HOST divarına dəstək ol !
menyu  
  Baş səhifə
  Səsvermə
  RaP xəbərlər
  RaP-in yaranması haqqında
  H.O.S.T
  H.O.S.T un üzvlərinin həyatları
  QaraQanın " A " romanı
  Qaraqanın hekayələri
  Azəri reperlərin həyatları
  Xarici reperlərin həyatı
  RYDER (vəfat edib)
  Online
  RadicaL
Qaraqanın hekayələri

Aptekçi qız Soyuq idi. Çöldə, evdə, qəlbində... İlk qar yağırdı. Xırda-xırda, utanaraq, qorxaraq. Bəlkə də bu dünyanı ilk dəfə gördüyündən. Bunu fərqinə varmayan, yəqin heç hiss etməyən Rauf otaqda qərar tuta bilmirdi. Baxışları ilə saatın əqrəblərini tələsdirmək istəyirdi. Mətbəxdə neçə vaxtdan bəri söndürülmüş soyuducunu açdı, örtdü. Onun üzünə ağaran soyuducu yaman eybəcər görünürdü. Çörək şkafında isə quru çörək qırıntılardan başqa heç nə yox idi. Yox, var idi. Qarışqa, özündən böyük qırıntını harasa aparmaq istəyirdi. Raufu hiss edən qarışqa tələsdi... O yenə saata baxdı. Atası indilərdə gəlməli idi. Ev təmir edən usta atasının daimi işi olmurdu. Bir gün bir evdə, bir gündə başqa evdə işləyirdi . Neçə vaxt idi ki, ev təmir etdirmək istəyəndə yox idi. “Qul bazarı” adlanan yerdə dayanırdı. Qul sözü haradan çıxdı. Axı quldarlıq qurtarmışdı. Müştəri həsrəti ilə bu “bazarda” fəhlələr, ustalar, müəllimlər, mühəndislər də toplanırdılar. Ata hər səhər ümidlə gedib, axşam da əli ətəyindən uzun gələrdi. Yaxşı ki, Rauf evə qəpik-quruş gətirirdi. Səhər açılan kimi qəssabxanada kəsilmiş dananı soymağa kömək edər, axşam da qəssabxananın zir-zibilini küçənin başındakı zibilxanaya aparıb atardı. Bu da hər gün olmurdu. Nə də ki, hər gün ona nə heç kəsin almadığı ət vermirdilər. O, bu işlə anası öləndən sonra məşğul olurdu. Artıq həm özü böyümüşdü, həm də ataya kömək lazım idi. Heç bir xəstəliyi olmayan anasının ölümündən artıq bir il keçmişdi. Bir gecə deyib, gülüb yatdı. Həmişəlik. Ancaq bir gündə atasını itirməkdən qorxurdu. Çünki son zamanlar yaman içirdi. Əlinə düşən pulu verirdi spirtli içkiyə. Sən demə, içmək iki cür olurmuş: biri kefdən, biri isə dərddən. Kefdən içirlər ki, həzzi daha da artırsınlar. Dərddən içəndə isə dərdi unutsunlar. Hər halda bunu atası belə deyirdi. Deyirdi ki, içməsə fikir, bir də yuxusuz gecələr onu məhv edər. Rauf heç bilmirdi ki, o, anasını belə sevirmiş. Bir tərəfdən də Raufun müdiri onun üstünə düşmüşdü ki, artıq qəssaba köməkçi yox, qəssab olmaq, dana başı kəsmək vaxtıdır. “Artıq vaxtdır, sən qəssab olmalısan, KƏSMƏLİ, DOĞRAMALI, KİŞİ OLMALISAN. Axı, dana başı kəsmək nədi?” – bu gün səhər müdir öz qəti sözünü dedi: “Ya dana başı kəsəcəksən, ya da özünə başqa iş tap”. Qarın yağmasını Rauf deyəsən indi hiss etdi. Pəncərədən gördü ki, hamı tələsir. Qardanmı qorxurdular? Yoxsa qayğıları o qədər idi ki, qar da onları reallıqdan ayıra bilmirdi. Bircə qol boyun gedən qızla oğlana bu aid deyildi. Xoşbəxt görünürdülər. Gecə Rauf evə dönərkən küçənin tinindən sürətlə çıxan qız onunla toqquşub yerə yıxıldı. Onu qaldırmaq üçün əlini ona uzadanda qız kinli-kinli baxıb dedi: - Korsan? Əclaf. Əgər görmürsənsə özünə eynək al. Ya da heç axşam evdən çölə çıxma. Hündürboy, iri, qara gözlü bu qızın pərişan saçları göz yaşları ilə islanmışdı. Soyuqdan əlləri, yanaqları qızarmışdı. Necə oldusa Rauf ona “bağışlayın” dedi. O, isə başını yırğalayıb ayağa durdu. Rauf özündə cəsarət tapıb soruşdu: - Sizə nə olub? (O, nə qədər də cəsarətli idi...) - Bunun sənə dəxli yoxdu. Bir də onu dedi ki, “bütün kişilər əclafdılar”. Rauf yerində donub qalmışdı. Qız üst-başını təmizləyə-təmizləyə deyindi: - Hamısı, dünyada nə qədər var hamısı. Rauf bir–iki addım onun ardınca gedib nəsə demək istədi. Fikrindən daşındı. Tanıdı – aptekçi qız... O qız ki, Rauf saatlarla onu gözləməyə razı idi – təki uzaqdan olsa belə onu görsün. Aptekə girib ondan dərman almaq üçün hətta saatlarla yağışın, küləyin altında dayanıb xəstələnmək də istəyirdi. Tərslikdən nə yağış, nə də ki külək onu xəstələndirə bilmirdi. Ancaq Rauf başa düşmürdü ki, artıq xəstələnmişdi. Dərmana isə yaxınlaşa bilmirdi. O, ya çox acı, ya da çox şirin idi. Saatın zəngi. Soyuq otaq. Rauf yaman acmışdı. İlk qarşılaşdıqları küçə... O, qızı görmək ümidi ilə küçədə gəzirdi. Gəzə-gəzə gəlib parka çatdı. Bütün qızlar Raufa onu xatırladırdı. Sonra qət etdi ki, yox xatırlada bilməzlər, çünki ondan bir dənə idi. - Salam – bunu Rauf bayaqdan axtardığı və indi skamyada oturan qıza dedi: - Yenə sən? – qız təəccüblə baxdı. Rauf onu yanında oturdu: - Sən məni dünənkinə görə bağışla. Heç özümdə bilmirdim nə edirdim. Günah məndə oldu. - Dünən... Dünən onunla bax bu parkda gəzirdik. Telefonu zəng çaldı. Dostlarından biri idi. Telefonundan dostunun səsi mənim eşidə biləcəyim qədər gur gəlirdi. Salamlaşdılar. Əhvallaşdılar. Məkanlaşdılar. Gəzirik dedi. Hər şeyi dostunun növbəti cümləsi məhv etdi. “Hansı qancıqla gəzirsən?” Qız susdu. Rauf əlləri əsə-əsə qızın soyuq əlindən tutdu. Barmaqları ilə qızın göz yaşlarını sildi. O da etiraz etmədi. Bilirsən burda niyə oturmuşam? Rauf heç nə başa düşməyib, ətrafına baxdı. - Gözləyirəm, bəlkə gəldi. Yenə məni aldatdı, inandırdı ki, səhv eşitmişəm. Mən də əriyib hər şeyi ona bağışlayırdım. Gözlərini bir nöqtəyə zilləmişdi. Elə bil o nöqtəyə danışırdı. Rauf ürəyində bir şeytanı, bir də tanımadığı o, oğlanı lənətlədi. Axı nəyə görə hər gün bir qızla tanış olmaq, onları tez-tez dəyişmək, bu barədə bütün şəhərə danışmaq istəyirsiniz? Və sizə elə gəlir ki, bu normal haldır. Zərurətdir. Belə olmalıdır. KİŞİLİKDİR. - Hər şey keçib gedəcək. - Unutmaq istəyirəm - Onu çox sevirsən? - Mənim üçün sevgidə az-çox anlamı yoxdur. Axı, mən niyə hər şeyi sənə danışmalıyam? Axı, sən kimsən? - Ancaq deyirlər ki, lap çox sevəndə uçmaq istəyirsən – Rauf sualdan qaçdı. Qızı gülmək tutdu. Sən demə, o, da gülə bilirmiş. Bu gülüş adamı lap dəli eləyirdi. Bu vaxt Raufda qəribə bir istək oyandı. Onu bağrına basıb öpmək istədi. Ən pis halda bir sillə alacaqdı. Ancaq fikirləşdi ki, aralarındakı bu kiçik hərarəti söndürə bilər. Diqqətlə qıza baxdı. Eh , sən demə bu qızın heç dodaqları yox imiş. Rauf qızı öpdü. Ömründə ilk dəfə. Hər şeyi unutdu. Qız əlləri ilə Raufu özündən ayırdı. - Bax görürsən... Yenə qızı görmək həvəsi ilə Rauf evdən çıxmaq istədi. Alacağı son qəpik-quruşa isə ona bir hədiyyə almaq fikri var idi. Bu vaxt qapı yavaş-yavaş döyüldü. Adətən atasının kefi kök olanda qapını möhkəm döyərdi. Hətta qapının arxasında züm-züməsi də eşidilərdi. Əgər yavaş-yavaş döyürsə demək kefi yoxdur. Qapı. Ata... Heç içməmişdi də. Onlar qapıda bir müddət bir-birilərinə baxdılar. Bu gündə iş olmayıb. Ata öz otağına keçdi. Raufa elə gəldi ki, atası qapnın arxasında ağlayır. Rauf cəsarətlə dedi: - Eybi yoxdur, mən indi gedib pulumu alıb... İstədi desin ki, çörək gətirərəm. Amma demədi. Fikirləşdi ki, ata uşağının qazancını görəndə fəxr edir. Ancaq indi bu o hal deyildi. Atadan səs çıxmadı. Və o əmin oldu ki, doğrudan da, ata ağlayır. Rauf alacağı hədiyyəni, lap o qızı da unutmaq istədi. Balaca tikilinin ət dükanı olduğunu bildirmək üçün üstünə “təzə dana əti” sözləri yazılmışdı. Amma yazının solunda iri əmcəkli əyri buynuzlu qoşa inək şəkli çəkilmişdi. Rauf iri vedrələrdə ki, bağırsaqları, sür-sümükləri əl arabasına boşaldırdı. O, arabanı yerindən tərpətmək istəyəndə müdir ona yaxınlaşdı və soruşdu: - Nətərsən? - Hamıdan yaxşı. - Pa, yaxşı e... (güldü). Mənə bax, tez qayıt gəl səninlə işim var. Rauf başını yırğalyıb arabanı sürdü. Fikirləşdi ki, görəsən bu yekə qarının mənimlə nə işi ola bilər. Yəqin yenə dana başı kəsmək məsələsi idi. Müdir kök, iri sifət, orta yaşlı idi. Həmişə özü ilə öyünərdi. Deyərdi ki, mənə bu qəssabxananı heç kəs bağışlamayıb. Özüm qazanmışam. Uşaqlıqda çoxlu qəssabların yanında işləyib, bu səviyyə gəlib çatmışam. Mənim üçün hər dana başı bir irəliləyiş idi. Sonra köksünü ötürər və qabağa çıxmış qarnını iri əlləri ilə sığallayıb fikrə gedərdi. Bir də onu deyərdi ki, ay Rauf, səndən kişi olmayacaq. Nə qədər ki, kəsməyi, çapmağı, doğramağı bilmədin... Zibilxanaya çatmamış ağ itlər arabaya cumdular. O, da arabanı buraxıb qıraqda oturdu. İtlər əvvəl bağırsaqları parçalayıb yeyir, sonra da sür-sümüyü sümürürdülər. Arabaya yaxınlaşanda itlər mırıldayırdılar. Elə bil arabanı da yiyəcəkdilər. Ya da Rauf guya o sür-sümüyü onlardan alacaqdı. Hər dəfə bir təhər aradan çıxa bilirdi. Arabanı dükanın yanında saxlayıb, əllərini yuyanda müdir ona yaxınlaşıb dedi: - Aptekə gedərsən? Rauf çaşdı, həm də sevindi. Qızı görmək üçün daha bir şans. - Hə, niyə getmirəm. O, cibindən pul çıxardaraq dedi: - Onda mənə bir dənə prezervativ al. Üzündəki sevincdən əsər-əlamət qalmadı. Bu yaxınlarda qızın işlədiyindən savayı bir az uzaqda bir aptek də var idi. İndi Rauf lap dünyanın o biri başına da gedərdi, təki qızın yanına getməsin. Aptek bağlı idi. Dükandan bir az aralı müdir narahat gözləyirdi. - Nə oldu? - Bağlıdı. - Ə, yalan demə hələ (əli ilə qızın işlədiyi apteki göstərdi) binanın altındakı açıqdır. Rauf aptekə yaxınlaşdı. Qıza baxdı geri döndü. - Aldın? - Yoxdu, qurtarıb. - Necə qurtarıb? İndicə zəng edib soruşmuşam. - Bəs onda niyə özünüz almırsınız?! - Başa düş, burada hamı məni tanıyır. Ət alırlar, nə qədər olmasa ayıbdır, axı... Yaxşı bəsdi. O səhərki xala necə idi, xoşuna gəldi? Onda bir qızlar var ki... Gələn dəfə onun qonağıyam. Səni də özümlə apararam. Rauf istədi ki, pulu müdirin sifətinə çırpıb desin ki, əl çək məndən almıram. Birdən evdəki ac atası yadına düşdü. Axı, o, bu gün heç nə yeməmişdi. Bəs sabah? Rauf aptekə dönüb içəri keçdi. Qıza yaxınlaşıb: - Mənə prezervativ verin. - Nə? - Dedim, axı, mənə... - Hansından... - Ən bahalısından. Pulu qıza uzatdı. Malı götürdü və pulun qalığını alan Rauf çölə çıxdı. İstədi ki, qarşıda duran müdirini əzsin, boğsun... Yenə ac atası yadına düşdü. Rauf aldığını ona verib, öz pulunu istədi. O, isə: - Yaxşı, sən də görürəsən ki, gedəsi yerim var. Mənə pul lazımdı. Yaxşı al, əl çək. Səni də bir gün özümlə apararam. Mütləq apararam. O, yaman şən görünürdü. Hə, bir də bu gün səhər dediyim yəqin ki yadındadır. Sabah əgər dana kəsməsən, sənə sağ ol deyəcəyik. İndi Rauf üçün bu o qədər də vacib deyildi. Aldığı pula iki dənə çörək alan Rauf birbaş evə qalxdı və ucadan dedi: - Ata çörək gətirmişəm. Səs gəlmədi. Otağı açıb gördü ki, ata araq şüşəsini boşaldıb, yatıb. Rauf pəncərəni açıb çörəyi tullamaq istədi. Gördü ki, həyətdə sərgərdan bir qadın ona baxıb oxuyub, oynamağa başladı. Rauf gülümsündü. - Mənə yeməyə bir şey ver – qadın istədi. Rauf çörəyin birini ona verdi. O, isə çoxlu sağ ol deyib gözdən itdi. Rauf könülsüz göz yaşları ilə isalnmış çörəyi didişdirdi və hələ uzun müddət pəncərədən baxdı. Sonra küçəyə çıxdı. Az-az adam yoldan ötürdü. Rauf fikirləşdi ki, sabah hər şeyi adını da bilmədiyi qıza başa salar. Ağıllı qızdı hər şeyi başa düşəcək. Sabah özünə başqa iş tapacaq. Çoxlu pul qazanacaq. Özünə təzə paltar alacaq, səliqə ilə saçına yeni düzüm verəcək. Yeni ətir alacaq, və ondan bir daha ət iyi gəlməyəcək. O, qızla istədiyi yerə gedəcəklər. Həmişə belə sevgililərə həsrətlə baxdığı halda indi hamı onlara həsrətlə baxacaq. Onun isə bütün bunlardan, heç kimdən və heç nədən xəbəri olmayacaq. Çünki onun yanında ona elə gələcək ki, bu dünyada onlardan başqa heç kəs yoxdu. Qız da sevdiyi, onu aldadan oğlanı unudacaq. Atası da içməyi tərgidəcək. Uzaqdan gələn iki nəfərin tanış səsi onu fikirlərindən ayırdı. Bu MÜDİRİ ilə həmin o QIZ idi. APTEKÇİ QIZ. Bir-birinə sarılıb onun yanından elə keçdilər ki, heç elə bil onu tanımırlar. Həmin gecə Rauf çox gəzdi. Səhərə az qalırdı. Yadına düşdü ki, yatmalıdır. Axı səhər qəssabxanaya geədəcək, dananın başını kəsmək üçün. Hə, sabah dananın başını kəsəcək... Bayaqkı utancaq, qorxaq qar arsızlaşıb güclənməklə bərabər, deyəsən öz gücünü pəncərə şüşələrində göstərmək istəyirdi... Qaraqan ___________________________________________ QaraQan - Gözəlçə. Qaraqan GÖZƏLÇƏ Men hec vaxt hec kese xor baxan deyilem. Vallah, duz sozumdu. Duzdur, herden hiss edirem ki, coxundan ustunem, amma uze vurmuram - kimise pert etmek neye lazim? Meni hemise cox istiyibler. Usaqliqdan anam mene gozelce, atam melek deyirdi. Butun gunu guzguye baxardim. Gozel goz-qasim, bapbalaca burnum, qeseng saclarim, gulusum, boy-buxunum hemise meni valeh edirdi. Hiss edirdim ki, hamidan qesengem. Hem de agilli ve mehriban idim. Bunu ilk defe bagcada - qizlar menim sacimi yolanda anlamisdim. Onlar mene sarsaq deyirdiler. Inciyib elemirdim - bilirdim ki, paxilliq edirler. Qizlarin hec biri menimle oynamirdi. Menimle yarismaq agillarina da gelmirdi. Bilirdiler ki, onsuz da men hamini udacam. Onlar menden cekinirdiler, hem de ozlerini mene oxsadir, menim kimi olmaq isteyirdiler. Duzdur, onda hirslenirdim, aglayirdim, indi-indi basa dusurem ki, butun bunlar ele-bele olmayib - axi men hamidan gozel, hamidan agilli idim. Mektebe gedende de oz edaletime heyran olmusdum. Sinifdeki en eybecer, en gicbeser qizlar menimle refiqelik edirdiler. Cunki men onlara yuxaridan asagi baxmirdim. Hamidan gozel olsam da hec vaxt qeseng qizlarla dostluq etmirdim. Hem de men cox terbiyeli idim. Bunu da men mektebde hiss etdim. Hec bir oglan menim yanimda oturmaga cesaret etmirdi. Hetta kucede gorende de mene salam vermirdiler. Tebii ki, hormetimi saxlayirdilar. Meni goren kimi ozlerini itirdiler. 8 Mart bayraminda butun qizlara hediyye verirdiler, mene yox. Bilirdiler axi, men terbiyeliyem ve hec vaxt eve oglan hediyyesi aparmaram. Son zengden sonra da hec bir oglan mene zeng elemedi. Herden onlara ureyim yanir. Belke bu deqiqe deli kimi darixirlar menim ucun, amma zeng etmeye cesaretleri catmir, ne bilim. Kecen il musabiqesine getdim. Amma meni secmediler. Ilk gunler fikirlesdim ki, yeqin rusvet isteyirler. Atam mene deyende ki, "qizim, gozellik musabiqesi hara, sen hara?", o deqiqe her seyi basa dusdum. Menim canim atam ozu munsifler heyyetini "gorubmus" ki, meni musabiqeye qoymasinlar. Atadi da, yeqin qisqanir.Ne ise... Mektebi bitirib Tibb Universitetine girdim.Ve onunla ilk defe orada tanis oldum. O, hundurboy, guleruz, cesaretli oglan idi. Onu butun qizlar sevirdi. Men de vurulmusdum. Amma hec bir tedbir gormurdum. Vaxt kecdikce anlayirdim ki, o da meni sevir. Cunki qrupda hami ile sohbet edirdi, mene teref ise hec baxmirdi. Yaziq cox utancaq idi. Amma bir-iki aydan sonra cox sey deyisdi. O cesaretlenib mene yaxinlasdi. Ilk sohbetimiz sozbesoz yadimdadi: "Ay qiz, menim yerime bu meseleni hell ede bilersen?.." Gorun bu cumlede ne qeder sevgi var."Ay qiz", "ay qiz", o menim adimi bele diline getire bilmirdi.Men gulumseyerek defteri goturdum. O yaziq ise o saat cixdi aradan. Bir saniye de qalsaydi, dozmeyib diz cokecek, sevgisini etiraf edecekdi. Men kimya meselesini hell edib defteri ona qaytardim. Hemin gunden o menimle elaqe saxlasin deye tez-tez defterini mene vererdi. Men de butun misallari hell ederdim, sonra da vereqin qiragina urek sekli cekerdim. Bir gun ise o, butun gucunu toplayib dedi: "O urekleri daha cekme..." Sevincimden ucurdum. O menim sevgimi qebul etmisdi, ureyimi demek sevgimi de qebul etmisdi. O gunden biz bir cutluk olduq - hamidan ferqli bir cutluk. O meni qisqandirmaq ucun gunde bir qizla gezirdi. Delidi de... Hele de inana bilmirdi ki, dogrudan onun sevgisine raziliq vermisem. Hetta is o yere catmisdi ki, eybecerin biri ile yalandan nisanlanmisdi da. Bu oglanlarin sevgisini basa duse bilmirem de... Nece agilsiz olurlar. Sonra bilmirem nece oldu. Bir onu gordum ki, damarlarim kesilib. Atam meni hekime apardi. Meni xeyli sorgu-sual etdiler. Duzdu, Tibb Universitetini bitirmeye hele 3 il qalmisdi. Amma hekim atamin dediyi kimi meni ise qebul etdi. Indi isleyirem, oz otagim var, ciddi tetqiqatla mesgulam. Delilerin arasinda onlarin veziyyetini oyrenirem. Xesteler bilmesinler deye meni de onlar kimi geyindiribler, onlara verilen dermanlardan mene de verirler. Duzdu, bir az bezdirici olsa da xasiyyetim deyismeyib. Men hec vaxt hec kime xor baxan deyilem. Axi bu insanlara komek etmek lazimdir. Ona gore de onlari atib getmerem. Sevgilimse bir defe de olsun gelmir bura. Sadece mektub yazir. Onlaridamenegondermemisciribatir. Delidide... _____________________________________________ Qaraqan : Şeytanın duası (hekayə) Gecənin ən qaranlıq vaxtı idi. Bütün insanlar və qarışqalar öz yuvalarında yatırdılar. İnsansızlıqdan qapısını toz basmış məscid kimsəsiz küçələrin dərin qaranlığında, əbədi sükutunda tənhalıq yuxusunda idi. Qəribə bir bürkü var idi. Bu şəhərin yuxusunda qəribə bir hürkü var idi. Bu şəhər gündüzləri bərbəzəklə bəzənən, süslənən, daranan, gecələri isə bütün süni bəzəklərini çıxarıb yataqlarında uyuyan əsl simalarında eybəcər olan gözəlçələrə bənzəyirdi. Bu şəhər çirkin yağışdan sonra qalan gölməçələrə bənzəyirdi. Heç bir canlı bu dərin sükutu pozmağa cəsarət etməzdi. Amma cəsarətli bir kəs addım səsləri ilə bu sükutu pozdu. Qara libasına bürünmüş bu yad qaranlığa qarışaraq addımlayırdı. Qara uzun paltarı yer ilə sürünür, sanki bütün zülməti özü ilə dartıb aparırdı. Yavaşca məscidin qapısını açdı. Qapı tük ürpədici bir səs çıxardı. Bu məscidin çəkdiyi "ah" idi. Axır ki onu yada salan olmuşdu. Amma bu sevinc "ah"ı bir an içində qəm fəryadına çevrildi. Məscidin qonağı var idi. Amma bu qonağı məscid heç gözləmirdi. Qara uzun libasına bürünmüş qaranlıqdan seçilməyən bu simada qan rəngli iki göz parlayırdı. Bu şeytan idi. Şeytan məscidin çirkli xalçasına,rəflərdəki toz basmış Qur'anlara, köhnə minbərə baxdı. Bu mənzərə onu dəhşətə gətirdi. Sonuncu dəfə məscidə girəndə yüzlərlə minlərlə müsəlman ona o qədər lənət yağdırmışdı ki, çıxış yolu tapmayıb özünü minarədən atmış və üç gün özünə gələ bilməmişdi. İndi isə boş məscidə baxır və yazığı gəlirdi. Düşmənlərinə yazığı gəlirdi. Bir az irəlilədi, üzünü Qibləyə tutdu və diz çökdü.O özü də bilmirdi nə edirdi. Amma əlacı yox idi. Əllərini açdı və duasına başladı. "Bismilləhirrahmənirrahim" "Ey uca və qüdrətli Allah, sənə dua etmədiyim 100000 il oldu. Özün bilirsən sənin rızan üçün necə darıxmışam. Keçmiş vaxtlar yadıma düşür. Cəbrayıl, Mikayıl, İsrafil, Əzrayıl yadıma düşür. Sənə etdiyim ibadətlər yadıma düşür. Mən sənə hər kəsdən yaxın olmuşdum. Mən xoşbəxt idim. Sonra sən insanı yaratdın. Və mən günaha batdım. Böyük günaha. Məni oradan qovdun. Mənə Cəhənnəmi qismət etdin. Yox,mən tövbə etməyə gəlməmişəm. Sözümüz sözdür. Qiyamət gününə kimi insanları sənin yolundan çıxaracağıma söz vermişdim. Sən də mənə vaxt verdiyini söz vermişdin. Amma indi hər şey başqa cürdür. Əvvəllər mən insanları sənin yolundan çıxara bilirdim. İndi isə heç kəsi yoldan çıxara bilmirəm. Heç kəsi pis yola sala bilmirəm. Çünki insanlar özləri pis yola gedir. Mənə heç ehtiyacları yoxdur. Məni də üzən,kədərləndirən elə budur. Özümü çox lazımsız hiss edirəm. Heç bir işə yaramayan bir məxluq oldum. Həyatımın mənası insanları pis yola çəkmək idi. İndi isə həyatımın mənası itib. Yalvarıram uca Allah mənim bir duamı qəbul et. Yalvarıram dünyaya yaxşı insanlar gətir. Mən də onları yoldan çıxarmağa çalışım. Boş durmayım. Boş durmaqdan ürəyim partlayır. Yalvarıram dünyaya yaxşı insan gətir." Qara libaslı bu yad duasını bitirib, göz yaşlarını silib yavaş-yavaş addımlayıb məsciddən çıxdı. Qara libası yer ilə sürünərək qaranlığa qarışdı və qara libaslı yad zülmətdə yox oldu. QARAQAN (Elxan) _____________________________________________ Qaraqan. Tualetə getməyənlər şəhəri. (Hekayə) Dedilər ki, o şəhərdə tualet yoxdu. Mənə çox qəribə gəldi. Necə yəni yoxdur? Bir neçə gün bu sual məni narahat etdi. Heç başa düşmürdüm. Onda o şəhərdən gələn bir yolçu ilə rastlaşdım. Hündür çinarın kölgəsində əyləşib danışmağa başladıq. Mən öz sonuncu əsərimdən, o da öz şəhərlərindən. Amma mən “sizdə tualet var?” sualını verəndə o mənə tərs-tərs baxdı. Sonra başını yelləyib dedi: – Sən nə danışırsan? Ağzına nə söz gəldi alırsan. Utanmırsan? Tualet nədir? Bizdə heç kəs tualetə getmir! Sonra o mənə şəhərləri haqda danışdı. Tualetə getməyənlər şəhəri. Biri var idi, biri yox idi, uca dağların başında kiçik bir şəhər var idi. Bu şəhərin sakinləri gülərüz, mehriban və çalışqan adamlar idi. Onlar günlərini tarlada, küçədə, bazarda, ofisdə işləyib gecələrini əllərində qəzetlə divanda yuxuya gedirdilər. Bu şəhərdə hər şey bütün şəhərlərdə olduğu kimi idi. Amma bizim hələ doğulmadığımız bir vaxtda bir nəfər – bazarda işləməyən və gecələr yatmayan saqqallı bir kişi tualetə gedərkən ayağı ilişib ağzı üstə öz nəcisinin içinə yıxıldı. Dahi alimlərin başına düşən alma kimi, onun da ağlına yeni bir fikir gəldi. “Tualetə getmək olmaz!” O bunu əvvəlcə heç kəsə danışmadı. O bilirdi ki, bunu kiməsə desə camaat ona güləcək. Ona görə öz fikirlərini hamıdan gizlətdiyi kiçik kağıza yazmağa başladı. Günlər keçir, onun tualetə olan nifrəti artırdı. O, hər dəfə ayaq yoluna gedəndə nəcisini ölçür və dünyaya nə qədər ziyan vurduğunu hesablayırdı. Hər gün 300 qrama yaxın nəcis. Bu o deməkdir ki, hər bir insan həyatı boyu 4 tondan çox nəcis qoyur. Bu o deməkdir ki, Bethovendən bir neçə simfoniya və 4 ton nəcis qalıb. Eləcə də bütün dahilər və müqəddəslərdən. İllər ötdükcə o, ayaq yoluna daha da çox nifrət eləməyə başladı və fikirlərini camaatın içində dedi. Əvvəlcə ona güldülər, sonra onu söyməyə başladılar. Lakin az-az insanlar onun yanına gəlib onun danışdıqlarını dinlədi. Sonra onlar da camaata dedilər – ayaq yoluna getmək olmaz. Bu heyvanlara aid xüsusiyyətdir. Amma biz insanıq. Biz ən üstün varlığıq. Biz dünyanı zibilləməməliyik. Biz əyilməməliyik. Biz çirklənməməliyik. Biz “üstün irqdən”, “namuslu millətdən”, “müasir insanlardanıq”. Bu fikirləri ilə insanlar arasında hörmət qazanmağa başladılar. Sonra xeyriyyə adı ilə insanlardan ayaq yollarının təmizlənməsinə görə pul yığmağa başladılar. Bu pulu yığandan sonra xalq onlardan üz döndərdi. Dedilər ki, niyə pullarımızı alırsınız. Xalq saqqallı kişini tənqid eləməyə başladı. Amma tualetə qarşı olanlar öz başçıları saqqallı kişini gizlicə öldürəndən sonra o, xalqın qəhrəmanına çevrildi. Hamı onun qəbrinin üstündə şam yandırır, öz aftafasını sındırıb söz verirdilər ki, bir də heç vaxt tualetə getməyəcəklər. Saqqallının tərəfdarları isə şəhərin mərkəzindəki ayaq yollarını yandırıb dağıtmağa başladılar. Bütün şəhəri iy basdı. Ayaq yolları sınandan sonra ağacların dibi, bostanlar, bulaqlar iy verməyə başladı. Bunu görən şah xalqın nə istədiyini vəzirindən soruşdu. Onda vəzir hər şeyi ona danışdı. Şah onların qarşısını almaq üçün dəmirdən aftafalar, poladdan ayaq yolları düzəltdirdi ki, heç kəs sındıra bilməsin. Ayaq yoluna getmək istəməyən kütlə, bunu öz qeyrətli, namuslu, mömin, müasir, elmli, üstün, ədalətli millətlərinə haqsızlıq kimi qəbul etdi. Ondan sonra şahı tənqin edən şüarlarla ayaq yoluna getməkdə bütün günahın şahda olduğunu qışqırmağa başladılar. “Şah bizi qəfəsdə saxlayır. Biz ayaq yoluna getmək istəmirik, amma o bizi məcbur edir. Məcbur edir ki, dəmir aftafalarla yuyunaq. Məcbur edir ki, polad ayaq yollarına gedək. Şah ədalətsizdir. O bizim ayaq yoluna getməmək haqqımızı əlimizdən alır. Hər dəfə kimsə ayaq yoluna girəndə şahı söyür, sonra deyir ki, bu millət belə şahla düzələn deyil. Sonra tumanını çıxarıb oturur. Qurtaranda əgər qarşısına başqa bir adam çıxırsa, ona deyir, yenə məcbur elədilər gedim. Özüm heç istəmirəm ki. Məcbur edirlər. Onda qarşıdakı da deyirdi ki, elə məni də bu dəqiqə göndərdilər. Allah Saqqallı kişiyə rəhmət eləsin. Əgər o qalsaydı, indi heç kəs işəyib oranı-buranı bulamazdı. Bundan sonra ayaq yoluna getməyi təhqir sayanlar xarici ölkələrə məktublar yazmağa başladılar. “Burda hamı tualetə gedir, heç kəs burda təmizliyə riayət eləmir. Hamı içində saxlamaq istəyir, amma şah qoymur. Şah olmasa biz heç vaxt heç yanı bulamayacağıq”. Düşmən şahlıqlar bunu görüb düşmənçiliyi daha da qabartmaq üçün, xalqın sevgisini qazanmaq üçün cavab verir: “Aaa siz nə danışırsınız? Heç elə şey olar? Getməyin. Hamı bir nəfər kimi imtina edin. Bizdə heç kəs tualetə getmir. Bizə tualetlər lazım deyil. Əgər bütün aftafaları sındıra bilsəz, bir-iki dəfə əliniz-dalınız çirkli qalsa, siz iyrənib bir də heç vaxt heç nə ifraz etməyəcəksiniz”. Bunu eşidən xalqın ümidləri oyandı. Onlar saraya hücum edib şahı öldürdülər. Sonra qəbrinə aftafa qoyub onunla bir basdırdılar. Daha sonra isə bütün aftafaları sndırıb bütün ayaq yollarını dağıtdılar. Böyük bir şənlik başladı. Onlar bayraqlarının üstündə təmiz dal şəkli qoydular. Bu onların dallarının heç vaxt çirkli olmadığının rəmzi oldu. Sonra televiziyalarda məşhur müğənnilər göz yaşları və utanc ilə sonuncu dəfə nə vaxt ayaq yoluna getdiklərini danışdılar. “Xanım, siz gənc yaşlarınızda ayaq yoluna gedirdiniz? – Bəli, çox utanıram indi bunu etiraf etməkdən, amma mən doğrudan da ayaq yoluna gedirdim. Hər dəfə söz verirdim, amma hər dəfə qarnım dolanda özümü saxlaya bilməyib ayaq yoluna gedirdim. Lakin bir gün ayaq yoluna böyük bir güzgü qoyub öz halıma baxdım. Ayaq yoluna gedərkən olan halıma baxdım. Onda özümə nifrət elədim. Və başa düşdüm ki, bizim millətə belə namussuzluq yaraşmaz, biz təmiz və günahsız, namuslu və qeyrətli olmalıyıq. O gün-bu gün ayaq yolu mənim üçün bitib. – Neçə il olar təxminən? – 5 ildir ki, mən ayaq yoluna getmirəm. – Alqışlar, bizim dahi sənətkarımız 5 ildir ki, ayaq yoluna getmir”. Bundan sonra dərsliklərdə ayaq yolunun pis cəhətləri haqda mətnlər uşaqların beyninə dolduruldu. Daha sonra ayaq yoluna gedən qızlara namussuz deyilməyə başladı. Daha sonra bütün xarici filmlərdəki ayaq yolu səhnələri kəsilib uşaqların tərbiyəsini pozar deyə, qadağan olundu. Bütün kitablardan ayaq yolu sözləri çıxarıldı. Bu şəhər məni çox təəccübləndirdi. Mən yolçudan yolu öyrənib ora getdim. Şəhərə girən kimi əski ilə burnumu tutdum. Bütün şəhər iy verirdi. Hər yerdən iy gəlirdi. Amma bütün insanlar buna baxmayaraq çox rahat idi. Əvvəlcə mən elə bildim ki, yalnız mənə bu iy gəlir. Amma sonra başa düşdüm ki, onlar sadəcə bu iyə öyrəşdiyindən onu hiss etmirlər. Sonra restoranların birində əyləşib qarşı masadakı adamlara baxdım. Onlar qaqqıldayır, pivə içir və domino oynayırdılar. Elə bu an restoranın qapısı açıldı və içəri gözəl bir xanım girdi. O, içəri girən kimi qarşı masadakı kefi kök kişilərin qaşqabağı yerə-göyə sığmadı. Onlardan biri qışqırdı: – Aftafalı əllərinlə bizim restoranın qapısını açma! Mundar, namussuz, qeyrətsiz, geridəqalmış!!! Xanım qəmli gözləri ilə onları süzüb başını aşağı saldı. Elə bu an kişilərdən biri pivə şüşəsini onun başına atmaq üçün ayağa qalxdı. Mən tez onun qarşısını alıb enli qollarını nazik əllərimlə saxlamağa çalışdım: – Eləmə! Sakitləş! O mənə baxıb yekə qarnının bir hissəsini yağlı masaya söykəyib dedi: – Sən buna bir bax. Tualetə gedən namussuzu qoruyur. Bilirsən o yemək yeyəndən sonra nə oyunlardan çıxır? – Nə? – O tualetə gedir. Eşidirsən? Deyilənə görə, xaricdən özünə aftafa alıb, evində də unitaz qoydurtdurub. Mundarın biri, mundar! Bizim təmiz qızlar kimi deyil o – çirklidi! Mən gülümsəyib ona dedim: – Guya sən heç tualetə getmirsən? Bundan sonra heç nə yadımda qalmayıb. Bircə onu bildim ki, başıma iri bir şüşə dəyib çilik-çilik oldu. Özümə gələndə məni artıq məhkəməyə hazırlayırdılar. Mən çığırırdım. – Niyə? niyə?! Bütün zaldakı adamlar və hakimlər mənə tərs-tərs baxdılar. Onlar mənim əllərimi bağlamışdılar. Sonra bir nəfər ayağa durub mənə yaxınlaşdı. – Dünən saat 17 radələrində siz restoranda namussuz, cinayətkar bir qadınla əlbir millətin namusu və müqəddəs dəyərlərini alçaltmısınız. Siz cinayətkarın qarşısını almağa çalışan bu qeyrətli vətəndaşın əlini sındırmaq istəmisiniz. Sizi vətən xaini elan edirik. Mən əsəbiləşib ayağa qalxdım. – Ey siz, axmaqlar, cahillər, yalançılar! Guya siz özünüz ayaq yoluna getmirsiniz? Bəs yediyiniz haradan çıxır? Sizin bütün şəhəriniz iy verir. Hara gedirdim ağacların dibində nəcis var idi. Guya siz özünüz bulamırsınız? Hə? Nə namusdan danışırsınız? Nə qeyrətdən, müasirlikdən danışırsınız. Biz hamımız insanıq, hamımız da ayaq yoluna gedirik. Açıq, ya gizlin. Bunu gizlin edəndə siz namuslu olursunuz? Hə? Ayaq yoluna getməyən insan yoxdur. Əgər bu günahdırsa, əgər bu cinayətdirsə, onda niyə bütün insanlar belə yaranıb, hə? Siz öz hisslərinizi, öz arzularınızı öz ehtiyaclarınızı özünüzdən gizlədirsiniz. Siz ölü şairlərin, məktəb kitablarının, valideynlərin və cəmiyyətin qulusunuz. Onlar sizi idarə edir. Siz həmişə günahı başqalarında görürsünüz. Siz də aftafa almaq istəyirsiniz, amma utandığınız üçün gizli də olsa, çirkli gəzməyi ondan üstün tutursunuz. Və sizin arzuladıqlarınıza sahib olanları məhv edirsiniz. Yazıq millət, başıboş xalq. Siz hamınız ayaq yoluna getməsəz də… Elə bu an hakim çəkicini vurdu. Məhkəmə işi sona çatdı. İnsanlar oturacaqlardan durub yavaş-yavaş dağılışmağa başladılar. Oturacaqlarda qalmış sidik-nəcisin iyi bütün zalı götürdü. Kimlərsə gizlicə bunu masanın altında edirdi, kimlərsə elə şalvarlarını çıxarmamış. Kimlərsə arxalarına torba bağlayırdılar. Kimlərsə ovuclarına götürüb oturacağın arxasına sürtürdülər. Kimlərsə eləyib qurtaran kimi, qaçıb polis çağırırdılar. “Bura baxın, bura baxın kimsə bulayıb”. Mən isə bir gün sonra zindana salındım. Deyilənə görə, bir neçə gün sonra o qızı kəndirdən asıb, ocaqda yandırdılar. Deyilənə görə, bir neçə gün xalq mənim ölümümü istəyib zindanın darvazalarını döydülər. “Ayaq yoluna gedənlərə ölüm, namussuzlara, alçaqlara, çirklilərə, kafirlərə, geridə qalmışlara ölüm!!!” Zindanda mənimlə bir başqa adamlar da qalırdı. Hərdən təzə adamlar gəlir və mənə digər şəhərlər haqda danışırdılar. “Fahişəlik etməyənlər şəhəri”, “İçki içməyənlər şəhəri”, “Rüşvət almayanlar şəhəri”, “Millətçilər şəhəri”, “Dindarlar şəhəri”, “Demokratik insanlar şəhəri”, “Xoşbəxt ailələr şəhəri”, “Milli musiqini sevənlər şəhəri”, “Bir-birinə xəyanət etməyən sevgililər şəhəri”, “Porno filmlərə baxmayanlar şəhəri”, “İtirilmiş torpaqları həqiqətən qaytarmaq istəyənlər şəhəri” və daha hansı tanımadığım gözəl şəhərlər.
 
menyu  
 

Nəya qulaq asırsız?
lirika?
rap?
muğam?
rock?

(View results)


 
Bugün 12 visitors (18 hits) kişi burdaydı!
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol