmanları almalısınız. Hər gün onlardan içsə bir aya sağalacaq. Əks halda siz onu itirəcəksiniz. Mənlik burda daha iş qalmayıb. Əgər dərmanlardan sonra bir daha pristup olsa zəng edərsiniz. Həmin gün həkim getdi. Atam isə dərmanları almadı. Mən soruşanda deyirdi ki , bir həftəyə maaş alacaq. Amma bu bir həftə qurtarmırdı, 3 ay idi ki, bu bir həftə qurtarmırdı. Mən öz paltarlarımı və oyuncaqlarımı sinif yoldaşlarıma satırdım. Yığdığım pula dərmanların yarısını almışdım. Anama hər gün dərman verirdim. Amma bir gün, daha dəqiqi ad günümdə anamın vəziyyəti çox pisləşdi. Bəlkə mənim ad günümdə onun qulluğunu çəkməyim ona pis təsir edirdi, bəlkə atamın biganəliyi. Amma həmin gün çox pis olmuşdu. Bütün günü sayaqlayırdı. 3 dəfə qusmuşdu, sonuncuda da qan qusmuşdu. Əlləri əsirdi. Soyuq tər axırdı. Amma bədəni od kimi idi. Yorğanı üstündən atırdı. Ürəyi çox sıxılırdı. Mən də onu soyundurmuşdum ki , isti olmasın. Rəngi qıpqırmızı idi. Yazıq anam lap pis gündə idi. Atam evə gələndə heç tanımadım onu. O qədər içmişdi ki, tamam başqa sima almışdı.Mənə baxıb dedi: - Ehh.. qızım, bilirsən mən nə böyük səhv eləmişəm? Bütün pullarımı fahişələrə xərcləmişəm öz arvadım ola-ola. O zibilçəyə dedim ki, bu dəfə pul yoxdu, gəl yataq, gələn dəfə verərəm. Dedi ki, onda gələn dəfə gələrsən. İt qızı it...güya sevirdi məni. Öz arvadım ola-ola gedib başqalarını niyə xoşbəxt eliyim ki ? Mən onun danışdıqlarına fikir vermirdim. Ona görə də tez mətbəxə qaçdım ki, anama dərman hazırlayım. Atam yataq otağına keçdi. Anamın dərmanları indiyə kimi yadımdadır. Belə kiçik qırmızı paketdə ağ məhlul idi. Onu suda qarışdırıb isti isti içmək lazım idi. Mən onu hazırlayana kimi yataq otağından atamın səsi gəldi. “Mən səni sevirəm. Eşidirsən sevirəm. Gəl mənim yanıma, qayıdaq əvvəlki vaxtlara. Sən məni istədiyin vaxtlara. Gəl yanıma .bax belə ..sev məni..ah..” Atamın səsi kəsilmirdi.Mən isə onda uşaq idim yataq otağında nəyin baş verdiyini tam dərk eləmirdim. Anamın da qışqırıqları başladı. O məni çağırırdı köməyə... Elə bilirdim ki , xəstəliyinə görə qışqırır. Dərmanı gətirəndə isə elə bir səhnə gördüm ki , onu görüb dəli olmamaq olmazdı. Atam xəstə anamı zorlayırdı. Əlimdəki stəkan yerə düşüb çilik-çilik olmuşdu. Anam qan qusurdu sərxoş atam isə sanki bunu görmürdü, dayanmaq bilmirdi. Anam qışqırırdı: “Alçağ , namussuz, ölürəm..rədd ol... ölürəm...” Sonra o daha da bərk qusmağa başladı. Bütün bədəni əsirdi. Atam yastığı götürüb onun üzünə basdı..Mən isə donub qalmışdım. Mənə sadəcə qıraqdan bu iyrənc hadisəni izləmək qalmışdı. Həmin gecə anam öldü. Səhəri gün həkimlər gələndə gecəki hadisələri onlara danışmaq istədim. Amma atam məni otaqda bağlamışdı. 3 gün o otaqda ac susuz qaldım. Qapı açılanda isə artıq anam yox idi. Onu basdırmışdılar. Mən hələ də bilmirəm onun qəbri hardadır. Anamın ölümü atama pis təsir etmişdi deyə içməyi azaltmışdı. Mənə daha çox vaxt ayırırdı. Ona nifrət edirdim amma başqa heç kimim yox idi. 7 il onunla qaldım. Hərdən məni döyürdü. Doğma atam oldugundan heç nə edə bilməzdim. 16 yaşım olardı. O, evin əşyalarını satmağa başlayırdı. Deyəsən kiməsə borcu vardı. Çünki hər dəfə iki-üç kişi evimizə gəlib onu hədələyirdilər. Atam onlara yaltaqlanırdı, çay təklif edirdi, onlar da oturub çay içirdilər. Bəziləri məni tərs-tərs süzürdü. Mən uşaq deyildim, onların nə istədiyini çox gözəl başa düşürdüm. Həmişə onlar gedəndə atam nəsə verirdi. Bir gün televizor, bir gün maqnitofon. İş ütüyə çatanda gördüm ki, artıq evdə heç nə qalmayıb. O gecə həmin kişilər bıçaqla gəldilər. Mən çay süzənə kimi atamı divara sıxıb hədələyirdilər: - Sən bizi hələ yaxşı tanımırsan. Biz elə belə çıxıb gedən deyilik. Əgər bu gün verəsi heç nəyin yoxdursa onda balaca barmağını kəsib aparacayıq. Narahat olma, pulu qaytarsan kimi biz də barmağı qaytararıq. Bu sözləri eşidən kişilər gülməyə başladılar. Mən otağa kecdim. Onlar atamın barmağını kəsmək istəyirdilər. Atam qışqırırdı: - Yox, yox əl dəyməyin. Onu götürün, bu gün qızımı verirəm sizə. Onu götürün. Buraxın barmağımı. Atam məni bir barmağına satdı. Mən donub qalmışdım. Amma o alçaqların da deyəsən bu fikir daha çox ağlına batmışdı. “Bax bu başqa məsələlə. Sən özünü belə aparanda bizim də xoşumuza gəlir. Bax bu tamam başqa məsələ. He-he-he”. Mənim tüklərim biz biz olmuşdu. Biri atamı tutmuşdu, o biri ikisi üstümə gəlirdi. Bir onu bildim ki, əlimdəki qaynar çayı onların üstünə tökdüm. Birinin üzü yandı. Mən də tez mətbəxə qaçdım. Bıçagı götürüb arxamca gələn kişinin böyrünə soxdum. Onu itələyib qapıya yaxınlaşdım. Elə qapını açmışdım ki, atamı tuan kişi üstümə yeridi. Onda ilk dəfə atamı köməyə çağırdım. O isə qorxaq pişik kimi küncə qısılıb qalmışdı. Bunu görüb məni tutmağa gələn yekəpərin qucağına atıldım. Dişlərimlə yanağından yapışdım. Bir dişləyə onun yanağını qopardım. Qan fışqırmağa başladı. İkinci dişləyim boğazına kecdi. Deyəsən qırtlağından yapışmışdım.Var gücümlə dişlərimi bir birinə yaxınlaşdırdım. O da saçımda tutub məni yerə çırpdı. Onu öskürək tutmuşdu, boğazı qan içindəydi. Iməkləyə-iməkləyə onun yanında qapıya doğru keçdim. Pilləkənlərdən üzüaşağı qaçmağa başladım. Nə qədər bərk qaçmağa çalışdımsa da həyətdən çıxanda o biri ikisi mənə çatdı. Həyətdə kimsə yox idi, zil qaranlıq idi. Onlar məni öldürəcəkdilər. Həmin anda A gəldi. O məni xilas etdi. İndi də mən buradayam. Çox sevinirəm ki, qısa vaxtda özümə bu qədər çox dost tapa bilmişəm. Keçmiş həyatımla vidalaşıb yeni həyata başlamağa hazıram. Bu sözlərdən sonra Aynuru özümə elə yaxın hiss etdim ki. Istəyirdim bağrıma basıb onu necə çox istədiyimi deyim. Indi başa düşmüşdüm ki, işığı niyə söndürmüşdülər – Aynur cəkinməsin deyə. Qaranlıqda Aynurun danışdığı bütün səhnələr gözümün qarşısında canlanmışdı. Onun bütün ağrılarını hiss edirdim. İşıq yananda gördüm ki, Aynurun gözləri yaşla dolub. Ənənəvi olaraq hamı əl çalmağa başladı. Sonra Abbas dedi: - Uşaqlar, bağışlayın mövzunu dəyişirəm. Bayaq A ilə görüşdüm. A dedi ki, bəzi dostlarımız artıq böyük planı həyata keçirməyə başlayıblar. Biz bilirik ki, A ilə olan söhbətləri hər kəs sirr saxlamalıdır. O özü dedi ki, bunu hamıya deyim. Hamı bilsin ki, artıq hazır olanlar işə başlayıb. Onları təbrik edirik. Yeni gələnlərə də uğurlar arzulayıram. - Mən istəmirəm ki, kimsə özünü cinayətkar hesab etsin. Və istəmirəm ki , vicdanınız sizi incitsin. Həyat onsuz da axır-əvvəl hamını vicdansız edir. Burda hər kəs azaddır. Biz getdiyimiz hər yerdə xəyanət və yalanla üz-üzə dururuq. İnsanlar çox azğınlaşıb. Ürəklərdə qəribə bir xəstəlik var. Və bu xəstəlik günbəgün artır. Əvvəlcə hamı işıqlı gələcəyə, ümidli sabaha inanır. Hamı elə bilir bir gün gələcək və o arzularına çatacaq. Hər birimizin arzusunda o gözəl şahzadə var. İllərlə bizi gözləyən gözəl şahzadə. Amma biz onunla hər dəfə rastlaşanda daha bir isterika və kaprizlə üzləşirik. Hər bir qız xəyallarında o qəhrəmanı görür. Amma qarşısına çıxan kəs özündən razı maymaqdan başqa bir şey olmur. Uşaq vaxtı elə bilirdik ki, ən gözəl ev bizim evdir. Amma bir gün qonşu bizi qonaq çağırdı və ilk dəfə gözəl evin nə olduğunu gördük. Biz elə bilirdik ki , filmlərdəki super qəhrəmanlardan biriyik amma ilk küçə davasında nə qədər zəif olduğumuzu hiss etdik. Biz düşünürdük ki, ən ağıllı bizik. Ama məktəbə gedəndə əlaçıları gördük, sonra lövhədəki misalları. Bir gün isə biz vuruluruq və ilk məhəbbət bizi çox yuxarılara aparır. Amma onun da sonu xatirələrimizin xarabalıqlarında. Uşaqlıq arzularımızı hamımız unutduq. Amma bu yeganə dərd deyil. Dünya çox çirklənib. Mobil telefonlar və notbuklar artır. Yeni maşınlar gəlir. Biz inkişaf edirik. Ama artan təkcə bunlar deyil. Hər 6 dəqiqədə bir ev soyulur. Cinayətlərin sayı hər gün artır. İntiharlar öz rekord səviyyəyə catıb. Ailələr dağılır. Bəzi ölkələrdə ümumiyyətlə ailə qurulmur. Kişilər kişilərlə yatır, cavanlar bir gün belə narkotiksiz qala bilmirlər. Körpələr artıq cizgi filminə yox, pornofilmlərə baxır. Ya da ki, təsadüfən kiçik qız anasının yataq otağındakı yeni dostunun qəribə hərəkətlərini görür. Anası isə fikrini yayındırıb qızına otaqdan çıxmasını demək istəmir. Çünki başı çox qarışıqdı. Bizim də başımız çox qarışıqdı. İndi filosoflar, yazıçılar yox, plastik əməliyyatdan çıxmış çılpaq sinələr bizə daha xoş gəlir. Heç kəs bu gün gözəl olmaq istəmir. Hamı seksual olmaq istəyir. 21-ci əsr 3 sözdən ibarətdir - Seks, Narkotik, Şou.. Bir azdan biz evlənə bilməyəcəyik. Çünki gözəl qızla evlənəndən sonra biləcəyik ki, demə əvvəl oğlan olub sadəcə cinsini dəyişib. Bir azdan heroin dükanlarda satılacaq üzərində isə kiçik bir yazı olacaq: “Səhiyyə Nazirliyi xəbərdarlıq edir - heroin sizin sağlamlığınıza ziyandır”. Ev itlərinə xərclənən pula Afrikada acından ölən bütün uşaqları xilas etmək olar. Bizə bu maraqlı deyil. Biz köhnə avtomobili yenisinə dəyişməyi daha çox düşünürük. Ya da ki, arvadımıza növbəti xəyanəti onun hansı rəfiqəsi ilə etməyi. Hamınız bilirsiniz bizi burada birləşdirən nədir. İndi isə meydan açıqdır kim nə demək istəyirsə buyursun. Mən inana bilmirdim ki, nə vaxtsa özümə bu qədər yaxın insanlarla tanış ola bilərdim. Özü də Azərbaycanda. Elə bilirdim ki, Azərbaycanda ümumiyyətlə mənim kimi düşünən yoxdu. Ona görə qaçıb getmək istəyirdim. Amma bu kiçik zalda, mənim kimi ən azı 30 nəfər var idi. Ən azı 30 nəfər mənim kimi psix, həyatdan bezmiş paranoik. Belə bir söz var - ”Həyat Dəlixanadır, xoşbəxt olmaq üçün sadəcə özün kimi dəlilər olan palatanı tapmalısan”. Abbasdan sonra bir oğlan danışdı. O da qısaca öz fikirləini bildirdi. Azad mənə işarə etdi ki, çıxaq bayıra. Biz o biri otağa keçdik: - Anar, daha ünvanı tanıyırsan, nə vaxt istəsən gələ bilərsən. Mən indi uşaqlarla danışım, sənin qoşulmağını müzakirə edəcəklər. Yəqin başa düşdün, qəbul olunmaq üçün əvvəlcə öz həyatını danışırsan. Bunu bu gün də edə bilərsən. Amma məncə hər şeyi evdə danışsan daha yaxşı olar. Sən artıq Bakıdasan, evdəkilərsə narahatdır. Yaxşısı budur bu gün evə get. - Hə, mən də elə onu deyəcəkdim. Evə gedim, görüm nə var nə yox. - Mənim də bəzi işlərim var. İstəsən səni maşınla ötürə bilərəm. Elə mərkəzə gedirəm, yol üstüdür. - Hə, gedək. Azad, bəlkə bu gün gəlmədim. - Niyə? - Yorulmuşam yaman. Həm də çimim, bir az dincəlim. Bir aydır evdə görünmürəm. Məni asmasalar yaxşıdır. - He-he, asacaqlar, asacaqlar. BAŞLANDI Sənə öyrədilən hər şeyi unut. Sən qum dənəciyi qədər kiçiksən. Sən həyatın boyu ölümü düşünmədən yaşayırsan. Ölüm gələndə isə deyirsən - “mən ki heç yaşamadım”. 100 il sonra isə sənə görə heç kəs ağlamayacaq. Nanə müəlliməni bütün fakültə tanıyırdı. Onun dərsində hamı sakit otururdu. Nanə müəlliməyə xüsusi diqqət vardı. Yox... Səbəb onun yaxşı dərs keçməsində deyildi. Yox... O heç güzəşt etmirdi. Yox... İnsan kimi də yaxşı insan deyildi. Ona bu qədər çox hörmətin səbəbi imtahanlarda hamını kəsməsi idi. Ona görə hamı ondan qorxurdu. Hətta əlaçılar da. Çünki Nanə müəllimə qiyməti biliyə görə vermirdi. Onun özünəməxsus ölçüsü vardı. Kim hörmətini qazanarsa, o da imtahandan keçəcək. Onun hörmətini isə tərbiyə, mədəniyyət və xoş sözlə qazanmaq olmazdı. Nanə xanım hörməti ancaq pulda görürdü. Bu gözəl xasiyyətinə görə hər imtahan avtomobilini yenisinə dəyişirdi. Evə yeni bir şey alırdı.Yay gəzintisini müəyyənləşdirirdi. Amma bu gün Nanə müəllimənin bəxti gətirməmişdi. Avtomobilini həyətdə saxlayıb bloka daxil oldu və liftin düyməsini basdı. Lift gələnə kimi arxadan iki nəfər bloka yaxınlaşdı. Nənə xanım telefonunu qurdalaya-qurdalaya liftə daxil oldu. Qapı bağlanmamış qara geyimli oglanlar da liftə girdilər. Nanə xanımın fikri hələ də telefonda idi. Lift qalxmağa başlayanda adamlardan biri düyməni basıb lifti yarıda saxladı. O birisi sərt zərbə ilə telefonu Nanə xanımın əlindən saldı. Sonra əski ilə onun ağzını tutdu ki, qışqırmasın. Nanə xanım onun əlindən çıxmaq istəyəndə digər kapişonlu oğlan onun piyli qarnına iki zərbə endirdi. Nanə xanım qarnını tutub diz üstə çökdü, gözləri doldu. Ağzını bağlayan oğlan bıçaq çıxarıb onun boğazına tutdu. Nanə xanım bıçağı görüb sakitləşdi. Oğlanlardan biri pıçıltı ilə danışmağa başladı: - Həə, həyat insanı gör hansı vəziyyətlərə salır. Can bala, can, ağlama, səs də salma. Axı qonşular yatır.. Biz istəmərik ki, onlar sənin kimi rüşvətxor zibilçəyə görə narahat olsunlar. Nanə qızım, mənə deyiblər ki, sən özünü çoooxx pis aparırsan... Nu-nu-nu! Yaxşı qızlar tərbiyəsizlik eləməz. Sən imkansız, kasıb uşaqları universitetdən qovursan. Amma yaxşı qızlar belə şey eləməz. Varlılar pul verib diplom alır, kasıblarınsa son ümidi - bilikləri də onlara kömək edə bilmir. Sonra həmin pul ilə diplom alan varlı oğlanlar işə düzəlir, kasıb oğlanlar isə elə kasıb qalır. Mən kasıb oğlanam, sən də mənə dərs keçirsən. Hər dəfə dərs danışanda ümid edirəm ki, bu dəfə mənə layiq olduğum qiyməti yazacaqsan. Amma sən yenə də məni kəsirsən. Axı belə olmaz... Bu an Nanə xanım nə isə demək istədi. Gözlərindən yaş axmağa başladı. Oğlan əyilib dedi: - Nə isə demək istəyirsən? Hmm. İndi əskini çəkəcəm. Amma sən səs salma, sakitcə danış. Yoxsa mənim dostumu görürsən, onun bıçaqdan çooxx xoşu gəlir. Özü də ən çox nə isə doğramaqdan. Oğlan Nanənin ağzını açdı. Nanə ağlaya-ağlaya sakitcə dedi: - Məni bağışlayın, bir də etməyəcəm. Sən adını de. Mən bir də səni kəsmərəm. Adını mənə de, istəsən sənə ən yaxşı qiyməti yazaram. Oğlan əskini yerinə basdı və gülümsədi: - Yoox, axı belə maraqsızdı. Adımı bilsən, bütün şou pozular. Oyunun ləzzəti elə ondadır ki, sən mənim kim olduğumu bilməyəcəksən. Mən sənin dərs dediyin bütün fakültələrdə oxuya bilərəm. Bəlkə mən birinci partada otururam. Ya da dərsə gecikən o arxa partada oturan oğlanam. Bəlkə mən sənin sinifinə təzə gələn oğlanam. Bəlkə sənin dərs dediyin o biri universitetdə oxuyuram? Hə? Səncə hansıdı? İndi sözlərimə yaxşı qulaq as. Bax, ağıllı bala, əgər sən bir də mənə layiq olmadığım qiyməti yazsan ya da görsəm ki, kiməsə pulla qiymət yazırsan, səninlə bir də görüşəcəyəm. Və o görüş son görüşümüz də ola bilər. Hələlik səni buraxırıq. Amma dostum sənə nəsə demək istəyir. Sonra digər oğlan Nanənin başına 3 zərbə endirib lifti birinci mərtəbəyə göndəri. 5 dəqiqə sonra isə üz-gözü göyərmiş Nanə xanım liftin içində tək oturub ağlayırdı. Qara kapüşonlu oğlanlar sanki qeyb olmuşdular. Əslində onlardan heç biri Nanə xanımın sinifində oxumurdu. Amma Nanə müəllimə sakit oturan, ya çox danışan, ya qəribə geyinən hər bir tələbədə, hər bir sinifdə bileti çəkən hər bir oğlanda onları görəcək. Və cəsarəti çatırsa verdiyi sözü tutmasın. Sənə danışılan heç nəyə inanma. Sənin beynini uşaq nağılları ilə doldurdular. Səni inandırdılar ki, bir gün Simurq quşu gələcək və bizi qaranlıq dünyadan xilas edəcək. Sən heç vaxt xoşbəxt olmayacaqsan. Çünki gözəl pəncərə təkcə şüşənin təmizliyindən yox, həm də mənzərədən asıllıdır. Evin qapısını döyməmiş qabaqcadan hazırlaşdım. Aha, deməli atam qapını açsa şillə gələcək. Anam açsa ürəyi gedəcək – tez onu tutmalıyam ki, yerə yıxılmasın. Bacım qapını açsa rahat evə girə bilərəm. Amma deyəsən ən dəhşətli variant oldu. Qapını NƏNƏM açmışdı. - Ay köpəy oğlu. Küçüy balası! Ay səni anan doğan yerdə daş doğaydı. Gəl bəri, sənin belin qırılsın. - Nənə. - Kəs səsini, murdar adam. Gör nə günə düşmüsən. Bunun üz-gözünə bax. Başın batsın sənin, başın batsın. İt balası it. Haralardaydın? Hə, haralardaydın. Cavab ver. - Mən getmiş... - Kəs səsini cavab qaytarma, küçüy. De görüm hardaydın. - Mən.. - Sus.. suss.. Səsin gəlməsin. Boyunu yerə soxum sənin. Sözsüz ki, səs-küyə atam gəldi. Şillə qaçılmaz idi. Sonra da o biri otaqdan səs eşidildi. Deyəsən anam yıxılmışdı. Nə isə. Bir saata hamı sakitləşəndən sonra başa saldım ki, həyatdan bezmişdim. Hər gün eyni işləri görməkdən yorulmuşdum. Özümü öldürmək istəyirdim. Ona görə də bir aylıq səyahətə çıxdım. (Əslində həmişəlik çıxmışdım). Yolda çoxlu insanlarla tanış oldum. İstirahət elədim. Gəzdim, dincəldim. (Nə Ayseldən, nə də türmədən bir kəlmə də danışmadım). Bu sözlərimdən sonra atam dərindən “ah” çəkib dedi: - Ehh. Bala, niyə belə oldu ki, nəyin çatışmırdı ki? Şükür, evimizdə hər şey var. Mən atamla fəlsəfi fikirlərimi bölüşəsi deyildim. Düşüncələrimi desəm onların bütün ömürlərini mənasız bir şey kimi söymüş, bütün əziyyətlərinə tüpürmüş olacaqdım. Axı biz heç vaxt çirkin adamın yanında demərik ki, “çirkinlik pis şeydi”. Deyərik - “Əsas insanın daxili gözəlliyidir”. Amma çox vaxt biz əksini düşünürük. Demək istəmirdim ki, ata, bilirsən, sənin indiyə kimi yaşadığın həyatı yaşamaq istəmirəm. Çünki o boş, mənasız və maraqsız həyatdır. Sən ömrün boyu batan gəmidə balıq tutmusan. Ona görə günahı öz boynuma götürdüm. Dedim ki, yəqin depressiya yaşayıram. Gənclərin çoxunda olur. Həyata uyğunlaşa bilmirəm. Hər şey mənim psixikamla bağlıdır... Bir az da bu haqda söhbət etdik. Sonra nənəm gözəl bir nahar hazırladı. Mən də iştahla yeməyə başladım. Atam televizora baxırdı. Korifey sənətkarlar bizim muğamımızı dünyaya tanıtmaq haqda danışırdılar. Düz bir saat ancaq muğamın üstünlüklərini sadaladılar. Xalq mahnılarımızın dərin, kamil məğzindən söhbət açdılar. “Pəncərədən daş gəlir” i dünya şedevri etmişdilər. Bu bizim xalq mahnımız idi. Və onun əlində xüsusi bir vəsiqə vardı. Hər gələnə deyirdi: - “Ey brat, mən xalq mahnısıyam haaa, kişisənsə de ki, məndən xoşun gəlmir, gör sənə neyniyərlər? Başına oyun açarlar. Bildin? Məni sevməlisən. Başqa yolun yoxdu”. Atam da inanırdı ki, nə vaxtsa bütün dünya muğamı tanıyacaq və qəbul edəcək. Ondan sonra sözsüz ki, MTV artıq Music TV yox, Mugam TV olacaq. Amma mən bu haqda heç düşünmək də istəmirdim. Nənəmin hazırladığı dadlı xörəyi iştahla qarnıma ötürürdüm. Yeməyin dörd ləzzəti var. Birincisi onun ətridir. İkincisi görünüşü. Üçüncüsü dadıdır. Amma mənə ən xoş olanı dördüncüsü idi. Yemək qarna dolanda gələn hiss. Bu bəlkə 6-cı qaşıqdan sonra gəlirdi. Hiss eləyirdim ki, ilıq bir məhlul sinəmdən qarnıma süzülür. Bu hiss mənə çox ləzzət eləyirdi. Yeməkdən sonra isti vannaya qəbul elədim. Sonra qurulanıb otağıma keçdim. Anam çay gətirmişdi. Çayımı içib yerimə uzandım. Anam yatağımın kənarında oturub dedi: - Anar, söz ver ki, bir də belə eləməyəcəksən. Onun əlindən öpüb dedim: -Ana, söz verə bilmərəm. Hər şey ola bilər. Sən niyə narahat olursan ki? Artıq böyümüşəm və özüm özümə cavabdeh ola bilərəm. - Bilirəm özün özünə cavabdehsən. Bəs biz? Sənin valideynlərin? Bizi tək qoyub gedərsən? Hələ biz qoca deyilik. Amma bir azdan qocalanda bizə kim baxacaq? Hə? Bizə kim baxacaq? Bəs səni nəyə böyüdürdük? Anamla mübahisə etmək istəmirdim. Amma bu haqda tamam fərqli düşüncələrim vardı. 1) Təbiətin qanunu. Hər bir canlı yaşayıb öz nəslinin davamçısını yetişdirir. Quşlar, heyvanlar, balıqlar. Əksəriyyət dogduqlarını böyüdür. Sonra uşaqlar valideynlərini tərk edib öz həyatlarını yaşayırlar. Və heç bir heyvan demir ki, mən qocalmışam gəl məni saxla. Sizcə niyə belədir? Lap tutaq ki, övlad çıxıb getdi. Bəs qoca valideyn tərk ediləndən sonra niyə ölmür? Cavab: Çünki hər bir heyvan özü özünü saxlayacaq iqtidara, gücə malikdir. Onun nə övlada ehtiyacı var, nə pensiyaya, nə də ki, qocalar evinə. O vaxtında həyatını elə qurur ki, qocalanda da yaşaya bilsin. Övladları isə ancaq ona görə böyüdür ki, ana təbiət qarşısındakı borcunu yerinə yetirmiş olsun. Yəni hər bir heyvan öz anasına olan borcunu öz övladını böyütməklə ödəyir, anasına qaytarmaqla yox. Heyvanlarda olan bu “ötürücü yaxşılıq” insanlarda inkişaf etməyib. Biz yaxşılıq edənə həmin yaxşılığı qaytarmaq istəyirik. Çünki bizə yaxşılıq edən o yaxşılığın qarşılığını gözləyir. Kiminsə toyuna gedəndə o bizə nə qədər pul saldırmışdısa biz də o qədər veririk. Kim bizə nə qiymətə hədiyyə alıbsa ona uyğun hədiyyə seçirik. Bəs hədiyyə verə bilməyənlər nə olur? Yaxşı, olmaz ki yaxşılığı edən hər kəs qarşısındakından xahiş etsin ki, o da başqa bir adama yaxşılıq etsin? Onda yaxşılıq dairəsi genişlənər və bir insanın ürəyindəki yardımlaşma hissi bir bir başqalarına ötürülər. O da başqalarına, o da başqalarına. Balaca bir qar topu dağdan aşa-aşa ətrafına digər qar dənəciklərini birləşdirərdi. Və tez bir zamanda kiçik bir qar dənəciyindən böyük bir köməkləşmə lavinası yaranardı. Heyvanlardakı kimi. Mən valideynimi atıram ki, övladlarım üçün daha uyğun bir yer seçim. Və yaxşılığı onlara ötürüm. Onlar da məni atacaqlar ki, daha yaxşı yerlərə getsinlər. 2) İnsanların qanunu. Uşaq doğmağın 3 mənası var. Birincisi ən təbii uşaq istəmək hissi ilə bağlıdır. İkincisi ictimai fikirlə bağlıdır. Ola bilsin ki, uşaq saxlamaq istəmirlər amma camaat nə deyər? Deyərlər ki, filankəsin ərinin problemi var. Sonsuzdur. Deyərlər ki, arvad boşanmaq istəyir ona görə doğmaq fikri yoxdur. Üçüncüsü isə daha eqoist – məni kim saxlayacaq qocalanda? Kim basdıracaq? O və ya bu məqsədlə uşaq doğulur. Valideynlər onu saxlamağa başlayır. Böyüdürlər. Hələ bir valideyn görməmişəm ki, uşağına desin - sən mənə heç nə ilə borclu deyilsən. Çünki mən səni doğanda səninlə heç bir kontrakt imzalamamışam ki, sən mənə nə vaxtsa borc qaytarasan. Nə istəyirsən elə, istəyirsən çıx get, istəyirsən qal, istəyirsən at özünü yeddinci mərtəbədən. Bu sənin həyatındır. Bütün valideynlər deyir - Sən bizə borclusan. Sən bizi saxlamalısan çünki biz səni saxlamışıq. Sən bizim həyatımızın bir parçasısan. Sənə nəsə olsa biz ölərik. Sənə nəsə olsa anan dəli olar. Sənə nəsə olsa atan özünü öldürər. Baxın bu cümləni bir də yazıram Sənə nəsə olsa biz ölərik. Bu bilirsiniz bizim həyatımızı nəyə çevirir? Yadınıza salın köhnə Hollivud filmlərini, polis cinayətkarla üz-üzədir. Və cinayətkara qışqırır - at silahını yerə. Cinayətkarsa deyir - sən at silahını yerə... Biz sənin sevgilini oğurlamışıq bizə nəsə etsən onu öldürərik. Həmin saniyəyə kimi hamı polisin qalib gələcəyinə inanır. Amma son cümlədən sonra nə baş verir? Hə, özünüz deyin. Yox, gəlin bir yerdə deyək. Polis silahını yerə qoyur və vəziyyət cinayətkarın xeyrinə dəyişir. Çıxış yolu isə daha da çətinləşir. Bizim həyatımız da indi belədir. Biz polisik. Həyatdakı çətinliklər isə Cinayətkar. Amma o həyatın əlində həmişə bizim valideynlərimiz var. Onlar da deyirlər - Sənə nəsə olsa biz ölərik. Silahını qoy yerə və həyatın ədalətsizliklərinə təslim ol. Öyrəş. Adiləş. Arzularını unut. Heç yana getmə. Yanmızda qal. Bizi saxla. Biz deyən universitetə get, biz dediyimiz oğlana ərə get. Şikayət eləmə ki, sən bizim əmrlərimizi yerinə yetirə-yetirə öz həyatını itirirsən. Qorxma, sənin də uşaqların olacaq, sən də onların həyatlarını quracaqsan. Onları idarə edəcəksən. Bax onda da sən yaşayacaqsan. Çünki bizi də valideynlərimiz istədiyi kimi etmişdi. Biz də indi sənin həyatınla yaşayırıq. Çünki öz həyatımızın yaxşı illəri keçib. Məni də valideynlərim zəncirləmək istəyirdi. Amma mən buna imkan verə bilməzdim. Misirdə hamı FİRONUN yaradıcı olduğuna inanırdı. Onlara deyilirdi ki, hamı həyatına görə Firona borcludur. Hindlilərin allahı inəkdir. Onlar inəyə borcludurlar. Ona görə inək istədiyi vaxt istədiyi dükana girib oranı dağıdıb tökür. Sonra xoşladığı meyvələrdən dişləyib çıxmamış dükanın içində qəşəngcə batırır da. Gedəndən sonra isə dükanın yiyəsi pərt olmaq əvəzinə yerdəki peyinə baxıb sevinir ki, bu da müqəddəs allahın hədiyyəsidir. Daha bilmirəm yeyir onu ya yox, amma yüz faiz sevinir. Ya millətçilər, əsgərlər, onlar vətənə borcludurlar. Ona görə ölməyə hazırdılar. Ona görə də özləri uzaq dağların başında hansısa siyası maraqlara görə qanlarını tökəndə arvadları qonşuluqdakı kişilərlə yatır. Vətəndaşlar dövlətə borcludurlar. Ona görə hər dəfə vergi verməlidirlər. Hətta öz evinin damında Günəş batareyası qoyub elektriki özün istehsal edib dövlətin işığını işlətməsən də ona görə səndən vergi alacaqlar. Çünki sən onların günəşindən işıq götürürsən. Görürsünüz biz həyata nə qədər borcla gəlirik? Amma izahlı lüğətdə BORC sözü belə izah olunur. “Kimdənsə xahiş olunub alınan və vaxtında qaytarılacağı haqda söz verilən bir mal”. İndi gəlin baxaq - biz doğulanda kimdənsə xahiş etmişik? Mənim yadıma gəlmir. Yoxsa biz doğulanda demişik ki, bizi saxlayın, biz də sizə borcumuzu qaytaracağıq? Yox. Elə bir şey olmayıb. Qaytarılması danışılmayan bir şey isə hədiyyədir. Hədiyyə bizə məxsusdur. O bizi heç kimdən asılı etmir. Hədiyyəni biz qaytarmaq məcburiyyətində deyilik. Təsəvvür edin ki, kimsə sizə bir hədiyyə verir. Bir il sonra onu geri istəyir. Siz o adama necə baxarsız? Mən deyərəm ki, gicdi yəqin. Indi də elədir. Hamı bizə nə isə verir və bizi borclu çıxarır. Amma mən deyirəm. BİZ HEÇ KİMƏ BORCLU DEYİLİK, ÇÜNKİ HEÇ KİMDƏN BORC İSTƏMƏMİŞİK. Həyatımızı necə istəyiriksə elə də yaşayaq. Heç bir kontrakt yoxdu. Hətta ən qeyri-demokratik məhkəmə belə bizi cəzalandıra bilməz. Çünki hər bir “sənə filan şey veriblər” cümləsinə cavabınız var -“verməzdilər, xahiş eləməmişdim”. Çox bu mövzunu çürütmək istəmirəm. Onsuz da hərə öz fikrində qalacaq. Sadəcə mən demək istəyirəm ki, məni borclu çıxartmasaydılar həyatımda daha çox risq edib daha çox şey qazana bilərdim. Müdriklərin pıçıltı ilə dediyini axmaqlar hər addımda bağırır. (OSHO) Qərargah gizli yer idi. Qapısında nə bir yazı vardı, nə bir işarə. Uşaqlar çalışırdılar ki, diqqət cəlb etməsinlər. Mən qapını döydüm, az sonra bir oğlan qapını açdı. Məni süzüb dedi: - Sən təzə gələnsən? Keç içəri. Qərargahda bu dəfə adam az idi. Otaqları bir-bir gəzib Azadı axtardım. Kinozaldan Aslan məni çağırdı: - Eyy Anar, gəl bura yaxşı film var. Baxmaq istəyirsən? Təzəcə başlayıb. Kinozal çox rahat bir otaq idi. Rəflərdə müxtəlif DVD-lər vardı, çoxu sənədli filmlər idi. İkinci dünya müharibəsindən tutmuş insanlar üzərində aparılan gizli təcrübələrə qədər. Bütün məxfi və adi vaxt görə bilməyəcəyim filmlər burada idi. Aslandan başqa otaqda üç nəfər də vardı. Salamlaşdıq. Aslan dedi ki, Azadın işi var axşam gələcək. Amma bir azdan Abbas gəlməlidir. Deyəsən maraqlı xəbərləri var. Biz filmə baxdıq - Spilberqin ən dramatik filmlərindən biri olan “Şindlerin Siyahısı”na. Sonra bizi nahara çağırdılar. Yeməkdən əvvəl uşaqlar əllərini açıb Allaha dua etdilər. Naraha sonra istirahət otağına keçdik. Aslan yanımda oturdu: - Hə Anar, darıxmırsan ki? - Yox, əksinə, çox rahatam. - Hə, elə mən də. 2 aydır uşaqlarla tanış olmuşam amma elə bil ki, uşaqlıqdan tanıyıram. - 2 ay? Doğrudan? Adam baxanda deyir yəqin uşaqlıq dostlarısız. - Hə, çox yaxınıq. Sən də bir-iki günə öyrəşəcəksən. Təzə-təzə mən də sıxılırdım ki, yəqin mənə özgə kimi baxırlar. Sonra gördüm elə deyil. Burda hamı bir-birini dinləməyi bacarır. Hər kəs həyatını danışdıqca daha da yaxınlaşırıq. Əslində yaxınlıq və ya özgəlik özü də nisbi şeydi axı. Məsələn, ekstremal vəziyyətlər bir günə insanları bir-birinə sevdirə də bilər. Ən yaxın dostluq çox vaxt yanğınsöndürənlərdə ya əsgərlərdə olur. Nəyə görə? Çünki onlar hər an ölümlə üz-üzə gəlirlər. İnsan isə yalnız ölümlə üzləşdikdə əsl siması üzə çıxır. Adi zəlzələ yadındadı da? Olmuşdu ee bir neçə il qabaq. Bax həmin zəlzələdə hamı birləşdi, çox vaxt heç salamlaşmayan qonşular bir yerdə oturub çay içirdilər. Ölüm qorxusu insanları həmişə yaxınlaşdırır. Bizi də burda birləşirən elə çətin vəziyyətdir. Buradakı uşaqların hər birinin öz hekayəsi var. Hər bir hekayə də faciədir. A isə bizi burada topladı ki, özümüzü tək hiss etməyək. Təsəvvür elə ki, bir universitet binası var, amma fakültələri yoxdu. Hamı eyni binaya daxil olur. Bir nəfər tarix dərsini keçmək istəyir, biri ədəbiyyat oxumaq istəyir, biri riyaziyyat, o biri fizika. Amma onlar hamısı bir-birinə o qədər qarışıblar ki, heç biri istədiyi kimi təhsil ala bilmir. Birdən bir nəfər çıxıb qışqırır: ”Heeyy, riyaziyyatı öyrənmək istəyənlər bura gəlsin”. Bu, bir-birlərinin varlığından xəbəri olmayan bütün riyaziyyatçıları bir yerə yığır. Onlar da rahatca istədikləri elmi öyrənirlər. Eləcə də həyatda. Biz hamımız ayrı -ayrı qalmışdıq. Hamımız öz əhatəmizdə darıxırdıq. Hamımız sinifdən çıxıb evə gedirdik. Çünki sinif yoldaşlarımızın mobil telefonlar haqda söhbətləri bizə maraqlı deyildi. Hamımız elə bilirdik ki, bu planetə səhv olaraq gəlmişik. Biz təkik və bizim kimi yalqız, bezmiş, tənha heç kim yoxdu. Amma A bizi birləşdirdi. İndi biz darıxmırıq. İndi bizim öz fikirlərimizi paylaşa biləcək dostlarımız var. İstədiyimiz kimi quraşdırılmış evimiz var. Öz musiqimiz, öz kitablarımız, öz filmlərimiz. Burada biz özümüzü dərk edirik. Burada biz kim olduğumuzu, bu həyata niyə gəldiyimizi bilmək üçün axtarışlardayıq. Abbas deyir ki, biz fərqlilərin birliyiyik. Hər bir kəs burda öz individuallığı ilə seçilir. Məsələn, Abbas özü həmişə təşkilatçılıqla məşqul olub. Araz düşdüyü bütün vəziyyətlərdə gülməli bir şey tapacaq. Hətta yaxın bir dəfə yasda 5-cə dəqiqədə elə şeylər danışmışdı ki, yasın qalan 2 saatı ancaq camaatın bir birinə lətifə danışmağıyla keçmişdi. Hətta ölünün ən yaxın adamları gülməkdən özlərini saxlaya bilmirilər. Bəlkə ölü də cənazənin içində gülürdü. Ya Azad. Azadın çox qəribə musiqi zövqü var. O, Rockun ən qəribə tərzlərinə qulaq asırdı. Hərdən Skinhedlərin Ska musiqisini dinləyirdi. Adi cəmiyyət bu cür insanları qəbul edə bilmir. Amma adi cəmiyyət bilmir ki, eybəcər ördəklər bir gün durnaya çevrilib hini birdəfəlik tərk edirlər. Əslində biz hamımız eybəcər ördəklərik. Bizi birləşdirən də elə budur. Mən özüm əvvəl hüquq fakültəsində oxuyurdum. 3-cü kursa kimi bir təhər oxudum. Amma bir gün başa düşdüm ki, mən hüquqçu olmaq istəmirəm. Evdəkilər dəlı oldular - “Ondan yaxşı sənət var ki? Həmişə çörəyin olacaq”. Dedim, əgər iştah yoxdursa çörək nəyimə gərək? Dedim rəssam olmaq istəyirəm. Amma evdə bu fikir onlara gülünc gəldi. Məni çox danladılar. Bütün yaxşılıqları başıma vurdular. Universitetin illik ödənişlərini yadıma saldılar. Anam dedi, iki il də dözüm sonra rəssamlıq da eləyərəm. Atam dedi ki, yaxşı çəkmək istəyirsən çək, amma dərsdən sonra. Amma mən dərsə getmək istəmirdim. Zəhləm gedirdi quru-quru qaydalardan. Mən dedim: - Aslan, səni çox yaxşı başa düşürəm. Bəs sən nə etdin? - Nə etdim? Heç nə, gizlicə dekanlığa gedib ərizə yazdım ki, çıxıram universitetdən. Ondan sonra özümü axır ki, azad hiss elədim. Hər gün rəsmlər çəkirdim. Mən xoşbəxt idim. Valideynlərim şoka düşmüşdü. Əslində istəmədiyin gözəl fakültədə oxumaq sevmədiyin gözəl qızla evlənmək kimidir. Amma indi çirkin də olsa öz sevgilimin yanında idim - mənim sevimli fırçamın. Cəmiyyət hələ 100 il də böyüməlidir ki, mənim əslində düz etdiyimi başa düşsün. Mən arzuma çatmışdım. Günlərin bir günü məni əsgərliyə çağırdılar. Mənim tamam yadımdan çıxmışdı ki, dövlət adlı qəribə bir qurumun əsgərlik adlı mənasız bir orqanı var. Onlar məni aparmağa gəlmişdilər. İnsanı heç kəs rahat buraxmır. Bəlkə mən getmək istəmirdim? Bəlkə mən əsgər olmaq istəmirdim? Amma bu fikirlər çox təhlükəli idi. Mənə vətən xaini deyərdilər. Çünki belə bir söz var ki, bu torpaqda böyümüsənsə bu torpağa borcunu qaytarmalısan. Ana vətən əsgərliyə çağırır. Amma mən heç vaxt görməmişəm ki, torpaq ağzını açıb desin ki “Oğul, sən mənim üstümdə gəzirsən, get mənə borcunu qaytar”. Deyən dövlətdi. Dövlət isə Vətən deyil. Malı mala qatmaq olmaz. Nə isə, getdim əsgərliyə. Bütün rəssamlıq həvəsimi də orda öldürdülər. Yadıma gəlir ki, əsgərlikdən əvvəl ancaq işıqlı rəsmlər çəkərdim. Günəş, uşaqlar, kəpənəklər. Amma əsgərlikdən sonra elə bil bütün nifrətimi kağızlara köçürürdüm. Ancaq qoca eybəcər qırışlı üzlər, çürümüş meyvələr, xarabalıqlar çəkirdim. Əslində bununla ürəyimi boşaldırdım. Sonra sərgi keçirdim. Sərgidən sonra mənə zəng gəldi - bu, A idi. Mənim bütün həyatım o zənglə dəyişdi. A mənim rəsmlərimi görmüşdü. Elə bil içimdəki bütün sıxıntıları rəsmlərdən oxuyubmuş kimi mənimlə danışırdı. İndi də gördüyün kimi mən buradayam. Mən axır məni ən çox maraqlandıran sualı verdim: - A kimdi ki? Aslan özünü eşitməməzliyə vurdu: - Abbas da çox qəribə həyat yolu keçib. Atası ilə Rusiyaya getmişdi. Amma millətçilər atasını öldürmüşdülər. Abbas isə bir təhər canın qurtara bilmişdi. Bakıya qayıdanda dayısı onu saxlamağa başlayıb. Bir müddət MTN-də işləyib. Ona görə indi demək olar ki, hər şeydən xəbəri var. Onun maraqlı bir sözü var. Deyir ki, Bakıda gözəl bir varlanmaq üsulu var. Əgər kiminsə pullarını hər kəsin gözünün qabağında oğurlasan, tutaq ki 100000 dollar pul oğurlasan. Məhkəməyə 50000 dollar rüşvət verib işi tər təmiz uda bilərsən. 50000 dollar da özünə qalar. Amma deyirdi ki, əvvəlcə xırda bizneslə başlayın. 3000 dollar oğurlayıb məhkəməyə 2000 dollar verin 1000 dollar qabaq düşün. Eləcə də o bir çox qeyri qanuni, amma cəzası olmayan üsullar bilir. Bir kredit kartından eyni pulu iki dəfə çıxartmaqdan tutmuş Bakıda heç bir vergi düşməyən nöqtələrə qədər. Mən yenə soruşdum : - Bəs A kimdi? Aslan susdu. Sonra dedi: - Elə suallar var ki, onların cavabı yoxdu... HAVA, OD, SU, TORPAQ Abbas gələndə hamı baş zala keçdi. Deyəsən yaxşı xəbərlə gəlmişdi. Ortaya keçib danışmağa başladı: - Uşaqlar, indi danışacağım şeydən sonra kim istəsə bu birliyi tərk edib gedə bilər. Əvvəlcə A-nın dediklərini bir daha təkrarlamaq istəyirəm. Kiçik bir mətn hazırlamışam. Burdan hər şey aydın olacaq. Kim istəsə götürsün. H.O.S.T Sənə öyrədilən hər şeyi unut. Sən qum dənəciyi qədər kiçiksən. Sən həyatın boyu ölümü düşünmədən yaşayırsan. Ölüm gələndə isə deyirsən “Mən ki heç yaşamadım”. 100 il sonra isə sənə görə heç kəs ağlamayacaq. Sənə danışılan heç nəyə inanma. Sənin beynini uşaq nağılları ilə doldurdular. Səni inandırdılar ki, bir gün Simurq quşu gələcək və bizi qaranlıq dünyadan xilas edəcək. Sən heç vaxt xoşbəxt olmayacaqsan. Çünki, gözəl pəncərə təkcə şüşənin təmizliyindən yox, həm də mənzərədən asılıdır. Bizim arzularımız yoxdu. Bizim hədəflərimiz var. Biz Tarixin sınma nöqtəsiyik. Biz qorxularımızı ümidlərimizin yanında basdırdıq. Bizim üçün dəyərli heç nə yoxdur. Biz uça bilməyəcəyimizi dərk etmiş körpələrik. Sənə inanan hər kəsi aldat. Səni tərifləyən hər kəsi söy. Bizi öldürməyən bizi gücləndirir. Bizim gücümüz zəifliyimizi anlamağımızdadır. Biz nə qəhrəmanlarıq, nə də ki ədalət döyüşçüləri. Bizim döyüşümüz özümüzə qarşıdır. Bu mətni tam anlaya bilməmişdim. Amma onda nə isə qəribə bir doğmalıq hiss olunurdu. Birdən-birə beynimə təzyiq gəldiyini hiss etdim. Az qala huşumu itirirdim. Mətnin şüuratı təsiri vardı. Özümü pis hiss etməyə başladım. Sonra bir də oxudum. İçimdə hansısa bir sıxıntı yarandı. Çox qəribə idi. Elə bil sözlərdə hansısa gizli bir şifrə, kod var idi. Onu tapmağa çalşırdım. Abbasın səsi fikirlərimi yayındırdı: - A dedi ki, bu vərəqləri hər yerdə paylayaq. Bu gün bir çox ali məktəblərə paylamışıq. Arxada əlaqə internet ünvanı da var. Bizə məktub yazırlar. Məncə bu sözlərdə nə isə gizli bir şey var. Çünki onlardan sonra elektron ünvana xeyli məktub gəlib. Intihar etmək istəyən, depressiyada olan gənclər öz dərdlərini danışırlar. Onlara heç kəs deməyib ki, bizdə belə bir qayda var. Onları heç kəs məcbur etməyib ki, tanımadıqları ünvana bütün həyatlarını yazsınlar. Məktubları da sizə paylayaram. Özünüz görəcəksiniz. Aysel yadıma düşmüşdü. İstəyirdim ki, iclası saxlayıb Ayseli necə sevdiyimdən danışım. Sonra Aslana baxdım. Onun gözləri dolmuşdu. Ümumiyyətə içəridə olan hər kəsdə qəribə bir narahatlıq vardı. Bircə Abbas rahat idi. O deyirdi: - Uşaqlar, cəmiyyət içində yaşamaq gündən-günə çətinləşir. Deyirlər ki, bir nəfərin ölümü faciədir, 1000 nəfərin ölümü isə artıq statistikadır. Biz tanıdığımız insanların dərdinə acıyırıq. Tanımadıqlarımız isə rəqəmlərdir. Gündə minlərlə insan acından, xəstəliklərdən ölür. Bir Titanikin batmasına biz göz yaşı ilə baxırdıq. Titanik boyda gəminin faciəvi məhvi ürəyimizi ağrıdırdı. İndi təsəvvür edin ki, hər gün, hər saat bir Titanik batır, dalbadal, dayanmadan. Hər gün 24000 insan aclıqdan və onun törətdiyi xəstəliklərdən ölür. Ölənlərin 60 %-i 5 yaşından kiçik uşaqlardır. Yoxsulluq və kasıblıq hər gün artır. Bu gün gündəlik yemək tapmayan insanların sayı 800 milyona çatıb. 2007-ci il üçün dünya gəlirinin 80 %-i dünya əhalisinin 15 %-inə çatır. Burda bərabərsizliyin nə dərəcədə yüksək olduğunu görürsünüz. Yalnız 15 % əhalinin orta aylıq maaşı 30000 dolar təşkil edir. Qalan 85 % əhalidə isə orta aylıq maaş 30 dollardır. Bizə bu qəribə gələ bilər. Amma bilin ki, dünyada nə qədər yalan olsa da rəqəmlər heç vaxt aldatmır. Bu aclıqlar bir yana, dünyada 200 milyondan çox narkoman var. Və illik narkotik gəliri 320 milyard dollar hesablanır. Bu pulların hesabına bütün dünyanı xilas etmək olar. 4 milyard insanı xilas edə biləcək pul narkomanların kefinə gedir. Baxın siz bayaqkı mətni oxuyandan bu vaxta kimi bilirsiniz neçə uşaq acından öldü? İnsanlar azğınlaşıb. Deyəcəksiniz ki, bu həmişə belə olub? Yox, bu qədər ədalətsiz dövr hələ olmayıb. Siz ayda qazandığınız 500 dollarla kifayətlənib ailənizi saxlaya bilərsiniz. Amma biləndə ki, bir ay əzab-əziyyətlə qazandığınız 500 dolları pozğun fahişə bir gecədə qazanır, avtobusda arvadınıza kimsə söz atanda həmin fahişə öz avtomobilini sürür, işdə üstünüzə qışqıran müdiriniz bəlkə həmin gecə fahişənin ayağının altını öpür - bunlara nə deyəcəksiniz? Bəs İraqın bombalanması? Ya da ki, baş örtüklərinə görə universitetdən qovulan tələbələr. Ya qlobal depressiya? Avropanın 80%-i bu dəqiqə depressiyadadır. Özləri də bilmirlər nəyə görə. Heç bir çıxış yolu yoxdu. Bütün psixoloqların məsləhətləri, Yoqa dərsləri, mənasız meditasiyalar, Tibet fəlsəfəsi, məsciddə yatıb məsciddə oyanan möminlər, komediyalar, Hollivud, MTV, seks, Havay adalarında keçirilən tətillər, Gucci, satanistlərin gecə ritualları, ezoterika, nəsli kəsilməkdə olan kenqurulara yardım fondu, kilsə mahnıları, tanışlıq saytları, astral uçuşlar, ev heyvanları, hippilik, populyarlıq, pul - bunarın heç biri sizi xilas etməyəcək. Çünki gözəl pəncərə təkcə şüşənin təmizliyindən yox, həm də mənzərədən asılıdır. Biz özümüz çox xoşbəxt ola bilərik. Amma əhatəmiz iyrənc olsa buna dözə bilmərik. Bütün sadaladıqlarım depressiyanın dərmanlarıdır. Amma bəzən xəstəlik elə ağır olur ki, cərrahiyyəyə ehtiyac yaranır. “Böyük təmizləmə” başlanmalıdır. Biz insanlığı sağalda bilmədik. Xəstəlik qanqrenlə yavaş-yavaş bütün bədənə yayılır. Deməli çıxış yolu ancaq amputasiyadır. Bu gündən etibarən biz radikallaşırıq. Hər şeyə qarşı. Heç bir güzəşt yoxdu. Heç bir qayda yoxdu. Gördüyümüz hər bir pisliyə qarşı bir mənalı döyüş. Bizə terroçu deyəcəklər. Amma uşaqların həmişə iynədən zəhlələri gedir. O biri otaqda sizin üçün qara köynəklər almışıq. Üzərində qırmızı dairənin içində ulduz işarəsi var. Bu işarə ilə biz bir-birimizi tanıyacağıq. Haqsızlıqlara qarşı mübarizənin planını sabah hər kəs yazıb gətirsin. Biz ən uyğunlarını seçib həyata keçirəcəyik. Artıq A hücuma başlayıb. Kim nədən narazıdır və onun qarşınsını necə almağı təklif edirsə sabah bir kağıza yazıb gətirsin. Mənim özümdə də bir neçə plan var. Bu sözlərdən sonra mən Abbasa dedim: - Sual vermək olar? - Buyur. Burda hər şey olar. - Mən bir şeyi başa düşmədim. Sistemə qarşı döyüşməklə necə xoşbəxtliyə çıxmaq olar ki? Dağıtmaq, sındırmaq - axı bu düz olmaz. Əslində düzəltmək lazımdır. Dağıtmaqla necə xoşbəxt ola bilərik ki? - Sən cücənin nağılını oxumusan? Bu çox qəribə bir nağıldır. CÜCƏNİN NAĞILI Biri var idi, biri yox idi. Balaca yumurtanın içində balaca bir cücə yaşayırdı. Yumurtanın içində cücənin hər şeyi var idi. Yeməyi, onu qoruyan bəyaz divarlar, istilik, rahatlıq. Cücə yumurtanın içində xoşbəxt idi. O bu dünyanı sevirdi. Sevinirdi ki, qaranlıq bir dünyadan belə gözəl ağ divarlı bir dünyaya gəlib. Cücənin öz evindən, öz aləmindən çox xoşu gəlirdi. Amma günlər keçdikcə cücə böyüyürdü, evi isə darısqallaşırdı. Bir gün cücə o qədər böyüyür ki, artıq yumurtanın içində yaşaya bilmir. Cücə qəribə bir tərəddüd keçirir. İçindən bir səs deyir ki, qır bu divarları! Cücə fikirləşir ki, axı bu divarlar mənim dünyamdır, mənim evimdir, mən onu necə qırım? İçindəki səs yenə deyir: “QIR BU DİVARLARI!” Yenə cücə qorxur, axı bu divarları qırsa ona soyuq olar, həmişə onu qoruyan əzizləyən, rahat evini necə qırsın ? İçindəki səs yenə deyir: “HEÇ NƏYİ DÜŞÜNMƏ, QIR DİVARLARI”. Cücə öyrəşdiyi qaydalarla yenilik arasında qalır. Sonda gücünü toplayıb özü öz evini qırmağa başlayır, özü öz dünyasını dimdiyilə parçalayır. Onu qoruyan, əzizləyən, doğma divarları sındırır. Yumurtadan çıxmış cücə elə bilir ki, artıq ölüb. İndi onun əzabları gələcək. Amma cücə öz anasını görür, sonra özü kimi yumşaq, təmiz cücələri, sonra yamyaşıl çəmənliyi, sonra parlaq günəşi. Bütün bu cənnəti görəndən sonra sevinir. Sevinir ki, cəsarət toplayıb öz evini sındıra bildi. Yoxsa ömrü boyu darısqal qaranlıq divarların arasında boğulacaqdı... Bəzən xilas olmaq üçün məhv etmək lazımdır Mən Abbasın nə demək istədiyini indi başa düşdüm. Doğrudan da tarixə baxanda inqilablar insanlığa ancaq xeyir gətirib. Roma dağıldı - quldarlıq məhv oldu. Kəndlilər üsyan etdi - feodallar məhv oldu. Xalq birləşdi - monarxiya məhv oldu. Ətrafımızakı yumurtanı sındırmadan xoşbəxt ola bilmərik. Azad gələndə məni kənara çəkdi: - Anar, sənə maraqlı xəbərlərim var. Ayseli tapmışam. Bu adı eşidəndə içimdən qəribə bir titrəyiş keçdi. AYSEL AYSEL AYSEL. Kaş hamı yox olaydı. Dünyada tək onunla qalaydım. Adəmlə Həvva kimi. Onun mavi gözlərinə baxaydım. Ömrümün sonuna kimi onunla qucaqlaşıb dalğaların səsini dinləyəydim. SEVGİ... Ozon qatından tutmuş molekullara qədər hər şeyin sirri açılmışıdı. Amma sevgi hələ də dünya üçün ən böyük sirr olaraq qalırdı. SEVGİ NƏDİR? Niyə onun adını eşidəndə ürəyim titrəyir? Niyə onu qucaqlamaq istəyirəm? Niyə başqa qızlar gözümdə yox olur? Niyə mənim özümdən zəif bir varlığa ehtiyacım var? Qızların sevgisini haradasa başa düşmək olar. Oğlan qızdan güclüdür, qüvvətlidir, onu saxlayır, əzizləyir, qoruyur. Qızın oğlana ehtiyacı var. Bu qəribə deyil. Amma oğlan nə üçün özündən zəif bir varlığı qorumaq istəsin ki? Niyə bizdən qat-qat gücsüz bir qızın qarşısında diz çökməyə hazırıq? Necə olur ki, bir qızı sevirik, o birini yox? Bu nədən asılıdır? Gözəllikdən, xasiyyətdən, ağıldan, zövqdən, yoxsa hamısı bir yerdə? Bəlkə Allah qadınlara xüsusi bir sehrbazlıq verib və onlar bizi tilsimləyirlər. Sadəcə bunu özümüzdən gizli saxlayırlar ki, onlara etibarımız itməsin.. Bəlkə sevgi şeytan əməlidir, o bizi dəliliklər, ağılsız hərəkətlər etməyə vadar edir? Bəlkə də biz taleyimizlə qarşılaşırıq? Bəlkə sevgi heç yoxdur. Sadəcə o qədər hamı danışıb ki, biz də inanmışıq ki, doğrudan da belə bir şey var? Amma nə də olmasa mən Ayselin adını eşidəndə ciyərlərimdə hava donub qalır, ürəyim daha tez döyünməyə başlayırdı. Buna mən sevgidən başqa ad verə bilmirdim. MƏN AYSELİ SEVİRDİM!!! - Heyy, Məcnun, ay kişi, nə oldu sənə fikirə getdin? Eyy...Anar, Anar, kosmosda vəziyyət necədir? Siz bizi eşidirsiz? -Hə Azad, Aysel haradadır? Bu dəqiqə gedirəm onu gətirməyə. - Yox, özünə gəl. Bu bir az çətin olacaq. Sən Ayseli qaçırandan sonra div bir addım da qızdan uzaqlaşmır. - Heç nə olmaz, mən o divə göstərərəm. - Ay qardaş, mən əlimdən gələn köməyi eləməyə hazıram. Amma bir az səbrli ol. O div sən girən kollardan deyil. Səni də, Ayseli də bir günün içində yox eləyər. Onu qaçıra bilməzsən. - Bəs onda niyə deyirsən ki, Ayseli tapmısan? - Onunla əlaqə saxlaya bilərsən. Aysel indi Divin villasında qalır. Onu heç yana buraxmırlar. Deyəsən qaçırılma prosesi Ayselin reytinqini qaldırıb. - Azad, uzatma ürəyim üzüldü. Necə əlaqə saxlaya bilərəm? - Villaya girmək mümkün deyil. Onu 7-8 cangüdən qoruyur. Ayselin telefonunu da əlindən alıbar. Amma biz həmin evin xadiməsini tapmışıq. Təmizlik işlərinə baxır. Çox vaxt Ayselin yanında olur. Həftədə 3 dəfə. Özü Adilgilin qonşusudur. Sən məktub yaza bilərsən. Biz xalaya demişik o da razılaşıb. Deyir ki, yazıq qıza zülm edirlər. Eşidəndə ki, onun sevgilisisən iki əlli razı oldu. Sən məktubla əlaqə saxla. Hələ ki, onu çıxara bilməzsən. Amma bir azdan bizim gücümüz artacaq. Bu biqeyrətlərin hamısının belini qıracağıq. Dünya gənclərin əlindədir. Bir azdan gənclər də bizim tərəfimizdə olacaq. Onda görəcəyik kimdi güclü. - Düz deyirsən. Məktubu Adilə verim hə? - Hə, hə, Adilə ver. O çatdıracaq. Sonra biz zala keçdik. Uşaqlardan kimsə yenə öz dərdini danışırdı. İşıqlar sönmüşdü. Hamı diqqətlə dinləyirdi. “İstəmirdim ki, anam bilsin. Amma məktəbdə məni döyürdülər. Evdə deyirdim ki, yıxılmışam. Axı desəydim anam məktəbə gələcəkdi. Hamı mənə güləcəkdi həmişəki kimi. Onlar mənim uzun saçlarımı dolayırdılar. Mənə qızbibi deyirdilər”. A bir çox əlifbaların ilk hərfidir. Finikiya mənşəlidir. Piramidanın rəmzidir. Xristianlıqda müqəddəs üçlüyü bildirir. A Pentaqrammda (İnsan və kainatın rəmzi olan – çevrədə beş güşəli ulduz ) hər bir güşədə oxunur. Rəqəmsal anlamı “1”, potensial enerjidən aktuallaşmaya keçiddir. Xristian teologiyasında İsanın beş yarasının göstəricisidir. Yunanlarda Alfa hər şeyin başlanğıcı mənasındadır. Slavyanlarda A əlifbanın ilk hərfi olub “Mən”-i bildirir. Hinduların inancına görə “Aom “ kəlməsi dünyanın yaranmasına səbəb olub. Lomonosova görə A məkanın sonsuzluğudur. Əlkimyada A hər bir şeyin əvvəlidir. Dəmiri qızıla çevirir. Kainatın varlığıdır. A – Eqonun simvoludur. ===================================================================================== MƏKTUB Salam Aysel, heç bilmirəm necə başlayım. Bu mənəm Anar. İnanırsan, qələmi götürənə qədər çox şey yazmaq istəyirdim, amma indi hər şey yadımdan çıxıb. İnana bilmirəm ki, səni tapmışam. Yadındadır, səninlə yolda fərqli cəmiyyətdən danışırdıq. Bilmirəm necə oldu, amma mən elə bir yerə düşmüşəm ki, burada hamı tam biz istəyən kimidir. Heç kəs heç kəsdən sirr saxlamır. Hamı fərqlidir. Amma birlikdə hamı bərabərdir. Burda cəmiyyətin ədalətsizliklərinə qarşı mübarizə aparacağıq. Kapitalizmin, demokratiyanın səhvlərini aradan qaldıracağıq. Bilirsən biz təkcə öz ölkəmizi yox, bütün dünyanı birləşdirmək istəyirik. İnsanları nə irqinə, nə dilinə, nə də millətinə görə bölürük. Hər kəs insandır. Kommunistlərdən fərqimiz isə ondadır ki, biz Allaha inanırıq. Fərqi yoxdur hansı dinə mənsubdur. Əgər kimsə Allahın varlığına inanırsa bu bizim üçün bəsdir. Bir də hər kəsin fərqli olduğunu qəbul edirik. Burda mənasız insanlar yoxdu. Heç kəs maddi şeylərin dalınca qaçmır. Biz nə bahalı geyim istəyirik, nə də ki qır-qızıl. Bizim fikrimizcə dünyanın ən mənasız addımı qızılı qiymətli hesab etməsində olub. Ətrafımızda gənclər çoxalır. Dünyanı əxlaqsızlıq və cinayətlərdən xilas etmək istəyirik. Bizim başçımız var. Amma onu hələ görməmişəm. Elə bir insandır ki, heç kəs onun qarşısını ala bilməz. Onun böyük planı var. Amma heç kəs bilmir bu plan nədən ibarətdir. Cəmiyyət özünü HOST adlandırır. Hava Od Su Torpaq. Bunun dərin mənaları var. Bir məktubda yazmaq olmaz. Məqsəd köhnə sistemi tamam dağıdıb yerinə sistemsizlik gətirməkdir. Tam Azadlıq. Sərhədlər yox, dillər yox. Biz hər kəsi bərabər edə bilməyəcəyik. Bu utopiyadır. 6 milyard insanı bərabər etmək olmaz. Lap pulu bərabər bölsək də, hüquqları bərabər bölsək də heç vaxt gözəl ilə çirkini bərabər edə bilməyəcəyik. Sosializmin ağılsız səhvi bunda idi. Heç vaxt gözəl ilə çirkin, uzun boy ilə qısa boylu, kök ilə arıq bərabər ola bilməz. Biz deyə bilmərik ki, hər kəsin gözü qara rəngdə olmalıdır. Kimsə yaşıl gözlə doğulubsa qaraya dəyişsin. Başqalarından gözəl olmasın. Mənzərəni dəyişə bilməyəndə ona başqa cür baxmağa başlayırsan. Biz beyinləri dəyişəcəyik. Biz düşüncəni dəyişəcəyik. Günəş üçün fərqi yoxdu kim varlıdır kim kasıb. O hər kəsə eyni qədər işıq verir. Hava Od Su Torpaq da bu deməkdir. Onlar qədər fərqli bərabər. Bir-birini təkrarlamayan, sadəcə tamamlayan və heç biri digərindən üstün olmayan fərqli, amma bərabər ünsürlər. Evdə də məni bir az danladılar. Amma indi hər şey yaxşıdır. Yəqin başa düşdün ki türmədən qaça bilmişəm. Bu da çox qəribə bir əhvalatdır. Eeee mən nə yazıram, Aysel, sevirəm səni, sevirəm səni, çoxx, çox, çox sevirəm. Dayana bilmirəm sənsiz. Balaca, çox darıxıram. Haralardasan? Necəsən? Səni çox sevirəm, ayrıldığımız gündən bir gecə də olmayıb ki, səni yuxuda görməyim. Görüşdüyümüz gündən əvvəl də bir gecə olmayıb ki, səni yuxuda görməyim. Sən həmişə mənim yanımda olmusan. Səni həmişə sevmişəm. Səni tanımayanda da səni sevirdim. Başa düşürsən biz bir-birimizin yarıyıq. Adəmlə Həvva kimi. Biz bir-birimiz üçün yaranmışıq. Mən sənin üçün, sən də mənim üçün. Sənsiz bacarmıram. Bilmirəm səhərdən niyə başqa şey yazırdım. Bəlkə utanıram, bəlkə qorxuram. Sən doğrudan ordan qaça bilməzsən? Bağışla məni, biz gərək sərhədi keçməyəydik. Nə isə başqa yol tapmalı idim. Bağışla, indi səni qızıl qəfəsdə saxlayırlar. Bu mənim günahımdır. Canım, həyatım, bir az səbrli ol. Mən səni xilas edəcəm. Hər şey yaxşı olacaq. Məktubunu gözləyirəm. Hər zaman sənin və yalnız sənin Anarın.. Sevgilərlə.. Bizim arzularımız yoxdu. Bizim hədəflərimiz var. Biz tarixin sınma nöqtəsiyik. Biz qorxularımızı ümidlərimizin yanında basdırdıq. Bizim üçün dəyərli heç nə yoxdur. Biz uça bilməyəcəyimizi dərk etmiş körpələrik. Qasım yeddi il güləşlə məşğul olub. Sonra kikboksinqə yazılıb və Azərbaycan birinciliyini qazana bilib. Qasımın günü məşq etməklə keçirdi. Kikboksinqlə bərabər karate və aykido ilə də məşqul olurdu. Qasım pəzəvəng idi. Məktəblərində onun qədər cüssəli, sərt, güclü, yekəpər adam yox idi. Bütün sinif onun üzərinə düşəndə də hərəsini bir tərəfə tullayırdı. Qasımın atası idman federasiyalarının birinin başçısı idi. Ona görə direktor da Qasımdan çəkinirdi. Qasım istədiyi vaxt sinfin qapısını təpiklə açır, müəllimlərə hörmətsizlik edir, dostlarını söyür, qızlara söz atırdı. Məktəbdə hamı ondan çəkinirdi. Neçə uşağın ağız-burnunu partlatmışdı. Neçə oğlanı bütün sinfin qarşısında sürütləmişdi. Onun yanında həmişə yaltaqlar olurdu. Ona yaltaqlanmayanlar isə ondan uzaq gəzməyə çalışırdılar. Amma bu gün Qasımın bəxti heç gətirməmişdi. Həmişəki kimi sinifdə kimisə lövhəyə çırpıb eşşək kimi təpikləmişdi. İndi də məktəbin tualetində əl-üzünü yuyurdu. İndi o özünü qəhrəman kimi hiss edirdi. Bilirdi ki, hamının ondan zəhləsi gedir. Amma heç kəs ona bir söz deyə bilməzdi. Bir azdan sinfə girib deyəcəkdi: “Bilirsiniz mən kiməm? Mən çempionam. Dağıdaram hamınızı”. Sonra da qızlara baxıb lovğalanacaqdı. O elə bilirdi ki, qızların kobud oğlanlardan xoşu gəlir. Çox təəssüf ki, bu doğrudan da belə idi. Qasım əyilib əlini yuyanda birdən yanına nə isə batdı. Ani ağrıdan sonra Qasımın ayaqları əsməyə başladı, müvazinətini itirib düz unitazın qabağına yıxıldı. Onun qarşısında qara geyimdə qara kapüşonlu kiçik bir uşaq durmuşdu. Əlində də iynə var idi. Qasım ayağa qalxıb uşağın belini sındırmaq istəyirdi, amma bütün bədəni keyimişdi. O əlini belə qaldıra bilmirdi. Onda Qasım uşağı söyüb qorxutmaq istədi. Amma dilini də tərpədə bilmədi. Uşaq onun yanında əyilib dedi: - Ehh, Qasım Qasım... Nə pis zibilə düşdün hə? Bir azdan bütün məktəb biləcək ki, səni 11 yaşlı uşaq it kimi çırpıb. Vay-vay-vay, biabırçılıq olar ki. Görəsən qızlar sənə necə baxar? Ya sinifdə nə deyərlər? Bəs atan? Bəs məşqçin? Bax Qasım, mən çox ciddi adamam. Mənim boş-boş danışmaqdan xoşum gəlmir ona görə deyirəm. Bir də sənin kiməsə əl qaldırdığından xəbərim olsa çox pis olacaq. Bir özünə bax, sən insan deyilsən e, eşşəksən, eşşək. Belə bir söz var ee deyirlər ki, eşşək sözündəki “ş” ların sayı həmin adamın eşşəkliyindən asıllıdır. Sən də çox eşşşşşək adamsan. Elə bilirsən ki, güclə hər şeyi həll edə bilərsən. Bax, mən səndən 5 yaş balacayam. Amma sən unitazdan da dura bilmirsən. Yəqin maraqlıdır da bu necə olur? Mənim bir dənə kimyaçı dostum var. O da sənin kimi eşşəklərə qarşı maraqlı bir dərman fikirləşib. Onun bircə qramı dəridən keçən kimi bütün bədən 10 dəqiqəlik keyiyir. Sən artıq 3 dəqiqədir keyimisən. Bir azdan sənin immun sistemin zəhəri bədəndən çıxarmağa başlayacaq. Amma o vaxt mən artıq burda olmayacağam. Yeri gəlmişkən dərmanı iynə ilə batırmaq məcburi deyil. Onu yeməyə də tökmək olar. Bir azdan biz onu balonlara yerləşdirəcəyik. Və bircə dəfə fısqırtmaqla nəfəsinə keçib səni bu vəziyyətə salacaq. Görürsən, mən səndən də pis oğlanam. Ən maraqlısı bilirsən nədir? İndi qapının ağzında bütün dostların sənin çıxmağını gözləyir. Amma səndən qorxduqlarına görə bura girə bilmirlər. Bəlkə sən onları bu qədər döyməsəydin, biri girib səni xilas edə bilərdi. Ehh, Qasım. Ağlını başına yığ. Kapüşonun altından üzümü seçməyə də çalışma, onsuz da altdan maska da var. Əgər güclüsənsə gedib qoca nənələrə bazarlıqda kömək elə. Ya da ağac ək. Nə bilim, bir xeyirli iş gör. Başqalarına öz gücünü göstərmə. Sən hər gün kimisə döyürsən. Bu gün isə özün döyüləcəksən. Yox, mən səni döymək istəmirəm. Hmm. Qasım, “küçələrə su səpmişəm” mahnısını eşitmisən? Qasım donub qalmışdı. Onun səsi də çıxmırdı. Həyatında ən çox güvəndiyi əzələləri onu dar gündə atmışdı. Qasım tək qalmışdı. Qasım ilk dəfə idi ki, gücsüzlüklə üzləşirdi. Qara geyimli uşaq dedi: - Ehhh. Deyəsən eşitməmisən. Nə isə. Yəqin bilirsən də tualetə niyə gəlirlər. Zəhmət olmasa unitazın üstündən çəkil. Qasım donub qalmışdı. -Qasım, eşitmirsən işim var, unitazın üstündən çəkil. Mmmmmm Qasımın gözləri bərəlmişdi. O qədər gərgin idi ki, ürəyinin döyüntüsünü də eşitmək olurdu. Qasım tərpənə bilmirdi. Var gücü ilə hərəkətə gəlmək istəyirdi . Amma tərpənə bilmirdi. - Qasım, dözə bimirəm, tökülürrr, hmmm. Qasım... Bax çəkilmirsənsə mənlik deyil. Mən işəyirəm. Bu an Qasımın bütün 18 illik həyatı gözünün qabağından keçirdi. Qasım həyətin şefidir, Qasım məktəbdə hamını döyür. Bütün əzişdirdiyi sifətlər, bütün qazandığı medallar, bütün zərbələri, bütün məşqləri, biləyi ilə sındırdığı taxtalar. Hamısı. Hər şey. Bütün kişiliyi, mənliyi, qeyrəti, qüruru. Hər şeyi məhv olmuşdu... Qasım unitaz idi... Sidik onun sinəsinə tökülür, arada üzünə sıçrayır, çənəsindən süzülürdü. O sidiyin iyini alır, istisini hiss edirdi. 15-cə saniyə Qasım üçün əbədi uzanmışdı. Bədənində hərəkətli olan bircə gözləri idi. Bir də onlardan axan yaşlar. Uşaq işini bitirəndən sonra Qasıma diqqətlə baxıb başını yellədi. - Eh Qasım, Qasım... İndi görürsən gücsüzlük nə pis şeydi. Mən day gedim. Başqa işlərim də var. Amma sözüm sözdür. Bir də görsəm ki, kiməsə əl qaldırmısan, biz eyni prosesi təkrar edəcəyik. Gələn dəfə lap istəsən video ilə. Məncə bütün məktəbə maraqı olar. Yaxşı Qasım, sənin hələ 3 dəqiqən də var. Bir az da fikirləşə bilərsən. Mən getdim. Qara kapüşonlu uşaq qapını açıb ayaq yolundan çıxdı. Onun dediyi kimi bütün sinif qapının ağzında gözləyirdi. Amma Qasım çıxmamış onlar içəri girməyəcəkdilər. Onlar Qasımın qanunlarını poza bilməzdilər. Onlar bilmirdilər ki, bir azdan Qasım ağlaya-ağlaya çıxıb evə gedəcək. Səhəri günsə sinfin ən sakit uşağına çevriləcək. Qasımın birdən-birə müsbət tərəfə necə dəyişdiyi onlar üçün həmişə sirr olaraq qalacaq. Sənə inanan hər kəsi aldat. Səni tərifləyən hər kəsi söy. Bizi öldürməyən bizi gücləndirir. Bizim gücümüz zəifliyimizi anlamağımızdadır. Biz nə qəhrəmanlarıq, nə də ki ədalət döyüşçüləri. Bizim döyüşümüz özümüzə qarşıdır. BALU və SUTA Mədrəsələrin birində Ağıllı Suta ilə Tənbəl Balu adlı iki şagird var idi. Suta dərslərini əla bilir, boş vaxtlarında mədrəsənin ətrafını təmizləyirdi. Balu isə bütün günü yatır, dərslərini də oxumurdu. Bir gün Balu Sutaya deyir : - Suta, iki üstəgəl bir neçə edir? Suta cavab verir: - Üç. Balu gülüb deyir: - Ehh, bu qədər dərs oxuyursan, yenə heç nə bilmirsən. İki üstəgəl bir beş edir. Suta deyir: - Yox, üç edir. Balu deyir: - Beş. - Yox, üç. - Yox! Beş. Nə isə, bunların mübahisəsi uzanır, uzanır. Axırda başlayırlar dalaşmağa . Bir-birlərini yerdə sürütləyərkən müəllim içəri girir. Onları ayırıb nə baş verdiyini soruşur. Ağıllı Suta əhvalatı danışır. Onda müəllim Sutaya deyir - sən cəzalanırsan. Keç otağına, üç gün bayıra çıxma. Bir həftə idi ki, Ayseldən məktub gəlmirdi. Çox darıxırdım. Nigaran idim. Həm də o qədər maraqlı şey olurdu ki, hamısını Ayselə danışmaq istəyirdim. Biz fikirlərimizi, ideologiyamızı kiçik kağızlarda gənclərə paylayırdıq. Sayımız getdikcə artırdı. Məktəblərdə, universitetlərdə haqqımızda söhbətlər gəzişirdi. Gənclər çoxdan belə bir şeyin baş verməsini gözləyirmişlər. Onlar bu daxili boşluğu hiss edirdilər. Ona görə bütün ümidsizlər və tənhalar, romantiklər və şizofreniklər bizə qoşulurdu. Qərargah iki hissəyə bölünmüşdü. Bir hissədə əvvəldən gələnlər idi. Bir hissədə isə təzə gələnlər yığışırdı. Onlara ilk tapşırıqlar verilirdi. Birinci iş olaraq hər kəs küçədə tanımadığı bir adama yaxınlaşıb ona bütün həyatını danışmalı idi. İnsanlar çox vaxt bizdən çəkinirdilər. Elə bilirdilər ki, indi bu manyakalar onları bıçaqlayacaq. Hər birimiz Qara kapüşon geyinirdik. İsti havada qara köynəklərdə olurduq. Bizim işarəmiz isə qırmızı Pentraqramm idi. Lakin bu Satanistlərin Pentaqrammından fərqli olaraq onun əksinə çevrilmiş forması idi. Bununla biz Şeytana və pisliklərə qarşı olduğumuzu bildirirdik. İkinci tapşırıq - etmək istədiyimiz lakin edə bilmədiyimiz bir şeyi etmək idi. Bu əslində daha maraqlı idi. Bəzən kimsə şəhərin mərkəzində dombalaq aşırdı. Kimsə dərsin ortasında sevgilisinə çiçək bağışlayırdı. Kimsə gecə qəbirstanlıqda yatırdı. Kimsə tanımadığı adamların toyuna gedib ürəkdən rəqs edirdi. Kimsə heyvan dükanından meymun alıb sinfə buraxırdı. Kimsə saçını qırmızı rəngə boyayırdı. Kimsə tatuaj vururdu. Bu, içimizdəki uşağı yenidən oyadırdı. Bizi şəhərdə barmaqla göstərirdilər. Bəziləri bizi dolayırdı. Bizim onlara sadəcə yazığımız gəlirdi. Çünki dolamaq artıq hər bir şeyi məhv olmuş insanlara məxsus xüsusiyyət idi. Evdə bizi danlayırdılar, küçədə söz atırdılar, məktəbdə cəzalandırırdılar. Amma biz fikir vermirdik. Növbəti tapşırıq dilənmək idi. Hər kəs bir gün dilənçi paltarı geyinib şəhərin mərkəzində dilənməli idi. Bu bizim içimizdəki qüruru öldürürdü. Başa düşürdük ki , bizim öz hörmətimiz yoxdu, yalnız paltarlarımıza görə bizi sevirdilər. Dilənən gün bir qız da mənə baxmadı. Hər dəfə nahar etdiyim kafeyə isə girən kimi qovdular. Mən yenidən girmək istəyəndə qoymadılar. Onda mən cibimdən 100 dollarlıq əskinazı menecerə göstərib dedim. Mənim pulum var. İcazə verin nahar edim. Amma qarşımda duran düdük mənim paltarımı göstərib dedi: - Bağışlayın, mən sizi bu görkəmdə içəri buraxa bimərəm. Bu o biri qonaqlara qarşı mədəniyyətsizlik olar. Mən səsimi qaldırıb dedim: - Mədəniyyətsizlik olar? Bəs o bar fahişəsinin çılpağ baldırlarını qaldırmağı mədəniyyətsizlik deyil? Ya o biri masada əyləşən bığlı daydayın əyilib ayaqqabısını silirmiş kimi fahişənin tumanına baxması mədəniyyətsizlik deyil? Ya o yandakı mavinin geydirmə döşləri mədəniyyətsizlik deyil? Ya sizin işçilərin pullu daydaylara hesabda atması mədəniyyətsizlik deyil? Bəlkə menyudakı yeməklərin bəzilərini üzbəüzdəki ucuz kafedən alıb burda baha satmağnız da mədəniyyətsizlik deyil? Yoxsa burda eşşək kimi içib kişilikdən, namusdan, qeyrətdən, ana-bacıdan danışan qaqaşların evə gedib analarını söyməsi də mədəniyyətsizlik deyil? Düdük, sözsüz ki, mənim danışdıqlarımdan heç nə qanmırdı. Onun qulağının unitazı çoxdan tutulmuşdu. Heç bir sözün xeyri yox idi. Onda Azad məni kənara çəkdi. Mən bir az əsəbi idim. Azad dedi: - Gəl bura vaxtını boş insanlara sərf etmə. Bu dəqiqə nə qədər dostumuzun bizə, bu sözlərimizə ehtiyacı var. Sən isə qozbellərdən yapışmısan. Bunu bir dəfəlik yadında saxla. A deyir ki, Çürümüş odundan ocaq olmaz. Cavanların üzərində işləyin. Yüz əxlaqsızı düz yola gətirməyə sərf edəcəyiniz vaxtda min əxlaqlı da əxlaqsız olacaq. Mən yenə də mübahisə etmək istədim. Onda Azad mənə BALU və SUTA-nın hekayəsini danışdı. “Ağıllı Suta əhvalatı danışır. Onda müəllim Sutaya deyir sən cəzalanırsan. Keç otağına, üç gün bayıra çıxma”. Hekayə bu sözlərlə bitir. Mən heç nə başa düşmürəm. Səbrim tükənir və soruşuram: - Azad, nə mənasız nağıldı. Azad deyir: - Bu nağıl üç günlük nağıldı. Üç gün fikirləş... 3 gün sonra Suta üç gün qaranlıq otaqda qalandan sonra müəllim qapını açır. Suta müəllimindən küsmüş halda ona tərs-tərs baxır. Sonra deyir: - Müəllim, axı mən düz deyirdim. İki üstəgəl bir üç edir. Amma Balu deyirdi ki, beş edir. Sizsə düz cavab verdiyimə baxmayaraq məni cəzalandırdınız. Əslində isə siz Axmaq Balunu cəzalandırmalıydınız. Müəllim cavab verir: - Balu, ağılsızdır, ona görə səhv danışa bilər. Bir üstəgəl iki doğrudan da üçdür. Amma sən yüz faiz əmin olduğun bir şeyə görə mübahisə etdin. İndi de görüm hansınız daha Axmaqsınız? Bizim həyat tərzimiz aksiom idi. Onun sübuta ehtiyacı yox idi. Azad nağılın ikinci hissəsini üç gün sonra danışdı. Bu gündən daha çətin tapşırıq başlayırdı. Bizə pislik edənlərə yaxşılıq edirdik. Yaxşılığı elə etməli idik ki, heç kəsin xəbəri olmasın. Onun özünün belə. Ortaya sual çıxırdı – Day nə mənası oldu? Mənası da o idi ki, biz ona yaxşılıq eləməklə ona dərs vermək istəmirdik. Biz ona yaxşılıq eləməklə başqalarına nə qədər mərhəmətli olduğumuzu göstərmək istəmirdik. Biz onu vicdan əzabı çəkməyə məcbur etmək istəmirdik. Biz özümüzə əzab verirdik. Bu, ilahi bir mazoxizm idi. Bircə dəfə bunu etməyə çalışın. Hansısa bir əclaf adama yaxşılıq edin. Amma bunu heç kimə danışmayın. Üzdə hamı onu söyəndə siz də söyün. Amma altdan - altdan heç kəsin xəbəri olmayanda ona yaxşılıq edin. Məni dərsdə bir oğlan tez-tez dolayırdı, söyürdü. Oğlanın adı Zahid idi, çox axmaq uşaq idi. Hər dəfə söz atanda onu çırpmaq istəyirdim. Amma indən belə gərək hər pislik edəndə ona yaxşılıq edəydim. Birinci gün məni yenə söydü, evə gedərkən yolunun qabağına 10 manat atdım. Qıraqdan pulu necə sevinclə götürüyünü gördüm. Səhəri gün o məni yenə doladı. Hirsimdən özümü güclə saxlayırdım. Amma yaxşılıq etməliydim. Universitetin həyətində hamıdan gizli onun maşınını silib təmizlədim. Bir gün məni hamının qarşısında itəldi. O gün gizlicə öyrəndim ki, sevdiyi futbol komandasının orijinal forması onun çoxdankı arzusu imiş. Abbasın köməyilə formanı tapdım, bağlamaya qoyub anonim olaraq Zahidin ünvanına yolladım. Tək mən belə deyildim. Biz hamımız bu əzabı çəkirdik deyə dərdimiz bir az yüngülləşirdi. Bir həftə sonra A- dan xəbər gəldi ki, artıq bəsdir. Artıq edilən pisliklər heç tükümüzü də tərpətmirdi. Əksinə, sevinirik ki, buna görə həmin adama heç bir yaxşılıq etməməliyik. Bu hissin nə olduğunu sözlərlə izah edə bilməyəcəm. İstəyən özü yoxlaya bilər. Məndən sizə məsləhət, doğrudan peşman olmazsınız. Bütün bu vaxt ərzində biz həm fiziki məşqlər edirdik, həm də mənəvi söhbətlər edirdik. Xəstəxanalarda tanımadığımız xəstələrə baş çəkir, hal-əhvallarnı öyrənirdik. Yetimxanalara gedir, uşaqlarla saatlarla oynayır, gülməli tamaşalar düzəldib uşaqlara göstərirdik. Bu xeyriyyə deyildi. Bu yaxşılıq idi. Xeyriyyə bir az quru və soyuq olur. Bəzən elə adamlar uşaq evlərinə pul göndərir ki, həmin uşaqların saçlarına sığal çəkməkdən də iyrənir. Amma yaxşılıq tam ürəkdən olmalıdır. Yaxşılıqda yazığın gəlməməlidir. Yaxşılıqda sevməlisən. Sıralarımıza bəzi varlı uşaqlar da qoşulmuşdu. Onlar da öz pullarını əsirgəmirdilər. Tezliklə HOST işarəli avtomobillərimiz çıxdı. Bu işarə Pentaqramm idi. Bəzi üzvlərimiz qruplar yaradıb musiqi bəstələməklə məşğul olurdular. Çünki gəncləri kitabdan, qəzetdən çox musiqi cəlb edirdi. Tapşırıqlar getdikcə çətinləşirdi. Onları daxili mübarizə adlandırırdıq. Bunların hamısı A-dan gəlirdi. Amma mən hələ də A ilə qarşılaşmamışdım. Rastlaşanlar da heç nə danışmırdı. Deyirdilər ki: - Hərənin vaxtı çatanda A özü ona yaxınlaşır. MƏKTUB Anar, inana bilmirəm. Bu doğrudan da sənsən? Mənə demişdilər ki, səni türmədə döyüb-döyüb öldürüblər. Qorxumdan ağlaya da bilmirdim. Damarımı kəsmək istədim. Sadəcə gücüm çatmadı. Sənin yanına gəlmək istəyirdim. Elə bilirdim ki, o dünyadasan. Amma qorxurdum özümü öldürməkdən. Canım, nə yaxşı məni tapa bildin. Anar, sevgilim, mənim günüm-gecəm yoxdur. Burda mənə zülm eləyirlər. Həyatımda heç bir həvəs qalmayıb. Gözlərimin nuru solub. Üzümdə gülüş yoxdu. Həyatımın mənasını ilk məhəbbətimi tapıb itirdim, sonra yenidən tapdım. Səni bir daha itirsəm dəli olaram. Anar, o alçaq məni sevmir. Mən onun üçün sadəcə bir oyuncağam. Neçə dəfə qaçmaq istəmişəm, amma evi möhkəm qoruyurlar. Həm də gedəsi bir yerim yoxdu. Hara getsəm məni tapacaqlar. Özün bilirsən ki, bu ev kimindir. Bilirsən onun əlində nə qədər adam, casus var. Mən səni sevirəm. İlk baxışdan səni sevdim. Mənim Nağılım , mənim qara atlı cəngavərim. Mən səninəm.Yalnız sənin. Hər nəfəsim, ürəyimin hər döyüntüsü sənindir. Bəlkə bədənim başqalarının ola bilər, amma qəlbim sənindir. Canım, yalvarıram, ruhum yanındadır, cismimi də yanına apar. Mən burada daha qala bilmirəm. Mən sənə inanıram. Öpürəm ilk dəfə öpdüyüm kimi. Sevirəm. Bu məktubu bu gecə qucaqlayıb yatacağam. Sənə çatanda sən də qucaqlayarsan. Bəlkə bir azca da olsa sənin istini duya bildim. Sevirəm, mənim ilk və son məhəbbətim... Ayseldən Sevgilərlə Bu məktub gələndə göz yaşlarımı saxlaya bilmədim. Ayselin harada olduğunu bilirdim, Ayselin nə əzablar çəkdiyindən xəbərim var idi. Amma ona heç cür kömək edə bilmirdim. Mənim nə yaşım vardı ki, təzəcə ayağa durmağa başlamış bir gənc. Amma o pəzəvəngin 40 yaşı vardı. Artıq nail ola biləcəyi hər şeyə nail olmuşdu. Mənim Ayseli qaçırası maşınım da yox idi. Pulum da yox idi. Heç nəyim yox idi. Bircə HOST. Mənim dəli dostlarım. Onlar mənə kömək edərdilər. Amma sonrası necə olacaqdı? Axır əvvəl hamımızı məhv eləyərdilər. Çox böyük adam idi. Onun hələ polisləri demirəm, özünün şəxsi mühafizəçilər dəstəsi var idi. 40 nəfər, 50 nəfər peşəkar idmançı killer. Biz isə altmışa yaxın həyatından bezmiş gənc insan. Tankın qabağına dırmıqla çıxmaq olardı bu. Amma namusum da dözə bilmirdi. Mənim sevgilim onun əlindədir. Onun iyrənc nəfəsinə dözməyə məcburdur. Bu gün onun evinə cumub iki mühafizəçini öldürüb həyətə girə bilərdim. Amma sonra məni eyvandan güllələyərdilər. Əslində ən namussuz hərəkət bunu etmək olardı. Özümün güya ki, şəhidliyimlə təmizə çıxardım. Amma Şahzadəyə bundan nə xeyir dəyə bilərdi ki? O yenə də onun altında qalacaqdı. Nəsə başqa bir şey fikirləşməli idim. Nəsə başqa bir çıxış yolu. Həmin günlər çox pis hiss edirdim özümü. Amma kaş ki, onda biləydim bircə ayın içində nə qədər şey baş verəcək. FAHİŞƏLİK Bu əxlaqsız sənət lap qədimlərdən qalıb. Hindlilərdə, Babildə, ermənilərdə, eskimoslarda və digər xalqların tarixi yazılarında fahişəlik qürurla vurğulanırdı. O dövrlərdə bu xalqlar xüsusi məbədlərdə əxlaqsız qadınları saxlayırdılar. Həmin qadınlar ölkəyə gələn səyahətçilərlə yatırdı. Bu adət həmin ölkədəki qonaqpərvərliyin göstəricisi idi. Misirdə fahişəlik ən müqəddəs peşələrdən biri olub. Hətta Misir Fironu Xeopsun ehramı onun qızının fahişəlikdən qazandığı pullarla tikilib. Fironun qızı ehrama qoyulan hər daşa görə quldarlarla bir dəfə yatırmış. Yəhudilərdə istənilən ata aldığı borc əvəzinə öz qızını bir müddətlik başqa kişilərə sata bilərdi. Qədimdən gələn bu ənənələr isə yalnız MUSA peyğəmbərin vaxtında qadağan olundu. “Yer ləkə və çirkabla dolmasın deyə, qızlarını satma “ (K. Levit. XIX) BMT nin bu günkü hesabatına görə isə dünyada 9.000.000 qadın fahişədir. Abbas bir axşam iclasda dedi: - Uşaqlar, A artıq bir neçə dəfə hücuma keçib. Burada gizli heç nə qalmasın deyə deyirəm. Mən özüm də daxil olmaqla beş altı nəfər bir neçə dəfə hücum etmişik. İndi isə bu işi bir az genişləndirmək lazımdır. Boş-boş məsləhətlərlə, gic-gic tərbiyəvi verilişlərlə, həftədə bir dəfə məsciddə, kilsədə xütbələrlə dünyanı xilas etmək olmaz. Biz onları onların silahı ilə öldürməliyik. Cəmiyyətin birinci ən böyük problemi ailədir. Aslan sizə bu haqda danışmaq istəyir. Aslan əlindəki kağızı qırağa qoyub sözə keçdi: - Xahiş edirəm kimin ailəsində hər şey yaxşıdırsa əlini qaldırsın. Ya da kim ailədə hər kəsin xoşbəxt olduğunu bilirsə əlini qaldırsın. Hmm. Mən elə də bilirdim ki, heç kim xoşbəxt ailədə yaşamır. Bilirsiniz niyə? Çünki xoşbəxt ailə qalmayıb. Xoşbəxt ailələr indi ancaq diş pastası reklamlarında olur. Əslində isə hər şey acınacaqlıdır. Statistikaya görə Azərbaycan kişilərinin 70 faizi arvadına xəyanət edir. Dünyadan isə heç danışmağa da dəyməz. Bəs niyə belə olur? Niyə ailələr dağılır? Əgər iki nəfər bir-birini sevib evlənirsə niyə ortaya xəyanət çıxır. Niyə kişi öz halal arvadı ilə olmaqdansa gedib pul verib başqa qadınlarla əlaqədə olur? Çox adi bir məntiqlə indi izah edəcəm. Əgər bu xəstəlikdirsə deməli bunun səbəbləri var. Qayıdırıq kişilərin cavanlıq illərinə - Hər cavan oğlan çox qəribə bir adət ənənə olan bazlığa getməlidir. Bu onu kişi edir, bu onun artıq böyümüş sayılması deməkdir. Hər bir gənc bu yoldan keçməlidir. Bu kefdir ki? Bundan yaxşı nə ola bilər? Qırxca manata qadın sənin olur. Heç evlənmək də lazım deyil. Amma burda çürük bir məntiq var, oğlanın cinsi əlaqəsi kişilik, qızın cinsi əlaqəsi isə əxlaqsız sayılır. Niyə bu belədir? Niyə biz bir dəfə də olsun başqası ilə olmuş qızla evlənmək istəmərik? Amma oğlan istəyir min dəfə olsun yenə adı təmiz qalır. Çünki kişidir. Belə 4 gözümüz aydın kişidir. Əgər qadınların əxlaqsızlığına görə onlara fahişə deyirlərsə bizim gözümüzdə fahişə ilə yatan da fahişədir. Necə oğlan eləcə də qız. Biz evlənəndə qarşımızdakı qızın necə təmiz olmasını istəyiriksə qız da bizdən həmin şeyi istəyir. Amma bu adətlərə görə səfehlikdir. Kişi gərək arvadından qabaq bakirəliyini pozsun. Çox heyif ki, bizim xalqda kişilik düşməni yox fahişəni altına yıxmaqla ölçülür. Əslində cəmiyyətin bütün bəlaları buradan başlayır. Bir dəfə bazlığa gedən oğlan sözsüz ki, bunu ikinci dəfə də istəyir. Sonra üçüncü dəfə. Qısa vaxtda bu vərdişə çevrilir. Artıq oğlan bir fahişənin deyil hər dəfə fərqli fahişələrin yanına gedir. Bir dəfə uzun boy, bir dəfə sarışın, bir dəfə qara, bir dəfə kök. Bir dəfə cavan, bir dəfə yaşlı. Bu evlənəcəyi günə qədər davam edir. Evləndiyi gün isə deyir - daha qurtardı, subaylığım sona çatdı... Belə yerdə biz deyirik ZIRT... Bazlıq siqaret kimidir. İllərlə yatağından min cür qız keçən oğlan, necə birdən-birə bircə qızla ömrünün axırına kimi öz seksual həyatını davam etdirə biləcək? Bəlkə birinci ay yox, bəlkə birinci il yox, amma bir gün, bir cındır günün birində deyəcək mənim xanımım kökdü, görəsən arıqla yatsam necə olar? Və çoxdankı vərdiş yenidən başlayacaq. Ər artıq dostlarını evə qonaq çağırmayacaq onlarla ya saunaya ya hansısa iyrənc bir kafeyə gedib bir iki zibilçə də aparacaq. Onların hər birinin evində həyat yoldaşları, uşaqları var. Amma kişilər də hərdən istirahət eləməlidirlər axı... Çox qəribədir ki, bu istirahətdən qadınlar eləyə bilməz. Onların başlarını da kəsərlər. Amma kişi kişidir də. Onun üzərində holoqram var, xüsusi bir ştamp var “Diqqət bu kişidir. Ona hər şey olar”. Evdə tapılmayan ata uşaqlardan uzaqlaşır. Ərini tapa bilməyən analar mənəvi məhv olurlar. Onlar qocaldıqlarını hiss edirlər. Hər gün güzgüdə yeni qırış axtarırlar, hər gün artan kilolarına baxırlar. Onlar qocadır, onlar eybəcərdir, onlar yazıqdır. Beləliklə ailədə daxili bir kompleks yaranır. Ümidsizlik, özgəlik, ikiüzlülük. Ata öz dostları ilə ana öz rəfiqələri ilə uşaqlar da televizor ilə. Cəmiyyətin birliyi də elə ailədən başlayır da. Bizdə xalqı birləşdirməkdən, milləti birləşdirməkdən danışırlar. Elə millətçi axmaqlara demək lazımdır ki, ay kişi heç ailəndə birlik var ki, xalqı birləşdirirsən? Soruşmaq istəyirəm sizdən uşaqlar, sizdə ailəvi şam yeməyi hər axşam saat neçədə olur? Toy və yaslardan başqa qohumlar nə vaxt bir araya gəlir? Nə üçün evinizdə maaş ciblərdə olur? Niyə ümumi bir yerə yığılmır? Evdə gizlənəsi kim ola bilər ki? Ayda neçə dəfə ailəvi gəzintiyə çıxırsınız? Bəs əvvəllər valideynləriniz sevgili olanda gündə çıxıb gəzdikəri yerlərə indi niyə belə gec-gec gedirlər? Nəyə görə axşam televizor və qəzetlər ailəvi söhbətlərdən daha maraqlı olur? Görürsünüz nə qədər ailə deppressiyaları var? Heç hiss etmisiniz ki, hər il Novruz bayramı, Yeni il daha maraqsız keçir? Hər il qar yağanda buna daha həvəssiz baxırsınız. Elə bil hər şeyin mənası itib. Hər bir şey solub. İnsanlar bozlaşıb, tündləşib, avtomatlaşıb, robotlaşıb. Əvvəllər dənizə getmək maraqı idi, indi bezdiricidir. Əvvəllər meşəyə getmək maraqlı idi, indi isə adi gəlir. Əvvəllər adi toyuq qızaranda da süfrədə daha dadlı görünürdü indi isə elə bil ki, köhnə ağ qara filmin içinə düşmüşük. Bəlkə bu Allahın cəzasıdır? Hə? Bəlkə bu Allahın cəzasıdır? Bəlkə o artıq əvvəlki kimi bizi yoxsullaşdırmaqla, xəstələndirməklə yox, sadəcə hər şeyə qarşı həvəssiz etməklə cəzalandırıb? Bəlkə Allah süfrədəki yeməyi yox elə bir başa iştahımızı əlimizdən alıb? Niyə biz bütün dinlərdə açıq aydın qadağan olunan fahişəliyə qarşı heç nə etmirik? Niyə dövlət cəmiyyətin özəyini çürüdən, depressiyalara səbəb olan fahişəliyə qarşı heç nə etmir? Dövlət deyir bu cinayətdir. Allah deyir bu günahdır.İnsanlar deyir bu pisdir. Amma heç kəs heç nə etmir. Bəlkə biz başlayaq? Allah AİDS si də göndərdi amma bu insanlara xeyri olmadı. Biz elə zibillərik ki, ya gözümüz çıxmalıdır ya işığımız sönməlidir ki, baxmamalı olduğumuza baxmayaq. İndi əxlaqsızlığın fahişəxanaların, eyş işrətin qarşısını almaq üçün bunu ya oğlanlara qadağan etməliyik ya da ki, fahişələrə. İndi HOST ancaq bu yöndə gücünü birləşdirməlidir. Biz bunun qarşısını almalıyıq gələcək üçün. Evdə qalan bədbəxt analar, yazıq bədbəxt uşaqlar, özləri ilə bacara bilməyən bədbəxt kişilər üçün. Şeytanın yolunu kəsməliyik. Ailələrin xoşbəxtliyi üçün. Qadınların qiymətinin, hörmətinin artması üçün. Kişilərin artıq nəfsi kənara atıb başları ilə düşünmələri üçün. Ən nəhayət ailələrin sağlamlığı üzərində arzuladığımız sağlam cəmiyyəti qurmağımız üçün. A üçün. Onun qoyduğu yol üçün. Onun bizi burada birləşdirdiyi üçün. Onun arzusu olduğu üçün. Polislər fahişələrdən faiz alıb onları azad buraxırlar. Əgər dövlət məni qorumursa mən dövləti qoruyacağam. Prinsip budur. Sabahdan Böyük Təmizləməyə başlayırıq. İştirak etmək istəyənlər qoşula bilər. Biz avtomobillərdə fahişələri tutub pul ilə alacağıq. Sonra onları güya evimizə gətirirmiş kimi şəhərdən uzaq bir yerə sürəcəyik. Tutaq ki, Dərnəgül yoluna. Orada gecə heç kəs olmur, ancaq zavodlardı. Orada da bizi digər bir maşında 5 nəfər öz adamımız gözləyəcək.Yarımca saata bu gözəlçələri o ki var döyürük. Onlara mərhəmət etmək lazım deyil. Sonra xüsusi hazırlanmış dəmir möhürlə yanaqlarına A hərfini qızdırıb basırıq. Bu onların üzündə ömrlük qalacaq rüsvayçılıq nişanı olacaq. Daha fahişələr gecələri min oyundan çıxıb səhərlər adam arasında rahat gəzə bilməyəcəklər, hamı onların üzündəki A-nı görüb əxlaqsızlığından xəbər tutacaq. Biz sabahdan başlayırıq. Uşaqlardan biri soruşdu : - Bəs nə üçün A hərfi? - Əvvəllər latın dilində “pozğun qadın” sözü bu hərf ilə başlayırdı. Hətta orta əsrlərdə zina etmiş qadınlara A hərfini boyunlarından asmağı məcbur edirdilər. Bununla o qadınlar camaat içində utanır və təmiz kişiləri aldadıb onlarla evlənə bilmirdilər. Abbas da dedi : - Hə, Azad düz deyir. Amma bu təkcə onunla bağlı deyil. Bunu A deyib. Bəlkə də o bununla artıq hücuma keçdiyini bildirmək istəyir. Bəlkə bu onun imzasıdır. Adil qışqırdı: - 100 faiz bu onun imzasıdır. Mən dünən onun köynəyində çevrənin içində A hərfinin olduğunu gördüm. Aslan dedi : - Çevrənin içində A? Bu ki Alfa və Omeqanın birliyi deməkdir. Bu rəmz sonsuzluq və bütövlük rəmzidir. Deyilənə görə Hz. İsa bu rəmzlə bilinirdi.. Bir dəqiqəlik içəridə sükut yarandı. Mən ürəyimdə fikirləşdim ki, bəlkə İsa qayıdıb? Amma bu fikir ani olaraq necə gəldisə elə də getdi. Hər halda İsa hara gəlsə də Azərbaycana gəlməz. Məni gülmək tutdu. Amma mən də sabah axşam bu prosesdə iştirak etmək istəyirdim. Fahişələrə ölüm lazımdır. Nəinki döyülmək. Onlar cəmiyyətin bədənindəki xərçəng şişi kimidirlər. Hər yerdən çıxa bilər və insanı məhv edə bilərdi. O səni öldürməmiş sən onu öldür Biz sonun əvvəliyik. Bizim tərbiyəmiz bizə qarşı qoyuldu. Bizim arzularımız bizə düşmən edildi. Bizim azadlığımız bizim zəncirlərimizə çevrildi. Bizim adımız qorxu ilə çəkilib nifrətlə unudulacaq. Biz özümüzdən sonra heç nə qoymayacağıq. Biz tikməyə yox, sökməyə gəldik. Bizə bağışlanma yoxdur, deməli biz azadıq. - Qəşəng oğlan, deyəsən bu gecə əylənmək istəyirsən? Mən necəyəm, xoşuna gəlirəm? - Hə, pis deyilsən. 150 bəs edər? - Hələ artıqlaması ilə, hara gedirik? - Mənim evim var, indi boşdur. Otur maşına... Biz çölün ortasında gözləyirdik. 10 dəqiqəyə Araz maşınla gəldi. Arxa qapını açıb fahişəni yerə tulladı. Biz onun yanına çatdıq. Fahişəyə heç nə deməyə ehtiyac yox idi. O özü bilirdi ki, nəyə görə onu döyəcəklər. Azad bircə cümlə dedi: - Cındır, sənə görə neçə ailə dağılıb hə? Neçə qıza xəyanət olunub? Bax o qədər də dişin bu gün sınacaq. Uşaqlar onu vururdular. Mən vura bilmirdim. Ürəyim gəlmirdi bəlkə. Bilirdim ki, zibildir, fahişədir. Amma əlim gəlmirdi. Uşaqlar isə bütün acıqlarını ondan çxırdılar. O vaxta kimi başqa maşında Adil qız gətirmişdi. Onu da maşından yıxıb vurmaq istəyəndə o qaçdı, mən onun saçından yapışıb yerə çırpdım. İlk dəfə idi fahişəyə əlim dəyirdi. Mən indi başa düşdüm ki, bu doğrudan da insan deyil. O nəslimi söyməyə başladı. Mən də təpiyi ağzının üstündən ilişdirdim. Onu öskürək tutdu. Nəfəsindən spirt və nikotin iyi gəlirdi. Yarı çılpaq bədəninə zərbələr endirirdik. Uşaqlar onu da əhatə etmişdilər. Mən o biri fahişəyə yaxınlaşdım. Onun sağ yanağında qırmızı yanıqla “A” yazılmışdı. O bizə baxırdı. Amma qara kapüşonda olduğumuzdan üzümüzü seçə bilməzdi. Biz onlara dərs verirdik. Onlar bir də çətin bu işlə məşğul olsunlar. Amma bizim dayanmaq fikrimiz yox idi. Böyük təmizləmə başlamışdı. Və A- nın planları həyata keçirdi. Həmin gecə biz səhərə kimi 7 fahişəni möhürlədik. Kimsə deyə bilər ki, onlar da insandır. Nə olsun fahişədirlər, onunların da öz hissləri, öz arzuları var. Bəlkə də içdə yaxşı insandırlar. O adamlara demək lazımdır ki, onda türmələrdəki manyakları da azadlığa buraxın da, onlar da insandır. Arzuları, hissləri var! Bizim üçün zaman donub. Biz günahlarınızın cəzasıyıq. Bizi cinayətkar adlandıracaqsınız, amma biz sadəcə özümüzü axtarırıq. Sizi insanlar adlandırırdıq. Amma siz sadəcə insancıqlığınızı gizlədirdiniz. Həmin həftə bu işi bir az da peşəkarlaşdırdıq. Artıq avtomobili fahişəxanadan bir az uzaqda saxlayırıq ki, heç kəs maşının nömrəsini görə bilməsin. Çalışırdıq ki, bir gecədə möhürləyəcəyimiz fahişələrin hamısı eyni yerdən olsun. Əgər bir gecədə bir neçə pritona getsəydik onda xəbər tez yayılardı amma təsiri az olardı. Bu dəfə biz bir avtomobildə 4 qız gətirirdik. Deyirdik ki, evdə ad günüdür dostlarımızın yanına aparırıq. Avtomobilin nömrəsinin üzərinə isə xüsusi zərli məhlul tökmüşdük. Adi gözlə heç nə görünmürdü. Amma nömrələrin yanına ultrafiolet rəngli kiçik lampalar qoymuşduq. O lampa yananda zərlər parıldayır və nömrədəki rəqəmləri seçmək olmurdu. Bu çox effektli üsul idi. Lampa o qədər kiçik idi ki, polislər onu nömrənin qırağında görə bilmirdilər. İşığı yandırmaq üçün düymə isə sükanın yanında yerləşirdi. Görəndə ki, polis gəlir tez o işığı söndürürdük. Polisin heç xəbəri də olmurdu ki, bizdə belə bir şey var. Əsas odur ki, fahişələr maşının nömrəsini görməsinlər. Bundan başqa Abbas xüsusi bir məhlul vermişdi. Bu məhlul kiçik iynələrin ucuna sürtülürdü. Kimə batsaydı həmin adam on dəqiqəlik tərpənə bilmirdi. Fahişələrin üzünü yandıranda biz bundan istifadə edirdik. Onların iniltisi bütün aləmi bürüyürdü. Yanmış insan ətinin iyi qədər iyrənc bəlkə heç bir şey ola biləməzdi. Amma mənə bu ləzzət eləyirdi. 10-ca günün içində biz bəlkə 100-dən çox fahişəni eybəcər günə salıb cəzalandırmışdıq. Onları bu sifətlə heç bir kişi götürməzdi. Bakının ən məhşur qəzetləri bu xəbəriləri yazırdı: Bakıda gözlənilməz bir ekstremizm. Fahişə ovuna çıxan kimlərdi? Görəsən onlar hansı xarici təşkilat tərəfindən yönləndirilirlər? Bu skinhedlərdi yoxsa radikal İslamçılar? Bu Vəhabilərdi yoxsa MTN agentləri? Kütləvi zorlama müxalifətçilər tərəfindən edilir yoxsa dövlətin gizli planıdır? Bizim haqqımızda isə heç nə yox idi. Çünki biz çox kiçik bir qrup idik. Heç kəs düşünə bilməzdi ki, 60 nəfər gənc bunu edə bilər. Həftənin sonu üçün qəzetlərin birində fahişəlik statistikası göstərilirdi. Son həftə ərzində fahişələrin sayı 40 % azalmışdı. Bu inanılmaz göstərici idi. Fahişələr tanımadıqları adamlarla getməkdən qorxurdular. Bəzi qəzetlər və televiziyada ayrı-ayrı şəxlər bu hadisəni rəğbətlə qarşılayırdılar. Yeni həftə başlayanda isə cəmiyyət artıq bunu tamamilə müsbət bir hadisə kimi qiymətləndirdi. Qəzetlərdə “Millətin namusu oyandı”, “ƏXLAQSIZLARA ÖLÜM”, “Mənim arvadım fahişə imiş ki? Üzündə möhür var” kimi müxtəlif məqalələr dərc olunurdu. Biz artıq qızları maşınlara mindirmir elə onların pritonlarındaca, öz yataqlarındaca bircə dəfə iynəni batırıb onları keyidəndən sonra bıçağımızı çıxarıb üz gözünü cırıq-cırıq edirdik. Səsləri də çıxmadığına görə hər şey çox sakit keçirdi. Bundan sonra biz özümüz qəsdən onların eybəcər hala düşmüş bədənlərinin şəklini ya da videosunu çəkib mətbuat orqanlarına anonim bağlamada göndərirdik. Onlar da ki, ölür sensassiya üçün. Bu xəbər tezliklə bütün ölkəyə yayılırdı. Şəkillər bütün qəzetlərdə çıxırdı. Videolar saytlara yerləşdirilirdi. “A” hərfini onlar müxtəlif cürə yozurdular. Bəziləri deyirdi ki, bu İslam terrorçularıdır. “A” isə Allahu Akbar kəliməsinin qısa rəmzidir. Onlar bu fahişələri Qurban edirlər. Bəziləri yazırdı ki, “A” Antixrist deməkdir. Bu şeytanpərəstlərin işidir. Bəziləri bunu Masonlarla bağlayırdı. Bəziləri feminist qadınların planı kimi qələmə verirdi. Çünki feminist qadınlar da həmişə fahişəliyə, qadının kişidən aşağı bir varlıq kimi alınıb satıla bilməsinə qarşı idilər. Amma Azərbaycanda heç feministlərin birliyi də yox idi. Ən maraqlısı isə o idi ki, bizim bu işimizdən on gün sonra A fahişələrə qarşı təmizləməni qadağan etdi. Çox qəribə idi. Hər şeyin yaxşı getdiyi bir vaxtda, biz yavaş-yavaş dünyanı dəyişirdik. Amma A qəti olaraq bu işi unutmağımızı və tamam başqa bir işə keçməyimizi tələb etdi. Mən Adildən soruşanda ki, bəs niyə belə oldu. Adil dedi : - Anar bircə həftə gözlə özün görəcəksən. Sonra mənə Ayseldən gələn növbəti məktubu verdi. MƏKTUB Anar haralardasan? Niyə heç nə yazmırsan? Yoxsa məni belə tez unutdun? Sənsiz bacara bilmirəm. Bəlkə səni görməsəydim indi mənə daha yaxşı olardı. Mən əvvəllər elə bilirdim ki, əsl sevgi yoxdur. Ona görə də bu haqda heç fikirləşmirdim. Ancaq musiqidən, incəsənətdən fikirləşirdim. Amma indi sevgi bütün qəlbimi doldurub. Səndən başqa heç kimi fikirləşə bilmirəm. Məni xilas elə. Məni bu əclafın əlindən qurtar. MƏKTUB Aysel, bağışla məni. Sadəcə nə yazacağımı bilmirəm. Nə yazım sənə? Yazım ki zəifəm, heç nə bacarmıram? Yazım ki, 10 gündür səni necə xilas edə biləcəyimi düşünürəm amma heç nə ağlıma gəlmir? Yazım ki, sənin şahzadən gücsüzün biri imiş? Nə yazım, canım? Ürəyim partlayır. Bilmirəm səni necə çıxarım ordan. Boş-boş sevgi sözləri yazmaqla da heç nəyi dəyişə bilmərəm. Beş dəfə sənin evinin yanından fırlanıb keçmişəm. Ev hər tərəfdən qorunur. Mən heç cürə səni oradan çıxara bilmərəm. Indi bu dəqiqə də gözlərim dolub. Hər gecə. Hər gecə sənin onunla bir yatağa uzandığını təsəvvür edəndə yastığımı yumruqlamağa başlayıram. Hər gecə istəyirəm ki, bir silah tapıb sizin evə hücum edim. Amma bu uşaqlıq olar. Səni bu cür xilas edə bilmərəm. Başqa yol tapmalıyam. Məni bağışla... Bir həftə sonra Adil hamını zala yığıb dedi: - Yəqin hamıya maraqlı idi, niyə A bizi dayandırdı? Mənə də maraqlı idi. Bu gün mən başa düşdüm. Buyurun qəzetlərə baxa bilərsiziniz. Biz də qəzetləri bir-birimizə ötürməyə başladıq. “Fahişə ovu davam edir, dünən daha 5 fahişənin üzü möhürlənib. Fahişələr bu haqda heç nə danışmaq istəmirlər. Onlar daha çox polislərin niyə bu işə qarışmadıqlarından şikayələnirlər. Əslində yəqin ki, dövlət özü də onlara qarşı mübarizə apardığı üçün Oğrudan oğurlamaq oğurluq deyil prinsipinə əməl edirlər. Düzdü bir çox Avropa təşkilatları və İnsan hüquqları ilə bilavasitə bağlı olan bir çox orqanlar bu işi cinayət və qanunsuzluq adlandırıb. Amma konkret olaraq bu işə qarşı heç bir tədbir görülmür”. “Bu həftə ərzində daha 8 fahişə cəzalandırıldı. Xalqın yeni qəhrəmanları, qaçaqları bu dəfə də namussuzluq və əxlaqsızlığa qarşı mübarizəni davam etdirirlər”. Bu xəbərlər bizi bir az çətinliyə salmışdı. Mən Adilə dedim: - Axı bu həftə biz heç nə etməmişik? Bu nə məsələdir? Adil əlini əlinə vurub gülməyə başladı: - Bəs A bilmir nə edir? Görürsünüz, bu işləri biz etməmişik, artıq hansısa ayrı-ayrı gənclər də bu işə qoşulublar. Mən deyirdim ki, bizim kimi düşünənlər çoxdu, sadəcə onları bir araya toplamaq lazımdır. Bu işin bizlə heç bir əlaqəsi yoxdur. Bununla həm də bizim izimiz itəcək. Biz insanlara problemdən çıxış yolunu göstərdik. Onların gözü açıldı. Gördülər ki, bununla fahişəliyin sayı azalır. Gördülər ki, dövlət də bu işlə bağlı susur. Heç kəs buna görə cəzalanmır. Ona görə də bizim işimizi indi başqaları davam etdirəcək. Bizimsə daha böyük işlərimiz var. Sonra Adil universitetlərdən danışdı. Tələbələrin arasında birliyin olmaması onları qoyun sürüsünə çevirirdi. Universitetlərdə rüşvət baş alıb gedirdi. Amma bunu dayandırmağın yolu vardı. Biz bölünüb müxtəlif universitetlərdə gənclərlə görüşüb onları mübarizəyə səsləyirdik. Onlar da təhsillərindən və artıq qocalmış müəllimlərdən narazı idilər. Yeni nəsil , savadsız nəsil yetişirdi. Bəzi müəllimlər ümumiyyətlə keçdiyi dərsləri bilmirdi. A deyirdi ki, əsl müəllim bilmədiyimizi öyrətməməli. Əsl müəllim hər kəsin içində olan gizli istedadı üzə çıxarmağı bacarmalıdır. Amma buradakı müəllimlər sadəcə öz mühazirələrini oxuyub dərs saatlarını yola verməklə məşqul idi. YOLA VERMƏKlə. Bizim cəmiyyət belədir. Hamı bir-birini yola verir. Müəllim şagirdi, şagird müəllimi, uşaq valideyni, valideyn iş yoldaşlarını, onlar müdirlərini, müdirlər yol polislərini, yol polisləri nazirləri, nazirlər Prezidenti, Prezident dövləti, dövlət Avropanı, Avropa Amerikanı, Amerika Roma Papasını. O da sadə camaatı yola verirdi. Hərdən bir müəllimin sinifə girib bütün uşaqları təhqir etməsi elə gülünc olurdu ki, adam bilmirdi uşaqlara yazığı gəlsin yoxsa desin ki, elə bu cür qoyun uşaqlara belə də lazımdır. Bu lap qoyun sürüsü ilə canavarı xatırladırdı. Bir canavar bir qoyundan güclüdür. Bir canavar 10 qoyundan da güclüdür. Amma bir canavar 100 qoyundan güclü ola bilməz. Onlar canavarı ayaqlarının altına salıb sürüyərlər. Hərəsi canavara bir təpik vursa canavar cırıq-cırıq olar. Amma bu heç vaxt olmur. Çünki qoyunlarda birlik hissi yoxdur. Hərə ancaq öz canının sağlığını güdür. Ona görə də canavar bir sürünü parçalayıb gedir. Burada da bir müəllim bir sürü tələbəni parçalayırdı. Amma biz onlara maraqlı bir təklif vermişdik. Tutaq ki, bir müəllim tələbələrdən rüşvət alır, dərs keçmir, təhqir edir, haqsızlıq edir. Elə müəllimdən rektora şikayət etmək lazımdır. Amma bunu etmək üçün cəsarət gərəkdi, çünki həmin müəllim rektorun yaxın dostu da ola bilər. Şikayət edən tələbə isə min cür bəhanə ilə qovula bilər. Yəni hər bir tələbənin haqqını tələb etməməsinin səbəbi qorxmasıdır. Çünki müəllimlər onları həmişə imtahanlarda kəsə bilərlər. Ona görə də heç kəs buna cürət etmir. Amma biz bir universitetdə olan problemlərin həllində başqa bir universitetin tələbələrindən istifadə edirdik. Tutaq ki, Bakı Dövlət Universitetinin tələbələri İqtisad universitetindəki rüşvətxor müəllimlərin qarşısına çıxıb onlara təzyiq göstərirdilər. Belə olanda İqtisad universitetindən onları heç kəs qova bilməzdi, çünki onlar orada heç oxumurdular. Onları heç kəs orada tanımırdı. Eləcə də başqa universitetlərdə ya məktəb uşaqları ya da universiteti bitirmiş məzunlar mübarizə aparırdılar. Xüsusi qruplarla rüşvət alan müəllimlərin rüşvət almasını gizli videoya yazırdıq, onların təhqirlərinə qarşı döyüb qaçırdıq, ya hədə-qorxu gəlirdik. Bizim üstünlüyümüz onda idi ki, biz tələbə deyildik. Həmin universitetdə tələbə deyildik. Ya da ki həmin məktəbdə. Ona görə də bizə heç kəs heç nə edə bilməzdi. İstədiyimiz vərəqələri siniflərdə paylayıb istənilən axmaq müəllimin dərsini pozurduq. Getdikcə bu uşaqlarda da daxili bir ayılmaya gətirib çıxarmışdı. Onların gözlərinin qabağında it kimi qorxduqları rüşvətxor, qiymət kəsən, xəbərçi bir müəllimin mühazirəsi zamanı sinif qapısını iki qara geyimli oğlan açıb həmin kişinin başına bir verdə qırmızı rəng töküb qaçandan sonra aləm dəyirdi bir-birinə. Ya başqa bir müəllimin otağına göndərilən anonim hədiyyə bağlamasının içindən iylənmiş balıq başları, hörümçəklər çıxırdı. Rüşvətxor müəllimlərin adı divarlarda böyük söyüşlərlə yazılırdı. Onların avtomobillərinin təkərləri boşaldılırdı, qapıları mıxla cızılırdı. Bəzən həmin müəllimləri liftdə öz dərmanımızla keyidib anadangəlmə soyundurub dəhlizə buraxırdıq. 70 yaşlı qoca kaftar kişilər lüt eybəcər bədənləri ilə bütün tələbələrin qarşısında əlacsız qalırdılar. Hərdən biz uşaqlara bəzi fəndlər öyrədirdik. Məsələn istənilən sinfin döşəməsindən bir kiçik parketi qaldırıb içinə iki yumurta qoymaq kifayətdir ki, səhəri gün həmin sinifdə dərs keçmək mümkün olmasın. Sinfi elə iyrənc iy bürüyürdü ki, heç kəs bu iyə tab gətirə bilməzdi. İki yumurtanı 10 yumurta ilə əvəz etdikdə isə ümümiyyətlə dözülməz bir şey olurdu. Amma ən yaxşısı bunu zəhləniz gedən müəllimin otağında edin. Yumurtanı hər yerdə gizətmək olar. Masanın siyirtməsi, şkafın arxası, vazanın içi. Onsuz da iyin haradan gəldiyini müəyyənləşdirmək çox çətin olur. Amma yenə də ən effektli mübarizə roqatkalar idi. Biz qurğuşundan kiçik daşlar hazırlayırdıq. Onları roqatkadan atdıqda çox ağrıdırdı. Çox vaxt qanadırdı. Bir neçə güllə həmin insanın bütün həftəsini ağrılarla keçirməsinə səbəb olurdu. Amma içimizdən yalnız 10 nəfərdə tapanca vardı. Mən də bu siyahıda idim. Bu tapancaları Abbas Koreyadan sifariş etmişdi. Onların üstün cəhəti o idi ki , tapancalar iki hissədən ibarət idi. Birinci hissə adi əl fənəri digər hissə isə alışqan idi. Lakin bunlar xüsusi olaraq elə düzəldilmişdilər ki, onları birləşdirəndə tapanca alınırdı. Həmin tapanca alışqanın qığılcımı fənərin içindəki boşluqda yerləşən atıcı dəmiri hərəkətə gətirirdi. Güllələrsə lap adi xırda daşlar da ola biləri. Onlar çox bərk ağrıdır, yaralayır, başa tuşlandıqda isə öldürə də bilərdi. Həm də səssiz idilər. Amma hələ ki, heç kəsi öldürmək lazım deyildi. Ən müsbət cəhət o idi ki, bu Koreya tapancaları yalnız bizim üçün buraxılmışdı. Abbasın köhnə tələbə yoldaşlarından biri orada oyuncaq zavodunun sahibiydi. Tapancanı da özü kəşf etmişdi. Polislər tutsaydı heç vaxt buna görə cəzalana bilməzdik. Çünki bu qurğuları birləşdirmək çətin məsələ idi. Heç kəsin ağlına gələ bilməzdi ki, onları birləşdirmək olar. Çünki materialları da rəngləri də, firmaları da fərqli idi. Xüsusi instruksiya isə yalnız bizdə idi. Həm də onları birləşdirmək çətin olsa da bir-birindən ayırmağa bircə saniyə bəs edirdi. Bircə toxunuş. Və iki fərqli əşya. Bu tapancalarla şəhərin mərkəzində gəzirdik. Xoşumuza gəlməyən bütün hadisələrə öz təzyiqimizi göstərirdik. Hansısa qeyrətli bir kişinin qızı dalı-başı açıq-saçıq gəzməyə çıxanda, dalını burcuda-burcuda gedəndə birdən dik atılır. Sonra yanından qan axmağa başlayır. Bu çox kiçik bir yara onun bütün xarizmasını pozur. Camaatı cəlb edən yarı açıq dalındakı yarasından yapışıb ətrafına baxır. Bunu kim etdi? Axı şübhəli heç kəs yoxdu? Elə həmin an ikinci bir güllə çılpaq baldırından dəyir. Qız bu dəfə aradan çıxmağa başlayır. Biz isə yolun qırağındakı kafedə gülüşürük. Çünki bu bizim xoşumuza gəlir. Azad bu dəfə barmağı ilə yoldan keçən “mavi”ni göstərir. Biz tapancalarımızı hazır edirik. Bəzən hədəfimiz adi oğlanlar da olur. O oğlanlar ki bütün günü şəhər mərkəzində sülənib qızlara söz atırlar. Bu xüsusi bir fəsilədir. Biz onları “Ə” adlandırırıq. “Ə” yox, “ƏƏƏ”. Bu uşaqlar avaralar, bekarlar, qanacaqsızlardır. Onlar fahişələrdir. Yəni ki, bütün qadınlara fahişə kimi baxanlar. Onlar üçün ana, bacı, dost anlayışı yoxdur. Onlar çox vaxt məhəllə uşaqları olur. Çaqqallar kimi dəstə ilə gəzirlər. Tək olanda heç birinin səsi çıxmaz, bir yerdə onlar bütün dünyadan öz axmaqlıqlarının acığını çıxmaq istəyərlər. Ona görə özlərindən varlılara söz atır, özərindən ağıllıları təhqir edir, bütün qızların dalınca düşüb onların da nifrətini qazanırlar. Belə çaqqallara görə çox vaxt şəhərdə gəzənlərin əsəbləri pozulur. Onlar cəmiyyətə heç bir xeyri dəyməyən avaralardı. Əvvəlcə bizim sıralarımızdan bir nəfər onlara yaxınlaşır və söhbət təxmini belə olur. - Salam uşaqlar, bayaq yoldan iki qız keçdi ee, siz onlara niyə söz atdınız? Böyükləri tək gələn oğlana baxıb xox gəlməyə başlayır: - Ala , sən kimsən ki, o qızlara atviçatsan? Bizim uşaq səsini qaldırmadan cavab verir. - Qardaşlar, axı o qızların geyimləri də ədəbli idi, özləri də kiminsə bacısıdır, anasıdır bəlkə. Niyə söz atırsınız ki? Bizim uşağın sakit olduğunu görəndə çaqqallar məzələnməyə başlayır: - Uç burdan , uşaxx.. Bizə ağıl öyrədənə bax. Onda bizim uşaq qırağa çəkilib deyir: - Vurmayın məni yoxsa bacılarıma deyərəm gəlib sizi döyərlər. Bu sözdən çaqqallar qaqqıldamağa başlayır. - Buna bax ee , bacılarıma deyərəm. He he he. Sonra bizim uşaq çıxıb gedir. Axşam üstü çaqqallar bir-bir evlərinə dağılışanda bizim qızlar işə başlayır. Hə yadımdan çıxmışdı deyim ki, HOST-da indi qızların sayı artıb. Biz tez-tez idman zallarına gedib qızları HOST-a cəlb edirdik. Karate ilə məşğul olan 15-ə yaxın qızımız var. Onlara “mələklər” deyirik. Axşam çaqqallar evlərinə gedəndə bizim mələklər onları əhatəyə alır. Mələklərimizdə beşbarmaq, taxta, daş, şüşə, bıçaq və başqa soyuq silahlar da olur. Həmin axşam çaqqallar eşşək kimi döyülür. Onlar üçün bundan pis heç nə ola bilməz. Çünki qıza döyülmək ümumiyyətlə inanılmaz bir rüsvayçılıqdır. Onlar içdən sınırlar. Həm də bizim mələklər bərkiyir. Sözsüz ki, biz onları tək qoymuruq. Biz həmişə özümüz qıraqdan baxırıq. Qızlara kömək lazım gələndə biz hücuma keçirik. İşlərimizi görəndən sonra hamımız maşınlara doluşub qərargaha gedirik. Orada günün hesabatı yazılır. Bir gün ərzində kimə nə yaxşılıq etdik. Hansı pislikləri aradan qaldırdıq. Ertəsi gün isə xəbərlərdə bizim haqqımızda danışırlar. Bu bizim çoox xoşumuza gəlir. Məktub Aysel, bir azca da döz. Özünü öldürüb eləmə. Qaçmağa da çalışma. Deyəsən səni oradan çıxarmağın yolunu tapmışam. Mənim məktubumu gözlə. Heç nə eləmə. Sənin tabe olduğun qanunları sənin kimi insanlar yazır. Sən onları sevirsən, sən onların təsirindəsən. Sən onlardan qoruxursan, onlar səni sevir. Onlar səni sevirsə deməli səni məhv ediblər. Kazım dayının çoxlu pulu var idi. Yazıq Kazım dayı ömrü boyu əziyyət çəkib bir təhər üzə çıxa bilmişdi. Kazım dayı yaxşı adam idi. Qohuma-qardaşa əl tutardı, yetimləri oxudub adam eləyərdi. Oğlu Qoşqar isə atasına oxşamırdı. Qoşqar doğulandan pul içində olub, əzab-əziyyətdən xəbərsiz idi. Qoşqarın günü gecəsi barlarda, restoranlarda, çimərliklərdə keçirdi. Dostlarının yanında lovğalanıb, kasıblara yuxarıdan aşağı baxan Qoşqar atasının gül balası idi. Amma atası ona heç nə demirdi. Çünki Kazım dayı Qoşqarda öz itirdiyi cavanlığını görürdü. İstəyirdi ki, oğlu gəncliyin dadına baxsın, kef eləsin, əylənsin. Oğlunun yaşında o daş daşıyırdı. Amma oğlu bu əziyyətləri görməməlidir. O Qoşqarın xoşbəxtliyini istəyirdi. Hər il oğluna yeni avtomobil hədiyyə edir, hər həftə 2000 manat cib xərci verirdi. Qoşqar da pulu sağa-sola xərcləyirdi. Ən bahalı geyimlər, ən gözəl avtomobillər, ən cazibədar qızlar. Bir gün ona daha yaxşı bir şey təklif etdilər. Bu iynənin içindəki cənnət idi. Onu damara vuran kimi Qoşqar dünyanın sahibinə çevrilirdi. Bu ona ləzzət eləyirdi. Qısa bir vaxtda Qoşqar narkotikə alışır və atasından daha çox pul almağa başlayır. Hər dəfə Kazım dayı evə gələndə oğlu onu qarşılayıb əlindən öpür, qucaqlayırdı. Atasına onu çox sevdiyini deyirdi. Sadəlövh kişi də inanırdı. Yuxuya gedəndə də oğlu gizlincə cibindən pulları əkişdirib heroinə xərcləyirdi. Amma bu gün ata ilə oğul tamam başqa vəziyyətdə idilər. Onlar qaranlıq bir otaqda üzbəüz duran iki dirəyə qalın kəndirlərlə bağlanmışdılar. Ata ilə oğul üz-üzə durmuşdular. Ikisini də bərk bağlamışdılar. Oğulun əlində tapanca da vardı. Tapanca iplə Qoşqarın əlinə sıx bağlanmış, atasına tərəf tuşlanmışdı. Onu yerə ata bilmirdi. Kazım dayı fikirləşirdi. Dünən saunada hiss elədi ki, gözü qaralır. İndi də tanımadığı qapalı bir yerdə oğlu ilə üzbəüz. Bu nə məsələdir? Qoşqar da qorxurdu: - Atacan, bura haradır? Biz haradayıq? - Bilmirəm. Bizi niyə bağlayıblar? O tapanca nədir? - Atacan, xəbərim yoxdur. Elə bu an otağın qapısı açıldı və içəri qara geyimli bir adam daxil oldu. - Atalar və oğullar. Heh. Atalar və oğullar. Maraqlı şouya hazırsınız? Kazım dayının gözləri bərəldi. - Nə şou? Bura haradır? Sən kimsən? Heç bilirsən kimi tutmusan? Mən burdan çıxan kimi sənin başını kəsdirərəm! - Hmm. Sən burdan çıxmayacaqsan. - Nə? - Səni oğlun öldürəcək. Otağa sükut çökdü. Ata oğula baxırdı, oğul qara geyimi adama, sonra əlindəki tapancaya, atasına sonra... Heç nə başa düşmək olmurdu. Qoşqar dedi: - Yox, nə danışırsan? Nə istəyirsən bizdən? Qara geyimli otaqda gəzişə-gəzişə dedi: - Mən sizdən heç nə istəmirəm, amma Qoşqar bir azdan məndən bir şey istəyəcək. Bu sözü deyib qara geyimli maye ilə dolu şpritsi küncdəki masanın üzərinə qoydu. Sonra dedi: - Kazım dayı, yəqin xəbəriniz yoxdu ki, oğlunuz narkomandır. İndi bilirsiniz. Oynayacağımız bu oyunda səmimi olmaq lazımdır. İndi mən Qoşqarın tapancasına bir güllə salacağam. Sonra qonşu otaqda uzanıb kitab oxuyacam. Bir müddətə Qoşqar narkotik istəyəcək. Qoşqar, görürsən də o masadakı ləzzətli iynəni. Bəh-bəh-bəh. Bu ləzzəti sənə ancaq mən verə bilərəm. Təbii ki, bir şərtim var. Sən gülləni atanın alına vurmalısan. Onsuz da elə tətiyi çəksən güllə alına dəyəcək. Qoşqarın sağ əli - tapancalı əli düz atasının alnına tuşlanmış şəkildə başqa bir dirəyə bağlı idi. Ona görə Qoşqar tapancanın istiqamətini dəyişə bilmirdi. Onu tərpədə bimirdi, tətiyi çəksəydi atası öləcəkdi. Qarageyimli davam etdi: - Qaydalarla tanış oldunuz. Qoşqar tətiyi çəkir, sizi öldürür, mən ona narkotik verirəm. Oyun üç gün davam edəcək. Əgər üç gün ərzində oğlunuz sizi öldürməsə ikinizi də azadlığa buraxacağam. Söz verirəm. 3 gündən sonra azadlığa çıxırsınız. Ona görə mehriban olun. Bu sözü deyib qara geyimli tapancaya bir güllə salıb otaqdan çıxdı. İrəlidə üç gün var idi. BİRİNCİ GÜN - Qoşqar sən narkomansan? - Yox ata nə danışırsan? Əlbətdə ki, yox. - Bəs bu nə deyir? - Nə bilim bəlkə sənin düşmənindi bizi tutub? - Mənim düşmənim yoxdu. Hey. Ayyy. Eyy eşidirsən bizi? Sənə nə qədər istəsən pul verərik. Burax bizi. Eyyyyy - Ata, deyəsən heç kəs yoxdu. Bəsdi qışqırdın. - Burdan çıxmağın yolunu tapmalıyıq. - Ata, necə çıxaq? Çıxart bizi burdan. Qurban sənə çıxart bizi. -ııı.. hğğğğğ....mm.. İp çox bərk bağlanıb tərpənə bilmirəm. - Mən də. hğğrrmmm - Ehtiyatlı ol tətiklə. İKİNCİ GÜN Qoşqarın rəngi dəyişmiş, gözləri qızarmışdı. Kazım dayı isə gümrahlığın saxlayırdı. O uşaq olandan aclığa susuzluğa öyrəşmişdi. Amma Qoşqar əsirdi. Hərdən qışqırırdı. Atası soruşanda niyə qışqırırsan? Deyirdi ki, susuzluqdandır. Amma susuzluqdan bu cür qışqırmazdılar. Günün axırı Qoşqar ağlayırdı, tez-tez tüpürürdü. Kazım dayı şübhələnməyə başlamışdı. O başa düşürdü ki, Qoşqar susuz deyil. Susuzluqdan adam udqunar, tüpürməz. - İtin balası, narkomansan? -Yox. - Gədə, mənə yalan danışma. -Yox. Amma Qoşqarın gözləri qaçırdı. Kazım dayı çox əsəbi idi. - Mən də elə bilirdim ki, ağlın başındadır. Gör özünü nə günə qoymusan. - Hə, iynə vururam hərdən, rahatlandın? Hə, vururam. Nə edim? Mən də beləyəm. Nədir olmaz? Pul var da. - Qoduğ, pul mənimdi. Sənin nəyin var? Mənim halal zəhmətimi iynəyə verirdin? -Ata, bağışla.Vərdişdi də. Nə edim? Mən səni sevirəm. Bağışla. - Yaxşı bala, Bir gün qalıb. Söz verib ki, bizi buraxacaq. Onda həkimə gedib səni sağaldarıq. Eyyy axmağ, eşidirsən bizi? Bir gün qalıb. Oğlum məni dəlicəsinə sevir. Axmaq, heç o məni vurar? Ağlın özünə getməsin. Buradan çıxan kimi səni tapacam. ÜÇÜNCÜ GÜN Kazım dayı gözünü örtüb başını dirəyə söykəmişdi. 3 gecə ayaq üstə yatmaqdan bütün beli göynəyirdi. Qoşqar da tər içində ağzı köpüklü damarları şişmiş, dişləri əsə-əsə atasına baxırdı. O dözə bilmirdi. Sümüklərində ağrı vardı. Masadakı iynəni görəndə dəli olurdu. Bəlkə atasını vursun? Bəlkə ..bəlkə.. O dözə bilmirdi, içindəki səslər onu gic edirdi. Bəlkə vurasan? Qoşqar, bəlkə vurasan? Qoooşşqarrr. Qooşşqaaarrr... Ay uzun saç qara göz ağıllı iynəm mənim. İynəəəəə... He, he, he, he, iynə. İynəəə. İynəcik. Düyməcik. He he he. İynəəə. Miyələk, kəpənək, unitaz... He.. unnnn iit zzzzzz....Vur o cındırı! Vur! Vur! Vur! Tətiyi çək! Cındır Kazım. Vur o qoca kaftarı.. Cır ağzını onun..yox yox , vurma..vurma.. Yox, sakitləş Qoşqar bircə gün qalıb..Bircə gün. Vurma, səni türməyə salarlar.Vurmaq olmaz. Elə bu an içəri qarageyimli adam daxil oldu. - Salam uşaxlar, necəsiz? Bəlkə bir gün də artıraq? Yox iki gün, iki günə buraxaram sizi. Qoşqar, niyə vurmursan ee bunu? Vur canın qurtarsın da. Onu öldürən kimi səni azad edəcəm. Bir dənə yaxşı xəbərim var sənə Kazım dayı keçən həftə vəsiyyətnamə imzalayıb - bütün mülkünü sənin adına keçirib. Kaftarı vurursan, iynəni verirəm, əlavə olaraq bank hesabına da 7 milyon dollar. Necədi? Əlində də əlcək var. Tapancada heç barmaq izin də qalmayacaq. Kazım dayı bağırdı. - Alçaq bəs dedin, 3 günə buraxırsan? Sabah buraxmalısan bizi. Sabah səhər açılan kimi. -Yaxşı, oldu söz vermişəmsə buraxacam. Bu sözü deyib qarageyimli otağı tərk etdi. Qoşqarın damarları qaşınırdı. İynə iynə iynə iynə, ata, iynə, iynə, ləzzət, ata, vicdan iynə, pul, kef, 7 milyon, iynə, ata, iynə iynə.. “Oğlum necəsən? ” iynə iynə, “ Qoşqar eşidirsən məni? Ağlını itirmə “iynə iynə” Bala 5 -6 saat qalıb” - Bilirəm də nə qədər qalıb. Qoyun deyiləm ki, nə qışqırırsan? - Mən sənin atanam. - Mən də sənin oğlun, çox şad oldum tanışlığımıza. Nə olsun. Atama bax. Mənə öyrətmə nə etmək lazımdır. (iynə iynə iynə iynə, vur onu bütün pullar sənin olacaq) özüm bilirəm (iynə ev maşın pul) - Oğul əlini çək tətiydən. Bala, bağışla atanı, bağışla. - Nə? (iynə, heç kəs bilməyəcək. Deyəcəm məcbur ediblər.) - Qoşqar, qurban sənə, qurban olsun atan sənə. Oğlum mənim canım balam, gözümün işığı bircə oğlum. ....“PART”....... Qara rəngli Makarın gurultulu səsi Qoşqarın qulaqlarını batırdı. Tapancanın lüləsindən süzülüb çıxan tüstüdən gözəl barıt ətri gəlirdi. Otağa qara geyimli girib iynədəki narkotiki Qoşqarın damarına vurdu. Qoşqar gözlərini yumub sakitləşirdi. Kazım dayının isə gözləri bərələ qalmışdı. Onun baxışı oğluna yönəlmişdi. 20 il əzizləyib böyütdüyü oğluna. Kazım dayı heç nə eşitmirdi çünki eşidə bilmirdi, Kazım dayı heç nə görmürdü çünki baxa bilmirdi. Dodaqları donub qalmış, nəfəsi kəsilirdi. Oğlu ona atəş açmışdı. Qara geyimli adam Qoşqarın qollarını açdı amma o ləzzət içində olduğundan yerə yıxıldı. Sonra Kazım dayının qollarını açdı. Kişi ayaq üstə donub qalmışdı. Qara geyimli otağı tərk etdi. Uzaqdan avtomobil mühərrikinin səsi yerə sürtünən təkər səsinin uğultusunda yox oldu. İndi otaqda iki nəfər qalmışdı. Yerə uzanıb ləzzət alan oğul və ayaq üstə durub oğluna nifrətlə baxan ata. O oğluna baxıb iyrənirdi. Nə deyəcəyini bilmirdi. Tapancaya qoyulan güllə boş olduğundan ataya heç nə olmamışdı.. Sadəcə gurutulu səs çıxaran tapanca atanı mənəvi cəhətdən yaralamışdı. Oğul ləzzət içində atasına baxır və elə bilirdi ki, bu onun gözünə görünür. Əslində isə ata sağ idi. Ata sağ idi. Amma bu gündən onun üçün oğul ölmüşdü. Sənin gözlərin kordu. Çünki görmək istəmirsən. Sənin tanımadıqların sənə özgədir. Sənin bilmədiklərin sənə yaddır. Sən öyrəşdiklərindən iki əlli yapışırsan. Sən anasına sarılmış uşaq kimisən. Böyüməkdən qorxursan. Ayseli qaçırmağın yolunu tapmışdım. Silahlı hücumla heç nə etmək olmazdı, qaçmaq da mümkün deyildi. Darvazanı gözətçilər qoruyurdu. Hasarlar da hündür idi. İşçilər gəlib gedəndə vəsiqələrini təqdim edirdilər. Aysel darvazadan bayıra ancaq Divin özü ilə çıxa bilərdi. Amma o da yanında cangüdən gəzdirirdi. Qız qaçsaydı onu tutardılar. Aysel qaça bilməzdi amma onu qova bilərdilər. Ona görə qələmi götürüb Ayselə sonuncu məktubumu yazdım. Məktub Aysel, canım, gözüm, səni xilas etməyin yolunu tapmışam. Bazar günü səhər saat 11-də villanın həyətində fəvvarənin qırağında oturarsan. Div ilə çəkdirdiyin şəkilləri də gözəl bir albomda yerləşdirib özünlə gətirərsən. Onun sənə aldığı bütün bər bəzəkləri, üzükləri də tax. Cazibədar geyin, çox gözəl olmalısan. Parlaq bir şey geyin. Ən vacib şeyləri vəsiqəni zadı, özünlə götür. Qayıtmaq imkanı yoxdur. Saat 12-nin yarısı üçün bir qonaq gələcək. Özünü çox həyasızcasına, hörmətsiz apar. Gələn qonağın bütün suallarına acı, sərt cavab ver. Nə soruşsa “hə” cavabını ver. Sonra albomu qonağa göstər. Qonaq əsəbiləşən kimi cangüdənlərə de ki onu sənin villandan iti qovan kimi qovsunlar. Səni Qara BMW-də gözləyəcəm. Bağışla ətraflı yaza bilmirəm. Divə görə narahat olma. Bazar günü şəhərdə olmayacaq. Öpürəm, sevirəm, güclü ol balam, güclü ol. BAZAR GÜNÜ Səhər saat 10-da Abbasın tapdığı nömrəni yığdım. Bir az gözlədikdən sonra telefonu bir qadın götürdü. - Alo? - Alo, Rasimə xanımdı danışan? - Bəli, siz kimsiniz ki? - Rasimə xanım, sizdən çox-çox üzr istəyirəm amma sizinlə danışmalıyam. - Siz kimsiniz ki? - Xanım, məni tanımırsınız. Mən ərinizin köhnə işçilərindənəm. Adım Tofiqdir. - Bəli, Tofiq müəllim, buyurun. - Rasimə xanım, sizin ərinizlə bağlı bir şey bilirəm. Amma bilmirəm bunu sizə necə deyim. Əgər mümkün olsa sizinlə görüşmək istəyərdim. Sizi bir yerə aparmaq istəyirəm. Ərinizin ikinci evinə. - İkinci ev? - Bəli, Rasimə xanım, o sizə xəyanət edir. Mən dəqiq ünvanı bilirəm. İstəyirsinizsə sizi apara bilərəm. - Siz haradasınız ki? - Elə sizin həyətdəyəm. Qorxmayın sizi aldatmıram. Sadəcə istəmirəm ki, sizin kimi alicənab xanımı kimsə aldatsın. - Hmm..Yaxşı, indicə gəlirəm. - Gözləyirəm. Saat 11 üçün Rasimə xanım artıq Ayselin villasının qarşısında idi. Onu taksi ilə gətirmişdim. Əlimlə darvazanı göstərib dedim: - İndi sizin əriniz burda deyil, amma onun məşuqəsi buradadır. Özünüz əmin ola bilərsiniz. Aysel, fəvvarənin qırağında oturub tez-tez saata baxırdı. O bilmirdi nələr olacaq. Amma dediklərimin hamısını yadda saxlamışdı. Albomu fəvvarənin qırağına qoyub özünü hansısa vacib bir görüşə hazılayırdı. Cangüdənlər ona baxıb nə üçün səhər-səhər bura gəldiyini anlamağa çalışırdılar. Saat 12-yə işləyirdi. Aysel heç kəsin gəlməyəcəyini düşünürdü. Amma yenə də mənim sözümü yerə salmaq istəmirdi. Son ümid hələ də vardı. Albomda Divlə şəkillərinə baxıb özünə nifrət edirdi. Yalançı gülüşlər, süni xoşbəxtlik. Həyatının ən gözəl illərini bu əclafla itirəcəyini düşünürdü. Birdən darvazanın zəngi çalındı. Gözətçilər ekrandakı şlyapalı nəhəng qadına baxan kimi əsməyə başladılar. Bu rəisin arvadı idi. Onlardan ikisi tez tələsik onu qarşıladılar. Rasimə xanım içəri girib gözətçilərə baxdı. Onların bir neçəsini tanıyırdı. Gözətçilər də onun sərt xasiyyətinə bələd idilər. Rasimə xanım, onlara baxıb dedi: - Bıyy. Siz indi burada işləyirsiniz? Onlar baş əyib gülümsədilər : - Bəli Rasimə xanım, bəli. - Necəsiniz, iş necə qane edir? - Əladır xanım, şükür Allaha, hər şey yaxşıdır. Rasimə xanım lovğa-lovğa həyətə daxil oldu: - Hmm, pis deyil. Çox gözəl bağçadır. Çox gözəl. Bəs bu qız kimdir? Qızım, sən kimsən? Aysel artıq rola girmişdi. O heç ayağa qalxmadan tərs-təsr baxıb dedi : - Mən kiməm? Əvvəlcə de görüm sən kimsən? Rasimə xanım yavaş-yavaş Ayselə yaxınlaşırdı. Gözətçilər heç nə edə bilməzdilər. Rəislərinin arvadı onlar üçün toxunulmaz idi. Xanım Ayselə baxıb soruşdu. - Yaxşı sən kimsən? - Mən Ayseləm. - Sən mənim ərimlə tanışsan? Bu sualdan Aysel qarşısındakının kim olduğunu bilib bir az da ürəkləndi. - Mən sənin ərinin sevgilisiyəm. - Sən bilirdin ki,onun arvadı var? - Hə. - O buranı səninçün tikdirib? - Hə. - Nə utanmaz qızsan... Fahişə. Fahişə.. - Buyurun bu Albomu. Görün nə qədər şey itirmisiniz. Rasimə xanım albomu vərəqlədikcə gözləri dolurdu: - Alçaq, məni aldadıb. Alçaq. - Xanım, mən sizin nazınızla oynamaq istəmirəm. Gedirəm cakuziyə çimməyə. Siz artıq qocalırsız. Başa düşmürsüz? O məni sevir. - İt qızı it. Səni bilirsən nə edərəm? Aysel vaxtın çatdığını görüb dedi: - Gözətçilər, qovun bunu burdan iti qovan kimi. Bu sözü eşidən Rasimə xanımın gözləri bərəldi. O dişlərini sıxıb dedi: - Sənin evindi, ay əski, ay cındır. İtin balası. Məni qovsunlar? Məni ərimin evindən qovacaqlar? Gözətçilər, qovun bu fahişəni burdan. Tez eliyin bunu gözüm görməsin. Ərim gələnə qədər onu burada gözləyəcəyəm. İt qızı it. Rədd ol burdan. İtil gözümdən. Qapıçılar gəlib Ayseli tutdular. Rasimə xanım gözünü yerdən çəkmədən sakitcə dedi: - İşdən qovulmaq istəmirsinizsə bir kəlmə demədən atın bu zibilçəni bayıra.Tez! Yekəpərlər Ayselin incə qollarından yapışıb onu darvazaya tərəf sürütləməyə başladılar. Aysel yalandan ağlayırdı. Onlar çox pis vəziyyətdəydilər. Rəisin arvadının sözündən çıxa bilməzdilər. Bir fahişə az bir fahişə çox. Amma arvad, ailə bir dənədir. Rəis bilsə ki, onun arvadına qarşı çıxıblar, onların bellərini qırardı. Ona görə də Ayseli sürüyüb darvazadan bayıra atdılar. Aysel iməkləyə-iməkləyə onlardan uzaqlaşdı. Sonra ayağa qalxıb yavaş-yavaş getməyə başladı. Qaçsaydı ondan şübhələnə bilərdilər. Arxadan Rasimə xanım bağırdı: “İtil burdan, bir də səni gözüm görməsin”. Aysel də ürəyində dedi “inşallah”. Mən Qara BMW-ni Ayselə tərəf sürdüm. O, avtomobilin qapısını açıb yanımda oturdu. Tez maşının nömrəsinin yanındakı işığı yandırdım. İndi o parıldayırdı və nömrə görünmürdü. Yaxında polis yox idi. Amma gözətçilərin nömrəni bilməsi təhlükəli olardı. Sürəti artırıb dar küçələrlə Villadan uzaqlaşırdım. Aysel isə dizlərini qucaqlayıb ağlayırdı. ... Avtomobili düz şəhərdən kənara dənizin sahilinə sürdüm. Sevgilimi 100 ildir görmürdüm. Onun mavi gözləri mənimçün bu dənizdən qat-qat gözəl idi. Həyatımın yeganə sevinc işığı yanımda idi. Biz əl-ələ sahilin kənarı ilə gəzirdik. Belə yerdə sözlərdən istifadə etmədən də hər şey aydın olur. Bu gözəl sükutu pozmaq istəmirdik. Bir az sərin torpağın üzərinə yıxılıb öpüşməyə başladıq. Onun isti nəfəsi, titrək əlləri, ipək saçları, dəniz, səma... Sevgi ağlımı başımdan almışdı. Aysel mənə indi əvvəlki kimi baxmırdı. İndi o mənə qəhrəman kimi baxırdı. Mən onu xilas etmişdim. Mən onu sevirdim. Zaman donmuşdu. Dodaqlarımızın qeyri-iradi rəqsində ehtirasla bərabər inanılmaz bir harmoniya və rahatlıq var idi. Bu öpüş susmurdu. Bu öpüşlə biz hər şeyi bir-birimizə danışırdıq. Tənha soyuq gecələrdən, göz yaşı ilə dolu məktubları yadıma salıb onu daha da bərk, daha da bərk öpürdüm. Qollarım onun uzun saçlarının içində itmişdi. O da mənim ağır çiyinlərimin altında qısılıb qalmışdı. Biz bir yerdə idik. Bu gündən sonra bizi heç kəs ayıra bilməzdi. Gün batana kimi qucaqlaşdıq. Hava sərinləşəndə mən avtomobilə keçməyi təklif etdim. O da sözə baxan uşaq kimi əlimdən tutub maşına mindi. Dənizin dalğaları artmışdı. Külək ləpələri uzaqakı qayalara çırpdıqca ürəyimin onlardan daha bərk çırpındığını hiss edirdim. Qəribə bir özündən razılıq vardı içimdə. İndi başa düşmüşdüm ki, nə üçün insan yaradılanaların ən üstünüdür. Ürəyə görə. Bir ürək, günəşdən də isti, buzdan da soyuq, qayadan da sərt, dənizdən də çılğın, bulaqdan da təmiz, səmadan da uca, ulduzdan da parlaq, çiçəkdən də incə ola bilərdi. Həm də bu hər an dəyişirdi. Mən bunu sevəndə anlayırdım. Ikinci qanadım yanımda idi. Bəlkə ona görə bu qədər yüksələ bilmişdim. Aysel sükütu pozub dedi: - Hələ də inana bilmirəm ki, məni xilas elədin. Elə bilirəm ki, yuxudur. Onu yavaşca dişlədim. - Ayy. Neyləyirsən, dəli, incidir axı. - Görürsən, yuxu deyil deməli. - Avara, necə darıxmışdım bu gicliylərinçün. Anar, bəs indi nə olacaq? - Nə olmalıdır ki? - Biz hara gedəcəyik? Maşında qalacağıq? - Heh, maşında niyə qalırıq? Gedirik qərargaha. - Ora haradır? - Gedəndə görəcəksən. Qısaca belə deyim “YENİ DÜNYA”. Məntiq elmində A universal pozitiv düşüncənin simvoludur- “ bütün x-lər y - ə bərabərdir” Hindistanda A uşaqların baxması qadağan olan filmlərin işarəsidir. Kart oyunundan A tuzu bildirir. Siyasətdə A anarxizmin işarəsidir. Qərargaha çatanda hər kəs əsas otaqda yeni gəlmiş bir oğlanın hekayəsini dinləyirdi. İşıqlar sönmüşdü. Ayselə başa saldım ki, qaranlıqda insanlar sirrlərini, etiraflarını daha rahat danışa bilirlər. Oğlanın səsində həyəcan hiss olunurdu: - Mən bir qızı sevirdim. Bu mənim ilk və son məhəbbətim idi. Gecə gündüz onu ağlımdan çıxara bilmirdim. Hər gün onu universitetin həyətində görəndə ürəyim az qala yerindən çıxırdı. O çox qəşəng idi. Mən də kasıb oğlan. Heç nəyim yox idi. Universitet kitablarını da almağa pulum çatmırdı. Evdə ancaq qoca atam işləyirdi. O da az maz maaşla yeməyimizi güclə təmin edirdi. Qızın sinifi bizim siniflə üzbəüz idi.Öyrənmişdim ki, səhərisi gün ad günüdür. Nə isə alıb axır ki ona yaxınlaşmağa qərar vermişdim. Mənim də pulum yox. Heç olmasa bircə dəstə gül olsaydı.Uşaqlar, bilirəm yəqin ki, sizə bu maraqsızdır, amma vallah, mənim sevgimi anlaya bilsəydiniz görərdiniz ki, bu mənim üçün necə böyük faciə idi. 3 il sevdiyim qıza yaxınlaşa bilmirdim. Yolda bir bahalı maşın dayanmışdı. İçəridən çıxan oğlan maşının sağ tərəfinə baxıb söyməyə başladı. Mən də maşının sağına baxdım ki, görüm nə olub. Heçç. Boş bir şey bir az palçığa batmışdı. Adi ləkə. Amma oğlan elə baxırdı ki, elə bil dünya dağılıb. Sonra mənə baxıb dedi : - Qaqaş burda bilmirsən harada moyka var? Mən cavab verdim ki, yaxınlarda yoxdu. Gərək Yasamal tərəfə gedəsən. O da saatına baxıb dedi: - Vayy nə zibilə düşdüm. Mənim cəmi, 10 dəqiqə vaxtım var. Mən də dedim ki, əski götürüb silsin də burda nə var ki, lap kiçiy ləkədir. Palçığdı da, boya deyil ki. O gülümsədi: - Yoox, mən durum maşın silim? Dəli olmusan? Ayıbdı. Onda mən köməyimi təklif etdim. O da razılaşdı. Mənə əski ilə xüsusi maye verdi. Dedi ki, 10 dəqiqən var. Mən dizim üstə çöküb maşının qırağını təmizləməyə başladım. O da maşının içində oturub açığ pəncərədən tələsməyimi əmr edirdi. Deyirdi ki, bu gün bir qızı dərsdən götürməlidir. Sonra qəhqəhə ilə deyirdi ki, bu gecə onunla çox əylənəcək. O artığ onun maşınında oynadığı 18-ci qız olacaq. Onunla yatan kimi keçəcəy 19 –a ..Cavanlıqdı daa. Mən ləkəni silib ayağa qaxdım. O da mənə çox sağ ol əvəzi 10 manat uzatdı. Mən dedim ki: - Pul lazım deyil. Amma ürəyimdə arzuladım ki, o bir dəfə də təklif etsin. O ikinci dəfə təklif edəndə pulu götürdüm. Tez cumdum çiçək dükanına. Bir dəstə gül alıb sevgilimə ad günü hədiyyəsi etməyə gedirdim. Universitetdə dərslər 5 dəqiqə əvvəl qurtarmışdı. Siniflər boş idi.Onda gül dəstəsi ilə həyətə düşdüm. Orada da yox idi. Universitetdən çıxıb küçədə onu axtardım. Amma heç yerdə yox idi. Nə isə sonra yəqin başa düşdünüz onu harda gördüm . Həmin oğlanın maşınına minmişdi. Oğlan da onunla həmin gecə əylənəcəkdi. Bilirsiz, sizi tanımırdım o vaxtlar. Özümü öldürmək istəyirdim. Mənim sevgilim mənə tərəf heç baxmırdı. Amma hansısa cındırın əlində oyuncaq olmağa hazır idi. Böyük maşınlarda oğlanlar yəqin olduqlarından böyük görünürlər. Mən avtobusla gedib gələn uşağam, mənim elə şeylərdən başım çıxmır. Hərdən fikirləşirəm ki, yəqin səhv düşünürdüm. Bəlkə o oğlanla o qız xoşbəxt olacaq? Nə bilim bəlkə də xoşbəxt olacaq. Heh... Amma o heç mənim adımı da bilmir... Hmm. Başqa heç nə danışmaq istəmirəm. Bağışlayın. Özümü pis hiss eləyirəm. Qaranlıqda kimsə qışqırdı. “O sənə layiq deyil.Yadından çıxart”. Sonra başqa bir qız səsi gəldi. “İstəyirsən mən sənin sevgilin olum”. Sonra hamı gülüşdü. Azadın səsini eşitdim - “Qardaş sən tək deyilsən, özünü öldürməyi ağlından çıxart. Çox sağ ol ki, dərdini bizimlə bölüşdün”. Sonra başqa bir oğlan çıxıb öz hekayəsini danışdı. Sonra başqası. Bu davam edirdi. Dəqiq deyə bilməzdim sayımız nə qədər olub. Amma ən azı 400-ü keçmişdi. İşıqlar yananda Ayseli Aynurla tanış etdim. Aynur onu qızların otağına apardı. Ayselin parlayan gözlərini görürdüm. Ona bütün bunlar çox qəribə gəlirdi. Lap özümün ilk günlərim yadıma düşürdü. Amma o vaxtdan artıq 5 ay keçmişdi. Mən HOST-un əsas üzvlərindən biri idim. Amma hələ də A ilə görüşə bilməmişdim. Belə başa düşdüm ki, o ancaq xüsusi adamlarla görüşür. Yəqin istəmir ki, onu üzdən çox adam tanısın. Bəlkə elə bu dəqiqə uşaqların içində oturub? Bəlkə o xüsusi bir otaqda gizli kameralardan bizi izləyir? Hər halda o çox ağıllı idi. Qısa vaxtda özünə bu qədər tərəfdar toplaya bilmişdi. Bütün şəhər ondan danışırdı. Ayseli xilas edəndən sonrakı 3 ay mənim həyatımın ən xoşbəxt ayları idi. Bu 3 ayda biz tez-tez Qərargahda qalırdıq. Onunla xoşbəxt idim. HOST inkişaf edirdi. Sayımız hər gün artırdı. Uşaqlarımızın öz mahnıları, öz rəsm sərgiləri, öz tamaşaları olurdu. Bəzi uşaqlar birlikdə kafe açmışdılar. Digərləri jurnal çap edirdilər. Bakının mədəniyyət aləmində vacib simalardan birinə çevrilirdik. Elə adi cinayətkarlardan da bizi ayıran mədəniyyət və incəsənət idi. Biz bir pislik edəndə (əslində o da yaxşılıq idi) bir dənə də yaxşılıq edirdik. 3 ay ərzində elə şeylər baş vermişdi ki. Bizim ideologiya bütün Baki gənclərini öz ətrafında birləşdirmişdi. Qısa bir vaxtda bütün şəhər qara geyimə keçmişdi. Bizim xüsusui köynəklərimiz satılırdı. Üzərində yumruq işarəsi var idi. Bu mübarizənin və birliyin rəmzi idi. Bakıda bir dənə də fahişəxana yox idi. Müəllimlər rüşvət almırdı. Açıq-saçıq paltarda heç kəsi görmək olmazdı. Hərdən bizə deyirdilər ki, bu səhvdi. Biz də deyirdik - Hə, səhvdi. Amma yenə də öz bildiyimizi eləyirdik. Evdəkilərlə demək olar ki, danışmırdım. Hərdən anam göz yaşlarını silib deiyirdi ki, artıq mən onu sevmirəm. Mən də heç nə deyə bilmirdim. Çünki doğrudan da anamı sevə bilmirdim. Nə anamı, nə atamı. Çünki onlara artıq təkcə valideyn kimi yox, həm də tarixin bir hissəsi kimi baxırdım. Onlar aciz idilər. Bizim də acizlərdən zəhləmiz gedirdi. Əsl acizlər öz acizliklərini gizlədənlərdi. Əgər bir dəfə atam mənim yanımda ağlayıb desəydi ki, xoşbəxt deyil, bəlkə onu başa düşə bilərdim. Amma o deyirdi ki, bala ağlını başına yığ. Gedib gic-gic adamlara qoşulursan. Günlərlə evdə tapılmırsan. Haralara gedirsən? Bəlkə narkomansan? Bəlkə cinayətkarsan? Mən isə cavab vermirdim. Qərargahda mənə böyük adam kimi baxırdılar. Mən HOST-un əsas üzvlərindən biri idim. Azadla türmədən qaçmağımız indi dastana çevrilmişdi. Ayseli villadan qaçırmağımız haqda hekayələr yazılırdı. Mahnılarda bizim adımız çəkilirdi. Özü də artıq bir yox, bir neçə qərargahımız vardı. Daha dəqiqi 9 qərargah. Pullar haradan gəlirdi? Düzü heç bilmirdim. Abbas nə isə danışırdı. Amma dəqiq başa düşə bilmirdim. HOST-a daxil olanlar hər ay fonda 3 manat ödəyirdilər. Əvvəl bu az idi. Amma indi say artmışdı. Aya 20000-ə yaxın pul gəlirdi. Həm də disk satışları, jurnal, qəzet, oğurluq. Hə oğurluq. Oğrudan oğurlamaq oğurluq deyil. Çox vaxt barlara hücum edib, içəridəki aparaturanı, qızların bəzəklərini oğurlayırdıq. Özlərini də çırpışdırırdıq. Bizə deyirdilər ki, bu səhvdi , biz də deyirdik ki, hə bu səhvdi. Amma yenə də bildiyimizi edirdik. Müəyyən bir hissəmiz şantajla məşğul idi. Pullu daydaylar qəşəng qızlarla yatmağı xoşlayırdı. Amma hərdən öpdükləri qəşəng qızlar donlarını çıxaranda məlum olurdu ki, onlar kişidir. Həm də transvestit. Həm də gizli kameralı. Sonradan bu adamlara məktub gəlirdi. Onlar da bu biabırçılıqdan qaçmaq üçün bizə yaxşı pul verirdilər. Pulları alandan sonra biz ikinci məktubu göndərirdik. Burada həmin məbləğdə əlavə pul qarşılığında həmin transvestitin ünvanını satırdıq. Beləcə bir daşla iki quş. Bizə deyirdilər ki, bu əclaflıqdı. Biz də deyirdik ki, hə əclaflıqdı. Amma yenə də bildiyimizi edirdik. Boyunbağılar, qızıllar, bilərziklər bunları içi boş qadınlar taxıb özlərini qiymətli göstərmək isəyirdilər. Amma kasıblar acından ölürdü. Boyundan sallanan o qır-qızıl başqa bir ailənin 3 ay dolanmasına kömək ola bilərdi. O bilərziklə balaca oğlan məktəb kitablarını alıb dərslərini öyrənə bilərdi. Soyuq gündə ata daxmalarının damındakı qırıq şiferi dəyişə bilərdi. Day yuxarıdan yağış yağanda otağa su tökülməzdi. Ana həmin bilərziyin puluna uşaqlarına meyvə ala bilərdi. Balaca oğul dərsdən gəlib dadlı şirin portağalı soyub ləzzətlə marçıltı ilə dilim-dilim ötürərdi. Balaca bacısı ilk dəfə portağalla tanış olardı. Amma indi o qızıllar kiminsə yarıçılpaq döşlərini daha da qabardır. Ona görə biz oğurlayırdıq. Oğurlayırdıq ki, kasıblara paylayaq. Bizə deyirdilər ki, bu ədalətli deyil. Biz də deyirdik ki, hə, bu ədalətli deyil. Amma ədalətin özü də ədalətli deyil. Aysel Qərargahdakı qızlarla dostlaşmışdı. Onlar birlikdə qadınlar üçün jurnal çap edirdilər. Bu jurnalda daha seksual yox daha sevimli olmağın sirrləri öyrədilirdi. Burada uzun burunu əməliyyatla kəsdirmək yox, uzun burunu başqalarının işinə soxmamaq öyrədilirdi. Arıqlamaq üçün də bahalı trenajorlar, dərmanlar lazım deyildi. Sadəcə hərdən öz eviniz təmiz olandan sonra qonşuya da otağlarını təmizləməkdə xalçalarını yumaqda kömək etmək kifayət edərdi. Hər şey çox yaxşı gedirdi. Əvvəl elə bilirdim ki, bizim tərəfimizdə heç kəs olmayacaq. Amma bir il ərzində bu qədər gəncin bizimlə eyni düşüncəli olduğunu görəndən sonra mən artıq əminəm ki, biz dünyanı dəyişə bilərik. Abbas da elə bunu deyirdi. Uşaqlar Bakı bizim əlimizdədir. Sayımız artıq günlə yox saatla artır. Hər bir sivilizasiyanın inkişafında bir dayanma nöqtəsi olmalıdır. Artıq dünyada hər kəsin xoşbəxt yaşaya biləcəyi qədər texnologiyalar kəşf olunub. Biz bu gün buradan səsimizi dünya çatdırırıq. Və deyirik. Bəsdir. STOP. Həyat çay stəkanı kimidir. Onun içinə qaynar su doldururuq. Amma həddini aşmadan. Əgər stəkana öz həcmindən artıq su töksək öz əlimizi yandırarıq. BƏSDİR. Danışan robotlara ehtiyac yoxdur. Xəstəxanalardakı lallara kömək edin. Əlavə silaha ehtiyac yoxdur. Əlavə dərmanlar istehsal edin. Kosmosda həyat axtarmaq lazım deyil. Kasıb ölkələrdə gündə minlərlə insan həyatı məhv olur. Onları tapmaq lazımdır. Onlarla dostlaşmaq lazımdır. 300 milyarda bir raket Marsdan başqa canlı gətirəcəksə həmin pula öz planetimizi elə gözəl edə bilərik ki, başqa canlılar özləri buraya gəlmək istəsinlər. Bəsdir. Gəlin istehsalı dayandırıb bölüşdürməni başlayaq. Siz evlərinizi gizli kameralarla təchiz edirsiniz. Siz cangüdənlər tutursunuz. Siz silah alırsınız. Çünki həyat təhlükəlidir. Hər an kimsə gəlib sizi oğurlaya, öldürə bilər. Sizi öldürən bəlkə 10 il əvvəl sizdən kömək istəyən yetim bir uşaq olacaq. Siz onu tərk edib həyatın qucağına atırsınız. Sabah o böyüyüb sizi öldürəcək. Sonra Araz çıxış edirdi. Bizə deyirlər ki, xalqımız axmaqdır, səviyyəsizdir. Bütün günü telekanallarda boş-boş şou verilişlərə baxır. Televiziyaların da günahı yoxdur. Tamaşaçı nəyi tələb edirsə onu da göstərir. Amma 10 il əvvəl bu cür proqramlar yox idi. Bəyəm 10 il əvvəl heç kəs televizora baxmırdı? Baxırdı!!! Bəs bu gün o verilişlər bağlansa baxan olmayacaq? Olacaq!!! Gəlin gücümüzü televiziyaya verək. Bizə öz verilişlərimiz lazımdır. Mümkün qədər çox əlaqə qurun. Ən əxlaqsız şouların aparıcılarının dərsini verək. Görək onda kim nə deyəcək. Sonra Aslan deyirdi. Bizim geyimimiz qara rəngdədir. Üzərində HOST-un ulduzu. Bu köynəklər yalnız bizə qoşulanlara verilir. Biz hər yerdə birliyimizi saxlamalıyıq. Əgər küçədə bir HOST-çu digər HOST-çunu görürsə onunla salamlaşmalıdır. Əgər kömək lazımdırsa kömək etməlidir. Özünüzün buraya düşməyinizi yadınıza salın. Əgər bizi tapmasaydız bəlkə bu dəqiqə depressiyadan intihar etmiş olardınız. Sizin kimi yüzlərlə gənc var. Biz bilmirik bəlkə onlar elə bizim kimidirlər sadəcə xəbərləri yoxdur ki, tək deyillər. Gördüyümüz hər bir insana öz fikirlərimizi danışırıq. Öz sayımızı artırmaq üçün yox. Onları tək qoymamaq üçün. Sonra Azad deyirdi. Biz dünyada birliyin tərəfdarıyıq. Biz sərhədsiz, eyni dildə danışan, bərabər insanların dünyasında yaşamaq istəyirik. Süni olan heç bir şey olmamalıdır. Sərhədlər isə sünidir. Onları biz çəkirik, istəyəndə də dəyişirik. Quşların nə sərhədi var, nə də ki xarici pasportu. Və biz heç vaxt görməmişik ki, bir dəstə quş başqa bir dəstə ilə müharibə etsin. Təbiətin öz harmoniyası var. Onu pozmaq olmaz. Dünyada iki millət var. PİS insanlar və YAXŞI insanlar. Dünyada iki dil var YALAN və HƏQİQƏT. Dünyada iki ölkə var CƏNNƏT və CƏHƏNNƏM. Ən ideal ölkə cənnətdirsə bilin ki orada nə Banqladeş var, nə İtaliya, nə də ki Kosova. Əgər kimsə yəhudiləri pisləyirsə bilsin ki, HZ.Musa da yəhudi olub. Əgər kimsə türkləri tərifləyirsə bilsin ki, Dədə Qorqud da türk idi. Amma Qıpçaq Məlik də türk idi. Hər millətin içində pis də var, yaxşı da var. İnsanlara insanlığına görə qiymət verək. Sonra Adil davam edirdi. Bizə sabah İslam terrorçusu deyəcəklər. Müsəlmanlar isə Mason deyəcəklər. Yəhudilər xristianların qurduğu yalançı şərq təşkilatı deyəcək. Bəziləri skinhed deyəcək, bəziləri kommunist deyəcək, bəziləri anarxist deyəcək. İndidən buna hazır olun. Bizdən soruşsalar siz kimsiniz. Biz də onlardan soruşacağıq. “Bəs siz kimsiniz? Tapa bilmisiz?” Sonra mən deyirdim. Ola bilsin ki, içinizdə qəribə suallar var. Biz nə edirik? Bunun sonu nə olacaq? Dünyanı dəyişəcəyik, yoxsa bizi öldürəcəklər? Nə qədər bu qərargahlarda yığışacağıq? Bu suallar sizi qorxudur? Məni də qorxudur. Bizim hamımızı qorxudur. Bizim gücümüz ondadır ki, qorxularımızı gizlətmirik. Qorxulu suallar iyrənc cavablardan daha yaxşıdır. İyrənc cavabları bilirsiniz. Məktəb, universitet, nişan, toy, iş, uşaq, yataq, qəbir... Kim getmək istəyirsə qapı açıqdır. Kim qayıdacaqsa qapı yenə də açıqdır. Bizə deyəcəklər ki, siz vəhşisiz, gördüyünüz işlər ədalətsizdir. O yazıq fahişə qızlar, bəlkə aralarında bir yaxşı qız da var idi. O yazıq müəllimlər axı onlar da rüşvəti ehtiyaclarına görə alırdılar. Yazıq narkomanlar, pis insanlar, siyasətçilər, qatillər, əyyaşlar, sərxoşlar, mavilər axı onların hamısı pis deyil? İçlərində yaxşıları da var axı, onda biz də cavab verəcəyik. “Biz pisik, zalımıq, aqressivik, vəhşiyik, cinayətkarıq, amma siz bizə heç nə etməzsiz, düzdü? Axı içimizdə yəqin yaxşılar da var”. Balığın nağılı Bir kişi dəniz sahili ilə gedirdi. Birdən uzaqda balaca bir uşağın sahildən nə isə götürüb dənizə atdığını gördü. Yaxınlaşanda gördü ki, bütün dəniz sahili balaca balıqlarla doludur. Yəqin səhərki güclü külək onları sahilə çıxarmışdı. Uşaq da bir-bir balıqları götürüb dənizə atırdı. Amma bütün sahil bu kiçik balıqlarla dolu idi. Kilometrlərlə sahəni kiçik balıqlar doldurmuşdu. Milyonlarla balıq. Bunu görən kişi uşağa dedi: - Niyə bu balıqları suya atırsan? Uşaq cavab verdi - Səhər güclü dalğalar onları quruya atdı indi dəniz sakitdi, əgər axşam əsəcək küləyə qədər onları suya atmasam balıqlar öləcək. Kişi qışqırdı: - Axı bu axmaqlıqdır. Bir ətrafına bax? Burda milyonlarla balıq var. Sənin əziyyətin heç nəyi dəyişməyəcək. Uşaq əyilib yerdən növbəti balığı götürdü və dedi: - Yox, mənim əziyyətim əlimdəki balıq üçün hər şeyi dəyişəcək. Sonra balaca balığı dənizə atdı. BİZ HƏR GÜN DÜNYANI XİLAS EDƏ BİLƏRİK. ÇÜNKİ HƏR GÜN BİR İNSANI XİLAS EDƏ BİLƏRİK. HƏR İNSAN DA BİR DÜNYADIR. Psixoloq məni xilas etmək istəyir, mən də dünyanı Evdə gec-gec göründüyümdən valideynlərim lap narahat olmuşdular. Onların HOST-dan xəbəri var idi. Elə bilirdilər ki, müxalifət partiyasıdır. Mənə deyirdilər ki, ay bala əl çək bu müxalifətçilərdən. Ən yaxşı hakimiyyət indiki hakimiyyətdir. Amma mən onlara başa sala bilməzdim ki, iş nə yerdədir. Mənə iki-üç dəfə psixoloqun yanına getməyi məsləhət görmüşdülər. Sonra yaz tətilində Türkiyəyə aparacaqlarını deyirdilər. Gündə bir paltar , yeni kompyuter, doberman, gitara zir-zibil hamısından alıb otağıma doldururdular ki, bəlkə mənim başım qarışdı və sektadan çıxdım. Bunlar da kömək etməyəndə məni söyməyə başladılar, sonra atam bir-iki şillə vurdu. Bütün ümidləri öləndə anam ağlamağa başladı. Amma bu da mənə təsir etmirdi. Dünyanın taleyini anamın göz yaşına qurban verə bilməzdim. Tam biganəliyimi görəndə sonuncu üsula əl atmışdılar. Evə gələndə qapının açıq olduğunu gördüm. İçəri daxil olub anamı səslədim. Cavab gəlmirdi. Sonra atamı, sonra bacımı çağırdım. Səs gəlmirdi. Böyük otaqdan dəhlizə orta yaşlı kök bir kişi çıxdı. Bu mənim anam deyildi. Atam da bir günə bu boyda şişə bilməzdi. Ağ qəribə uzun bığları lap Nitşeni xatırladırdı. Mənə baxıb gülümsündü: - Anar oğlum, keç içəri. Mən çaşbaş qaldım - Siz kimsiz ki? Kişi dedi: - Mən sənin psixoloqunam. Məni dost çağıra bilərsən. Mən sənə kömək etməyə gəlmişəm. Aha, məsələ aydın idi. Yenə valideynlərimin fokusları. Ehhh.. Bir təhər yola verməli idim. - Yaxşı dost, necə kömək etmək istəyirsən? - Oğlum qarşıdakı divanda rahat əyləş, dərindən nəfəs al. Mən onun dediklərini etdim. Kişi mənə elə baxırdı ki, güya bir baxışdan məni kitab kimi oxumuşdu. - Oğlum, valideynlərin deyir ki, son vaxtlar özünü pis hiss edirsən. Həyatında nə isə baş verib? Sevgilindən ayrılmısan bəlkə? Sənin yaşda uşaqlar üçün bu çox təbii haldır. Mən onun danışıq tərzindən çox əsəbiləşmişdim. - Heh, maraqlıdı sizə nə qədər pul veriblər. Hə? Kişi bu sualı gözləmirdi. - Oğlum, bu önəmli deyil. - Aydaaa... Önəmi olmasaydı indi burda klounluq eləməzdiniz. Əgər səmimi olmağımı istəyirsizsə özünüz də səmimi olun. Nə qədər pul veriblər? - Hmm, mənim seanslarımın saatı 200 manatdır. - Ooo.. Bu başqa məsələ.. Deməli birinci sinifdən əlaçı olan cənab Nitşe, bu gün kök qarnının piyini bir az da artırmaq üçün bizə qonaq gəlib. - Oğlum , davam et. Ürəyini boşalt. - Ehh..Dayday. Mənim heç bir psixoloji problemim yoxdur. Hər şey əladır. Gedə bilərsiniz. - Oğul, mən görürəm ki, sənin içində bir sıxıntı var. - Hə? Görürsünüz? Düzdü var. Mənim sıxıntılarım var. - Onda de, mən də sənə kömək edim. Danış. Bəlkə bir çarə tapdıq. - Siz doğrudan mənə kömək edəcəksiniz? - Hə, oğlum, söz verirəm. - Hhmm. Onda başlayaq. Birinci sıxıntım Perudakı su problemidir. Kəndlərə hələ də su çəkilməyib. İkincisi Fələstindəki döyüşlərlə bağlıdır. Zəhmət olmasa onu dayandırın. Sonra Ozon qatının deşilməsinin də qarşısını alsanız lap yaxşı olar. Ya da qonşumuz üçün hər ay bazarlıq eləsəniz. Necədi? Başqalarını da danışım? Sizin eviniz yəqin ki, bina evidir hə? Pəncərənizlə üzbəüzdə başqa bir bina görünür. Amma siz orada yaşayanları görmürsünüz. Siz binanın işıqlarına baxıb siqaretinizi çəkirsiniz. Bircə siqaretlə arvadınızla dalaşdığınız günü unuda bilirsiniz. Binanın işıqlarına baxıb xəyallara qapılırsınız. - ıı. Olur hərdən. Amma.... - Zəhmət olmasa pəncərənin qırağına gəlin. Qorxmayın özümü atmaq istəmirəm. İstəyirəm sizə daha bir sıxıntımı göstərim. Daha doğrusu sizdən nə ilə fərqləndiyimi. Baxın. Üzbəüzdəki binanı görürsünüz. Orada 50 mənzil var. Mənim əlaqələrim yaxşı olduğundan çox şeydən xəbərim olur. Baxın binaya. Siz nə görürsünüz? - Hmm. Pəncərələr... Nə görməliyəm ki? Orada da hansısa insanlar yaşayır. Kimlərinsə pəncərəsidir. - Aha. Düzgün dediniz. Bu sizə xas olan bir düşüncə tərzidir. Kimlərsə yaşayır. Hansısa insanlar. Kim, Hansı. Hansısa, necəsə, niyəsə... Siz də hamı kimi bu sualları artıq sual kimi yox, adi cümlədə işlədirsiniz. Fərqimiz də bundadır. Mən demirəm orada hansısa insanlar yaşayır. Mən soruşuram - orada hansı insanlar yaşayır? Baxın fərqimiz bundadır. - Oğlum, səni başa düşürəm. - Ee, heç nə başa düşmürsüz... Sağ tərəfdən birinci pəncərə - Türkan. Sevgilisi onu atıb. Hər gün axşam telefonundakı mahnılara qulaq asa-asa pəncərədən baxır. Oğlan indi zibilçənin biri ilə gəzir. Türkanı isə bir il istifadə edib atdı. Sağdan ikinci pəncərə -Tofiq kişi, şəkər xəstəsidir. Gecələr durub ayaqyoluna gedir. 2 saat oradan çıxa bilmir. Bilirsiz niyə çünki işəyə bilmir. İki saatdan sonra sidiy qanla çıxır. Qanlı tumanını gecə dəyişib yerinə uzanır. Növbəti pəncərə - bu cavan ailənin bir günü də davasız keçmir. Televizor üstündə hər axşam dalaşırlar. Oğlan futbolçudur. Qız isə nazirlikdə işləyir. O biri pəncərə - Fuad. Kitabı çıxmayan şair. Öz şeirlərini yüz nəşriyyata göndərib, amma hamısında deyiblər ki, sənin şeirlərin heç kəsə maraqlı deyil. Amma Fuadın bu şeirlərdən başqa heç nəyi yoxdur. O biri pəncərə - Ağamirzə kişi. Qarabağ əlili. O biri - Tükəzban xanım, əyyaş ərin sədaqətli xanımı. O biri – fahişə, hər günorta qonşuluqdakı oğlanlardan biri onlara qonaq gedir. Və işə başlayırlar. Anası evə qayıdanda isə qız kitab oxuyur. O biri – Dilarə xanım. Dul arvad. Gecələr porno filmlərə baxır. Sonrakı pəncərə tək yaşayan qoca nənədir. İki dəfə pristupu olanda telefona əli çatmayıb. Mən həkimlərə zəng etmişəm. O biri pəncərədə Əli qalır. O birində Qədir. O birində Samir. Başa düşürsünüz indi mən demək istəyirəm? Bizim baxdığımız eyni yerdir. Amma gördüyümüz başqa şeylərdi. Siz hansısa insanları görürsünüz. Amma mən gedib onların kim olduğunu öyrənirəm. İnsanın gözləri açılanda sevinməyə çox az şey qalır... O donub qalmışdı. Cənab bığlı professor nə deyəcəyini bilmirdi. Amma nə isə deməli idi. - Oğlum, sənin dediklərin doğrudur. Ola bilsin ki, insanların çoxlu problemləri var. Amma bu problemləri sən həll etməməlisən ki, dünyanı xilas edəcək qəhrəman sən deyilsən. Oğlum, gözlərini aç, dünyanı dəyişə bilməyəcəksən. Öz həyatını yaşa. Özünü düşün. Başqaları heç səni düşünmür? Sən niyə onları düşünürsən ki? Ailə qur, pul qazan, istirahət elə. Əslinə qalsa hamı xoşbəxtdir. Hətta dilənçilər də öz içlərində xoşbəxtdilər. - Dilənçilər? Siz heç bilirsiniz dilənçilər necə olur? - Niyə bilmirəm? Mən psixoloqam. Mən onlarla söhbət eləmişəm. - Bravo bravo. Əla. Söhbət eləmisiniz... Bəs özünüz heç dilənmisiniz? - Yox, yox. he he.. - Onda bilmədiyiniz şeylərdən danışmayın. Dilənən adam xoşbəxtdir? O bilirsiniz sizə necə baxır? O dilənçi. Bilirsiniz? Əgər küçədə ona 100 dollar da versəniz ürəyində sizi söyəcək. O sizə nifrət eləyir. Sizə, mənə, hər kəsə. Dünyaya nifrət eləyir. Mən dilənmişəm. Mən bilirəm bu necə olur. Gözəl paltarları yandırmaq, təmiz sifətləri cırmaq istəyirsən. - Oğlum, səni başa düşürəm. Çalış bir neçə gün istirahət elə. Mən sənə bu dərmanları yazım. Səndə sinir rahatsızlığı var. Çalış daha çox əylən, qızlarla daha çox vaxt keçir. Sənə seks lazımdır. Bir az da komediyalara bax.. Kişini söymək istəyirim. Birdən Balu və Sutanın nağılı yadıma düşdü. Mən əmin olduğum şeyləri ona sübut etmək istəyirdim. Yenə də eyni səhvi buraxıram. Olmaz. Bu insanı dəyişə bilməyəcəm. Vaxtımı ona sərf etməyim. - Yaxşı dayı. Başa düşdüm. Siz düz deyirsiniz. Mənə bir az əyləncə lazımdır. Düz deyirsiniz. Çox saq olun ki, məni özümə gətirə bildiniz. Sizə dərdlərimi danışdım. İndi özümü çox rahat hiss edirəm. Elə bil ki, bütün içim boşalıb. Çox saq olun. Kişinin uzun bığlarının altından dişləri parıldamağa başladı. O öz missiyasını yerinə yetirmişdi. Bir az da nə isə danışıb papağını götürüb getdi. Mən də arxasıyca əl elədim. Üzünü çevirəndən sonra isə “ortancıl barmaq”. Psixoloqlar deyir ki, heç kəsə fikir vermə, rahat yaşa. Siyasətçilər deyir ki, bayraq və himn hər şeydən müqəddəsdir. Dindarlar deyir ki, görmədiyinə inan. Alimlər deyir ki, görmədiyinə inanma. Millətçilər deyir ki, bizim millətin birləşməsi uğrunda ölmək lazımdır. Həkimlər deyir ki, hər şeydən əvvəl sağlamlığınızı düşünün. Lamalar deyir ki, Tibetdən başqa bütün dünya səhv yoldadır. MTV deyir ki, yaşa və yaşamaqdan ləzzət al. Dərvişlər deyir ki, ən böyük ləzzət bütün ləzzətlərdən əl çəkəndə gəlir. Adi insanlar deyir ki, ailə səadəti xoşbəxtlikdir. Tarixçilər deyir ki, bədbəxt ol, amma tarixə düş. Xeyriyyəçilər deyir ki, ömrün boyu başqalarına kömək elə. Eqoistlər deyir ki, ancaq özünü düşün. Hippilər deyir ki, narkoman ol, həyatın dadı bundadır. Vegetarianlar deyir ki, başqa canlıları öldürmə. Şairlər deyir ki, səhər açılanda günəşin çıxmasına bax. Astroloqlar deyir ki, günəş közərmiş ulduzdur, burda qeyri-adi heç nə yoxdur. İngiltərə kraliçası deyir ki, siqareti alışqanla yox, kibritlə yandırın. Diana deyirdi ki, necə istəyirsiniz elə də yandırın. Kürdlər deyir ki, azad olmaq istəyirik. Türklər deyir ki, kürdlər qələt eləyir. Ben Laden deyir ki, Amerika qələt eləyir. Amerika deyir ki, İran qələt eləyir. İran deyir ki, İsrail qələt eləyir. İsrail deyir ki, hamınız qələt eləyirsiz. Həyətdə Azad məni gözləyirdi. Mən avtomobilə minib psixoloqla söhbətimi danışdım. Bir az güləndən sonra mənə təzə xəbərləri dedi. - Anar, qəribə şeylər olur. Bizim qərargahda sakitçilikdi. Amma o biri qərargahlardan birində A üzə çıxıb. Təsəvvür eləyirsən? Hamının qarşısında çıxış edib. HOST-çular az qala dəli olmuşdular. Qızlar ağlayırdı, oğlanlar titrəyirdi. Abbas indi ora gedib ki, hamını sakitləşdirsin. Mən inana bilmədim: - A çıxıb? Axı o gizlənirdi ki, üzdən onu heç kəs tanımasın? - Hə, əvvəl elə eləyirdi. Amma bu gecə gəlmişdi. Gedək Qərargaha görək Abbas gəlib çıxıb ya yox. O bizə hər şeyi danışar. Qərargahda basabas idi. Hamı A-nın gəlişindən danışırdı. Aysel mənə yaxınlaşmaq istəyirdi. Amma başa düşürdü ki, indi camaat bizim danışacağımızı, açıqlama verməyimizi gözləyir. Azadla bir yerdə Abbasın otağına daxil olduq. Abbas küncdə qısılıb oturmuşdu. Bizi görüb başını yellədi. Azad dedi: - Danış görəy o yanda nə baş verib? Abbas baxışını yerdən qaldırmayıb dedi: - Uşaqlar danışırlar ki, gecə saat 3-də həmişəki kimi söhbətləşirmişlər. Birdən Qərargahın işığı sönüb. Otağa hündürboy bir adam daxil olub. Qaranlıqda üzünü seçə bilməyiblər. O özünü təqdim edib. Sonra çıxış edib. O biri otaqdakı uşaqlar da bu nəriltili çıxışın səsinə yuxudan oyanıblar. Hamı ağlayırmış. Elə şeylər danışıb ki. Uşaqlara yeni hədəflər verib. Xəritələr, planlar. Nə bilim nələr. Sonra pəncərəni açıb aşağı tullandı. 9-cu mərtəbədən. Mən dedim: - Necə yəni 9-cu mərtəbədən? - Vallah heç özüm də bilmirəm. Axır vaxtlar A-nı tanıya bilmirəm. Elə bil içində hansısa bir heyvan oyanıb. Pəncərədən tullanıb. Uşaqlar tez onun dalınca baxıblar. A asvalta uzanıbmış. Bir az sonra ayağa qalxıb qaçmağa başlayıb.. - Yox. yox... Ola bilməz. Gic-gic danışma. Necə yəni tullanıb? Bəlkə gözlərinə görünüb. Ola bilməz. Nağıldı.. Abbas ayağa qalxıb qapını açdı. Qapının ağzından o biri uşaqlar qulaq asırdı. Onlar da Abbasın dediyinə inana bilmirdilər. - Necə yəni gözlərinə görünüb. Ən azı 7 şahid var. Qızlar hələ də özlərinə gəlməyiblər. Camaat onun seçilmiş olduğundan danışır. Deyirlər ki, müqəddəsdir. Uça bilir. Azad dedi: - Yaxşı tutaq ki, belədir. Amma axı biz bilirik ki, o adi oğlandır. Sənin kimi, mənim kimi.. Uşaqlıqdan tanıyırıq bir-birimizi. Mən dözə bilməyib dedim: - Bəlkə siz axır A haqqında nə isə danışasınız. Harada doğulub? Kimdi, nəçidi? Neçə yaşı var? Digər uşaqlar da mənə dəstək verdilər: “Düzdü danışın. Biz bilmək istəyirik ki, başçımız kimdi. Danışın. Danışın!” Abbas Azada baxdı, Azad Aslana. Sonra Abbas danışmağa başladı. “A”-nın Nağılı A ilə həyətdə tanış olmuşdum. Lap uşaqlıqdan biz bir yerdə oynayardıq. O bizim həyətə qonşu binadan gəlirdi. Uşaqlıqdan bir az qəribə uşaq idi. Biz oynayanda qıraqda oturardı. Novruzda tonqaldan tullanmazdı. Qar yağanda qar topu oynamazdı. Gəlib həyətimizdəki pişikləri yedizdirirdi. Bir neçə il bizim həyətə gələndən sonra deyəsən onların evlərində yanğın baş verdi. Bütün ailə yandı. Təkcə A-dan başqa. Onun da bu hadisədən sonra dili tutulmuşdu. Deyəsən ağlını da itirmişdi. Ona görə onu dəlixanaya qoydular. Şayiələr gəzirdi ki, evi özü yandırıb. Ondan sonra A-dan xəbər çıxmadı. Bir də 10 il sonra mən məktəbi bitirəndə A ilə görüşdüm. Tamam dəyişmişdi. Uşaq vaxtı eybəcər uşaq idi, indi yaraşıqlı oğlan olmuşdu. Bir az söhbət elədik. Mən özüm dərslərimi yaxşı oxuyurdum. Amma onunla söhbətdə özümü lap 5 yaşlı uşaq kimi hiss edirdim. Hər şeydən xəbəri var idi. Bir kitabın adını mən çəkirdimsə beş kitabın adını o çəkirdi. Nədənsə xəbəri olmayanda da bir gün içində onu öyrənə bilirdi. Soruşanda ki, bəs o evin yanması ilə bağlı nə deyə bilər? Deyirdi ki, “Mən onları yandırmamışam, onlar özləri özlərini yandırdılar”. Sonra dəlixanadakı xəstələrdən, xəstə dostlarından danışırdı. Deyirdi ki, əslində onlar dəli deyil. Sadəcə beyinləri başqa nisbətdə işləyir. Əslində onlar çox ağıllıdılar. Tez- tez gedib dostlarına baş çəkirdi. Hərdən mən də onunla gedirdim. Bir dəqiqə dəli ilə üzbəüz oturandan sonra başını tutub qışqırırdı. Mən deyirdim ki, yəqin onda da az-maz dəlilik qalıb. Yanğının travması. Amma sonra gülə-gülə otaqdan çıxırdı. Yolda mənə dəli ilə olan söhbətini danışırdı. Deyirdi ki, filan dəli bu gün mənə o qədər şey öyrətdi ki, gəl görəsən. Mən də deyirdim ki, yəqin zarafat eləyir. Bir qəribə xüsusiyyəti var idi. Bütün qızlar onu sevirdi.Vəziyyət elə alınmışdı ki, onunla heç bir qız rəfiqəmi tanış eləmək istəmirdim. Bilirdim ki, bir günə A-ya vurulacaq. Bir gün A xahiş elədi ki, gedib onun əsl valideynlərini tapaq. Sən demə onu saxlayanlar ögey imişlər. Nə isə getdiy lazım olan yerlərə, məlum oldu ki, filan uşaq evindən götürübmüşlər. Amma uşaq evinə gedəndə orada bizə məlumat verən olmadı. Dedilər ki, onu elə uşaq evinin qabağına atmışdılar. Xanımlardan biri səsini eşidib bayıra çıxıb. Görüb ki, zibil yeşiyinin içində uşaq var. Nə adı bilinirdi, nə soyadı. Bircə boynundan A medalyonu asılmışdı. Mən soruşanda, bəs niyə orada sənə adi ad qoymayıblar deyirdi ki, ad qoymuşdular amma səsləyəndə cavab vermirdi. Uşaq olandan ancaq A adına cavab verirdi. O vaxtdan da elə A çağırırdılar. Tələbəlik illərimdə onunla lap yaxın olmuşdum. Mənə həyat haqqında düşüncələrini danışırdı. Dərslərimdə kömək edirdi. Amma özü heç yanda oxumurdu. Vəsiqəsi olmadığından nə tələbə ola bilirdi, nə əsgərliyə aparırdılar, nə də ki bir şey. Elə həyətdəki pişikləri yedizdirirdi. Pulu isə həmişə bol idi. Soruşanda pulun haradandı. Deyirdi ki, pul haradan olar? Allah verir dəə. Day dərinliyə getmək istəmirdim. Mən MTN-də işləyəndə aramız bir az dəydi. Amma sonra. Çıxandan sonra yenidən düzəldi. Son 3 ildə o mənə tez-tez planlarını danışırdı. Deyirdi ki, belə bir dəstəmiz yaranacaq. O hər şeyi qabaqcadan ölçüb biçmişdi. Bu hekayə bizi bir az rahatladı. Axır ki, heç olmasa kiçik bir təsəvvürümüz yaradı. Amma yenə də başa düşə bilmirdim ki, keçən gecə o biri qərargahda nə baş verib. Söhbətimizin şirin yerində otağa Araz daxil oldu. - Tez eləyin gəlin bura. Uşaqlar, A-nın yeni planı. Bu səhər üçüncü qərargahda üzə çıxıb. Uşaqlara göstəriş verib. Şəhər dağılır. HOST-çular vəhşi kimi hər yerə hücum edirlər. Alkoqol dükalarını yandırırlar, barları yandırırlar. Əmrindən 4 saat keçib, artıq 17-ci dükan yanır. Abbas yerindən sıçradı. Necə yəni? Bu nə məsələdir? Hamımız çaşıb qalmışdıq. Azad uşaqları səslədi: - Hamı dağılışsın, yol verin biz keçəy. O biri qərargaha getmək lazımdır. Uşaqlar yolumuzu açdılar. Azadla həyətə düşdük. Aslanla Araz Qərargahda qaldı. Abbas isə dedi ki, gedir A-nı axtarmağa. Maşın az qala işıq sürəti ilə gedirdi. Şəhəri xaos bürümüşdü. İnsanlar küçəyə tökülüşmüşdülər. Hər addım başı bir HOST-çuya rast gəlirdik. Qərargaha çatanda bir neçə Oğlanla görüşdük.Onlar A-nın yeni planı haqda məlumat verdilər. Əllərində xəritə vardı. Üzərində müxtəlif işarələr. Biz yuxarı qalxdıq. İçəridə gənclər şənlənirdilər. Biz soruşanda ki, nə baş verib onlardan biri dedi: - A deyib ki, bütün lazımsız və xeyirsiz yerləri yandıraq. Uşaqlar da onun dediyini edir. Siz belə düşünmürsüz ki? Əslində biz də elə düşünürdük. Amma bu təhlükəli ola bilərdi. Kimsə ölə bilərdi. Biz qatil deyilik. Amma oğlan deyəsən fikirimizi oxuyub cavab verdi: - Yox, narahat olmayın.Yandırılan yerlərin hamısı boşdu. Bir insan da zərər çəkmir. Özü də ancaq varlı biznesmenlərin zərərli müəssisələri yandırılır. Bu dünyanın nəzərini cəlb edəcək. Əslində bu reklamdır. Həmin gün çox qarmaqarışıq keçdi. Sonrakı günlər də elə onun kimi. Gündə bir yer yanırdı. Xarici kanallar Bakıdakı bu qəribə aksiyaları işıqlandırıdı. Xaricdə bu xəbər işıqlandırılan kimi, bir həftənin ərzində Bakıya Borçalıdan, Türkiyədən, Güney Azərbaycndan, Rusiyadan gənclər axışmağa başladı. Onlar qərargahlara gəlib bizim sıralarımıza qoşulurdular. İndi biz sevinirdik. Çünki gücümüz elə artmışdı ki, heç nə bizim qarşımızı ala bilməzdi. Xaricilər gələn kimi birdən birə pulumuz on qat artdı. Hansısa gizli qüvvələr bizə yardım edirdilər. Abbas dedi ki, A onların bizə qoşulmasını alqışlayır. HOST millətçilərin, vətənpərvərlərin, ya da islamçıların cəmiyyəti deyil, HOST azad insanların, fərqli insanların birliyidir. Hər kəs eynidir. Bu sözdən sonra pul bir az da artdı. Artıq bu bizə şəxsi mühafizəçi dəstələri tutmağa imkan verirdi. İndi bizim qərargahları muzdlu 20 cangüdən qoruyurdu. Maliyyəmiz 10 milyonu keçmişdi. Hər həftə bu qədər də artırdı. Deyəsən bizə yardım edənlər çox varlı şirkətlər idi. Biz yığışıb böyük bir yer tikdirmək qərarına gəldik. Adını da EPİSENTR qoyduq. HOST zəlzələsinin episentri. Bu nəhəng tikili iki aya hazır oldu. 4 mərtəbəli yuxarıdan içi ulduzlu dairəni xatırladan bir formada idi. Böyük zirzəmisi vardı. EPİSENTR-in üzərində peyklə bir başa kontaktda olan antennalar, böyük internet şəbəkə. Otaqlar Qərargahlardan qat-qat geniş, rahat və səliqəli idi. Ayrıca uzun bir dəhliz Episentrin tam mərkəzinə - A-nın otağına gedirdi. Bu otağın divarları da qalın dəmirdən idi. Əsl bunker. Episentrin ürəyi bu otaq idi. Ora heç kəs buraxılmırdı. Evdəkilər artıq mənə heç nə demirdilər. İndi saysız-hesabsız internet səhifələrimiz yaranmışdı. Türkiyə, Rusiya, Ukrayna, İran və Gürcüstana dəstə-dəstə uşaq göndərmişdik. Onlar bizim ideyaları yayırdılar. A haqqında danışırdılar. Bir neçə aydan sonra xaricdən yaxşı xəbərlər gəldi. ”Əziz dostlar biz Ankarada ilk Qərargahımızı yaratmışıq. Sayımız 100-ə çatıb”. “Moskvada işlər pis gedir, amma Peterburqda 70 nəfər tərəfdarmız var”, “Sayımız artır, bizə bir az pul göndərin”, “Salam uşaqlar, burda işlər əladır, 200 nəfərik”. Abbas HOST-u artıq qanuni partiya kimi rəsmiləşdimək istəyirdi. Bir neçə gün o işlərlə məşğul oldu. Azad Türkiyəyə getmişdi. İndi bütün seminarları Aslan aparırdı. Bütün ideoloji söhbətləri o yayırdı. Onun səsi cd-lərə yazılır, iclasları videoya çəkilirdi. Amma ən qəribəsi mənim başıma gəldi. Gücümüzün çox vaxtında məni heç nə təəccübləndirə bilməzdi. Amma ən inanılmaz şey baş verdi. A məni otağına çağırdı. Son vaxtlar o hamıyla yalnız kompüter vasitəsi ilə əlaqə saxlayırdı. Amma niyəsə məni görüşə çağırdı. Tir-tir əsirdim. Bilmirdim nə deyəcək. Hamı məni təbrik edirdi. A və MƏN Uzun dəhlizin sonuna çatıb qapını sakitcə döydüm. Həyatımın ən vacib anı gəlib çatmışdı. Qapı öz-özünə açıldı. Mən yavaşca içəri daxil oldum. Otaq mağaraya oxşayırdı. Çox qaranlıq və səliqəsiz. Hər yerdə cırıq kağızlar, qəribə alətlər, fiqurlar, şəkillər, şamlar vardı. Masanın üzərində qırmızı pentaqramm çəlimişdi. Künclərdəki böyük külqabılardan şirin tamlı tüstü qalxırdı. Otağın o biri başında A dayanmışdı. İşıq onun arxasından düşdüyü üçün üzünü seçə bilmirdim. Uzun paltar geyinmişdi. Saçları çiyninə çatırdı. Mən içəri keçən kimi qapı arxamca bağlandı. Otaqda bizdən başqa heç kəs yox idi. A və mən. Ondan o qədər şey soruşmaq istəyirdim ki, amma heç nə ağlıma gəlmirdi. Mən onunla görüşümü dəfələrlə təsəvvür etmişdim. Hər gecə yuxuda onu görürdüm. Ondan bütün bu işlərin sirrini soruşurdum. Amma indi dilim tutulmuşdu. Tüklərim biz-biz idi. Qarşımda ölümdən qorxmayan bir insan dayanmışdı. Onun uzun saçları üzünə tökülürdü. Bir neçə saniyəlik sükutda sonra A dedi: - Sən kitab yazacaqsan! Donub qalmışdım. Başımı qaldırıb üzünə baxa bilmirdim. - Sənin kitabın bütün dillərdə yayılacaq. İnsanlar bu kitabı oxuyub ona əməl edəcəklər. Onu gözəl yazacaqsan. Onda bir dənə də səhv olmayacaq. Mən gücümü toplayıb soruşdum: - Nə kitabı? A dedi: - Sonuncu kitabı. Sən sonuncu kitabı yazacaqsan. Mənim əllərim titrəməyə başladı: - Necə yazım? A dedi: - Hava Od Su Torpaq. Onları birləşdir. Bu sözlərdən sonra otaqda elə parlaq işıq yandı ki, gözlərim az qala kor olacaqdı. A-ya baxa bilmirdim. Hər yerdən işıq gözlərimi qamaşdırırdı. Gözlərimi yumub geri çəkildim. Arxadan qapının açıldığını eşitdim. Sonra A-nın səsi gəldi: “Gedə bilərsən”. Otaqdan çıxanda hər şeyi dumanlı görürdüm, başım gicəllənirdi. Yer ayağımın altından qaçırdı. Divarlar üstümə gəlirdi. Hər şey qarışırdı. Dəhlizdə balaca qız gördüm. Sonra dəhliz qırmızı rəngə boyandı. Qıraqda qağayılar donub qalmışdı. Yerdə çay axırdı...... Yenidən Doğuluş Anar...Anar dur..Anar..Oyan..Anar...Anar... Gözlərimi açanda ətrafımda qəribə adamlar gördüm. Baxışlarım aydınlaşanda onları seçməyə başladım. Abbas, Aslan, Aysel, bir də bir neçə uşaq. Mən yataqda uzanmışdım. Həkim nəbzimi yoxlayırdı. Aysel yanağımı sığallayır, əllərimdən öpürdü. Yavaş-yavaş özümə gəlirdim. Deyəsən ürəyim getmişdi, yerə yıxılmışdım. Aslan dedi: - Anar, narahat olma, həkim deyib ki, heç bir problem yoxdu. Bir günə özünə gələcəksən. Danış görək A ilə söhbət nə oldu? Mən onlara baxıb dedim: - Bilmirəm, mənə dedi ki, kitab yazmalısan. Sonuncu kitabı... Abbas dedi: - Sonuncu kitab? A mənə bu haqda demişdi. HOST-un kitabı. Demişdi ki, onu içimizdən ən təmizi yazmalıdır. - Bəs niyə o özü yazmır? Ən təmiz o deyil ki? - Bəlkə özü yazsa onun dərin düşüncələrini heç kəs başa düşməz. Ona görə yəqin istəyir ki, adi bir adam yazsın. Hər kəsin başa düşə biləcəyi dildə.. Mən soruşdum: - Adi bir adam? Bəyəm o adi adam deyil? Aslanla Abbas bir-birlərinə baxdı. Sonra Abbas dedi: - Uşaq vaxtı onunla gizlənpaç oynayanda ən gec onu tapırdıq. Daha doğrusu tapmırdıq. Özü çıxırdı. Mən də bir gün gözümü yumanda kipriklərimin arasından baxdım görüm harada gizlənir ki, heç kəs onu tapa bilmir. Gördüm ki, uşaq otağındakı şkafın içinə girdi. Tez qaçıb şkafın qapısını açdım. Amma orada deyildi. Mən indiyə kimi bunu heç kimə danışmamışam. Heç onun özünə də deməmişəm. Sonra qışqırdım ki, A, çıx, səni tapa bilmirəm. Gördüm ki, şkafın qapısı açıldı və A oradan çıxdı... Aysel bu sözü eşidib dedi: - Boş-boş danışmayın, elə şey ola bilməz. Sonra əlini yelləyib otaqdan çıxdı. Mən donub qalmışdım. Doqquzuncu mərtəbədən tullanmaq, otaqındakı qəribə işıq, uşaq vaxtı evlərində yanğın. Heç nə başa düşə bilmirdim . A kimdi? Hər şeydən bezmiş adi oğlan yoxsa...Yoxsa... Kitab... Sonuncu kitab... Hava Od Su.. Hmmm.. Kitab.. Birləşdirmək..Yazmalıyam. Mənim missiyamdır. Mən kitabı yazmalıyam. İlk cümlə..İlk cümlə.. SƏNƏ ÖYRƏDİLƏN HƏR ŞEYİ UNUT A ilə görüşdən sonra otağımdan bir dəqiqə də çıxmırdım. Əlimdə qələm kitab yazırdım. Saysız hesabsız statistikalar, mifologiyalar, tarix, gizli faktlar , A-nın dedikləri, bizə yazılan məktublar. Hər şeyi bir-bir incələyirdim. H.O.S.T. nədir? Məqsədi nədir? İdeologiya, yol , nəsihətlər və pozulmaz qaydalar. Həyat tərzi... Bu A-nın son əmri idi. Deyilənə görə mənimlə görüşdən sonra heç kəslə danışmayıb. Bircə Abbasa deyib ki, Anar indiyə qədər gördüyümüz işlərdən ən təhlükəlisini, ən çətinini görəcək. Ona şərait yaradın. Nə istəsə edin. Kitab tez bir zamanda hazır olmalıdır. Bütün varlığımla qələmə sarılmışdım. Saçım uzanırdı, üzümü saqqal basırdı, günlərlə çimmirdim. Otağımda kitablardan başqa heç nə yox idi. Ancaq yemək yeyəndə qələmdən ayrılırdım. Hərdən yeməyi də unudurdum. Yüz minlərlə insan mənim kitab yazmağımı gözləyirdi. Yüz minlərlə insan. Bilirsiniz bu nə deməkdir? 10 yox, 70 yox, min yox... Bu çox ağır yük idi. İnsanların haqsızlığından yazırdım. Onların səhv yolda olduqlarından. Haqqın tapdanıb, nahaqqın sevildiyindən. Yalanın həqiqətdən üstün olduğundan. Əslində həqiqət qeyri adi bir şey deyil. İnanılmaz gücə malik tilsimli cümlələr deyil ki, onları yalnız alimlər başa düşsün. Həqiqət o qədər sadədir ki, onu hər kəs anlaya bilər. Amma ona əməl etməyi hər kəs bacarmır. Hər kəs bilir ki, qanadı olan uça bilər. Amma ancaq quşlar həqiqətən bilir ki, uçmaq necə olur. Əsl həqiqət də ona əməl edəndə üzə çıxır. Yanğın qığılcımdan başlayır. Bu kitab da qığılcım olacaqdı. Hər sətrini, hər sözünü ölçüb biçəcəm. Hər səhifəsini gözdən keçirəcəm. Mənim kitabım. Bizim kitabımız. Sonuncu kitab. Hava od su torpağı birləşdirməli idim. Onları birləşdirməli idim. Otağımda artıq gəzmək mümkün deyildi. Hər yer səhifələrlə dolu idi. Aşağı düşməliyəm.. Aşağı.. Həyətə.. Mənə bir az torpağ lazımdır. Su var Od var.. Aşağı düşməliyəm... Dəlilik ya Dahilik Həyətə düşüb bir ovuc torpaq götürdüm, indi otağımda içinə su tökəcəkdim sonra da yandıracaqdım. Hava od su torpağı birləşdirmək... Bu mənə kömək edə bilərdi... Amma otağıma qalxanda nə isə dəyişmişdi. Deyəsən anam otağa girmişdi. Qapını bağlamaq yadımdan çıxıbmış.Yerdəki lazımlı səhifələr yox idi. - Ana... Ana... Anamın səsi mətbəxdən gəldi: - Hə bala, indi gəlirəm. Yerdəki səhifələr... Yüz faiz anam buranı dağıdıb töküb. Qapı açılanda əlində süpürgə mənim otağıma girmək istəyirdi.. Səsimi istəmədən qaldırdım. -Ana, yerdəki vərəqlər hanı? Anam əli ilə masanı göstərdi - Niyə ora qoymusan ki? Axı mən demişdim ki, mənim otağıma heç kəs girməsin. Anam dedi: - Ay bala nə olacaq ki? Gör nə gündədir otağın. Bir güzgüyə bax gör özün nə günə düşübsən! - Sən hər şeyi zibil elədin. Qatdın səhifələri bir-birinə. İndi nə bilim hansı səhifə neçəncidir? - Əşşi nə var ee orda.. De bunlar yerdə idi də. - Əl vurma! Əl vurma, mənim kitabıma!.. Çıx.. Çıx bayıra! Tez elə.!!!! - Oğul nə danışırsan. Mənim oğlumsan e, bu nə danışıqdır? - Tez elə çıx bayıra. Onları birləşdirməliyəm.. Kitabım üçün.. - Allah sənə ağıl versin. Özünü gic yerinə qoymusan. Bir həftədir otaqdan çıxmırsan. Nə olub axır vaxtlar sənə? Səsə atam gəldi. - Yenə nə olub orada..? Aha, bir dənə atam çatışmırdı... Amma nənəm də gəldi. Elə bil ki, səhərdən hamısı bunu gözləyirdilər ki, səsim çıxsın keçsinlər hücuma. - Anar, ananın sözünə qulaq as. Sənə qadağan eləyirik birdə o adamlara qoşulmağı. Onlar səni gic eləyiblər. Gül kimi uşaq idin. Gör nə günə düşmüsən. Saqqalına bax, saçına bax.. Bu nə otaqdı.. Qışqırdım: - Əl çəkin məndən!!! Atam dedi: - Bağırma, ağlın deyəsən özünə gedib. Mən səninçün... - Sən mənimçün heçnəsən. Siz hamınız heçnəsiniz. 100 illiy insanlar. 100 il sonra sizi heç kəs tanımayacaq. Heç kəs. Yazıqlar. Öz həyatınız yoxdu. Başqalarına da yaşamağa mane olursunuz. Anam bağırdı: - Sən nə danışırsan? Hansıza zibil səhifələrə görə valideynlərinə qarşı çıxırsan? - Zibil səhifələr? Zibil səhifələr? Bu səhifələr bütün dünyanı dəyişçəcək.. Siz nə bilirsiniz ki? Yazıq insancıqlar! Nənəm dedi: - Qoduğ, kəs səsini. - Nənə get serialına bax daa. Nənə: - Ədə mən səni.. Ata: - Cavab qaytarma!!! Ana: - Südüm sənə haram olsun!!! Nənə: - Axmağ .... Ata: - Qudurmuş! Ana: - Nankor.. Artıq heç kəsi eşitmirdim. Bu evdə bir dəqiqə də qalan deyildim. Səhifələri ovuc-ovuc yığıb çantama doldururdum. Qaçmaq. Qaçmaq. Başqa yol yox idi. Qapının ağzını tutmuşdular. - Səni heç yana buraxan deyilik. Çantamdan yapışıb var gücümlə qapıya tərəf qaçdım. Onları itələyib otaqdan çıxdım. Episentrə.. Bütün yollar Episentrə gedir!!! Gözətçilər əvvəl məni tanımadılar. Amma yaxınlaşan kimi içəri buraxdılar. Dəhlizdə Azadla rastlaşdım. Türkiyədən qayıtmışdı. Təzə xəbərləri vardı. Orada böyük bir cəmiyyət qurublar.. Məni sakit bir otağa apardı. Dedi ki, burada sənə heç kəs mane olan deyil, rahat işlə. İlk olaraq Hava od su torpağı birləşdirdim. Amma heç nə. Mənasız bir şey. Kibrit yaş torpağa dəyən kimi söndü.. Heç nə.. Burda nə isə başqa bir məna var idi. Kitabın yarısını yazmışdım, amma nə isə çatışmırdı. Hava, od, su, torpaq... Episentrə gəlməyim yaxşı oldu. Bir neçə gün kağızların qarşısında düşündükdən sonra ağlıma əla bir fikir gəldi. Bu kitabı bitirməyə də kömək edərdi. HOST-un nə olduğunu bilmək üçün ona qıraqdan baxmalı idim. Necə? Axı Host-da hamı məni tanıyır. Hamı bilir ki, mən Anaram – HOST-un kitabını yazan. Ona görə qrimə ehtiyacım var idi. Tez qaçıb Azadı tapdım və ona fikrimi dedim. Azad razılaşdı. Biz Episentrdən çıxıb Azadgilə getdik. Evdə mənə atasının köhnə paltarlarını verdi. Sonra saçımı rənglədi. İndi mən tamam başqa adama oxşayırdım. Həm də çox əziyyət çəkmək lazım deyildi. Onsuz da üzdən məni o qədər də yaxşı tanımırdılar ki, əsas sözlərimlə onları şübhələndirməyim. Təğyiri-Libas İlk dəfə əynimdə Ulduzlu köynək olmadan şəhərə çıxmışdım. İndi camaat mənə heç baxmırdı. Onlar üçün adi adam idim. Heç kəsin baxışlarında qorxu görmürdüm. Onlar məndən qorxmurdular. Onlar məni sevmirdilər. Onların vecinə deyildi.. Yavaş-yavaş şəhərin daha çox A-nın tərəfdarları yığışan hissəsinə getdim. Parklardan birində bir neçə ulduzlu köynək görüb onlara yaxınlaşdım. Oğlanlar mənə tərs-tərs baxırdılar. Sakitcə salamlaşıb yanlarında oturdum. Onlardan biri məndən soruşdu: - Nə lazımdı sənə? Dedim: - Heçç.. Siz HOST-dansız? Oğlan dedi: - Hə... Nədir ki? - Mənə bir az danışa bilərsiz? Özümü son vaxtlar çox pis hiss edirəm. Hər şey maraqsızdı, heç nə etmək istəmirəm. Amma sizə baxanda elə bilirəm ki, həyatınızın mənası var. Nədir sizin həyatınızın mənası? Oğlan dedi: - Həyatın mənası olmur. Bu günəşin çıxması kimidir. Günəş çıxanda göyün üzü qızarır, çəhrayı rənglər, ağ ilə maviyə qarışır. İnsanlar bu mənzərəyə baxanda sevinirlər. Onların bu mənzərədən xoşu gəlir. Amma soruşanda ki, niyə xoşun gəlir? Cavab verə bilmir. Çünki bunun izahı yoxdur. Ya da meyvə kimi, kimsə alma xoşlayır kimsə armud. Soruşanda niyə yenə izahı yoxdur. Bu belədir. Həyat da sadəcə var. Boş səhifə kimi. Dəftər kimi. Dəftərin mənası var? Yox. Dəftərin içi boş olanda onun heç bir mənası olmur. Həmin dəftərə şeir yazsan olacaq şeir dəftəri, şəkil çəksən olacaq albom, nə gəldi yazsan olacaq qaralama. Həyat boş bir səhifədi. Nə yazacağımızı isə ancaq özümüz seçə bilərik. Mənasız cümlələrdən tutmuş, konstitutsiyaya qədər. Keçmişinə bax. Onda biləcəksən ki, həyatın indiyə kimi nə dəftəri olub. Amma həyatın dəftərdən bircə fərqi var, köhnə səhifələrini cıra bilməzsən. - Yaxşı, bəs siz nə edirsiniz? Nə yazırsınız bu dəftərdə? - Biz, A dediyi kimi sinifdə müəllim mühazirə yazdıranda öz dəftərimizin arxa səhifəsində nə istəyiriksə onu yazırıq. Müəllim deyəni yox. Ürəyimiz nə istəyirsə onu yazırıq. Kimsə şeir, kimsə sevdiyi futbol komandasının cədvəlini, kimsə sevgilisinə məktub... Başqa nə ağlına gəlirsə hamısı.. Düzdü bizə digərləri ikiçi, avara deyəcək. Amma dərsi öyrənmək lazım olanda biz hər zaman parta yoldaşımızdan onun dəftərini götürə bilərik. Öz dəftərimizdə isə doğma bir şey olacaq. Hmm. Bu uşaqlar elə rahat danışırdılar ki, bir anlıq özümüzlə fəxr etməyə başladım. Biz insanlara nə isə öyrədə bilmişik. - Bəs A kimdi? Oğlan ətrafa baxıb sakitcə pıçıldadı: - A sonuncu qəhrəmandır. Sonuncu seçilmiş, Sonuncu elçi. Başıma elə bil qaynar su tökdülər. Bunlar nə danışırlar? - Necə yəni? Siz nə danışırsınız? Kim deyib bunu sizə? Uşaqlar dedi: - Kimsə deməlidir ki? Özümüz görmürük bəyəm? - Necə görürsüz? Oğlan bir az da yaxınlaşıb dedi: - Onun vəsiqəsi yoxdur. Onu çox az adam görüb. Gecələr biz yatırıq. Səhər oyananda onun artıq min səhifəlik planı olur. Gündüzlər üzə çıxmır.. 9 mərtəbədən aşağı tullanıb. Valideynləri naməlumdur.. Özü naməlumdur. Adı naməlumdur. Heç kəs onun qarşısını ala bilmir. Zibil yeşiyindən tapıblar. Deyilənə görə onu mələklər gətirib. Mən dinləyirdim. Oğlan bir az fikirləşib davam etdi: - Bilirsən, biz çox düşünürdük ki, niyə məhz Azərbaycan? Niyə sonuncu qəhrəman buradan çıxmalı idi. Axır anladıq ki, onun gəlməyi üçün buradan yaxşı yer ola bilməzdi. Çünki Azərbaycan dünyanın mərkəzində yerləşir. Nə şərqdir, nə qərb. Nə islam ölkəsidir, nə xristian ölkəsi. Nə inkişaf etmişdi, nə geridə qalmış. Nə ənənəyə bağlıdır, nə müasir. Azərbaycanın ideologiyası yoxdur. Bax, bizim bircə fikrimiz var. Qarabağı qaytarmaq. Başqa heç nə. Azərbaycanlıları birləşdirən başqa heç nə yoxdur. Indi təsəvvür elə ki, Qarabağ da qayıtdı. Hə.. Bəs sonra? Sonra nə etmək lazımdır. İnkişaf eləmək? Bu ideologiya ola bilər? İnkişaf.. Demokratiya? Yoxsa nə? Nə istəyir azərbaycanlılar. Özləri bilir? Yox. Azərbaycan gah geriyə gah irəliyə gedir, gah yerində sayır. Gah İslama qayıdır. Gah efirdə soyunur. Gah deyir ki, türk dövlətidir, gah deyir ki dünyəvidir. Deyirlər ki, dahilər, qəhrəmanlar çiçək kimidir. Onların yaxşı yetişməsi üçün çoxlu peyin lazımdır. Azərbaycanda da peyin çoxdur. Ona görə də A yetişdi. Gəldi ki, bizi sonra dünyanı xilas etsin. Deməli hamı A-nın qeyri-adi olduğunu düşünür. Yəqin bu doğrudan da belədir. Amma nə isə inandırıcı gəlmir. Mən tam inana bilmirdim. Məncə A sadəcə çox ağıllı və güclü bir şəxsiyyət idi. Mən bunu yazmalı idim. Kitabın sonunda A-nın sonuncu qəhrəman olduğunu yazacaqdım. Ona görə də Episentrə yollandım. Yol boyu dağıdılmış mağazalar, daşlanan fahişələri görürdüm. Xaos getdikcə daha da böyüyürdü. Və bu mənim xoşuma gəlirdi. Küləklər şəhərinə Qasırğa gəlmişdi. ERMƏNİ Çingiz Qarabağ qaçqını idi. Onun bütün ailəsini Xocalıda qırmışdılar. O vaxtlar Çingizin 7 yaşı olardı. Amma ailəsi heç yadında qalmamışdı. Xocalının nə bir daxması nə bir ağacı. Heç nə .... Düşmən hücuma keçəndə mərminin biri düz Çingizin yanında partlamışdı. Çingiz də bütün uşaqlığını bu partlayışdan sonra unutmuşdu. Yaddaşında ancaq qarlı yollar, atəş səsi və ölülər var idi. Qaçqın şəhərciyində onu digər yetimlər kimi ailələrə bölüşdürmüşdülər. Yazıq uşağın hansı şəraitdə böyüdüyünü heç təsəvvür də etmək olmazdı. Yad şəhər, evsiz-eşiksiz. Vətəndən didərgin. Atasının, anasının qanı yerdə.. Amma o heç nə edə bilmirdi. Ailəsindən bircə yadigar qalmışdı. O da anasının şəkli. Balaca buzovun başını sığallayan müqəddəs ana. Anası şəkildən ona baxırdı. Çingiz bütün uşaqlığını bu şəkillə keçirmişdi. Əlindəki şəklə baxıb anasını nə qədər çox sevirdisə alçaq ermənilərə də bir o qədər nifrət eləyirdi. Qaniçən, insafsız, yırtıcı ermənilər. Çingiz onlara nifrət edirdi. Bu nifrət də onu gücləndirirdi. O böyüdükcə içindəki nifrət daha da artırdı. Çingiz özünə söz vermişdi ki, bir gün bütün erməniləri məhv edəcək. Uşaq vaxtı döyüşlə məşğul olmuş, məktəbdə tarix dərslərini hamıdan yaxşı oxumuşdu. Əsgərliyini çəkmiş və hərbçi olmaq qərarına gəlmişdi. Çingiz silahdan ayrılmırdı. Hər gecə yuxuda ermənilərin kəndlərinə hücum edib evlərini yandırırdı. Erməni kişilərini güllələyib, qadınlarını zorlayır, uşaqlarını boğurdu. Dostları ilə görüşəndə onları da müqəddəs müharibəyə hazırlayırdı. Çingiz deyirdi: -Dostlar, biz həmişə unutqan xalq olmuşuq. Biz türklərin ən böyük səhvi unutqanlığımızdadır. Biz bu erməniləri vaxtında qırmalıydıq. Ey türk, kəndinə qayıt. Sən özünə qayıdanda güclü olursan. Biz seçilmiş millətik. Dünyanı türklər idarə etməlidir. Bizim düşmənlərimiz heç vaxt bizi rahat yaşamağa qoymayacaqlar. Ona görə biz birləşib onlar məhv etməliyik. Ermənilər həmişə alçaq olublar. Əsrlərlə öz ikiüzlü, yaltaq siyasətləri ilə bizim etibarımızı qazanıb, hər dəfə də bizə arxadan zərbə endiriblər. Onlara inanmaq olmaz. Onların hamısı alçaqdır, hamısı ölməlidir. Uşaqlar da murdardır çünki onların qanında murdar qan, oğru qanı axır. Ermənilərin hamısını yer üzündən silmək lazımdır. Sülh olmaz. Ancaq müharibə. Onlar bizim qanımızı töküb, biz də onların qanını tökməliyik. Sonuncu erməniyə qədər hamısı ölməlidir. Çingizin çağırışları dostlarını da həvəsləndirirdi. Onlar hər yerdə bu fikirlərini yayır, insanları erməni köpəkləri ilə mübarizəyə çağırırdılar. Məqsəd təkcə Qarabağı yox, bütün Ermənistanı almaq idi. Çingiz deyirdi : - Ermənistana bomba atıb hamısını qırmaq lazımdır. Uşaqları da, qadınları da.. Çünki hər bir uşaq gələcəkdə erməni əsgəri olacaq. Hər bir qadın nə vaxtsa qaniçən ermənini doğacaq. Onların hamısı bizə nifrət eləyir. Siz üzdə adi erməniləri görüb deyə bilərsiniz ki, onlar günahkar deyil. Amma onlar içində sizə nifrət edir. Türk olduğunuz üçün sizə nifrət edir. Siz nə istəyirsiniz, sülh? Sülh?!! Hansı sülh? Qarabağ qayıdandan sonra sərhədlər açılsın? Ermənilər yenə Bakıya gəlsin? Hansısa erməni zibili bizim təmiz azərbaycanlı qızların yatağına girsin? Bunu istəyirsiniz? Bəs Namus, Qeyrət? Biz gərək hücum edib onların soyunu qıraq, nəsillərini kəsək .. Çingizin 21 yaşı tamam olanda gözəl bir qızla tanış olur. Səbinə. Çingiz Səbinəyə ilk baxışdan vurulur. Səbinə tarix fakültəsində oxuyurdu. Çingiz də fəxrlə geyindiyi hərbi formada hər gün Səbinəni həyətdə gözləyirdi. Dərs qurtaranda əl-ələ tutub bağda gəzirdilər. Qısa vaxtda bir-birlərinə öyrəşirlər. O vaxta Çingizin imkanı da yaxşılaşır. Özünə şəhərin mərkəzində mənzil alır. Bir gün Səbinəgilə elçi gedir. Qızın ailəsi də görür ki, oğlan hərbçidir, içmək yox, çəkmək yox, vətəninə bağlı, öz ayaqları üstündə dayanmış boylu-buxunlu cavan oğlan. Daha qarşı çıxmağın mənası olmazdı. Əgər cavanlar bir-birlərini sevirlərsə heç nə demək olmaz. Çingizlə Səbinə nişanlanırlar. Hər şey çox yaxşı getdiyi vaxtda Çingizin yanına qara geyimli bir neçə oğlan gəlir: - Çingiz, səni iki günlük aparmalıyıq. Çingiz donub qalır: - Siz kimsiniz? Necə yəni aparmalısınız? Hara? Onlardan biri deyir: - Çingiz, bilirik ki, indi toya hazırlaşırsan. Amma səni bir nəfərlə görüşdürmək lazımdır. Toya görə narahat olma, biz bütün yükü öz üzərimizə götürürük. Səni bir nəfərlə görüşdürmək çox vacibdir. - Kimlə? Harada? - Çingiz ,Gürcüstana getməliyik. Anan səni gözləyir. Bu müqəddəs kəlməni eşidən Çingizin gözləri dolur. Qarşısındakı oğlanları qucaqlayıb bağrına basır. Əlləri əsməyə başlayır. Deməli onun anası sağdı. Deməli o da qaça bilib. Neçə il sonra. Neçə il sonra...Axır o anasına qovuşa biləcək. Hər zaman əzizlədiyi şəkildəki gözəl anası onun toyuna gələcək. Çingiz anasının saçlarını sığallayıb gözlərindən öpəcək.. Səhəri gün onlar qatarla Gürcüstana yollandılar. Yad vağzalın qarşısında anası qucaqlarını açıb hönkür- hönkür ağlayırdı. Çingiz də ağlayırdı. Anasına sarılıb ağlayırdı. Anasının əlində Çingizdəki şəkilin o biri hissəsi – cırılmış hissəsi vardı. Bu Çingizin uşaqlığı idi. Çingiz indi başa düşmüşdü ki, bu şəkili anası onun ovucuna basmışdı ki, qaniçən ermənilərin hücumundan sonra bir-birilərini tapa bilsinlər. Çingizin içində hər şey qaynayırdı. Artıq o anasını evinə apara bilərdi. Axır anası yad gürcü ellərindən doğma Azərbaycanına gələ bilərdi. Ana qucağının istisində Çingiz bütün soyuq tənha gecələrini yadına salır və daha da bərk hönkürürdü. Anasının incə mızıltısı onun qulaqlarından keçib qəlbinin ən dərin hüceyrələrinə hopurdu. Amma... Çingiz bilmirdi... Çingiz bir şeyi bilmirdi. Anası Çingizə nə isə deyirdi. Amma o bu dildən heç nə anlamırdı. Heç bilmirdi anası hansı dildə danışır. Birdən kimsə əlini onun çiyninə qoydu. Arxadan qara geyimli oğlan dilləndi. - Çingiz , sənin anan ermənidir!!! Zaman dayandı, əqrəblər donub qaldı, hər şey susdu. Əbədi sükutdan qulaqlar partlayacaqdı. Hər şey bir an içində məhv olmuşdu. Qara paltarlı oğlan davam etdi. - Sənin atan da ermənidir. Sənin bütün nəslin erməni olub. Sən də ermənisən. Çingiz dönüb oğlanın üzünə yumruq ilişdirmək istədi. Lakin digər oğlanlar onu saxladı. Çingiz yaralı canavar kimi nərildəməyə başladı. Anası onu qucaqlamaq istədi. Amma Çingiz geri çəkildi. Başını qucaqlayıb yerə yıxıldı. O inana bilmirdi. Oğlan bir az gözləyib yenə əlini onun çiyninə qoydu: - Çingiz , güclü ol! Biz sənin yaxşılığını istəyirik. İstəyirik ki, həqiqəti biləsən. Sənin ailən Xocalıdakı erməni ailələrindən idi. Müharibə vaxtı onlar hücum edəndə sizi də türk sanıb qovublar. Sən də yanında partlayan mərmidən yaddaşını itirmişdin. İndi də.. İndi də belə.. Sən artıq hər şeyi bilirsən. Çingizin bütün həyatı, fikirləri, arzuları məhv olmuşdu. Anasını tapıb vətənini itirmişdi. Amma o zəif deyildi. O buna dözə bilərdi. Hərbçi həyatı ona bütün ağrılara tab gətirməyi öyrətmişdi. Çingiz göz yaşlarını silib dərindən nəfəs aldı. Sonra ayağa qalxıb qara geyimli adamlara baxdı: - Siz... Siz bunu sübut edə bilərsiniz? Qara geyimlilərdən biri dedi: - Biz itkin düşmüşlərin axtarışı ilə məşğuluq. Sənin bütün sənədlərin bizim ofisdədir. Doğum kağızı, uşaqlıq şəkillərin. Sənin adın da Çingiz deyil, Vardandır. O gün səni televiziyada müsahibə verəndə göstəriblər. Anan da təsadüfən buradan səni görüb. Biz gedib maraqlandıq və bizə sənin ünvanını dedilər. Sənin anan çox yaxşı qadındır. O səni neçə ildir ki gözləyir. Amma atan müharibə vaxtı ölüb. - Bəs anam Azərbaycanca heç bilmir? - Biz onunla danışmaq istəmişdik. Amma deyəsən çox az bilir. Bu sözləri eşidəndə Çingizin anası pıçıldadı: - Mən səni Sevir oğul. Oğul. Mənim. Doğma oğul. Sevgi. Bu sözlərdən sonra Çingiz ikinci dəfə anasına sarıldı. O nə edəcəyini bilmirdi. Amma deyəsən arxadakı qara geyimlilər artıq hər şeyi ölçüb-biçmişdilər. - Çingiz, artıq heç nəyi dəyişə bilməzsən. İstəyirsənsə ananı da götürüb Bakıya gəl. Heç kəs heçnə bilməyəcək. Biz Səbinəyə də heç nə demərik. Bu sözləri eşidəndə Çingiz bir daha qara geyimlilərin üzərinə cumdu. Bu dəfə o, sərt zərbə ilə ortadakını yerə yıxdı. Lakin digər ikisi, onun qollarını burub saxladılar. Çingiz tərpənə bilmirdi. Yerə yıxılmış qara geyimli isə davam etdi: - Həə, Səbinə. Sənin sevgilin Səbinə. Deyəsən iki-üç günə toyunuz olacaq. Sən doğrudan da buna inanırsan? Səncə biz qoyarıq ki, namuslu azərbaycanlı qızı erməni ilə bir yastığa baş qoysun? Səncə qoyarıq ki, sənin murdar erməni anan Azərbaycan torpağına ayaq bassın? Səncə biz qoyarıq ki, sən özün, alçaq erməni, bizə nifrət edən erməni bizimlə bir yaşayasan? Sən bizə nifrət edirsən. Sən bütün türklərə nifrət edirsən. Sən bütün azərbaycanlılara nifrət edirsən. Sən Səbinəyə də nifrət edirsən. Çingiz dizləri üstə çöküb ağladı. -Mən Səbinəni sevirəm. Mən Azərbaycanı sevirəm. Mən anamı sevirəm. Mən sizi sevirəm. Qara geyimli oğlan onun gözlərindən öpüb sakitcə pıçıldadı: - Çingiz, erməni olmaq necə hissdi? Səncə nəsə dəyişdi? Sən Vardansan, yoxsa həmin Çingizsən? Biz səni buraxırıq, Səbinəyə də heç nə deməyəcəyik. Ananı da özünlə apara bilərsən. İndi hər şey sənin öz vicdanındadır. Səbinə əsl Azərbaycan oğluna layiqdir. Amma sən ermənisən. Onunla evlənməklə sən daha bir Azərbaycan qızının namusunu pozacaqsan. Sən pis insansan. Eşidirsən? SƏN PİS İNSANSAN!!! Çingiz sakitcə dedi: - Axı mən heç kəsə pislik etməmişəm. Axı mən pis insan deyiləm. Qara geyimli cavab verdi: - Sən ermənisən. Özün demirdin ki, bütün ermənilər pisdir? Sonun Əvvəli Azad Gürcüstanda Çingizlə qaldı. Arazla biz qatara minib Bakıya qayıtdıq. Vağzalda Aslan bizi qarşıladı. Amma rəngi tamam qaçmışdı. Elə bil ki, nə isə baş vermişdi. Bizə baxıb dedi: - Uşaqlar, Abbası tutublar! Qulaqlarıma inana bilmədim: - Necə yəni tutublar? Kim tutub? Aslan dedi: - Siz Gürcüstana gedən gün Abbası tutdular. Polislər onu mağazanı yandıran yerdə apardı. Əslində adam çox idi. Amma başda Abbas durmuşdu. Onlar da onu seçə bilmişdilər. 2 gündür türmədədir. Sabah məhkəmədir. Hər şey sabah bilinəcək. Ya azadlıq, ya 10 illik həbs. Araz dedi: - Yaxşı gedəy Episentrə hamıya yayaq. Aslan qışqırdı: - Dəlisən? Necə hamıya yayaq? Hamıya desək kütlənin qarşısını almaq mümkün olmayacaq. Onlar məhkəməyə hücum edərlər. Özün bilirsən ki, Abbası nə qədər adam sevir. Onlar öz həyatlarından keçərlər ki, ona heç nə olmasın. Hücum edərlər. Araz dedi: - Hücum etsinlər də! Gör nə qədər tərəfdarımız var. Bu xəbər yayılsa sabaha məhkəmənin qarşısına bir milyon adam gələr. Xalqın təzyiqi ilə onu buraxarlar.. Aslan dedi: - Amma dövlət də var, yadından çıxarma. Onun ordusunun qarşısında bizim qara köynəklilər heç nədir. İstəyirsən ki, bizi məhv etsinlər? Həm də bəlkə Abbası buraxdılar. Onlar da ağılsız deyil. İstəməzlər ki, xalqın bu qədər inandığı insanı tutmaqla özlərinə olan etibarı itirsinlər. Gəlin gedək Episentrə orada özümüz müzakirə edək. Bəlkə vəkil tutaq? Gəlin. Tez. Oturun maşına. Görək A nə deyir? Episentrə çatanda uzun dəhlizlə A-nın otağına yollanırdıq. Otağın qarşısında digər uşaqlar növbəyə düzülmüşdülər. Biz gözətçidən soruşduq ki, niyə bu uşaqlar buradadır. Dedi A seçilmiş uşaqları bir-bir yanına çağırıb. Onlarla nə isə danışır. Hansısa bir işi tapşırır. Otaqdan çıxanların hamısı halsız vəziyyətdə qırağa çəkilirdilər. Bəzilərinin ürəyi bulanırdı. Bəziləri huşunu itirirdi. Deməli mənim də huşumu itirməyim A ilə görüşə görə olmuşdu. Yəqin nə isə var idi. Natamam kitabımın vərəqləri az qala çantamdan töküləcəkdi. Birdən arxadan kimsə onları tutub saxladı. Mən dönəndə Ayseli gördüm. O mənə baxıb dedi: - Ehtiyatlı ol. Mən də ona baxıb nə deyəcəyimi bilmədim. Son həftələr onu demək olar ki, görmürdüm. İndi isə biz üz- üzə gəlmişdik. - Hə, çox saq ol. Az qala tökülmüşdü... Aysel mənə yenə tərs-tərs baxıb dedi: -Hə, yəqin çox məşğulsan. Çantan yadından çıxıb. - Hə çantam lap yadımdan çıxmışdı. - Təki yaddan çıxan ancaq çanta olsun. Sonra getdi. Istədim onun yanına gedim, Araz məni çağırdı. - Anar, Anar, bura gəl! A özü camaata deyib ki, sabah məhkəmə olacaq. Və o özü gedib Abbası çıxaracaq! Eşidirsən? A özü ora gedəcək. Aslan dedi: - Yox olmaz. Təsəvvür edirsən bu nə deməkdi? A-nı görmək üçün hamı məhkəmədə olacaq. Bütün tv-kanallar çəkəcək. Bütün dünyanın gözləri bizdə olacaq. Bu hadisə vətəndaş qarşıdurmasına gətirib çıxara bilər. Mən bütün varlığımla söhbətə qoşulmaq istəyirdim. Amma fikri Ayselin yanında idi. Dözə bilməyib Ayselin arxasınca qaçdım. Dəhlizin sonunda ona çatıb əlindən tutdum. Sonra üzünü çevirib dodaqlarından öpdüm. Amma gözlənilmədən sifətimə yağlı bir şillə dəydi. Bu şillə məni yuxudan oyatdı. Aysel dəyişmişdi. O həmişəki Aysel deyildi. Mən onun əlindən dartıb sağdakı boş otağa saldım. Sonra özüm də girib qapını örtdüm: - Bu nə deməkdi? Mənə əl qaldırırsan? Gic olmusan? - Mən gic olmuşam? Cırığ-cındır paltarda bir aydı oyan buyana dolaşırsan. Əlində qara-qura səhifələr, bığ saqqal. Bir gün Gürcüstana hücum edirsiz, bir gün dükan yandırırsız... Mən gic olmuşam? - Kim Gürcüstana hücum edir? Sən nə danışırsan? Aysel, canım bağışla, əgər xətrinə dəymişəmsə. Amma özün görürsən hansı vəziyyətdəyik. - Görürəm Anar, görürəm. Sən artıq məni sevmirsən. - Boş-boş danışma, səni hamıdan çox sevirəm. Sadəcə... - Sadəcə vaxtın yoxdu hə? Vaxtın yoxdu. Amma hansısa Çingizə vaxt tapırsan, hansısa qızın üzünü yandırmağa vaxtın var. Axı niyə belə oldu? Nəyə lazımdı bunlar? - Aysel, özün bilirsən ki, nəyə lazımdır. Azad cəmiyyət. Bərabərlik, Ədalət, Azadlıq. Hər kəsin xoşbəxt olacağı bir sistem. - Var idi də. Əvvəl elə idi də. İndi görmürsən nə baş verib. Balaca otaqlarda səmimi hisslərini etiraf edən zəif oğlanlar indi manyaklara çeriliblər. Dünən “evdə atam məni döyür” deyən qızlar bu gün avtomobilləri yandırır, dükanları dağıdırlar. Budur azad cəmiyyət? Sabah polis hamınızı basacaq dama. Səni də, o birini də, Aslanı da, Abbası da, A-nı da.. - Suss!.. Bilmədiyin şeyi danışma.. A-nı içəri sala bilməzlər. A-ya heç nə edə bilməzlər. - Niyə? Sən də o nağıllara inanırsan? Sən də elə bilirsən ki, A peyğəmbərdi? - Bilmirəm. Bilmirəm. İndi Abbası çıxarmaq haqda düşünməliyik. Gəl bu haqda başqa vaxt danışaq. - Başqa vaxt olmayacaq mən gedirəm!!!.. - ........ Nə ? ..... ııı... Hara gedirsən? - Gedirəm.. Birdəfəlik bu yerlərdən gedirəm.. - Canım, hara gedirsən? Yaxşı da. Lazım deyil. Axı lap az qalıb. Bir azdan... - Anar bəsdi. Bəsdi...Yoruldum.. - Axı mən səni sevirəm. - Mən də səni sevirəm. Amma yorulmuşam. Bu A-dan, HOST-dan, qara köynəklərdən. Yorulmuşam. Başa düşürsən? Yorulmuşam.. - Nə lazımdır ki sənə? - Mənə sən lazımsan başqa heç nə. Yadındadır məni qaçıranda meşədə nə deyirdin? Deyirdin ki, məndən başqa sənə heç nə lazım deyil. Bəs indi nə olub? Niyə ikimiz gedib balaca bir daxmada xoşbəxt ola bilmərik? Hə? Niyə nağıllardakı kimi balaca bir evdə yaşayıb bir yerdə qocala bilmərik? - Aysel, necə xoşbəxt olaq? ”Xoşbəxtlik təkcə gözəl pəncərədən yox, həm də mənzərədən asılıdır” - yadından çıxıb? - Ehh. Boş cümlələr. Boş cümlələr. - Cümlələr həmişə boş olur. Onlar yalnız əməl olunanda mənasını tapır. Mən yazan kitabda da adi cümlələrdi. Amma onlara əməl olunsa dünyanı dəyişmək olar. Niyə başa düşmək istəmirsən? - Nəyi? Nəyi? - Onu ki, sabah biz bir ev alıb yaşasaq da biri gün uşaqlarımızı istədiyimiz kimi tərbiyə edə bilməyəcəyik. Qonşularımız istədiyimiz kimi olmayacaq. Bazardakı satıcının üzündən zəhrimar yağacaq. Televizora baxa bilməyəcəyik. Pozğun cəmiyyətdə xoşbəxt olmaq suyun içində quru olmaq kimi bir şeydir. - Anar, sən düz deyirsən. Dediyin hər şey doğrudur. Amma bu mümkün deyil. Bu arzulardı. Bu boş ümidlərdir. Dünya dəyişən deyil. Mən gedirəm. Seçimini et .Ya mən ya HOST. Bir dəqiqəlik sükutdan sonra dedim: - HOST... Aysel qapını örtüb otaqdan çıxdı. Mənim gözlərim yerə zillənmişdi. Heç nə düşünə bilmirdim. Beynim partlayırdı. Bir tərəfdən A, bir tərəfdən Abbasın məhkəməsi, bir tərəfdən bitirməyə hazırlaşdığım kitab, bir tərəfdən HOST, bir tərəfdən Aysel. Hər şey bir-birinə qarışmışdı. Əvvəl elə bilirdim ki, A da mənim kimi bir oğlandır. Amma indi onun insan olmasına da şübhə edirəm. Nə baş verir? Bu xaos nə zaman bitəcək? Qulağımda eyni sual dəfələrlə təkrarlanırdı. ”Biz nə edirik? Biz nə edirik? Biz nə edirik? Biz nə edirik? Biz nə edirik? Biz nə edirik? ” Bu sualların sonu yox idi. Aysel dözə bilmədi. Aysel bacarmadı. O məni yarı yolda atdı. Mən də ona həyat yoldaşı deyirdim. Məni yarı yolda atan yoldaş. Prokuror - Siz və sizin təsirinizə düşən cavanlar dünən şəhərin mərkəzində mağazanı yandıran yerdə polis tərəfindən yaxalanmısınız. Bütün dəlillər toplanıb, bütün şahidlər məhkəmə zalındadır. Abbas, siz buna nə deyə bilərsiniz? Abbas: - Hər şey göründüyü kimi sadə deyil. Prokuror: - Abbas, mən sizi başa düşmürəm. Nə demək istəyirsiniz? Abbas: - Mən heç nə demək istəmirəm. Məni siz bura gətirmisiniz. Deməli siz nə isə demək istəyirsiniz. Prokuror: - Cənab Hakim, bu adam cinayətkardır. O ətrafına cəmiyyətin ən aşağı üzvlərini toplayıb qruplaşmalar yaradır. Bizdə olan məlumatlara görə bu qruplaşmalar şəhərdə yanğınlar törədib, insanlara hədə-qorxu gəlir, dələduzluq edirlər. Mən Azadla məhkəmə zalında oturmuşdum. Hakimin və prokurorun qorxduqlarını gözündən oxumaq olurdu. Onlar Abbası tutmaq istəyirdilər. Amma qorxurdular. Çünki həmin hakimin də oğlu HOST-dan idi. Həmin prokurorun qardaşı uşaqları da HOST-dan idi. Bütün şəhər bizim tərəfimizdə idi. Xalq bizim tərəfdə idi. Ona görə Abbas da çox rahat idi. İçəridə azı 7 video kamera vardı. Onların 3-ü Azərbaycan kanalları idi, digərləri xarici kanallar. Məhkəmə birbaşa yayımlanırdı. Bilmirəm bunu kim təşkil etmişdi, amma hər kim etmişdisə gərək ki, böyük qüvvəsi var idi. Hər dükan yandıranın məhkəməsini canlı yayımda göstərmirlər. Binanın ətrafına toplaşan camaat hər an məhkəməyə hücum etməyə hazır idi. Mən Azada baxdım. O da çox rahat oturmuşdu. Mən tam başa düşə bilmirdim. Elə bil ki, nə isə başqa bir şey var idi. Gah hakim nə isə deyir, gah şahidlər danışırdı. Bütün bunlar yuxu kimi gəlirdi. Gör həyat məni haradan haraya gətirdi. Aysel yoxdu, kitab hazır deyil, Abbas... Prokuror son sözünü dedi: - Bu cinayətdir. İndi Abbas son sözünü deməli idi. “ Bu cinayətdir? Heh. O dükanlar ki, dövlət vergisindən qaçıb camaatı sərxoş eliyən içkilər satır. O fahişələr ki, sərxoş daydayların pullarını öz döşlərinin arasında gizlədir. Murdar adamlarla dolu barlar, cındır jurnalistlərlə dolu televiziyalar. Xalqın beynini mənasız şeylərlə doldurub yuxusunu daha da dərinləşdirirsiniz. Bakirə qızları yoldan azdırıb onlarla min bir oyundan çıxırsız. Sizin həyatınız təkcə iş və evdən ibarətdir. Amma mən daha artığını görmüşəm. Bayıl türməsində öz doğma atasını zorlayan mavilər. Metroda tanımadığından anasını əlləyən biqeyrətlər. Striptiz zallarında bacısına müştəri axtaran namussuzlar. Müdirin masasına uzanan katibələr. Uşaq kaloniyalarındakı pedofillər. Demokratiyanın dördillik oyuncaqları. Seçkiqabağı kampaniyalarda camaatın qabağına atılan yağlı sümüklər. Məktəblərdə yetişdirilən nəşəxorlar. Otellərdəki piyli xaricilərin altında uzanan 14 yaşlı qızlar. Kasıb insanlardan tragediya oyuncağı düzəldən verilişlər. Xeyriyyə məqsədi ilə alınan pulların yarısını cibimizə qoymağımız. Cındır siyasətin qurbanı olan İraqa göndərdiyimiz 100 nəfər əsgərlə Amerikaya göstərdiyimiz inanılmaz dərəcədə böyük yardım. Ya Qarabağ qayıdandan sonra qaçqınların dallarından təpik ilişdirib şəhərdən meşəyə göndərmək arzularımız. Pornoya çevrilmiş küçələr. Ömürlərində bir dəfə də olsun qocalar evinə getməyən cavanlar. Ağzı cırıq yekəpər polislər, yaltaq deputatlar, çayxana müxalifətçiləri, qoyun tələbələr, qomik müğənnilər, selikon sənətçilər, arvadbaz idmançılar. Ömürlərinin sonuna kimi evləndiklərinə peşman olan ailələr. Ata-ananın söyüşləri altında böyüyən uşaqlar. Hollivud cizgi filmləri ilə böyüyən uşaqlar, böyük qardaşlarının prezirvativlərini qurdalayan uşaqlar, qələmdən tez siqaretlə tanış olan uşaqlar – gələcəyin manyakları, zombiləri. Ana südünə həsrət qalıb paket yeməklər yeyən paket uşaqlar. Sırtıq mollalar, palçığdan tikilmiş binalar. Heç nə haqda fikirləşməyən, televizor pultu ilə doğulan, dalları divandan qalxmayan avaralar. Yalançı tarixçilər, keçəl cangüdənlərin qalın boyunlarına sarılmış maymaq milyonerlər. Sütunsuz şadlıq sarayları və stulsuz məktəb sinifləri. Qalstuklu eşşəklər, paqonlu sıpalar, mikrofonlu qoduğlar. Bəs bunlar? Bunlar cinayətkar deyil? Yox cənab hakim, bunlar cinayətkar deyil. Bunlar düşməndir.. Bunlar əsl düşməndir. Bu əsl müharibədir. Müharibədə heç kəs düşməni məhkəməyə vermir. Müharibədə Kalaşnikov ilə düşmənin ağzını cırırsan. Qumbara ilə bağırsaqlarını yerə tökürsən. Bəs siz nə edirsiniz? Ən uzağı bir-iki qəzetdə bunu tənqid edirsiz! Bəlkə Qarabağ gedəndə də heç döyüş olmayaydı? Elə bir-iki qəzetdə erməniləri pisləyəydik? Görəsən hara qədər gəlib çıxardılar? Mənim etdiyim cinayətdir? İntihar etməyə hazır olan gəncləri yenidən həyata qaytarmışıq, ruhu ölmüş insanları yenidən diriltmişik. Ərlər gecələri öz arvadlarının yanında keçirir. Uşaqlar rahat məktəbə gedib layiq olduqları qiyməti alır. Narkomanlar bizim qorxumuzdan iynə almırlar.. Bu sizin xoşunuza gəlmir? Hə? Bəlkə narkoboronlardan sizə gələn faiz azalıb? Bəlkə qadın alverinın gəlırı aşağı düşüb? Yoxsa hərdən bir pritonlara nəzarətə gedəndə Mama Roza sizə daha pulsuz qız təklif etmir? Cənab Hakim, bəlkə oğlunuzun sizdən gizlətdiyi HOST könəyini tapmısınız?!!! HƏ..? Axı sizin oğlunuz da bizim ordumuzdadır.. Bu sözlərdən sonra məhkəmə zalına sükut çökdü. Abbas elə danışmışdı ki, içəridə gözləri bərəlməmiş bir nəfər də yox idi. Bütün Dünya Televizorların qarşısında bu çıxışı izləyirdi. Abbasın səsi bütün qulaqlara çatmışdı. Evdə xalçanın üzərində oturub televizora baxan bacı-qardaş, öz ofisindən bu sözləri dinləyən iş adamları, radiodan eşidən taksi sürücüləri, türk kafelərində lahmacun yeyən cavanlar. Hər kəs. Hər kəs donub qalmışdı. Indi hakim nəsə deməli idi. Bu sükut bu qədər uzun ola bilməzdi. - Abbas, siz kimə qulluq edirsiz? Hə? Dövlətə yoxsa hansısa A adlı kökü-mənşəyi bilinməyən cinayətkara? Abbas ayağa qalxıb dedi: - Biz Allaha qulluq edirik. A - Allahın elçisidir. Bu sözlərdən sonra məhkəmə zalında dəhşətli bir uğultu eşidildi. İçəri ağ dumanla doldu. Polislər Abbası əhatə etdilər. Camaat qorxub zalı tərk etməyə başladı. Mən də ayağa qalxmaq istədim. Amma Azad qolumdan yapışıb yerimə oturtdu. ”Gözlə, hələ vaxtı deyil ”. İşıqlar yanıb sönməyə başladı. Məhkəmə binasının həyətindən kütlənin səsi eşidilirdi. ”A”, “A”, “A”. Sonra Polis sirenaları, atəş səsləri. Aslan məhkəmə zalından çıxan insanları yarıb içəri keçdi. Bizə yaxınlaşıb dedi: - Tez edin. Burdan çıxmalıyıq. Mən gizli yol bilirəm. Kütlə qızışıb. Onu saxlamaq olmur. Onlar bura hücum edirlər. Abbası tapın. Abbası tapın. Azad dedi: - Niyə? Niyə hücum edirlər ki? - Biz bayırda idik. Məhkəmə binasına baxırdıq. Camaat eşitdi ki, A - Allahın elçisidir. Sonra binada işıqlar yanıb sönməyə başladı. Sonra elə bil ki. Hmm. Elə bil ki, bəzi pəncərələrdə işıq yandı digərlərində isə söndü. Bütöv binada pəncərə işıqları ilə A yazıldı. Sonra yenə bütün işıqlar söndü. İkinci dəfə “Hücum” yazıldı... Aslan bu sözü deyən kimi arxadan partlayış səsi gəldi. Avtomobillər yanırdı. Kütlənin gurultusu getdikcə yaxınlaşırdı. Aslan bizi hakimin kürsüsünə tərəf apardı. Onun altında gizli keçid vardı. Üçümüz də o keçidlə aşağı enməyə başladıq. Kütlənin səsi daha da artdı. Tələsik pilləkənləri enib dar dəhlizə düşdük. Bu mənzərə mənə bir il əvvəlki hadisəni xatırlatdı. Aslan məni və Azadı ikinci dəfə gizli yol ilə xilas edirdi. Var gücümüzlə irəli qaçırdıq. İşıqlar getdikcə azalırdı. Dəhlizin isə sonu yox idi. “ 1.Ürəkləri döyündürən gün! 2.Nədir ürəkləri döyündürən gün? 3.Nə biləsən nədir ürəkləri döyündürən gün? 4. O gün ətrafa səpələnmiş qaynaşan pərvanələrə bənzəyər insanlar. 5. O gün didilmiş yun kimi olar dağlar. 6 Ağır çəkili kimsələr 7. razı qalacaqları bir ömrə qovuşarlar . 8.Yüngül çəkili kimsələrsə 9. uçuruma düşərlər. 10 . Nə biləsən o nə uçurumdur elə ? 11 . Yanar bir oddur o uçurum. ( Quran’i Kərim “Qaria” surəsi ) Bilmirəm nə qədər qaçdıq. Amma o qədər yorluduğum hələ yadıma gəlmir. Biz qurtulmuşduq. Amma Abbası tapa bilməmişdik. Deyəsən o içəridə qalmışdı. Uzaqdan yenə atəş səsləri gəlirdi. Biz döngəni keçib ikinci pilləkənlərə çatdıq. Bu pilləkənlər yuxarı qalxırdı. Aslan bizi tələsdirirdi. “Tez eliyin, Abbası çıxarmalıyıq”. Biz yuxarı qalxanda məhkəmədən xeyli uzaqda yerləşən metronun içindəydik. Mən heç bilməzdim ki, məhkəmə zalından metroya gizli yol gedir. Camaatı itələyə-itələyə küçəyə çıxdıq. İndi də eyni yolu geriyə doğru qaçırdıq. Məhkəmə uzun binaların arxasında qalmışdı. Ora çatmalıydıq. Yolda bir qrup HOST-çu bizi tanıyıb maşını saxladı. “Ey, Azad, Anar, bura gəlin. Sizi aparaq”. Biz maşına oturduq. İki dəqiqəyə məhkəmənin yanındaydıq. Böyük bir kütlə polislərlə əlbəyaxa döyüşə girmişdi. Plakatların taxtası ilə polisləri vururdular. Məhkəmə binasını daşa basırdılar. Digər HOST-çular maşınları polislərin üstünə sürürdülər. Uzaqdan daxili qoşunların su maşını kütlənin bir hissəsini yarmaq istəyirdi. Amma bizimkilər də geri qalmırdılar. Spirtli şüşə qabları polis avtomobillərinin üstünə çırpırdılar. Şəhərin mərkəzi yanırdı. Qısa vaxtda kütlə su maşınını hərbçilərdən aldı. İndi su maşını polislərə tərəf yönəlmişdi. Bakının böyük bir hissəsi xaosa çevrilmişdi. Biz kütləyə yaxınlaşmırdıq. Çünki onlara hücum əmri verməmişdik. Bəlkə bunu A etmişdi. Amma biz dəqiq bilmirdik. Ona görə qıraqdan camaatın sakitləşməsini gözləyirdik. Polislər geri çəkilirdi. Bu kütləni sakitləşdirmişdi. Əslində kütlə hər yeri dağıtmaq istəmirdi. Onlar sadəcə Abbası xilas etmək istəyirdilər. Hərbi dəstələr də bunu başa düşüb hücumu dayandırdılar. Məhkəmə zalının içində isə hələ də qarışıqlıq idi. Bir neçə güllə səsi eşidildi. Biz yavaş-yavaş məhkəmə binasına yaxınlaşırdıq. Aslan cibindən tapancaları çıxarıb hərəmizə birini verdi. Mən tərəddüd etdim. Amma o dedi: - Hər şeyə hazır olmalıyıq. Mən tapancanı kurtkamın iç cibinə qoydum. Kütlə sakitləşmişdi. Hamı Abbasın çıxmasını gözləyirdi. Biz də yaxınlaşdıq ki, Abbası tez götürüb Episentrə gedək. Uzaqdan yanğınsöndürən maşınlar məhkəmənin yuxarı mərtəbələrindəki yanğını söndürürdü. Polislər yerə düşmüş dəyənəklərini yığırdılar. Jurnalistlər kameralarını hazır tutmuşdu. Məhkəmə binasının qapısı açılanda kütlədən dərin bir “Ahh” səsi eşidildi. HOST-çular Abbası gətirirdilər. Amma əllərində. Onun çiynindən qan axırdı. Abbası yaralamışdılar. Azad qışqırdı: “Yol verin, yol verin... Zibilə qalasız sizi, yol verin”. Biz kütləni itələyib Abbasa tərəf gedirdik. Yolda bir-ikisinə yumruq da ilişdirməli oldum. Onlar bizi Abbasa yaxın buraxmırdılar. Amma Abbas uzaqdan məni tanıyıb dedi: -Anar, Anar, bura gəlin. Aparın məni. Anar!!!... Camaat aralanıb bizi irəli buraxdı. Tez Abbası qucağımıza götürüb maşına yollandıq. Artıq heç nə düşünə bilmirdim. Abbası həkimə çatdırmaq lazım idi. On-on beş dəqiqədən sonra biz onu Episentrə gətirdik. Şükür Allaha, bizim öz kiçik hospitalımız vardı. Orada öz həkimlərimiz Abbasın dərdinə əlac tapacaqdılar. Episentrin bütün mühafizəçiləri döyüşə hazır idi. Həkimlər Abbasın yarasından gülləni çıxarmaq istəyirdilər. Əməliyyat başlayacaqdı. Ona görə bizi otaqdan çıxardılar. Hər şey həkimlərin əlində idi. O çox qan itirmişdi. Bütün yolu sayaqlayırdı. Aynur dəhlizdə qısılıb digər qızlarla bir yerdə ağlayırdı. İndi Aysel də onların içində ola bilərdi. Araz divarı yumruqlayırdı. Aslan yerdə uzanmışdı. Azad kiməsə zəng edirdi, mən də əllərimi açıb dua edirdim... Sonun sonu Səhər yuxudan oyananda Aslan sakitcə dedi : - Abbas öldü. Bu sözlər qulağımı döyəclədi, elə bil başıma qaynar su töküldü. Tez qalxıb qapını açdım. Abbas yox idi. Aslana təəccüblə baxdım: - Hə, Anar. Bir saatdan sonra dəfndir. Mən divara təpik vurdum. Amma bu əsəbimi daha da gücləndirdi. Yerə yıxılıb uşaq kimi ağlamağa başladım. Hönkür-hönkür ağladım. Bu cür oğlan, Abbas kimi oğlan ölmüşdü. Içimizdən ən az ölümə layiq olanı o idi. Abbas həmişə başda olmuşdu. Həmişə çətin anlarda köməyə gəlmişdi. O ölə bilməzdi. Axı niyə Abbas? Niyə mən yox? Abbas HOST-a daha çox lazım idi. Görəsən A haralardadır indi? Görəsən o da ağlayır? A niyə ən çətin günümüzdə yenə də haradasa gizlənib? Aslan əlini çiynimə qoyub dedi: - Gəl düşək aşağı. Uşaqlar bir azdan cənazəni aparacaqlar. Gözlərimi silib onunla həyətə çıxdım. Episentrin ətrafı adamla dolu idi. Dünənki qızğın kütlədən əsər-əlamət qalmamışdı. Hər kəs qara geyimdə, hər kəs gözüyaşlı sakitcə Abbasın son gedişini gözləyirdi. Bizi görüb başlarını aşağı salırdılar. Bəziləri yaxınlaşıb başsağlığı verirdi. Bəzi qızlar hönkürtülərini saxlaya bilmirdilər. HOST-un ürəyi qırılmışdı. İndiyə kimi bir dənə də itki görməyən ordumuz birdən-birə ən lazımlı əsgərini itirmişdi. Mənə elə gəlirdi ki, bu HOST-un sonudur. Mənə elə gəlirdi ki, A da bizi tərk edib gedəcək. Dünənki hücumdan sonra A da bizdən üz döndərəcək. Bütün gözlər bizə baxırdı. Biz nəsə etməliydik. Amma Abbasın nurlu gülüşündən başqa heç nə haqda fikirləşə bilmirdim. Abbas, Abbas... Kütlə yavaş-yavaş qaynamağa başlayırdı. Arada bir bəzi suallar verilirdi. ”Niyə cənazəni gətirmirlər?”, “Abbas öldü, bəs indi nə olacaq?”, “Kim öldürdü onu? Nə edək?”, “A haradadır?”, “HOST dağılacaq ?” Biz bu suallara cavab verə bilmirdik. Çünki cavabı bilmirdik. Heç kəs bilmirdi nə olacaq. Həyat həmişə yaxşı insanları tez aparır. Abbasın nə heykəli qoyulacaq, nə də ki hörməti qalacaq. Abbas dünyanın gözündə cinayətkar kimi öldü. Amma bəlkə də illər sonra onlar Abbasın nə işlər gördüyünü başa düşəcəklər. O da çətin. İnsanlar yaxşılığı gec anlayır amma tez unudurlar. Mən yığılmış kütləni saymaq istəyirdim. Amma deyəsən onun sonu yox idi. Bütün küçə camaatla dolu idi. Yəqin ki, milyonlarla adam bu gün burada idi. Onların gözləri harasa uzaqlara, ümidli bir gələcəyə zillənmişdi. Amma birdən qarşıdakı oğlanın boynundakı uşaq qışqırdı “Ora baxın, A gəlir!” Bütün kütlə Episentrin qapılarına baxıb guruldamağa başladı. Sonra dəli kimi hamı ağlaşdı. Qadın, kişi, uşaq, qoca - hamı ağlayırdı. Mən də yavaşca çevrilib Episentrin qapısına baxdım. Qapqara uzun paltarlı, qapqara maskalı, başında qara kapüşon, sinəsində qıpqırızı yekə “A” hərfi, çiynində də Abbasın cənazəsi. A Abbasın cənazəsini daşıya -daşıya bizə yaxınlaşdı. Sağ tərəfdən A yapışmışdı, sol tərəfdən də mən yapışdım. Arxadan Aslan və Azad yapışdılar. Əllərim tir-tir əsirdi. İlk dəfə idi A ilə çiyin-çiyinə durmuşdum. Camaat az qala dəli olmuşdu. Onlar qorxaq siçanlar kimi geri çəkilib bizə yol verirdilər. Qızların ürəyi gedirdi. Oğlanların dili tutulmuşdu. Jurnalistlər də öz işlərindən qalmırdılar. Amma yaxınlaşmağa da cəsarət etmirdilər. Kapüşon A-nın sinəsinə kimi düşürdü. Üzünü görməsəm də onun nə qədər kədərli olduğunu hiss edirdim. Abbas onun ən yaxın dostu idi. Aslan da, Azad da heç nə demədən cənazəni daşıyırdılar. Dalbadal iki dəfə şok keçirən kütlə artıq sərxoş kimi bizim arxamızca gəlir, yol boyu ağılar oxuyur, cənazənin üstünə çiçəklər tökürdülər. Bakının bütün küçələrində nəqliyyat dayanmışdı. Bir nəfər də polis yox idi. Hər kəs Abbasın ölümünü matəm kimi keçirirdi. Onlar ən əziz HOST-çunu itirdikləri gün ən inanılmaz adam A-nı tapmışdılar. Onlar Abbasın cənazəsindən çox A-ya baxırdılar. Bilmirdilər ki, Abbasa görə ağlasınlar, yoxsa A-ya görə sevinsinlər. Onun hər hərəkətini izləyirdilər. Mən isə onun düz yanında olsam da bir an belə ona tərəf baxa bilmirdim. Qorxurdum. Çünki o seçilmiş idi. Hamı bilirdi ki, o seçilmişdi. Qəbristanlığa çatanda kütlə sakitləşdi. Biz bütün yolu piyada Abbası daşımışdıq. İndi də onu basdırmalı idik. A önə keçib Abbasın cəsədini cənazədən götürdü. Sonra təkbaşına onu qəbrə yerləşdirdi. Biz ona yaxınlaşmaqdan çəkinirdik. O çox əsəbi, eyni zamanda çox səbrli görünürdü. Üzünü seçmək olmurdu. Qara paltarı yerlə sürünüb torpağa bulaşırdı. Əlindəki bel ilə yavaş-yavaş Abbası basdırırdı. Bilmirəm niyə, amma A-nı dəlicəsinə sevirdim. Həmin an A-nı dəlicəsinə sevirdim. Mən elə bilirdim ki, ən böyük məhəbbət oğlanın qıza olan sevgisidir. Amma indi başa düşmüşdüm ki, mən heç vaxt heç kəsi A qədər sevməmişəm. Bu sevgi adi sevgiyə bənzəmirdi. Bu tamam başqa sevgi idi. Gözlərimdən yaşlar yanağıma süzülüb sinəmə tökülürdü. A Abbası basdırıb qurtarandan sonra qəbrin qarşısında diz çökdü. Başını aşağı saldı. Sonra silkələnməyə başladı. Mən onun nə etdiyini başa düşə bilmirdim. Heç kəs başa düşmürdü. Hamı donub qalmışdı. Arada elə bildim ki, indi Abbası dirildəcək. Amma yox. O nə isə başqa şey edirdi. Kütlənin içindən bir qız pıçıltı ilə dedi: “O ağlayır”. Gözlərim dolub daşmağa başladı. Bütün kütlə fəryad etdi. Hamı ağlayırdı. Hamı A-ya baxıb uşaq kimi ağlayırdı. Bəlkə qəbristanlıq indiyə qədər belə ağlaşma eşitməmişdi. Bütün HOST bütün gənclər ağlayırdı. Bir az keçəndən sonra A ayağa qalxıb yavaşca Azada nə isə dedi. Azad da üzünü camaata tutub dedi: - Aralanın A getmək istəyir, tez, tez. Böyük kütlənin arasında uzun bir dəhliz əmələ gəldi. Biz A-nı əhatəyə alıb onun təhlükəsizliyi üçün kütləni itələyə-itələyə keçidi genişləndirdik. Qəbristanlıqdan çıxanda A-nı qara avtomobil gözləyirdi. O heç kəsə heç nə deməyib getdi. Amma onun bu gəlişini bütün dünya görmüşdü. İlk dəfə idi ki, adı çəkilən qəhrəman üzə çıxmışdı. Televiziyalar onun gəlişini günlərlə təkrar göstərəcəkdilər. Bütün dünya A-nı izləyəcəkdi... Bəzən Məğlubiyyət qələbədən yaxşı olur Abbasın ölümündən sonra kütləmiz daha da aqressivləşdi. Mən kitabı Abbasın ölümü və A-nın qəbirstanlıqda ağlaması ilə bitirdim. Kitabı A-ya apardılar. Bir neçə gün sonra kitab artıq əllərdə idi. HOST-un kitabı çörəkdən də çox satılırdı. Ən maraqlısı o oldu ki, bu kitab çıxan kimi Episentrə müxtəlif adamlar gəlib qəribə-qəribə şeylər deyirdilər. Bəziləri deyirdi ki, A başqa planetdən gəlib. Bəziləri deyirdi ki, A - növbəti peyğəmbərdi. Bəzi müsəlmanlar deyirdi ki, bu, Imam Mehdidir. Bəzi xristianlar deyirdi ki, İsa peyğəmbərdi. Buddistlər deyirdi ki, Krişna məhz A çıxan vaxtda çıxmalı idi. Katoliklər A-nı Antixrist adlandırırdılar. Deyirdilər onu uşaq evinə Şeytanın özü gətirib. Kitabımız iyirmidən çox dilə tərcümə olunub başqa ölkələrdə dərc olunurdu. HOST ideologiyasına qoşulanların sayı milyonu keçmişdi. Belə qısa vaxtda bu qədər yayılmaq mümkün deyildi. Amma mənim də şübhə etdiyim bir şey vardı. Deyəsən A təkcə Azərbaycanda olmurdu, tez-tez xaricə gedirdi. Hər ölkədə onun xüsusi adamları vardı. Onlara tapşırıqlar verirdi. Ən çətini bu fəlsəfənin Avropaya yayılması idi. Çünki orada insanlar o qədər pozulmuşdu ki, onları bir də geriyə normal hallarına qaytarmaq çox çətin olardı. Avropadakı dəstələrin də öz müsbət halları var idi. Maddi imkan yaxşı olduğundan bizim hələ də bacarmadığımız işi görmüşdülər, bir həftəyə televiziya açmışdılar. Onlar bizdən daha yaxşı silahlanırdılar. Amma mənə ən pis təsir edən o idi ki, Abbasın ölümü bizim uşaqlardan heç kəsin vecinə deyildi. Üç gün keçməmiş hamı yenə öz işindəydi, heç bir dəfə də olsun Abbasın xatirəsini yad etmirdilər. Elə gedib-gəlib çevrilişdən danışırdılar. Çevriliş, çevriliş. Başqa söhbətləri yox idi. Özümə yer tapa bilmirdim. Bəlkə də Ayselin məni yarı yolda atması ürəyimi sıxırdı. Amma yox, nə isə başqa bir şey. Elə bil hər şey aydınlaşdıqca məlum olur ki, sən ümumiyyətlə əvvəldən heç nə bilmirsən. Aradan bircə ay da vaxt keçdi. Dünyaya qarışqa kimi səpələnmişdik. Hamı nəyisə gözləyirdi. Mən də tam başa düşə bilmirdim. Episentrin otaqlarında qaynaşan camaata baxırdım. Hamı nə isə bir iş görür, hesabat yazır, tapşırıqları yerinə yetirirdi. Ondan sonra isə “Qəribə gün” gəldi. Bu gün mənim həyatımda ən qəribə gün kimi qalacaq. Qəribə Gün!!! Mən, Aslan, Azad, Araz Episentrin baş zalında dəyirmi masa arxasında oturduq. Aslan telefonun dəstəyini qaldırıb dedi: - Biz hazırıq... Sonra Azad dedi: - Uşaqlar, bu gün biz hakimiyyəti ələ keçiririk. Anar, sən də kitabı bitirdin. Bu kitab gözlədiyimizdən də güclü alınıb. Son Peyğəmbərin sonuncu kitabı. Bunun bu qədər hissiyyatlı və həqiqi olacağına inana bilməzdik. Aslan, sənin də ideoloji çıxışlarınla istədiyimiz kütləni yığa bildik. Abbasın verdiyi plana əsasən bu gün bizimkilər Milli Məclisi tuturlar. Sonra Prezident Aparatını. Oradan Gürcüsandakılara xəbər veririk ki, bizdə hər şey hazırdı. Onlarda da hər şey hazırdı. Siqnalı gözləyirlər. Bundan sonra Araz sənin uşaqların konstitutsiyanı Anarın kitabı ilə dəyişəcər... Mən dözməyib onun sözünü kəsdim. - Bir dəqiqə, bir dəqiqə. Siz nə danışırsız? Bir də başdan başlayın. Nə dövlət çevrilişi, nə konstitutsiya? Nə danışırsız? Azad dedi: - Anar, səndən çox şeyi indiyə kimi gizlədirdik ki, kitabı yaxşı yazasan. Ürəkdən yaza biləsən. Amma indi sən də bilməlisən. Biz Azərbaycanı dağıdırıq.. Mən dedim: - Necə yəni? Azad davam etdi: - Yadındadır sənin öz kitabında da o hissə var. Sərhədsiz, adsız, bayraqsız, himnsiz bir torpaq. Amerikanın kəşfi kimi olacaq bu. Biz dünyada ilk qeyri-dövlət yaradırıq. Nə seçkilər var, nə siyasətçilər, nə viza, nə sərhəd, nə dövlət adı, nə bayraq. Heç biri. Avropanın içində boş bir sahə. Biz bunu edən kimi Gürcüstan da qoşulur. Sonra Rusiyanın bir hissəsi, sonra Türkiyə, getdikcə bu boşluq bütün Avropanı tutacaq. Oradan da Asiyanı. Dünya birliyi başa düşürsən? Dünya birliyi. Ərəb qəbilələri parça-parça qalmışdılar, Məhəmməd Peyğəmbər gəlib onları İslam adı altında birləşdirdi. İndi də həmin şey. Dünya ilk dəfə olaraq qocalmış deputatların yox, gənclərin əlində olacaq. Mən qışqırdım: - Eyy, özünüzə gəlin! Ağlınızı başınıza yığın. Nə dövlət çevrilişi, nə deputatlar? Biz azad cəmiyyətik. Azad cəmiyyət olaraq da qalmalıyıq. Dövlətə hücum etmək olar?! Onlar bizi bir saatın içində məhv edərlər. Bu sizinçün məhkəmə binasını yandırmaq deyil ee. İstəyirsiniz vətəndaş müharibəsi olsun? Gül kimi təmiz saf uşaqlar idik indi nə olub? Niyə vəhşiləşmişik ki? Başa düşmürsünüz? Dövlətin o boyda ordusu var, vertolyotlar, tanklar. Elə bilirsiniz ki, bu dəfə də su maşınları ilə gələcəklər? HOST-a qoşulanlara baxın. Hamısı cavan uşaqlardı, onları tankın qabağına verək? Biz burada kabinetdə rahat oturaq, onlar da güllələnsin? Sonra da növbə bizə çatanda qaçaq xaricə? Ağıllı olmaq lazımdır. Partiya yaradaq seçkilərdə iştirak edək. Çevriliş olmaz, dövləti məğlub edə bilmərik. Buna gücümüz çatmaz... Mən danışırdım. Amma uşaqlar üzümə elə baxırdılar ki, elə bil mən nağıl zad danışıram. Onlar mənə balaca uşağa, heç nədən xəbəri olmayan uşağa baxdıqları kimi baxırdılar. Bir dəqiqə sakit durandan sonra Aslan dedi: - Yaxşı, Anar, sənə bir şey deməliyik. Hmmm. Səncə bəs indiyə qədər biz fahişələri yandıranda, camaata hədə-qorxu gələndə, universitetlərdə qarışıqlıq salanda, dükanları dağıdanda dövlət bunu görmürdü? Səncə dövlətin xəbəri yox idi ki, biz hansı binanın hansı mənzilində yığışırıq? Səncə bilmirdilər ki, neçə nəfərik? Dövlət bu qədər zəifdir ki, indi episentri mühasirəyə alıb hamımızı qıra bilməsin? Get küçədə HOST köynəyini geyinməyib bir mağazadan çörək oğurla, o dəqiqə polislər səni tutacaqlar. Amma get HOST köynəyində həmin dükanı yandır. Heç kəs heç nə etməyəcək.. - Nə demək istəyirsən? Bu niyə belədir ki? Doğrudan niyə indiyə qədər dövlət bizə heç nə etməyib? Aslan ayağa qalxıb gülümsədi: - Çünki dövlət elə bizik. Biz dövlətik. Abbas MTN-dən heç vaxt çıxmamışdı. Bizim bütün maddi dəstəyimizi Prezident şəxsən dövlət büdcəsindən ayırırdı. Mühafizəçilərimiz Daxili işlər Nazirliyinin işçiləridir. - Siz məni dolayırsız? Azad dedi: - Bu böyük bir gizli plan idi. Dövlət özü bunun üzərində illərlə baş sındırırdı. Azərbaycan Avropalaşır. Dünya çirklənir, neftimiz batır, rüşvət, əxlaqsızlıq, haramçılıq. Bunun qarşısını Prezident tək ala bilməzdi. Çünki onu bir dəqiqənin içində daha böyük qüvvələr - Amerika, Rusiya kimi fiqurlar məhv edərdi. Ona görə dövlət belə bir priyom işlədir. Güya ki, normal demokratik bir ölkədir. Amma onun içində gizli, radikal qruplaşmalar var. Özü də onlar dünyanın ümumi sisteminə qarşı çıxıblar. Yuxarıdan Amerika bunu görüb Prezidenti sıxışdırır ki, bunların qarşısını al. O da ondan kömək istəyir. Amerika müəyyən miqdarda pul ayırır. Həmin pul bizə qarşı işlənməli idi. Amma bu pul da bizim güclənməyimizə sərf olunur. Biz dörd nəfərdən başqa bunu heç kəs bilmədiyindən, xarici casuslar da bizim dövlətlə əlaqəmizdən xəbər tuta bilmirlər. Hansı HOST-çuya yaxınlaşırlarsa hamısı ancaq yeni gəlmiş peyğəmbərdən danışır. Hansı polisə yaxınlaşırlarsa hamısı bizim Vəhhabilər, ya da Amerika tərəfindən idarə olunduğumuzu deyir. Xaos. Heç kəs heç nə bilmir. Bu dəyirmi masa və Prezidentin xüsusi 4 nəfərlik komandasından başqa heç kəsin heç nədən xəbəri yoxdur. - Yox ola bilməz ? Siz qəsdən elə deyirsiz ki, inanım. Lap tutaq ki, elədir. Lap tutaq ki, dövlətin öz işidir. Bəs niyə dövlət özünü dağıtmaq istəsin ki? Kim istəyər ki, dövlət dağılsın? - Dövlət dağılmır ki? Dövlət öz idarəçiliyini davam etdirir, sadəcə başqa bucaq altından. Təsəvvür edirsən bu Azərbaycan üçün nə deməkdir. Boş bir yer yaranır. Tarixin sınma nöqtəsi. Gürcüstan, Türkiyə, digər ölkələr hamısı birləşir boşluqda. Bəs bu boşluğun mərkəzi haradır? HOST-un mərkəzi haradır? Episentr. Episentr haradadır? Bakıda. Çox sadə bir siyasi oyun. Bakı haranın baş şəhəridir? Azərbaycanın! - Siyasi oyun? Siyasi oyun? Deməli mən sevgilimi hansısa bir siyasi oyuna görə atmışam?! Deməli bütün ideallarımız, bütün arzularımız hamısı siyasi oyundur? Hava, Od, Su, Torpaq. Bunlar hamısı siyasi oyundur. Elə bilirsiniz sizin məni bu qədər aldatdığınızı bağışlayaram? Mən bir dəfə hər şeyə tüpürüb getmişdim. Bunu ikinci dəfə də edə bilərəm. Siyasi oyun. İndi buradan çıxıb hamıya deyəcəm hər şeyi. “Eyy camaat, fərqlilərin birliyi, İlahi ordu, HOST, bunlar hamısı siyasi oyun imiş. Qayıdın evinizə boş-boş vaxtınızı nəyə gəldi sərf etməyin. Gedin uşaqlarınızın, valideynlərinizin yanına. Hamısı siyasi oyun imiş. Sizə nə, siyasi oyunlarla qoyun siyasətçilər məşğul olsun. Siyasi oyun”... - Kəs səsini!!! – Azad əlini masaya çırpıb qışqırdı - bəsdir özünü uşaq kimi apardın. İndi ən vacib anda bircə sənin paranoyan çatışmırdı. Özünə gəl. Beş dəqiqəyə çıxıb hücumu elan etməliyik. Milli Məclis də artıq boşaldılıb. Xüsusi qrimlənmiş yaralılar, yalançı tapancalar hamısı bizim hücumumuzu gözləyir. Sən də burada isterikaya düşmüsən. Əlbəttə ki, bu sadəcə oyun deyil, əlbəttə bizim ideallar öz yerində qalır. Əlbəttə arzularımız var və onlara çatacağıq. Sadəcə bir az fərqli vasitələrlə. Özün bilirsən. Əsas vasitə deyil, əsas nəticədir. -Tüpürdüm sizin vasitənizə də, nəticənizə də. Mən gedirəm hamıya deməyə. Qapını açıb çıxmaq istəyirdim ki, arxadan Azad nə iləsə başımdan ilişdirdi. Bilirsinizmi? Əslində Şah İsmayıl heç vaxt şair olmayıb. Şeirləri isə sadəcə ona oxşayan adi bir kəndli yazırmış. Əslində fransızların indiyə kimi fəxrlə danışdıqları Bastiliya qalasına olan hücum zamanı nə qanlar tökülüb, nə qəhrəmanlıqlar nə də vətəndaş müharibəsi olub. 14 iyul 1789 –cu ildə Bastiliya qalası sadəcə köhnəlmiş və dövlət tərəfindən boşaldılmış içində cəmi 7 nəfər məhbus olan türmə idi. Bastilliyaya yüz nəfərdən az adam hücum edibmiş. Bastiliya qalasından isə cəmi bircə dəfə tapancadan göyə atəş açılmışlar. Hətta qapını belə silahsız gözətçilər özləri açıbmışlar. Əslində Roma kilsəsinin 600 il tabe olduğu “Constitutum Сопstantini”- Konstantindən qalmış sənəd ( bu yazıda bütün hakimiyyət Roma kilsəsinə verilir – bütün Italiya, xristian torpaqları və qərb Romadan asılı olmasa onların cəhənnəmdə yanacağı bildirilib) əslində saxta sənəd imiş. Bütün Xristianlar 600 il saxta sənədə tabe olublar. Volter bu hadisəni xristian tarixinin ən böyük rüsvayçılığı adlandırıb. Əslində İslamın mərkəzi sayılan Məkkədə yerləşən müqəddəs Kəbədəki qara daş 930-cu ildə oğurlanıbmış. Lakin bu fakt gizli qalıbmış. Möminlər daşın orada olduğunu düşünüb Həccə gedirmişlər. Bir də müqəddəs daş 952-ci ildə tapılıb geri qaytarılıbmış. Əslində Luvrda yerləşən, Leonardo Da Vinçinin ən məhşur əsəri olan “Cakonda”da Mona Liza yox, Konstansiya adlı xanım təsvir olunub. Əsl Mona Liza isə London kolleksionerlərindən birinin evindədir. Əslində Tarixin atası sayılan Herodot bilib bilmədiyi hər şeyi qələmə alırmış. Onun işlərinin çox hissəsi başqa yazıçılardan oğurlanmadır. Sondan Sonra Başımın ağrısı hələ də keçməmişdi. Ayılanda əvvəlcə harada olduğumu anlamadım. Bu otağın içində hər şey yumşaq idi. Yer, divar, qapı. İçəridə heç kəs yox idi. Hündür tavanda zəif işıq yanırdı. Məni bağlamışdılar. Bir dəqiqə heç nə başa düşə bilmədim. Amma yavaş-yavaş yaddaşım yerinə gəlirdi. Onlar məni başımdan vurdular. Həyətdəki uşaqlar. Mənim topumla oynayırdılar. Amma məni oynamağa qoymurdular. Mən də topu götürəndə onlar məni arxadan vurdular. Sonra da ana məni xəstəxanaya gətirdi. Nə uzun yuxu görmüşəm. Bəs məni niyə bağlayıblar? Yox, yox, məni Azad vurub arxadan. Hə, hə, Aysel məni atıb getdi. Sonra Azad vurdu arxadan. Abbas öləndən sonra. Uşaqlar HOST-u hücuma səsləyirdilər. Ola bilməz. Deməli hücum baş verdi? Deməli insanlar çevriliş etdilər. Məni də burada bağlayıblar? Yox, yox, nə isə düz gəlmir. Aysel niyə məni atıb getsin ki? Axı hər şey yaxşı idi? Nə isə düz gəlmir! Bəs əgər dövlət təşkil etmişdirsə onda A necə oldu? Axı dəyirmi masada o yox idi? Bəlkə bu, A-nın sınağıdır? Bəlkə məni sınaqdan keçirir? Axı o, peyğəmbərdi. Bəlkə özünə yaxınlarını belə seçir. Mən sona qədər sadiq qalmalıyam. Bəzi şeylər danışdıqlarına uyğun gəlmir. Yaxşı lap dövlət təşkil edibsə axı A camaatın gözünün qabağında 9-cu mərtəbədən yerə tullanmışdı? Axı onun otağından çıxanda mənim ürəyim getmişdi. Hamı onun otağından çıxanda özünü itirirdi. Bu adi adam ola bilməz axı. Bəs uşaq evinə düşməyi, evlərinin yanmağı? Yox, yox, nə isə düzgün gəlmir. Deməli elə çıxır ki, Azad, Aslan, Araz A-nı satıblar, hə? Deməli onlar məni aldadıb əslində Milli Məclisə hücum ilə HOST-un məhvinə nail olmaq istəyirmişlər. Deməli onlar istəyirdilər ki, hamımız qırılaq. Aha, düzdü. Ayselə də bunu A xəbər verib ki, içimizdə casuslar var, o da elə bilib ki, mən də onlardanam. Ona görə Aysel məni atıb gedib. Yüz faiz.. Hmm. Bəs elə idisə onda niyə bir saat mənə nağıl danışırdılar? Elə birdəfəlik öldürəydilər də.Yox, yox, nə isə başqa şey. Bura haradır? Məni niyə bağlyıblar? Deməli başlayaq başdan. A gəldi, HOST yarandı, mən evdən qaçan vaxt bunlarla görüşdüm. Qoşuldum. Əsas üzvlərdən birinə çevrildim. Ayseli xilas elədim. Amma o mənimlə sona kimi gedə bilmədi. Bir dəqiqə. Stop. Stop. Stop. A, Azad, Adil, Abbas, Aslan, Araz, Aydın, Aynur, Aysel, Anar. Niyə hamısı A hərfi ilə başlayır? Niyə? Belə təsadüf ola bilər? Öz adım da A ilə başlayır. Niyə? Bəlkə bütün bunlar mənim təxəyyülümdür. Bəlkə heç bir HOST cəmiyyəti yoxdur? Bəlkə hamısını mən burada fikirləşmişəm. Bura haradır ki? “Eyyy, məni kimsə eşidir? Bura haradır? Eyy buraxın məni”. Yox, xeyri yoxdur. Bəlkə əvvəl gördüyüm yuxu deyildi? Bəlkə doğrudan nə vaxtsa topla oynayanda başımı vurublar, dəli olmuşam, indi də bu xəstəxanada özümdən şeylər fikirləşirəm.Yox, yox, dəli heç vaxt dəli oduğunu anlamır. Yox, yox . Sübut tapmalıyam. HOST-un var olduğunun sübutu olmalıdır. Hmm. Haradan tapım sübutu? Burada heç nə yoxdu. Yox, yox, bu qədər şeyi fikirləşmək olmaz. Bəlkə mən. Bəlkə mən A-yam? Bəlkə bütün bu cəmiyyəti mən toplamışam? Aysellə sərhəddə ayrılandan sonra türməyə düşdüm, orada Azadla tanış oldum. Ona hər şeyi öyrətdim. Sonra qaçışı təşkil elədim. Axı mən peyğəmbərəm. Deməli bəzi şeylər yadımdan çıxa bilər. Yüz faiz. A mənəm. O hamı ilə danışırdı. Bircə məndən başqa. Mənə kitab yazmağı demişdi. Bir elçinin kitabını başqa adam yazmır. Mən də özüm öz kitabımı yazıb bitirdim. İndi də dəyirmi masada oturmuşduq. Mən onlara əmr elədim ki, Milli Məclisə hücum etsinlər. İndi də..Hmm. İndi də Allahın yanındayam. Bu ağ palata yəqin səmadır. Yəqin yenə çəkilmişəm gizli otağıma və indi də ruhum qalxıb bura. Yoxxxx... Ağlıma gör nə gəlir. Yox.. A-zad deyiləm. Bu qədər nağılvari ola bilməz hər şey. Mən dəli-zad deyiləm. Hər şeyi olduğu kimi fikirləş. Anar, sakitləş, sakitləş. Hə.. Bax belə... İndi getdik bir də başdan. Uşaqlar deyir ki, HOST dövlətin qurduğu gizli təşkilatdır. Yaxşı, razılaşıram. Hmm. Sonra dedilər ki, hücum edirik, amma narahat olmayım. Çünki hər şey qabaqcadan hazırlanıb. Mən də başlayıram qışqırmağa, onda Azad məni vurur ki, gedib bütün planı alt-üst etməyim. Yıxılıram yerə, məni salırlar bura. Deməli hələ də Episentrdəyəm. Bu otaq da gizli otaqlardan biridir. Mən onlara mane olmayım deyə hələlik məni burada bağlayıblar. Bir azdan çevriliş qurtaracaq. Və gəlib məni buraxacaqlar. Stop. Bir məqam qalıb. Yaxşı, dövlətin işidirsə, deməli A peyğəmbər zad deyil. O da dövlətə işləyən adi gənclərdən biridir. Hmm.. İndi bir məsələ qalıb. Bəs niyə üzə çıxmır bu qədər? Niyə ancaq Abbas öləndən sonra çıxdı? Stop. Stop. Məntiqsizliyin biri də bu. Abbas öləndən sonra uşaqların heç vecinə deyildi ki, Abbas ölüb ya yox. İkinci məntiqsizlik. Əgər HOST dövlətin gizli qurumu idisə niyə Abbası öldürsünlər ki, özü də MTN-ə işləyir. Yox. Deməli belə. Bir az kənardan baxmağa çalışaq. Hmm. Abbasın ölməyini mən gözlərimlə görmüşəm? Yox. Qan axırdı amma. Bəlkə Abbası qəsdlə yaraladılar ki, camaat bir az da qızışsın. Hə, hə.Yüz faiz. Kütləni oynatmaq üçün. İsa peyğəmbər xaça çəkilməsəydi bəlkə bu qədər tərəfdarı olmazdı. Peyğəmbərlərin hamısı əzab əziyyət çəkib. Ancaq şəhidlər əsl qəhrəman sayılır. Hə, yüz faiz. Bu iş quraşdırlıb. Romeo Cülyetta kimi. Onlar ölməsəydi bu qədər pərəstişkarları olmazdı. Nəsiminin soyulması. Aha. Deməli burada iki variyant var. Ya Abbas razı olub ki, onu doğrudan da öldürsünlər. Bu da ona tarixdə qalma şansı verir. Yox. Əslində onlar Abbası öldürmədilər. Mən onun meyitini görmədim. Gecə ilə Abbas oradan çıxdı. Sonra onun yerinə başqa bir şeyi kəfənə bükdülər. Və A həmin şeyi çiyinlərində. Stop. Stop. Stop. A yoxdur əslində!!! Uşaqlar onu uydurmuşdular. Əvvəlcədən elə bir adam olmayıb. Bomba. Əla !!!!!! Yalandan nağıl fikirləşiblər ki, belə bir uşaq var imiş onu yetimxanaya atıblar. Evləri yanıb, nə bilim dünyada hər şeydən xəbəri var. Nə bilim gecələr yatmır, bir neçə yerə bölünə bilir, peyğəmbərdi, nədi. Peyğəmbərlər heç vaxt gizli iş görməyiblər. Onlar həmiş üzdə olublar. Heç vaxt gizlənməyiblər. Amma A heç kəslə üz-üzə danışmırdı. Çünki dövlət onu tanıya bilərdi. Əgər HOST dövlətin işi idisə onda A dövlətdən qorxmamalı idi dəə. Heç olmasa bu bir il ərzində bircə dəfə bizimlə bir yerdə oturmalı idi də. Amma mən elə eşidirdim ki, A elə dedi, A belə dedi. Əslində o sadəcə uydurmadı. Hmm. Bəs niyə uydurulsun ki? Hmm. Hə, tapdım. Çünki uşaqların hamısı adi uşaqlar idi. Hər kəsin mənfi cəhəti olduğu kimi uşaqların da mənfi cəhəti var idi. Azad bəstəboy idi. Aslan üzdən çirkin, Abbas əvvəl MTN-də işləmişdi. Peyğəmbərləri MTN-ə işə götürmürlər. O birilərin də hər birinin hansısa bir mənfi cəhəti var idi. Ideal adam yaratmaq lazım idi. Nə qara saçlı olsun, nə azərbaycanlı olsun, nə sarışın olsun, nə gözünün rəngi bilinsin. Gərək hər kəs onu ideallaşdırdığı kimi təsəvvür edə biləydi. Ona görə də hər dəfə uşaqlardan biri gizli otağa girib onun maskasını taxırdı. Bəlkə də bir neçə eyni maska var imiş. Ona görə camaata elə gəlirdi ki, gecələr yatmır, bir neçə yerdə eyni vaxtda ola bilir. Aha. Aha. Bura kimi gəldik. Bəs Abbas öləndə axı bütün uşaqlar yığışmışdı. A da gəldi. Necə oldu? Hmmm. Deməli belə, Abbas ölməyib. Hamı başlayıb qışqırmağa ki, A gəlsin, A gəlsin. Abbas da A-nın paltarını maskasını geyinib, özü öz saxta cənazəsini qaldırıb. Camaat da inanıb. Sonra özü-özünü qəbristanlığda basdırıb. Hələ bir ağlayıb da. He he he. İdeal plan!!!! Sözüm yoxdu. Əla. İndi də camaat, özünü HOST-a qurban vermiş Abbasın xatirəsini yad edir və onu çiyinlərində daşıyan A-nın qarşısında diz çökür. Bir daşla iki quş. Bəs sonra? Mənim kitabım yayıldıqca bu nağıl tarixə çevriləcək. Sonra da. Sonra da hamı A-nın üzə çıxmasını gözlədiyi vaxtda A yoxa çıxacaq. Yəni ki, onlar üçün. Necə əvvəlcədən yox idi. Eləcə də sonradan olmayacaq. Amma İsa peyğəmbər də qeyb olmuşdu. Onun gəlişini hələ də gözləyirlər. A da qeyb olacaq. Bu da onun hər zaman dönə biləcəyinə işarə. Camaat bu nağıl ilə yaşayacaq. Dövlət öz siyasətini yeridib, torpaqlarını genişləndirir. Olmur adı Azərbaycan, olur HOST ölkəsi. Fərqi nədir? Bir xalq yüz dəfə himn dəyişir, hər əsr bayraq dəyişir, ad dəyişir.. Yox, yox. Çox uzaqlara getdim. Burada Ayselin məni atmasında da nə isə bir şey var. Bir də 9-cu mərtəbədən tullanmaq. Axı bunu Abbas edə bilməzdi. Bir də niyə hamımızın adı A ilə başlayır? Stop stop. Ola bilməz. Səhərdən fikirləşdiyim hamısı səhv idi.. Bəs Azadla, Aslanın lap əvvəldə türməyə düşməyi? Əgər dövlətə işləyirdilərsə necə türməyə düşüblər ki? Mən uşaq vaxtı futbol oynamaq istəyirdim. Top mənim idi, amma məni qoymurdular. Mən topumu götürəndə arxadan kismə başıma yekə daş atdı. Ondan sonra nə olmuşdu? Hansı xəstəxanada yatmışdım? Niyə yadıma gəlmir sağalmağım? Niyə heç nə yadıma gəlmir? Səyahətə çıxmamışdan mən artıq işləyirdim. Jurnalist işləyirdim. Amma HOST vaxtlarında universitetdə oxuyurdum. Bu necə olur? Əvvəl işləmişəm sonra oxumuşam? Yoxsa eyni vaxtda? Bəlkə hamısını bu palatada yuxuda görürəm. Bəlkə Azadla türmədə qalanda bir gecə gəlib dedilər ki, sabah səni öz bölməmizə aparırıq. Başına oyun açacaqlar - bəlkə bu həmin bölmədir.Yox, yox. Paltarımı çıxarda bilmirəm. Paltarım belə düyünlənməsəydi onu çıxardıb hər şeyi bilərdim. Əgər üstümdə yaralar varsa deməli məni doğrudan da o bölmədə elə çırpıblar ki, ağlım başımdan çıxıb. Əgər yaralar yoxdursa deməli məni heç kəs döyməyib. Əgər iynə izləri bədənimdə çoxdursa deməli uşaq vaxtından dəli oluşam. 10 ildir başımdan aldığım zədəyə görə dəlixanada yatırdım. Müalicə olunurdum. Əgər çiynimi görə bilsəydim. Orada HOST-un tatusu olmalı idi. Mənim çiynimdə HOST yazısı olmalı idi. Əgər o varsa deməli hər şey doğrudan olub. Sadəcə Azad başımı bir az bərk vurub. Amma zibil paltarı heç cürə çıxarda bilmirəm. Zibilə qalsın hər şeyy. Mən ölmək istəyirəm. Heç nə başa düşmürəm. Həqiqət haradadır? Mən haradayam? Mən kiməm? A kimdi, HOST var ya yox? Mən A-yam, yoxsa A ümumiyyətlə uydurmadır? Bu dövlətin işidir yoxsa Allahın? Bəlkə həm dövlətin işidir, həm də A seçilmiş insanlardandır? Əgər dəliyəmsə bu qədər bilgi və materialı haradan bilirəm? Niyə Aysel getdi ki? Niyə Abbasın meyitini görmədim? Niyə uşaq vaxtı başıma daş dəyəndən sonra nə olduğu yadımda deyil? Görəsən dünya nə olacaq? Neçə vaxtdır buradayam? Bir ay, yoxsa 10 il? Əgər çevriliş oldusa dünya indi necədir? Bəlkə uşaqlıqdan burdayam və əslində Dünya tamam başqa cürdür? Bəlkə mən seçilmişəm indi də başqa dünyadayam? Nə? Nə? Köməy eləyin, kömək eləyin, kömək eləyin. AAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAA məni kimsə eşidir? AAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAA,buraxın məni!!! AAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAA....nə baş verir? AAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAA... Qapı qapı.....kimsə qapını açır..kimsə qapını açmaq istəyir. Qapı açılır. Mən tanış sifətləri görürəm. Onlardan biri deyir: - Necəsən? Deyəsən özünə gəldin. Həə? Yeni dünyanı görməyə hazırsan? GƏL GEDƏY...
 
menyu  
 

Nəya qulaq asırsız?
lirika?
rap?
muğam?
rock?

(View results)


 
Bugün 9 visitors (14 hits) kişi burdaydı!
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol